622 22-02-2018

Elmindən pay verən alim

Samət Əlizadə - 80

«Qələm yazanı qılınc poza bilməz» deyib aqillərimiz. Hələ ki bu qələm alim qələmi olsun. Çünki əsil alimin yazdıqları heç vaxt unudulmayan, itib-batmayan, nəsildən nəslə ötürülən, həmişə müraciət edilən və imzalı olsa da, əslində xalqın mənəvi sərvəti olan bir mirasdır. Özündən sonra bizlərə belə bir əvəzolunmaz irs qoyub gedən alimlərimizdən biri də filologiya elmləri doktoru, professor Samət Əlizadədir. Tələbəsi olmuşam onun. Tanışlığım da elə təhsil illərindən başlayıb. Bizə «Azərbaycan dilinin tarixi qrammatikası» fənnini tədris edirdi. Özünəməxsus bir səs ahənginə malik idi. Həmişə aramla və aşağı tonlu bir səslə mühazirə deyərdi. Bütün vücudu ilə dərsə hakim kəsilərdi. Danışarkən tez-tez  əlini gümüşü saçına çəkmək şakəri vardı. Üzündə və davranışındakı ciddiyyətdən dolayı auditoriyada bir pıçıltı belə eşidilməzdi. Hər bir dərsdə dilimizin tarixi keçmişinə qayıdış edər və bizlərə o nadir dil faktlarından ərməğan verərdi. Yerişi də, duruşu da, danışığı da alimanə idi. Zahirən çox sakit görünən, amma  son dərəcə mürəkkəb, həm də orijinal xarakterə malik olan bu gözəl insanda cavanlığından bir «ağırəyməlik» var idi. Odur ki, elə gənc ikən «ağsaqqal» kimi tanınırdı.  Dərin zəka sahibi olan Samət müəllim  sözün əsil mənasında bir müəllim və eləcə də bir alim ömrü yaşayırdı.  Bəlli həqiqətdir ki, ömrü də, ömrün yaşam müddətini də Tanrı bəxş edir insanlara. Kimisinə uzun, kimisinə isə qısa bir ömür payı verilir uca Tanrı tərəfindən. Uğuru, uğursuzluğu isə insan özü qazanır bu həyatda. Amma Samət müəllim ağır və məşəqqətli bir həyat yolu keçsə də, onun uğurları bir-birinin ardınca sıralanırdı. Kiçik həcmli məqalələrlə başlayan alim ömrü sonralar onu XVI əsr tərcümə abidəsi «Şühədanamə» ilə qovuşdurdu. Bu əsərin tədqiqi ona filologiya elmləri namizədi adını qazandırdı. Zəhmətinin bəhrəsi olan uğurlar onunla yanaşı addımlamağa başladı. Ard-arda  yazdığı 10 kitaba öz müəlliflik imzasını atdı. Azərbaycanın filoloji fikir tarixində «Dastanı-Əhməd Hərami», «Şeyx Səfi Təzkirəsi» kimi möhtəşəm abidələr haqqında ilk bitkin məlumatların verilməsi də Samət Əlizadənin adına yazıldı. «Oğuznamə»ni toz basmış rəflərdən işıq üzünə çıxarıb ona yeni həyat  verən də Samət müəllim oldu. «Oğuz xaqan dastanı» da eyni taleyi yaşayan, yəni Samət Əlizadə tərəfindən elmi-nəzəri izahla  nəşr olunan abidələr nizamında sıralandı. 

Samət Əlizadənin poetik düşüncəsində bir Füzuli məkanı da var idi. Onun hər ayı, hər ili Füzuli ilə qoşa addımlayırdı. Ömrünün sonuna qədər bizə Füzuli poeziyasından ixtisas kursu deməsi onun böyük Füzuli irsinə sədaqətinin və məhəbbətinin canlı nümunəsi idi. Sözün əsil mənasında  bir Füzuli aşiqi idi Samət müəllim. Bəlkə, yanılıram, amma mənə elə gəlir ki, elə cavanlıqdan Samət müəllimin üzünə qonan və həmişəyaşar kədər elə Füzuli kədəri idi.

