366 13-03-2018

Atam haqqında elegiya

“Xatirələr insanın içini isidir, eyni zamanda onu daxilən param-parça edir”

(Haruki Murakami )

 

Atam haqqında yazmaq mənim üçün çox ağır və üzücüdür. Üzücü sözünü bezdirici və cansıxıcı mənasında yox, insanın daxilini titrədən, ayaqlarını yerdən üzən, həyatla bağlarını kəsən bir sıxıntı, çarəsizlik anlamında işlədirəm. Çünki bilirəm ki, nə yazsam da, qələmə aldıqlarım hiss etdiklərimlə müqayisədə çox solğun və cılız olacaq. Bu səbəbdəndir ki, atamın aramızdan getməsindən artıq 16 il keçməsinə baxmayaraq, hələ də onun haqqında yazmağa ürək etmirəm. Və bu yazı atam haqqında yazmaq istədiklərimin yalnız bir fraqmenti və ya eskizi sayıla bilər...

Mən atamla eyni gündə dünyaya gəlmişəm  - martın 14-də. Zahirən atama çox bənzəyirəm. Deyilənə görə, xasiyyətcə də atamla oxşarlığım çoxdur. Onunla eyni peşəni seçdim – filoloq. Taleyimi onun kimi Bakı Dövlət Universitetinə bağladım; əvvəlcə onun tələbəsi oldum, sonra isə onunla çiyin-çiyinə işlədim. Buna görə də onu itirdikdən sonra həyatımda yaranan boşluğu mən, bəlkə də, atasını itirən digər övladlardan və onun o biri övladlarından daha çox hiss edirəm.

         Atam haqqında bir filoloq kimi yazı yazmaq, onun yaradıcılığına, elmi-pedaqoji fəaliyyətinə qiymət vermək niyyətində deyiləm. Bu haqda kifayət qədər yazılıb və əminəm ki, bundan sonra da çox yazılacaq. Alim Samət Əlizadənin irsi böyük tədqiqat əsərlərinin mövzusu ola bilər. Təkcə onu demək istəyirəm ki, Azərbaycan filologiyasının, demək olar ki, elə bir sahəsi yoxdur ki, S.Əlizadə orada sanballı, nüfuzlu alim sözünü deməmiş olsun. Tarixi qrammatika,  mətnşünaslıq, türkologiya, ədəbi dil tarixi, etimologiya, ədəbi tənqid, poetika və s. sahələrdəki dəyərli araşdırmaları elmi mühitdə yaxşı tanınır. Çox az filoloq tapılar ki, həm dil, həm də ədəbiyyatla bağlı bilikləri eyni dərəcədə mükəmməl olsun. Samət Əlizadə belə nadir alimlərdən idi. O, əslində, yaza biləcəyindən çox az yazıb. Yazacaqlarının bir qismini də beynində, ürəyində apardı. Amma az yazmasının (əslində, Samət müəllimin yazdığı 10-dan çox kitab, 200-dən artıq məqalə və s. az sayılmaz, mən sadəcə onun yaradıcılıq potensialının zənginliyini nəzərdə tutaraq bu ifadəni işlədirəm) bir səbəbi həyatdan tez getməsidirsə, səbəblərindən biri də odur ki, Samət müəllim “nə gəldi” və “necə gəldi” yazmayıb. Həm yazacağı mövzuya, həm də bu mövzuda yazacaqlarına o qədər məsuliyyətlə yanaşırdı ki, bəzən kiçik bir məqaləyə bəzi “alim”lərin bir kitab üzərində işlədiyi qədər zəhmət verirdi. Samət müəllim nə yazıbsa, özü yazıb. Əsərləri orijinallığı və özünəməxsus üslubu ilə fərqlənir. Yazıları riyazi dəqiqliyi və sərrastlığı, fəlsəfi dərinliyi və əhatəliliyi, şairanə obrazlılığı və emosionallığı ilə seçilir. 

