2973 30-03-2018

“Uğurun sirri işini sevərək görməkdədir”

Gənclik ömrün  ən gözəl çağıdır. Onu əbəs yerə fəsillərin ən təravətlisi olan bahara bənzətmirlər. Həqiqətən də, gənclik gözəllikdir. Onun tərənnümünə hər zaman şeirlər yazılıb, nəğmələr bəstələnib. İngilis dramaturqu və şairi Uilyam Şekspir deyib: “Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları tərbiyədən asılı olur”. “Bakı Universiteti” qəzeti suallarını tələbəlik həyatında böyük uğurlar qazanmağa nail olmuş gənclərə ünvanlayıb. Suallarımızı bu dəfə Jurnalistika fakültəsinin magistrantı  Nurlan  Salamov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin magistrantı Fidan Qafulova, Coğrafiya  fakültəsinin   magistrantı Aytac Süleymanova və  Biologiya fakültəsinin   magistrantı Fidan Alcanova cavablandırdı.

Gəncliyi bir sözlə ifadə etməli olsaydınız, nə deyərdiniz?

Nurlan Salamov: Gənclik, mənə görə elə bir rəngarəng anlayışdır ki, onu bir sözə sığdırmaq mümkün deyil. Çünki gənclik sərhədsizlik, gənjlik enerjili olmaq deməkdir.

Fidan Qafulova: Mənim fikrimcə, gənclik həyatın ən gözəl, ən dəyərli, ən səmərəli keçirilməli  zaman hissəsidir.

Aytac Süleymanova: Gəncliyin bir sözlə ifadəsi mənim üçün həyat dolu” deməkdir.

Fidan Alcanova: Gənclik, məncə, bir şansdır, həm də böyük bir şans. Gənc ikən insanın edə bilməyəcəyi bir şey yoxdur.

Qloballaşan dünyaya inteqrasiya, informasiya bolluğu mühitində sizə dövlətçilik, ana dili, bir sözlə, milli-mənəvi dəyərlər lazımınca aşılanırmı?

Nurlan Salamov: Düşünürəm ki, Azərbaycan təhsil sistemində millilik hər zaman nəzərə alınır. İstər fənlərdə, istər müəllimlərin metodikasında bu hiss olunur. Müxtəlif tədbirlər, dərnəklər, görüşlər və s. vasitəsilə təhsildə millilik, Vətənə sevgi aşılanır.

Fidan Qafulova: Müasir gənclikdə daha çox Avropa meylləri özünü göstərsə də, bu müsbət mənada xarici dillərin mənimsənilməsi, dünyagörüşünün inkişafı, Avropa təhsili baxımından yüksək qiymətləndirilir. Məncə, indiki gənclik müasir inkişafla ayaqlaşmaqla bərabər milli mənəvi dəyərlərinə də hörmət edir. Ana dilimizin  mühafizəsi və inkişafı naminə rus dilindəki bəzi ifadələrin öz dilimizdə qarşılığı ilə əvəzlənməsi istiqamətində müəyyən təbliğat işlərinin görülməsi, gənclər tərəfindən bayrağımıza olan diqqət və s. vətənpərvərlik hissləri kimi dəyərləndirilir.

Aytac Süleymanova: Əlbəttə, aşılanır. İnformasiyanın çox bol olduğu bir dövrdə yaşayırıq. Texnikanın güclü inkişafı nəticəsində dövlətçilik, ana dili, bütün milli-mənəvi dəyərlər haqqında məlumatlara asanlıqla yiyələnmək mümkündür.

Fidan Alcanova: Bunların bizə aşılanması üçün bizim də səy göstərməyimiz lazımdır, bu dəyərlər bizə məhz bu səylər nəticəsində lazımı səviyyədə aşılana bilər, düzgün aşılanmadığı halda isə  heç bir əhəmiyyəti olmaz.

Qazandığınız uğurlar barədə danışın. Uğurlarınızın sirri nədədir?

Nurlan: Uğurlarım elə məktəb illərindən başlayıb. 2013-cü ildə Əliağa Vahid adına Masazır 1 saylı tam orta məktəbi əla qiymətlərlə bitirmişəm. Həmin il yüksək balla Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə  daxil olmuşam. Burada da yüksək nəticələrim və uğurlu fəaliyyətim olub. I kursdan etibarən “Bakı Universiteti qəzeti ilə əməkdaşlıq etmişəm, saytda işləmişəm. Hazırda “Kaspi”, “Şərq”, “525-ci qəzet”, “Ədalət” qəzetləri, “Füyuzat, İşıq, Ulduz jurnalları və digər mətbu orqanlarda yazılarım dərc olunur. Fakültə qəzetimiz  “Jurnalist”in redaktoruyam. 2016-cı il üzrəİlin Ən Yaxşı Tələbəsi”, 2017-ci il üzrə isəİlin Ən Savadlı Tələbəsi” fəxri adlarına layiq görülmüşəm. 2017-ci ildən BDU-nun Beynəlxalq jurnalistika kafedrasının magistrantı və bir sıra layihələrin idarə heyətinin üzvüyəm.

