460 13-02-2018

"Milli-mənəvi dəyərlərimizi mükəmməl mənimsəsinlər "-MÜSAHİBƏ

BDU-nun  Azərbaycan tarixi kafedrasının müdiri Mehman Abdullayevin 60 yaşı tamam olub. Mehman Abdullayev əmək fəaliyyətinə 1985-ci ildən Azərbaycan Dövlət Universitetində (indiki BDU) laborant kimi başlayıb. 1991-ci ildən müəllimlik fəaliyyətinə başlayan M.Abdullayevin  elmi istiqaməti Azərbaycanın qədim, orta əsrlər və yeni tarixidir. 1998-ci ildə dosent elmi adını daşıyan Mehman müəllim 2005-ci ildən Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri vəzifəsində çalışır. O, həm də tarix fakültəsinin Tədris-Metodiki Şuranın sədridir. BDU-nun Elmi Şurasının üzvüdür. Alimin xarici və respublika jurnallarında 100-dən artıq elmi məqalələri, onlarla dərs vəsaiti, Azərbaycan, rus və ingilis dillərində “Azərbaycan tarixi” dərsliyi və monoqrafiyası çap olunub. Həyat yoldaşı evdar xanımdır. Bir oğlu, iki qızı, üç nəvəsi var. “Bakı Universiteti” qəzeti alimlə müsahibəni təqdim edir:

Mehman müəllim, 60 illik yubileyiniz münasibətilə sizi təbrik edirik. Doğum gününüzü necə qeyd etdiniz?

- Elə alındı ki, mən ad günümü yəni, yubileyimi doğma vətənimiz olan Azərbaycanda deyil, xaricdə qeyd etməli oldum. Mənim iki həkim övladım ailələri ilə birlikdə Almaniyada yaşayır və orada işləyirlər. 60 illik  yubileyimin mənim üçün önəmli olmasının bir səbəbi də adımı daşıyan 3-cü nəvəmin dünyaya gəlməsi ilə bağlıdır. Təsadüfən bütün ailə üzvlərim yubileyim olan tarixdə Almaniyada idilər. Bu səbəbdən 60 illik yubileyimi ailəmlə birlikdə Almaniyanın Leypsiq şəhərində - mənim üçün çox doğma olan bir mühitdə, ailə üzvlərimlə qeyd etmişəm.

-İlk təbrik edən kim oldu?

- Ailə üzvlərimdən sonra mənim doğum günümü ilk təbrik edən kafedramızın müəllimləri və əməkdaşları oldular. Tələbə dostlarımdan isə ilk təbrik edən Məhərrəm Quliyev oldu.

- 60 yaş Sizə nə deyir?

- Bu suala cavab vermək, həqiqətən, o qədər də asan deyil. 60 illik yubileyimlə bağlı Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının üzvləri  və kafedranın nəzdində olan Dünya azərbaycanlıları: tarixi demoqrafiya ETL-in əməkdaşları heç vaxt unutmayacağım bir tədbir keçirdilər. Həmin tədbirdə kafedramızın və laboratoriyanın hər bir üzvü mənim fəaliyyətim haqqında çox səmimi, ürəkdən gələn sözlər dedilər və çıxış etdilər... Mən orada öz həmkarlarıma minnətdarlıq etmək üçün etdiyim çıxışımda bildirdim ki, görünür mən bu hesabat yaşımadək əbəs yerə yaşamamışam. Bu yaş mənə deyir ki, bundan sonra da elmi-pedaqoji sahədə daha çox çalışmalıyam.

- Həyat yaşadıqca ziddiyyətli, çətin üzünü göstərir. Arzular, hədəflər bəzən reallaşmır və ya çox yol qət etməli olursan. Bəs Mehman müəllim istədiyi həyatı yaşayıbmı?

- Qəti əminliklə deyə bilərəm ki, mən istədiyim həyatı yaşamışam və həyatımdan çox razıyam. Hələ tələbəlik illərindən ən böyük arzum Azərbaycanın müstəqil olması idi. Allaha şükür ki, xalqımız öz müstəqil dövlətini bərpa edə bildi. İkincisi, müqəddəs elm və təhsil məbədi olan Bakı Dövlət Universitetində işləmək arzum da həyata keçib. Öz ailəmdən, övladlarımdan, bacı və qardaşlarımdan, qohum-əqrəbamdan və dostlarımdan tamamilə razıyam.

- Tarixçi olmaq arzunuz necə yaranmışdı?

- Mənim Göyçay şəhərində təhsil aldığım orta məktəbin ən məşhur məzunlarından biri görkəmli alim Ziya Bünyadov olub. Sovet dönəmində məktəbin məzunları tez-tez oxuduqları təhsil ocağına baş çəkir və görüşlər keçirirdilər. Ziya Bünyadovun biz şagirdlər qarşısında çıxışlarını diqqətlə dinləyir və ona baxaraq gələcəkdə tarixçi olmaq haqqında düşünürdüm. Allaha şükür ki, mən bu arzuma da çatmışam. 