Atamı şəxsiyyət kimi xarakterizə etməyə də ehtiyac duymuram. Təkcə onu deyə bilərəm ki, onu tanıyanlar təmiz insan, ailəcanlı adam, ensiklopedik bilik sahibi kimi dəyərləndirirdilər. Bu, həqiqətən də belə idi. Başa düşürəm ki, bəzilərinə bu sözlər “atasını ideallaşdırmaq cəhdi” kimi görünə bilər, amma əminəm ki, sağlığında onunla ünsiyyətdə olmuş şəxslər dediklərimi təsdiqləyə bilərlər. Təsadüfi deyil ki, tələbələrindən biri – Sona Xəyal onun haqqında yazdığı məqaləni elə belə də adlandırmışdı; “İdeal bu gün də var”. Samət müəllimi “ensiklopedik adam” adlandıranlar bilirdilər ki, onun filoloji bilikləri “dar ixtisas”la məhdudlaşmırdı; qədim əlyazmalardan tutmuş ümumi dilçilik, ədəbiyyatşünaslıq, poetika məsələlərinə qədər bir çox mətləblərdən hali idi. Və bu biliklər səthi, epizodik deyildi, çox mükəmməl səviyyədə idi. Lakin onu hətta yaxından tanıyanlar da yəqin bilmir ki, filologiya və ona yaxın humanitar sahələr  – tarix, fəlsəfə, ilahiyyat, məntiq və s. ilə yanaşı, Samət müəllim fizikanı, triqonometriyanı da çox gözəl bilirdi. Biz (övladları) üçümüz də orta məktəbi medalla bitirsək də, bir gün də olsun fərdi müəllimlə məşğul olmamışdıq. Orta məktəb proqramındakı fənlərlə bağlı hər hansı problemimiz olduqda biz atama müraciət edirdik və atam da heç vaxt bu kömək üçün aciz qalmırdı. Atam incəsənəti çox sevirdi, xüsusilə rəssamlıq və musiqini. Yaxşı əl qabiliyyəti var idi. Əlyazısını xatırlayanlar kalliqrafik xəttə malik olduğunu bilirlər. Musiqi təhsili yox idi, notları da bilmirdi, amma gözəl piano çalırdı. Xüsusilə muğamları çox şirin xırdalıqlarla ifa edirdi. Füzulini isə əzbər bilirdi. Təbiəti çox sevirdi, bu sevgi onu ovçuluğa gətirmişdi. Amma ovçuluğu da simvolik olaraq “ov” həvəskarlığı idi, əslində, təbiətə yaxın olmaq istəyindən irəli gəlirdi (Universitet müəllimlərindən ibarət bir “ov” komandaları var idi. Buraya atamla yanaşı Ağamusa Axundov, Vaqif Mərdanov, Seyfulla Əsədullayev, İslam Vəliyev və b. daxil idi). Televiziyada ən çox izləməyi sevdiyi də təbiətlə bağlı sənədli filmlər idi. Bəziləri onu bir qədər “məsafəli” adam hesab edirdilər. Az danışmaq, hər adamla ünsiyyətə girməmək bir tərəfdən, onun təbiətindən, ağırtəbiətli, təmkinli və ciddi olmağından irəli gəlirdisə, digər tərəfdən, daxili aləminin zənginliyindən doğurdu. Öz daxili “mən”i ilə danışmağı çox zaman hədər və mənasız söhbətlərindən üstün tutduğundan hər söhbətə qoşulmazdı. Amma elə ki, söhbət elmdən, çox sevdiyi Füzulidən düşürdü, o, zahirən də dəyişirdi. Gözlərində qeyri-adi bir işıq, nur parıldayırdı.

Samət müəllim bir ata olaraq bizim (övladlarının) formalaşmağımızda müstəsna rol oynayıb, bizə musiqini, sənəti, təbiəti, ədəbiyyatı sevdirib, ədalət, xeyirxahlıq, insanlıq öyrədib. Bu öyrətdikləri mücərrəd anlayışlar və yorucu söhbətlər, məcburiyyətlər və məhdudiyyətlər şəklində yox, şəxsi nümunə və doğru yönləndirmə əsasında olub. Həddindən artıq müşahidəcil idi: sadəcə baxmırdı, həm də lazım olanı görə bilirdi və bizim də diqqətimizi o səmtə yönəltməklə eyni hissi bizdə tərbiyə edirdi. Əslində, biz sanki daim dərsdə idik: atam hiss etdirmədən, gündən-günə bizə “kamillik” dərsi keçirdi. Çox dəqiq adam idi. Heç yerə gecikməzdi, gecikənləri də gözləməzdi. Boğazdan yuxarı danışmağı, yalandan söz verməyi, dolaşıq işləri sevməzdi. Bizə verdiyi nəsihətlərdən biri də “Ən böyük biclik – düzlükdür” prinsipi idi. İstedadlı olduğu qədər də zəhmətkeş idi, onun üçün uğur formulu “istedad+çalışqanlıq”dan ibarət idi. Biz hər səhər yuxudan ayılanda onun artıq yazı-pozu ilə məşğul olduğunu görürdük. Tələbəlikdən qalma bir vərdişi var idi: yazılarını çox zaman dizinin üstündə yazardı (bu vərdiş sonradan iş kabineti, yazı masası olsa da, davam edirdi). Müəllimlik sənətini şərəf işi hesab edirdi. “Müəllimin qələmi şəhadət barmağının davamı, mürəkkəbi ürəyinin qanı olmalıdır” deyirdi.

