978 26-02-2018

"Xocalı faciəsi xalqımıza qarşı həyata keçirilən soyqırımın faciəli həlqələrindən biri idi..."

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni və rus hərbi birləşmələri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırım xalqımızın tarixində nə birinci, nə də sonuncu faciədir. 1905-1907, 1918-1920-ci illərdə daşnak hərbi birləşmələri tərəfindən Bakı da daxil olmaqla Azərbaycanın ayrı-ayrı bölgələrində türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımlar həyata keçirildi. Bakıda 11 mindən artıq, Şamaxıda 16 mindən artıq, Qubada 16 mindən artıq, Qərbi Azərbaycanda 100 minlərlə azərbaycanlı qətlə yetirildi.

“Ermənilər nə üçün bizləri öldürürlər?” sualına düzgün cavab tapa bilmədik. Dövrün ziyalıları belə bir iddia ilə çıxış edirdilər ki, guya bu münaqişə iki xalq arasında məişət narazılığının nəticəsidir. Halbuki, artıq gün kimi aydındır ki, XIX əsrin 90-cı illərində daşnakların yaratdığı Daşnaksütyun partiyası böyük Ermənistan planını reallaşdırmaq üçün tarixən bu ərazinin sahibi olan türk-müsəlman əhalisini yer üzündən silməyi qarşıya məqsəd qoymuşdu.

I Dünya müharibəsi illərində çar Rusiyası və Qərb dövlətləri erməniləri inandırmışdılar ki, Osmanlı dövləti məğlub ediləcəyi təqdirdə bu ərazidə ermənilər üçün müstəqil dövlət təşkil ediləcək. Lakin, məlum olduğu kimi, müharibənin ilk illərini uğursuz başlayan Osmanlı ordusu özünə gələrək rus və erməni hərbi birləşmələrini öz ərazisindən qovmağa nail oldu. Osmanlıda öz marağını təmin edə bilməyən Daşnaksütyun partiyası başda olmaqla erməni hərbi birləşmələri 1918-ci ildən başlayaraq Qərbi Azərbaycan, Şimali Azərbaycan və Cənubi Azərbaycan torpaqlarına soxularaq yerli əhaliyə qarşı soyqırıma başladılar. Çox təəssüflər olsun ki, bu faciəli tarixdən də biz nəticə çıxarda bilmədik.

1920-ci ilin aprel işğalı xalqımıza qarşı həyata keçirilən soyqırımı unutdurmaq üçün “xalqlar dostluğu”nu bizə təlqin etdi. Xalqımıza düşmən olan Şaumyan milli qəhrəman, bütün həyatlarını xalqının azadlığı uğrunda istiqlal mübarizəsinə həsr edən Cümhuriyyət xadimlərimiz isə “osmanlıların əlaltıları” və “ingilislərə satılmışlar” kimi vətən tarixşünaslığına salındı.

1992-ci ilin Xocalı faciəsi də xalqımıza qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırımın faciəli həlqələrindən biri idi. Ermənilər nəyin bahasına olursa-olsun tarixi Azərbaycan torpaqlarını özününkü etmək üçün növbəti faciəni törətdi.

Xocalı Azərbaycanın qədim tarixi ərazilərindən biridir. Faciə baş verən dövrdə 7000 nəfərdən çox əhalisi olan Xocalı Şuşadan sonra azərbaycanlıların ən böyük yaşayış məskəni idi. Xocalı Dağlıq Qarabağda Qarqar, Xocalı və İlis çaylarının qovşağında mühüm strateji əhəmiyyətə malik bir ərazidə yerləşirdi. Şəhərin ən mühüm üstünlüklərindən biri də Dağlıq Qarabağdakı yeganə hava limanının burada yerləşməsi idi.