- Uğur düsturunuzu qısaca da olsa tərif edə bilərsinizmi?

- Qazandığım uğurların düsturunu belə izah edə bilərəm. Bu düsturun əsasında daima oxumaq, öyrənmək, çoxlu çalışmaq, dürüst olmaq, elmi işə və ətrafda olan adamlara vicdanlı, xeyirxah münasibət durur.

- Çətinliklərlə mübarizə üsulunuz  da maraqlıdır...

-Ümumiyyətlə, insan gərək heç bir çətinlikdən qorxmasın, hər hansı bir çətinliklə qarşılaşanda ruhdan düşməsin, qətiyyətli olsunlar.

-İnsanlar həyatlarının müəyyən məqamlarında dəstəyə, kiminsə məsləhətinə ehtiyac duyurlar. Həmin şəxs ailə üzvləri, dostlar və ya tamamilə kənar birisi də ola bilər. Siz ən böyük dəstəyi kimdən almısınız?

- Mən hələ 10 yaşında olanda atamı itirmişəm. Orta və ali məktəbdə, aspiranturada oxuduğum dövrdə mənə ən böyük dəstəyi anam və qardaşlarım verib. Mən də onların başını aşağı edən heç bir hərəkətə yol verməmişəm.

-60 yaşda ən böyük  istəyiniz nədir?

- Bu yaşda ən böyük arzum əlbəttə ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasıdır. İtirilmiş torpaqlarımızın bizə, öz əsil sahibinə qaytarılması vaxtı çoxdan çatıb.

-Bir qədər də qarşıdakı planlarınız, həyata keçirmək istədiyiniz layihələr barədə danışardınız...

- Birincisi, doktorluq dissertasiya işimi başa çatdırmaq üzrəyəm və müdafiəyə təqdim etmək istəyirəm. İkincisi, tarix fakültəsinin tələbələri üçün Azərbaycan tarixinin mənbələri adlı bir  dərs vəsaitinin hazırlanması da yaxın planlarıma daxildir.

-Azərbaycan tarixini bilmək üçün tələbələrə, gənclərə hansı kitabı oxumağı məsləhət görərdiniz?

-Oxunmasını vacib hesab etdiyim bir yox, bir neçə kitabı tövsiyə edə bilərəm. Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” kitabını mən tarixşünaslığımızda ən fundamental əsərlərdən biri hesab edirəm. Ana qaynağımız olan “Kitabi Dədəm Qorqud” dastanını, Böyük Nizaminin tarixi faktlarla zəngin olan  “İsgəndarnamə” əsərini də oxumağı məsləhət bilirəm. Təvazökarlıqdan uzaq olsa da, kafedramızın mənim elmi redaktorluğum ilə hazırladığı və üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap olunmuş və milli konsepsiyaya əsaslanan dərsliklərin daha dərindən öyrənilməsini də tövsiyə edirəm.

-Sonda gənclərə tövsiyələrinizi də bilmək istərdik...

-Gənclərə tövsiyəm odur ki, yaxşı oxusunlar, tariximizə, mədəniyyətimizə, dilimizə dərindən yiyələnsinlər. Milli-mənəvi dəyərlərimizi mükəmməl mənimsəsinlər. Tariximizə və torpağımıza sahib çıxsınlar. Doğru-dürüst yaşasınlar. Hər bir insan qeyrətli olmalı, namusla yaşamalı, ailəsinə sədaqətli olmalı, böyüklərə, kiçiklərə hörmətlə yanaşmalıdır. Məncə, indiki çətin və mürəkkəb qlobal dünyada bu keyfiyyətləri qoruyub saxlamaq bizim birinci dərəcəli vəzifəmiz olmalıdır.

Solmaz Babaşova

Digər yazılar

Kimyaçı alimin 80 illik yubileyi keçirilib

Elmindən pay verən alim

Yubilyarlarla səmimi söhbət

Hərə bir taleylə gəlir dünyaya - İzzət Rüstəmov - 80

"Yalçın Əlizadə hər birimiz üçün bir məktəbdir"

Sözünün sehrində bir dünya yaratdığımız sənətkar

Qəlblərdə yaşayan alim

Kafedramızın sevimlisi - Rəhilə Quliyeva - 70

Dosent İsmayıl Məmmədovun 75 illik yubileyi

Akademik Əşrəf Hüseynov – 110

Aydın müəllim, 50 yaşın mübarək!

Görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd edilib

Akademikin 75 illik yubileyi qeyd edilib