9848 28-02-2018

Azərbaycanın tolerantlıq nümunəsi

 

Azərbaycan torpağı əzəldən bəri müxtəlif dini və etnik qruplar üçün doğma yurd olmuşdur. Fərqli dinlərə və millətlərə mənsub insanlar bu torpaqlarda rahat yaşamaqla yanaşı, digər konfessiyalara mənsub insanlara da hörmət göstərmişlər. Ata-babalarımızdan qalan bu qarşılıqlı hörmət anlayışı müasir Azərbaycanda da mövcuddur. Bu gün dünyanın müxtəlif yerlərində etnik və dini zəmində münaqişələr yaşanmasına baxmayaraq, ölkəmiz bütün dünya üçün tolerantlıq nümunəsinə çevrilmişdir. Hazırda ölkəmizdə islam dini ilə yanaşı yəhudilik, xristianlıq və başqa dinlərə mənsub insanlar birgə yaşayırlar.

Bu məqalədə Azərbaycandakı yəhudilər və onların icmaları haqqında məlumat vermək istərdik. Yəhudilər dünyanın bir çox ölkəsində yaşayan və tarixləri qədim İsrail və İudeya padşahlığına gedib çıxan semit mənşəli bir xalqdır. Onlar çox qədim və ziyalı bir xalq kimi dünya tarixində böyük iz qoysalar da, əsrlər boyu bir çox haqsızlıqlara məruz qalmışlar. Yəhudilərə qarşı ən böyük haqsızlıq isə antisemitizmin pik həddə çatdığı XX əsr Avropasında olmuşdur. Dəhşətli Holokost soyqırımı - yəhudi millətinin İkinci Dünya Müharibəsi illərində faşist rejimi tərəfindən kütləvi surətdə qırılması bunun bir nümunəsidir...

Azərbaycan isə qədim zamanlardan bəri yəhudilərin məskunlaşma yeri olmuşdur. Ölkəmizdə indi də qürurla adları çəkilən bir çox insanlar məhz yəhudi icmasına mənsub olmuşlar. Onların sırasında Lev Landau, Vladimir Ruxlin, Lütfizadə, Qavril İlizarov və digər görkəmli şəxslərin adını çəkmək olar. Vətənin çətin günlərində də azərbaycanlı yəhudilər hər zaman ön sıralarda vətəni müdafiə etmişlər. Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Albert Aqarunov da məhz Azərbaycan yəhudisi idi.

Məlum olduğu kimi, hazırda Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, əşkinazi yəhudiləri və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə digər şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayırlar. Gürcü yəhudiləri isə təxminən 700 nəfərdir.

Dağ yəhudiləri icması Azərbaycanda ən qədim yəhudi icmasıdır. Onlar ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edirlər. Tarixi mənbələrə əsasən, Movses Kalankatvasi yəhudilərin Qafqaza gəlişini b.e. əvvəl I əsrə aid edir. Tədqiqatçıların gəldikləri qənaətə əsasən, dağ yəhudiləri yəhudi xalqının ayrılmaz tərkib hissəsidir, onlar səfərdlər kimi tanınan «Şərq yəhudiləri» qrupuna mənsubdurlar. Onlar uzun müddət yad mühitdə, yad dinlər arasında yaşasalar da, öz mədəniyyətlərini, həyat tərzlərini, ənənələrini, əcdadlarının dinini, kimlik şüuru və mentalitetlərini qoruyub saxlamış, eyni zamanda Qafqaz mədəniyyətindən də təsirlənmişlər.

«Dağ yəhudiləri» adını onlar, XIX əsrdə Qafqaz ölkələri Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra almışlar. O vaxt ruslar bütün Qafqaz xalqlarını «dağlılar» adlandırırdılar, odur ki, Qafqazda yaşayan yəhudilər də «dağ yəhudiləri» kimi tanınmışdılar.

Məlum olduğu kimi, Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Avanın 9-da matəm orucu günü dünyanın hər yerindən dağ yəhudiləri buraya gəlirlər ki, vacib ibadətləri yerinə yetirsinlər, yaxınlarının qəbirlərini ziyarət etsinlər. Qəsəbədə üç sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva vardır.

Əşkinazi yəhudilər Avropa yəhudiləridir, əslən orta əsrlər Almaniyasındandırlar. Gürcü yəhudiləri icması sayca kiçik olsa da, fəaldır. 1997-ci ildə "Coynt" yəhudi komitəsinin maliyyə yardımı ilə gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdəki yəhudi icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini-iyeşivalarını, mədəniyyət mərkəzlərini , cəmiyyətlərini , klublarını , qəzetlərini yaratmışlar. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır ki,  Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından  isə ölkəmizdə ilk yəhudi məktəbi fəaliyyət göstərir.

Uzun illərdir ki, İsrail və Azərbaycan arasında əlaqələr müxtəlif sahələrdə  inkişaf etməkdədir. İsrail dövləti beynəlxalq arenada Azərbaycan dövlətinin mövqeyini dəstəkləyir. Azərbaycan xalqı həmişə yəhudi xalqını dost hesab edir və bunun belə davam edəcəyinə ümid edirik.

Hacıbaba Mustafayev,

Jurnalistika fakültəsi 1-ci kurs


 

 

 

Digər yazılar

BDU-nun Tədris-təcrübə və istirahət mərkəzində

Murtuz Ələsgərov - 90

Həyatını elmə həsr etmiş şəxsiyyət

Azərbaycan elmini layiqincə təmsil edən alim

Novruz xatirələri

Atam haqqında elegiya

ÖMRÜNÜ ELMƏ HƏSR EDƏN ALİM

"Xocalı faciəsi xalqımıza qarşı həyata keçirilən soyqırımın faciəli həlqələrindən biri idi..."

Təhsildə vətənpərvərliyin gücləndirilməsi

"Axı, yaddaş da bir sərvətdir!"

Örnək həyat yaşayan müəllim

Tələbə adının məsuliyyəti…

“Elnur Məmmədli, biz səninləyik!”

Bu gün zabitimiz, sabahsa torpaqlarımız...

Ailə faciəsi

Bayramımız mübarək?

Qanun deyir: “Atma!”

Televiziyanın imkanlarından nə zaman istifadə edəcəyik?

Çağırışlara aldanmayaq

Qüdrətlən, çiçəklən doğma universitetim mənim!