940 05-03-2018

ÖMRÜNÜ ELMƏ HƏSR EDƏN ALİM

Həyatda elə insanlar var ki, bu günün özündə də onların adı-sanı, xatirələr burulğanında anılır, işıqlı, nurlu simaları, xeyirxahlığı, nəcibliyi və xüsusən də sadəliyi, təvazökarlığı uzun müddət yaddaşlardan silinmir, tunc heykəl kimi qəlblərdə yaşayır...

Tanrının bizə bəxş etdiyi belə şəxsiyyətlərdən biri də Azərbaycan ədəbi dilinin və qrammatikasının əvəzsiz tədqiqatçısı, klassik Azərbaycan ədəbiyyatının, Məhəmməd Füzuli dünyasının dərin bilicisi, əski Azərbaycan yazısının bütün çətin xətlərini, qədim yazılı abidələri diqqətlə arıyan, oxuyan, şərhini verən ustad pedaqoqlardan biri, görkəmli alim Samət Əlizadədir. Həyatının, yaradıcılığının ən qaynar vaxtında  dünyasını dəyişsə də, Məhəmməd Peyğəmbərin bir kəlamını yada salmaq istəyirəm: “Ömrünü elmə sərf edən insanlar ölmürlər”.  Belə insanlar fiziki cəhətdən haqq dünyasına qovuşsalar da, mənən hər zaman əməllərində, millətə, xalqa xidmətlərində, yaratdıqları əsərlərində yaşayırlar.

Samət müəllim Bakı Dövlət Universiteti tarixində, eləcə də filologiya fakültəsinin salnaməsində özünə əbədiyaşar, mənəvi haqq qazandırmış, bu müqəddəs elm-təhsil ocağının tarixində özünün əbədi imzasını atmış alim-ziyalı müəllimlərdən biri olmuşdur.

Xeyirxahlıq Samət müəllimin həyat kredosu, vətəndaşlıq amalı, müqəddəs istəyi olmuşdur. O, dekan müavini işlədiyi vaxtlarda, fakültə partiya bürosunun üzvü olduğu illərdə müəllim və tələbələrin hər bir işinə yardımçı olmaqla yanaşı, onlara əl uzatmağı özünə böyük mənəvi borc sayırdı. Samət müəllimin həyat və fəaliyyətini, xeyirxah əməllərini, insani keyfiyyətlərini bu gün araşdırarkən şair Rasim Kərimlinin misraları yada düşür: “Nə yaxşı dünyada yaxşı var imiş, Yoxsa  məhv olardıq yaman içində”.

Samət müəllimin ölümü bizlərdən hər birimizi sarsıtdı. Yeri əbədi boş qaldı. Yaxşı deyiblər: “Hər kəsin öz taleyi, hər kəsin öz yeri”.

Onu tanıyanlar, monumental əsərlərinə bir daha müraciət edənlər onun işıqlı xatirəsini yad edir və ürək ağrısı ilə deyirlər: “O evdən yox, eldən getdi”. Təsəllimiz Samət Əlizadə kökünə, soyadına ləyaqətlə və vicdanla xidmət edən, namusla yaşayan övladlarının olmasıdır.

Samət müəllim öz böyük müəllimlərinin uyuduğu vətən torpağına getdi. Ruhu isə göylərə, ruhlar aləminə çəkildi. Torpaqdan və göydən gələn insan yenə də  öz yerinə – hardan gəlmişdisə oraya da qayıtdı:

 

Ey könül fürsəti badə vermə gəl,

Gün keçir, ay ötür, il yaman gedir.

Yarat sən köçəndə ellər söyləsin,

Dünyadan nə gözəl bir insan gedir.

İfrat Əliyeva,

Azərbaycan ədəbiyyatı kafedrasının professoru

 

ŞƏRƏFLİ ÖMÜR

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində işləmiş görkəmli alimlər və unudulmaz müəllimlər sırasında professor Samət Əlizadənin özünəməxsus yeri var. Müəllimim, eyni zamanda uzun illər bir yerdə çiyin-çiyinə həmkar kimi işlədiyim bir insan haqqında yazmaq, doğrusu, mənim üçün o qədər də asan deyil. Çətinlik ondadır ki, hamının görkəmli alim, tələbkar müəllim, həssas və təvazökar bir insan kimi tanıdığı Samət müəllim hər bir sözə, hər bir ifadəyə diqqət verən bir insan idi. Onun haqqında olan yazıda da gərək hər bir söz, hər bir ifadə öz yerində olsun, artıq-əskik heç nə olmasın. Samət müəllim özünün elmi-pedaqoji fəaliyyəti ilə gənc müəllimlərə və tələbələrə örnək olan bir ömür yaşamışdır.

