1713 13-02-2018

Professor Əbülfəz Rəcəbli: "Orfoqrafiyanın tez-tez dəyişdirilməsinin əleyhinəyəm"

Dilimizə, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmaq hər kəsin vətəndaşlıq borcudur. Yüzillik yubileyini qeyd etməyə hazırlaşdığımız Bakı Dövlət Universiteti bu gün də öz ənənəsinə sadiqdir. Ana Dili gününün tarixi, mahiyyəti barədə çoxsaylı məlumatların dərc edildiyi “Bakı Universiteti” bu dəfə diqqəti AMEA-nın Orfoqrafiya komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsinə, dilin mühafizəsi məsələsinə yönəltdi. Bu barədə Ümumi dilçilik kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəbli ilə söhbət etdik:

− Əbülfəz müəllim, dil qaydalarının dəyişdirilməsinə münasibətiniz necədir?

− Əlifba və dil qaydalarının dəyişməsini məqbul hesab etmirəm. O səbəbdən ki, əgər əlifba dəyişirsə, kitab mədəniyyəti ölür, ədəbi dil zərbə altında qalır. Klassiklərimizin əsərləri ərəb əlifbasındadır. Ərəbdən latına, latından kirilə, kirildən yenidən latına qayıdıb uyğunlaşmağa başlamışdıq ki, indi də orfoqrafiya qaydalarını dəyişmək istəyirlər. Özü də 69 maddədən ibarət təkliflər irəli sürülür ki, bu da kiçik məsələ deyil. Yapon, çin, gürcü, ingilis əlifbası əsrlər keçsə də, dəyişmir. Çünki əlifba, orfoqrafiya dəyişikliyi elmə zərərdir. Məsələn, feil sözünü neçə dəfə dəyişərlər?! Bu dəyişiklik elmə heç nə qazandırmır. Ümumiyyətlə, orfoqrafiyanın tez-tez dəyişdirilməsinin əleyhinəyəm. Bu savadsızlıq yaradır.

− 69 maddə deyərkən elə 69-cu maddəyə də münasibət bildirərdiniz. Onu da qəbul etmirsiniz?

− Bu qayda qəbulediləndir. Lakin yenilik deyil. Apostrofla yazılan cürət, məşəl, vüsət kimi sözlərin cü-rət, mə-şəl, vü-sət kimi sətirdən-sətirə keçirilməsi  doğrudur. Amma yenilik deyil. Əvvəllər elə məhz bu şəkildə hecalara ayrılıb. Ruslarda bir məsəl var: “Ən yaxşı yenilik unudulmuş köhnəlikdir”.  Bu məsəl hazırkı məqama aiddir.Yaponlar dünyanın ən mədəni, ən inkişaf etimiş xalqlarındandır. Ancaq hələ də heroqliflərdən istifadə edirlər. Dəyişdirilməlidirsə, niyə dəyişdirmirlər?! Fransızlar Bordoeux yazıb Bordo deyirlər. İngilislər də  bir cür yazıb, başqa cür tələffüz edirlər. Əgər ingilislər orfoqrafiyalarını dəyişdirib bizim qəbul etdiyimiz fonetik prinsipi qəbul etsəydilər, onda ingilis dili bir gün içərisində dünyanı fəth edərdi − hamı ingiliscə yazar və danışardı.  Hətta belə bir zarafat da var: İngilislər Mançester yazır , Şeffild oxuyurlar. 22-ci maddədəki “əskər, İskəndər” sözlərinin mənbələrə əsaslanıb “k” hərfi ilə yazılmasına isə əsas var. Çünki abidələrdə, mənbədə bu şəkildə verilib. Elə ona görə də əvvəl bu şəkildə yazılırdı.

Dilin inkişafı naminə hansı addımlar atılmalıdır?

Dili həqiqi mənada ilk öncə analar qorumalıdır. Təsadüfi deyil ki, dili məhz ana dili adlandırırıq. İkincisi, yazı, elan, reklam lövhələri Azərbaycan dilində olmalıdır. Şəhərə çıxanda elə bilirsən Şotlandiyadasan. “Nyu Haus”, “Perfekt” tədris mərkəzi, “Ok” Market və s. Ümummilli lider  Heydər Əliyev dil haqqında verdiyi fərmanda bildirirdi ki, bütün  informasiya tipli lövhələr Azərbaycan dilində verilsin. Əgər xarici dildə verilərsə, o zaman xarici dildə kiçik, Azərbaycan dilində böyük şriftlə verilsin. Üçüncüsü, Televiziya Azərbaycan dilini təhrif etməməlidir. Burada orfoepiya qaydalarınn pozulmasına daha çox rast gəlinir. Dialekt və şivələrin ədəbi dilə gətirilməsi halları, leksik və qrammatik normanın pozulması tez-tez müşahidə olunur  ki, fikrimi konkret faktlarla əsaslandıra bilərəm.

 − Ana dilimizi qorumağın vacibliyini tələbələrə necə aşılayırsınız? 

− Tələbələrimə deyirəm ki,  dili qorumaq özünü qorumaqdır,  milləti qoruyub keçmişinə sahib çıxmaqdır.  Humboldt deyirdi ki, dil insanın, xalqın ətrafına dairə çəkir. Nə qədər o dairənin içərisindəsən, o xalqın nümayəndəsisən. Bir addım kənara çıxsan, daha o xalqın nümayəndəsi deyilsən. Hansı dili bilirsənsə, o xalqa mənsubsan. Dil insanın əxlaqını təyin edir. Dil böyük nemətdir. Biz ona sahib çıxmalı, bu neməti qorumalıyıq.

İlahə Dadaşova,

Filologiya fakültəsinin dissertantı

Digər yazılar

“İmtahan keçirilən binaya daxil olanda hər şey dəyişdi” – Jurnalistika fakültəsinin tələbəsi

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”