Erməni hərbi birləşmələri Azərbaycan rəhbərliyinin zəifliyindən və Qərb havadarlarının köməyindən istifadə edərək Xocalını yer üzündən silmək üçün heç bir insanlıq tarixinə sığmayan amansız bir plan hazırladılar. Xocalı faciəsinin həyata keçirilməsində SSRİ-nin dağılmasına baxmayaraq, Rusiya Federasiyasına məxsus 366-cı polk yaxından iştirak etdi. Əslində, Rusiya hökuməti Xocalı faciəsini planlaşdırıb həyata keçirməklə xalqımızın müstəqillik əzmini sındırmaq niyyətində idi. Xocalıda həyata keçirilən soyqırım və bütövlükdə Dağlıq Qarabağ problemi SSRİ rəhbərliyinin, ümumilikdə Azərbaycan siyasətinin tərkib hissəsi idi. Bu hadisə əslində birdən-birə deyil, uzun illər ərzində diqqətlə hazırlanmış, ciddi siyasi-maliyyə dəstəyi alan, Sovet orqanları tərəfindən himayə edilən bir addım olmuşdur.

Xocalı faciəsinə qədər Ağdam, Sumqayıt və başqa ərazidə bu kimi hadisələr baş vermişdi. Erməni hərbi birləşmələri Xocalını işğal etmək üçün dünyanın ayrı-ayrı bölgələrində yaşayan və böyük Ermənistan planını dəstəkləyən erməni hərbi dəstələrini Dağlıq Qarabağ ərazisinə cəmləşdirə bildilər.

Fevralın ortalarından Xocalının Azərbaycan kəndləri ilə, o cümlədən Ağdamla əlaqəsi kəsildi. Hava yolu da bağlandı. Xocalı və onun dinc əhalisi tarixi Azərbaycan torpağını, öz dədə-baba yurdunu qorumaq üçün silahsız, qidasız və köməksiz qaldı. Namərd erməni bu vəziyyətdən istifadə edərək Xocalı üzərinə hücuma keçdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı XX əsrin sonlarında növbəti soyqırım həyata keçirildi. Həmin gecə saat 11 radələrində ermənilər 3 istiqamətdən Xocalıya hücum etdi. Bu hücumda Ermənistan Respublikası Silahlı Qüvvələrinin tabeliyində olan silahlı qruplar, muzdlu əsgərlər, özünü “Artsax Xalq Azadlıq Ordusu” adlandıran Dağlıq Qarabağın erməni bölmələri və 366-cı rus hərbi alayı iştirak etmişdi. Bu hücumda Xankəndi tərəfdən 366-cı alayın hərbi texnikası, onların ardınca rus-erməni hərbi silahlı dəstələri, Əsgəran istiqamətindən isə mindən çox silahlı quldur daha çox fəallıq göstərirdilər. Xocalını işğal edən hərbi dəstə üzvləri qətlə yetirdikləri insanların üzərində xüsusi əməliyyat apararaq onların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışdılar. Bu faciəli gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıq və işgəncə ilə öldürülmüş, 76-sı uşaq olmaqla 487 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 1275 sakin-uşaqlar, qadınlar və qocalar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qalmışlar. Onlardan 150 nəfər itkin düşmüşdür. Sonradan onlardan 1165 nəfərini geri almaq mümkün olmuşdur. Bu qətliam zamanı 7 ailə büsbütün məhv edilmiş, 25 uşaq hər iki valideynini, 224 uşaq bir valideynini itirmişdir. Bundan başqa 230 ailə öz başçısını itirmişdir. 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuşdur. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.

Vaxtilə Xocalıya pənah gətirmiş Mesxeti türklərinin 7 nəfəri şəhərin müdafiəsi zamanı həlak olmuş, 12 nəfəri əsir götürülmüş, 86 nəfərindən də heç bir xəbər yoxdur.

Ermənilərin Xocalıdakı vəhşiliyini əks etdirən çoxsaylı sənədlər göstərir ki, rus və Ermənistan Silahlı Qüvvələrinin və onların tabeçiliyində olan muzdlu əsgərlərin və terrorçu dəstələrin törətdiyi vəhşilik məhz soyqırım aktıdır və beynəlxalq hüquq normalarına, insan haqqlarına tamamilə ziddir.