1965-ci ilin avqustunda namizədlik dissertasiyasının müdafiəsi ərəfəsində elmi rəhbəri, görkəmli dil tarixçisi professor Hadi Mirzəzadənin qəflətən vəfat etməsi gənc tədqiqatçını ciddi sınaqlar qarşısında qoyur. O həm dil tarixindən mühazirələr oxumalı, həm də dissertasiya işini müdafiə etməli idi. Samət müəllim zəhmətsevərliyi və elmi hazırlığı nəticəsində bu işlərin öhdəsindən gəlməyi bacarır. XVI əsrdə farscadan Azərbaycan dilinə tərcümə edilmiş 676 səhifəlik “Şühədanamə” abidəsinin morfologiyasına həsr olunmuş dissertasiyasını müdafiə edir, H.Mirzəzadənin davamçısı olan bir müəllim kimi Azərbaycan dilinin tarixi qrammatikası kimi xüsusi hazırlıq tələb edən bir fəndən mühazirələr oxuyur. Samət müəllim kafedradakı söhbətlərində hərdən o illərdəki elmi-pedaqoji fəaliyyətinin gərginliyindən söz salıb danışırdı.

Professorun əsas elmi araşdırmaları dil tarixi və mətnşünaslıq sahəsində olmuşdur. Onun elmi fəaliyyətində “Kitabi-Dədə Qorqud” abidəsinin tədqiqi və elmi mətninin hazırlanması xüsusi yer tutur. Türkologiyada oğuz qəhrəmanlıq eposu kimi tanınan bu əsərin 1988-ci ildə F.Zeynalov və S.Əlizadənin birgə tərtibi ilə nəşr edilməsi filologiyamızda mühüm hadisə oldu. Ancaq Samət müəllim “Kitabi-Dədə Qorqud”un mətni üzərindəki işini sonrakı illərində də davam etdirib mükəmməl bir mətn hazırladı. Onun hazırladığı tənqidi mətn “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi münasibətilə nəşr olundu və bu əsərə dair araşdırmalarına görə o, Prezident Heydər Əliyevin fərmanı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görüldü. Alim əməyinə vaxtında verilən bu yüksək qiymət Samət müəllimdə böyük iftixar və minnətdarlıq hissləri doğurmuşdu. Yeri gəlmişkən deyim ki, o özü “Kitabi-Dədə Qorqud”la bağlı araşdırmalarından çox məmnun idi. 2002-ci ildə vəfatından bir neçə gün əvvəl mən Məmmədəli Novruzovla birlikdə onun yanında olanda əzablı ağrılarına baxmayaraq, uzun illərin gərgin elmi fəaliyyətinin nəticəsi olan “Kitabi-Dədə Qorqud”un yeni nəşrinə baxmağı daxili bir istəklə təklif etdi. Mən Samət müəllimin tərtibində “Kitabi-

Dədə Qorqud”un son dərəcə nəfis nəşrini vərəqlədikcə həm də ona baxırdım. Mənə elə gəldi ki, o, zəifləmiş vücudu, bir qədər əyilmiş qaməti, tamamilə ağarmış saçları, sərrast və mənalı danışığı ilə müdrik Dədə Qorqudu xatırladır.

Samət müəllim şöhrətli bir tarixi olan Bakı Dövlət Universitetini çox sevir və vaxtilə tələbələri olmuş, sonralar isə onunla yanaşı işləyən gənc həmkərlarına hərdən deyirdi: “Biz universitetdə işləməyimizlə fəxr etməliyik”. Bu gəlişi gözəl bir söz deyildi. O, ürəkdən gələn bu söz ilə Bakı Dövlət Universitetinin mötəbər bir ali məktəb olduğunu nəzərə çarpdırmaqla bizim üzərimizə böyük məsuliyyət qoyurdu... Samət müəllim şərəfli bir ömür yaşadı. Bu, elmimizə töhfələr verən bir alimin, kamil müəllim və təvazökar bir insanın ömrüdür.

Elbrus Əzizov,

Türkologiya kafedrasının profesoru

 

 

ONU XATIRLAYANDA...

Samət müəllim haqqında xatirə yazmaq... Mənə həm çox çətin, həm də çox asan gəlir. Elmi fəaliyyəti haqqında istənilən qədər yazmaq olar. O qədər ciddi, nüfuzlu, müdrik bir şəxsiyyət idi ki, onun haqqında ağlına gələni yazmaq olmaz. Samət müəllimi quru bir insan kimi qiymətləndirmək də düzgün deyil. O, ciddi olduğu qədər də incə yumorlu şəxs idi. Hər yumora gülməzdi, güləndə də çöhrəsində mehriban, xoş bir təbəssüm yaranardı. Onun hər cümləsi- istər dərsdə, istərsə də həyatda müdrik kəlam kimi dəyərli idi...

Mən Samət müəllimi tələbəlik illərindən tanıyıram, bizim  qrupun ən sevimli müəllimlərindən idi, onun hər mühazirəsini səbirsizliklə gözləirdik. Sonra iş elə gətirdi ki, mən onunla bir kafedrada işləməli oldum. Oturduğumuz stollar yanaşı idi. Ona  görə də daha məsuliyyətli olmalı, sözümü ölçülü-biçili deməli idim.. O zaman biz korifey  müəllimlərlə- Fərhad Zeynalov, Tofiq Hacıyev, Abdulla Vəliyev. Əbdülhəmid Bağırov, Cəfər Cəfərov. Şaməddin Xəlilov kimi şəxsiyyətlərlə işləyirdik. Elə onların qarşısında da eyni məsuliyyəti hiss edirdik. İkinci bir xoş təsadüf məni Samət müəllimlə daha yaxın etdi. Biz İçərişəhərdə onunla qonşu olduq, bir küçədə yaşayırdıq. Çox tez-tez rastlaşırdıq. İllər keçdi, ondan çox şeyi-ilk növbədə müəllimliyi, sözün dəyərini qiymətləndirməyi öyrəndik. Bir dəfə kafedrada söhbət əsnasında Samət müəllimdən soruşdum ki, belə bir deyim var: Qaz vur, qazan dolsun. Bu nədir, quşun böyüklüyü nəzərdə tutulur. O, özünəməxsus tərzdə gülümsəyərək dedi: Sən bilirsənmi bu deyimin arxası da var: Qaz vur qazan dolsun, sərçəynən qazan dolmaz.  Doğrusu, mənə çox maraqlı gələn bu  deyimi sonralar heç kəsdən ala bilmədim... Samət müəllimin gəzəl xətti var idi. Hər hansı bir işə rəy yazanda sual və nida işarələrindən çox istifadə edərdi. Bəlkə, bununla da daxilindəki hiss-həyəcanı, emosiyanı nəzərə çarpdırmaq istəyirdi. İndi Samət müəllim həyatda yoxdur. İçərişəhərin dar dalanlarında, dolanbaz dönqələrində  ğözüm  nurlu simalı, bir az yorğun yerişli, bir az qayğılı 80 yaşlı pirani müəllimimi axtarır və  həmin sual və nida işarələrinin cavabını tapmağa çalışıram. İzin qalan cığırlar söyləyir ki, Siz öz əməllərinizlə yaşayırsınız  və həmişə bizimləsiniz!!!

Gülxanım Vəliyeva,

 Türkologiya kafedrasının dosenti

 

Digər yazılar

BDU-nun Tədris-təcrübə və istirahət mərkəzində

Murtuz Ələsgərov - 90

Həyatını elmə həsr etmiş şəxsiyyət

Azərbaycan elmini layiqincə təmsil edən alim

Novruz xatirələri

Atam haqqında elegiya

Azərbaycanın tolerantlıq nümunəsi

"Xocalı faciəsi xalqımıza qarşı həyata keçirilən soyqırımın faciəli həlqələrindən biri idi..."

Təhsildə vətənpərvərliyin gücləndirilməsi

"Axı, yaddaş da bir sərvətdir!"

Örnək həyat yaşayan müəllim

Tələbə adının məsuliyyəti…

“Elnur Məmmədli, biz səninləyik!”

Bu gün zabitimiz, sabahsa torpaqlarımız...

Ailə faciəsi

Bayramımız mübarək?

Qanun deyir: “Atma!”

Televiziyanın imkanlarından nə zaman istifadə edəcəyik?

Çağırışlara aldanmayaq

Qüdrətlən, çiçəklən doğma universitetim mənim!