Uğurun sirri isə işini sevərək görməkdədir. Nəticədə uğur qazanacağını düşünərək, həvəslə iş görmək lazımdır. Ən əsası da, işini tam görməkdir. Mən ya bir işin yaxşısını etməliyəm, ya da heç o işə başlamamalıyam.

Fidan Qafulova: Çalışmaq və nəticənin uğurlu olacağına inanmaq! Mənim uğurlarım əsasən təhsillə bağlı olduğundan bunun əsasında sistemli çalışmaq dayanır. İstər musiqi kollecinə, sonra da universitetə magistratura pilləsinə yüksək balla daxil olmaq çox böyük çalışqanlıq hesabına başa gəlib.  ANS TV-də 3 il çalışmaq isə mənə daha çox operativ olmağı, gərgin və stressli vəziyyətlərdə işin öhdəsindən gələ bilməyi öyrətdi.

Aytac Süleymanova: Uşaq yaşında ilk qazandığım uğurlardan biri 2007-ci ildə “Gənc İstedadlar” liseyinə qəbul olmağım oldu. Çünki məhz bu liseydə gələcəyim üçün önəmli qərarlar qəbul etdim. Bakalavr pilləsini Bakı Dövlət Universitetində başa vurdum və hal-hazırda bu universitetdə magistr pilləsində təhsil alıram. “Tyutor kurslarına qəbul olunmuşam.  Arzularımdan ən əsası oxuduğum bu universitetdə işləmək və daha yüksək pillələrə qalxmaqdır. Düşünürəm ki, bütün uğurlarımın sadəcə bircə sirri var. Bu da çox çalışmaqdır.

Fidan Alcanova: Qazandığım uğurlar açığı heç vaxt məni qane etməyib, çünki hər zaman daha yaxşısını edə bilərdim deyə düşünürəm. Lakin əldə etdiyim uğurların sirri özümə hər zaman inanmağım olub, zənnimcə, insanın edə bilməyəcəyi bir şey yoxdur.

Gənc dostlarınıza nə tövsiyə edərdiniz?

Nurlan Salamov: Gənc dostlarıma bolluca öyrənmək, bilgi sahibi olmaq, fərqlənmək və bu qazandıqlarını paylaşmaq eşqi arzu edirəm. Bilgini, maarifi yaymırsınızsa, onun sizdə olmasının inanın ki, heç bir faydası yoxdur. Oxuduqlarınızı, öyrəndiklərinizi kiminləsə bölüşüb, kiminsə onları bilməsinə vəsilə olursunuzsa, o bilgilər daha çox önəm daşıyır.

Fidan Qafulova: Zamanın qədrini bilin. Belə bir ifadə var: “Gələcək ona indidən hazırlaşanlara məxsusdur”. Məncə, hər günün dəyərini anlamaq, gələcək üçün 3 il sonranın planını bu gündən müəyyən etmək lazımdır.

Aytac Süleymanova: Onlara əsas tövsiyəm məqsədyönlü olmalarıdır. Bu irəli addımlamaq və uğur qazanmaq üçün ən əsas şərtlərdən biridir. Hər insan qarşısına məqsəd qoyarsa və ona çatmaq üçün çalışarsa, həyat ona hər zaman yeni qapılar açar. Gələcək gənclərin əlindədir.

Fidan Alcanova: Tövsiyəm odur ki, heç bir zaman özünüzü və edə biləcəklərinizi kiçiltməyin, özünüzə inanın və uğur qazanmaq üçün əlinizdən gələnin artığını da etməyə çalışın, əmin olun, əziyyətiniz qarşılıqsız qalmayacaq. Gələcək bizik, çünki öz gələcəyimizi özümüz qurmalıyıq, hər şey bizim öz əlimizdədir və bu şansı düzgün qiymətləndirmək lazımdır!

 

 İlahə Dadaşova,    

Filologiya fakültəsinin dissertantı   

                                                                                                                                                                                                                                                                                    

                                                                                                                                                                                                                                                                     

 

 

.

Digər yazılar

"Uğurlarımın sirri işi sevərək etməyimdədir"

"Gözlərim açılsaydı, ilk olaraq övladlarımı görmək istərdim..."

BDU-nun elmi işçisi Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdə olub

Böyük xalq yazıçısının ömür yoluna kiçik səyahət

"Tarix həmişə birinciləri yadda saxlayır"

“...Bu sevgimizin üstünə kölgə belə sala bilməzlər”

BDU magistrantı şagirdlərə “Beynəlxalq uşaq hüquqları” mövzusunda mühazirə oxuyub

Qanadsız mələklər

Gülümsəməyi unutmayın! 

Mənim həyat fəlsəfəm...

Tələbənin tələbədən müsahibəsi

Müasir həyat tərzi

"Məni tənqid edəndə tez ruhdan düşürəm"

Prezident təqaüdçüsü: “Heydər Əliyevə bənzəmək istəyirəm”

Nəsimi Paşayev: “Sərnişinlər qatarlara minmək üçün qapıları saxlayırlar...”

“ Soyuq əllər-isti ürəklər”

Çoxlarının marağına səbəb olan Reyhan Camalova kimdir?- Müsahibə