Samət Əlizadənin elmi fəaliyyətinin bir pik nöqtəsi də var idi. Orada «Dədə Qorqud kitabı» məskunlaşmışdı. O bu abidəyə «illərini xərcləmişdi» desəm, yanılmaram. Təəssüflər olsun ki, «Dədə Qorqud kitabı»ndan heç vaxt ayrılmayan alimin  1300 illik yubileyi münasibətilə  abidəyə Drezden nüsxəsi əsasında yenidən qayıdış etməsi onun son, amma möhtəşəm uğuru oldu. Samət müəllim xəstə yatarkən «sevinirəm ki, «Dədə Qorqud kitabı»nı bitirə bildim» demişdi. Bu bütün həyatı elmlə yoğrulan bir şəxsiyyətin son etirafı idi.  Biz də çox sevinirik ki, yuxusuz gecələrinin yetişdirdiyi bu meyvəni  dadmaq nəsibini Tanrı  ondan əsirgəmədi.

Samət müəllim doktorluq dissertasiyasını çox gec, 26 il sonra, 1992-cı ildə müdafiə etmişdi. Amma buna baxmayaraq, ötüb keçən bütün bu illər ərzində hamı onu filologiya elmləri doktoru kimi qəbul edirdi. Bir alim üçün bundan gözəl bir hədiyyə ola bilərdimi? Əlbəttə, yox!  Çünki elm aləminin bu etirafı  hər kəsə nəsib olan bir mükafat deyildi. Bu onun savadı, bacarığı, elmə verdiyi töhfələrin nəticəsi  olaraq keçdiyi yaradıcılıq yollarında qazandığı diplomsuz bir ali bəxşeyiş idi.

Necə sərt qış yola salıb Samət müəllim, necə bahar qarşılayıb. Kövrəlirik ki, ömrünün 70-ci baharını görə bilmədi. Yadımdadır, 60 yaşının tamamında  onun haqqında bir yubiley yazısı hazırlamışdım. O məqalədə «70-ci baharda görüşənədək» demişdim Samət müəllimə. Təəssüflər olsun ki, əhdə vəfa etmədi. 2002-ci ildə, elmi fəaliyyətinin ən məhsuldar çağında − 65 yaşında  cismani həyatla vidalaşdı. Bu da bir Tanrı qisməti idi, yazıldı Samət müəllimin ömür payına. Unutmayaq ki, «əzəldən yazılmasa, qul başına xəta gəlməz» deyilir Dədə Qorqudun hikmət dünyasında! Təsəllimiz odur ki, filoloji mühit Samət müəllimi hələ də «var» kimi təqdim edir. Bu gün mən də ona üz tutub deyirəm: «Bəli, Siz  həqiqətən də varsınız, Samət müəllim!  Bu gün türkologiya kaferasının Sizi heç vaxt unutmayan əməkdaşları arasındasınız! Elmi ictimaiyyətin, sizdən doymayan övladlarınızın, sizi görə bilməyən, amma öz xəyallarında yaşadan nəvələrinizin əhatəsindəsiniz! Biz bunu duyur, hiss edir, cismani yoxluğunuza dualar oxuyuruq. Xoşbəxtsiniz ki, «var» və «yox» olan bir yol arasındasınız. Bir faktı da xatırlatmaq istəyirəm. Görkəmli alim H.Mirzəzadənin vəfatından sonra onun dərslərini demək Sizə etibar edilmişdi, Samət müəllim. Siz dünyanızı dəyişəndən sonra isə tədris etdiyiniz fənlər mənə həvalə edildi. Bu gün çox səy göstərirəm ki, «Azərbaycan dilinin tarixi qrammatikası» fənnini Sizin adınıza layiq  tədris edim. «Tanrı sizi behiştlə müjdələsin, cismani bədəninizin uyuduğu məkan cənnət olsun» deyirəm, mənə elmindən pay verən əziz müəllimim. Amin!

                                                                     Qızılgül Abdullayeva 

Türkologiya kafedrasının dosenti

                                                               Azərbaycan Jurnalistlər Birliyinin Üzvü

                                                              

 

 

 

Digər yazılar

Kimyaçı alimin 80 illik yubileyi keçirilib

"Milli-mənəvi dəyərlərimizi mükəmməl mənimsəsinlər "-MÜSAHİBƏ

Yubilyarlarla səmimi söhbət

Hərə bir taleylə gəlir dünyaya - İzzət Rüstəmov - 80

"Yalçın Əlizadə hər birimiz üçün bir məktəbdir"

Sözünün sehrində bir dünya yaratdığımız sənətkar

Qəlblərdə yaşayan alim

Kafedramızın sevimlisi - Rəhilə Quliyeva - 70

Dosent İsmayıl Məmmədovun 75 illik yubileyi

Akademik Əşrəf Hüseynov – 110

Aydın müəllim, 50 yaşın mübarək!

Görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd edilib

Akademikin 75 illik yubileyi qeyd edilib