Xocalıda dinc insanların vəhşicəsinə qətlə yetirilməsinin şahidi olan “Moskovskiye novosti” qəzetinin müxbiri Viktoriya İvlevanın etirafları da tükürpədicidir. O, Xocalıya hücum edənlərin birinci eşalonunda deyil, ikincisində gedib. Bu zaman o qarşıdan “nə isə buludu xatırladan bir şey yaxınlaşdığını” görüb, qeyd edir ki, “sonra bildim ki, bu bulud kimi görünən yarıçılpaq adamlar dəstəsi imiş. Türklərin dəstəsinin sonunda üç uşağı olan qadın gedirdi. Qarın üstüylə, ayaqyalın. O, çox çətin hərəkət edirdi, tez-tez yıxılırdı. Onun uşaqlarının ən kiçiyi ikigünlük idi”.

Erməni və rus hərbi birlikləri Xocalıda soyqırımı elə dəhşətli və qəddarlıqla həyata keçirmişdilər ki, bu o dövrdə bir çox dünya mətbuatı səhifələrində də öz əksini tapmışdır. Akif Asırlı “Türkün Xocalı soyqırımı” adlı əsərində xarici ölkə mətbuatında yer alan məqalələrdən xeyli sitat vermişdir. Oxucuların marağına səbəb ola biləcəyini düşünərək onlardan bir neçəsini diqqətə çatdırırıq:

“Vaşinqton-Post” qəzeti: “Dağlıq Qarabağ qurbanları Azərbaycan şəhərində torpağa basdırılıb. Qaçqınlar deyirlər ki, ermənilərin hücumu zamanı yüzlərlə adam həlak olub. Həlak olmuş 7 nəfərin meyitini bu gün göstəriblər, onlardan 2-si uşaq, 3-ü qadındır. 120 qaçqın Ağdam hospitalındadır, onların bədənlərində çoxsaylı dərin yaralar var”.

“Tayms” qəzeti: “Erməni əsgərləri yüzlərcə qaçqın ailəsini qırıblar. Sağ qala bilənlər xəbər verirlər ki, erməni əsgərləri 450-dən artıq azərbaycanlını güllələyiblər. Onlardan çoxu uşaq və qadınlardır. Yüzlərcə, mümkündür ki, minlərcə insan itkin düşüb. “Onlar atəş açırdılar, atəş açırdılar, atəş açırdılar” – deyə Xocalıdan digər qadın və uşaqlarla birlikdə Ağdama qaçmış Raziya Aslanova bildirib. O deyib ki, əri və oğlu öldürülüb, qızı itkin düşüb”.

Xocalı soyqırımına ən kəskin etiraz bildirən ölkələrdən biri Türkiyə olmuşdur. Belə ki, 1992-ci il martın əvvəlində qardaş ölkənin Ankara, İzmir, İqdir, Qars və s. şəhərlərində erməni-rus ordusunun vəhşiliklərini pisləyən, Azərbaycanla həmrəylik bildirən çoxminli mitinqlər keçirilmişdir. Mitinqlərin təşkilatçıları Türkiyə hökumətindən tələb edirdilər ki, təcili surətdə Ermənistan hökumətinə təsir göstərib Dağlıq Qarabağda azərbaycanlılara qarşı genosid siyasətinə son qoysunlar.

Doğrudur, böyük dövlətlər və beynəlxalq təşkilatlar məsələyə ikili standartla yanaşaraq heç bir reaksiya vermədilər, özlərini nədənsə görməməzliyə vurdular. İrakın Küveytə hücumu zamanı işğalçıya qarşı göstərilən operativlik indi soyuqqanlıqla əvəz olundu.

Qeyd edək ki, ermənilər Xocalı soyqırımına əvvəlcədən hazırlaşdıqlarından bu aksiyadan bir neçə gün əvvəl dünyanın onlarla ölkəsindən qəzet, televiziya jurnalistlərini hadisələri işıqlandırmaq üçün buraya dəvət etmişdilər. Onlar buraya hadisələri obyektiv işıqlandırmaq üçün deyil, hadisələri saxtalaşdırmaq, “fağır, sakit, əməksevər” ermənilərin müsəlmanlar tərəfindən qətlə yetirilməsini sübut etmək üçün təşrif buyurmuşdular.

Hazırda Azərbaycan dövləti, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır, kitablar yazılır, jurnalist tədqiqatları aparılır. Ayrı-ayrı ölkələrin parlamentlərində, beynəlxalq təşkilatlarda bu faciə müzakirəyə çıxarılır, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb edilir.

Anar İsgəndərov,

Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş