415 02-02-2018

Yeni layihə: Uğurlu karyerası olan BDU əməkdaşının bir günü...

Uğurlu insanların həyat tərzləri bir çoxlarımıza maraqlı olmaqla yanaşı, həm də örnəkdir. Bu uğur sahibi qadın olduqda onun müvəffəqiyyətə gedən yolda atdığı addımlar daha da maraq doğurur. Bakı Dövlət Universitetində də kifayət qədər uğurlu karyerası olan xanımlar var. “Bakı Universiteti” qəzeti bu saydan etibarən həmin insanların uğur “düsturları”nı təqdim edəcək. Bu dəfə “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin dosenti Mehriban Yadulla öz uğur sirrlərini  qəzetimizlə bölüşüb:

Mehriban Yadulla: 1970-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Nəsimi rayonu 54 saylı orta məktəbi tərifnamələrlə bitirib. Elə həmin il İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə yüksək qiymətlərlə daxil olub. 1990-cı ildə təyinatla Bakı Dövlət Universitetində əmək fəaliyyətinə başlayıb. 2002-ci ildə iqtisad üzrə elmlər namizədi adını alıb. Hazırda BDU-nun 1.5 ştat dosentidir. 2011- 2012 -ci illərdə AR Prezidenti yanında İqtisadiyyat üzrə AAK-ın elmi katibi olub. 60-dan yuxarı elmi əsərin, dərs vəsaiti, monoqrafiya, elmi- metodiki vəsaitin, proqramın müəllifidir.

- Hesab edirəm ki, hər bir kəs öz peşəsini sevməli, vaxtın, zamanın qədrini bilməlidir Hər səhər zəngli saatım 06.20-də məni yuxudan oyadır və universitetdəki dərslərimin növbəsindən asılı olaraq, günümü axşamdan hazırladığım plan üzrə qururam. Vaxtdan səmərəli istifadə etməklə əlbəttə ki, uğurlu nəticələr əldə etmək olar. Əgər dərslərim ikinci növbədədirsə, sübh tezdən ev işlərini görür, o cümlədən yeməyi hazırlayıram. Sonra isə, uzun illər məşğul olduğum xüsusi dövlət qulluğu üzrə işə qəbulla bağlı hazırlıqlarım başlayır. Saat 12-də bütün işlərimi bitirərək universitetə hazırlaşmağa başlayıram. Dərslərim birinci növbədə olanda isə axşamdan səhərki dərslər üçün materialları toplayıram, dərslərə hazırlaşıram. Düşünürəm ki, müəllim tələbə qarşısına hazırlıqlı çıxmalı, hər gün öz üzərində çalışmalıdır. Daha sonra hazırlıqlar üçün testlər tərtib edirəm. Yeri gəlmişkən deyim ki, artıq şəxsi  hazırlıq kursu açmışam və buraya məntiq, informatika, xarici dil üzrə müəllimlər də cəlb etmişəm.

İstirahət günlərim üçün iş proqramım bir qədər fərqli olur. Kiçik həyətyanı sahəm var. Orada çalışmaqdan zövq alıram. Bu həm də sağlamlıq üçün xeyirlidir. Bir sözlə həyat mübarizədir. Çevrəmizdəki sağlam insanlarla əl-ələ verib bu mübarizəni asanlaşdıra bilərik. 

 

 

Aynur Qurbanqızı

 

 

Digər yazılar