Atam “təmiz” adam idi. Anadangəlmə bir nəciblik, həyalılıq var idi təbiətində. Mənəm-mənəmlik, təşəxxüs, mala-pula hərislik xarakterinə yad idi. Özü deyirdi ki, mən müəyyən yaşa dolub Quranı oxudum və gördüm ki, elə ömrüm boyu Quranda yazılan kimi yaşamışam. Yəqin bu səbəbdəndir ki, tale ona Məşhəd, Kərbəla və Həcc ziyarətlərini nəsib etdi, Allah qarşısında müqəddəs borcunu yerinə yetirməyi qismət etdi.

         Yaradıcılıq (hansı sahədə olursa-olsun; istər bədii, istər elmi, istərsə də incəsənət sahəsində) insanın fiziki ömründən kəsib mənəvi ömrünə calaya, sahibinə əbədiyyət qazandıra bilir (təbii ki, söhbət həqiqi istedad sahiblərinin orijinal yaradıcılığından gedir). Samət Əlizadənin bu həyatdakı ömrü uzun olmadı. Alim üçün 64 yaş nədir ki?! Hələ yazmaq istədiyi mətləblər, araşdırmaq arzusunda olduğu mövzular çox idi... “Əcəl gəldi, vaxt yetişdi, fani dünya kimə qaldı?!”  Bilirəm ki, onu vaxtsız itirməyin içimdə yaratdığı boşluğu heç vaxt və heç nə dolduramayacaq. Təsəllim onun arxasında qoyub getdikləridir. Soyadını ləyaqətlə, adına xələl gətirmədən daşıyan övladları (Samət müəllimin iki oğul, bir qız övladı, sağlığında görmədiyi beş nəvəsi var), xatirəsinə sadiq həmkarları, qədirbilən tələbələri və ƏSƏRLƏRİ. Bu gün də əl-əl gəzən əsərləri. O əsərləri ki, bir çox kitabların kitabxanalarda və kitab mağazalarında, bəzən bukinistlərdə toz bağlayıb, cildi açılmadığı bir dövrdə aranır, amma tapılmır. Mənə müraciət edənlər “onun əsərlərini heç yerdə tapa bilmirik, bizə kömək edin” deyəndə içim fərəhlə dolur, çünki bir əsərin qiyməti ancaq belə verilə bilər, yazılan əsər yaradıcısını belə yaşada bilər. Əminəm ki, biz – övladları, dostları, tələbələri həyatda olmayanda da Samət müəllim yaşayacaq - əsərləri, elmi irsi onu yaşadacaq.

Mehriban Əlizadə,

Müasir Azərbaycan Dilçiliyi kafedrası,

Filologiya üzrə fəlsəfə doktoru. 

 

Digər yazılar

BDU-nun Tədris-təcrübə və istirahət mərkəzində

Murtuz Ələsgərov - 90

Həyatını elmə həsr etmiş şəxsiyyət

Azərbaycan elmini layiqincə təmsil edən alim

Novruz xatirələri

ÖMRÜNÜ ELMƏ HƏSR EDƏN ALİM

Azərbaycanın tolerantlıq nümunəsi

"Xocalı faciəsi xalqımıza qarşı həyata keçirilən soyqırımın faciəli həlqələrindən biri idi..."

Təhsildə vətənpərvərliyin gücləndirilməsi

"Axı, yaddaş da bir sərvətdir!"

Örnək həyat yaşayan müəllim

Tələbə adının məsuliyyəti…

“Elnur Məmmədli, biz səninləyik!”

Bu gün zabitimiz, sabahsa torpaqlarımız...

Ailə faciəsi

Bayramımız mübarək?

Qanun deyir: “Atma!”

Televiziyanın imkanlarından nə zaman istifadə edəcəyik?

Çağırışlara aldanmayaq

Qüdrətlən, çiçəklən doğma universitetim mənim!