110 27-03-2018

Novruz xatirələri

 "İnsanların inancını əks etdirən Novruz canlı tarix nümunəsidir"

Novruz milli-mənəvi köklərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi, mifik dünyagörüşümüzü əks etdirən bayramlarımızdan olduğu üçün bizə daha əziz və doğmadır. Yadıma gəlir ki, uşaq olanda böyüklərimiz bu bayrama xüsusilə hazırlaşardılar. Bayramqabağı evlər təmizlənər, nənəmlə anam müxtəlif şirniyyatlar bişirərdi. Axır Çərşənbə daha təmtəraqlı keçirilərdi, hətta deyərdim ki, bayramdan da yaxşı qeyd olunardı: mütləq süfrəyə 7 “S” hərfi ilə başlayan təamlar, cücərdilən səmənilər, rəngbərəng şamlar qoyular, xonçalar bəzədilər, aş dəmlənər, yumurtalar boyanardı. Həyətimizdə balaca ocaq qalanar, üstündən atlanardıq. Bayramı düz 10 gün keçirərdik, qohumları təbrik üçün qonaq gedərdik,  həmin günlərdə evimiz də qonaqlı-qaralı olardı.

 İnsanların inancını əks etdirən Novruz canlı tarix nümunəsidir. Xalqımızın qədim inancının daşıyıcısı olan Novruz bayramı bu gün də yüksək hörmətlə qeyd edilir. 2016-cı ildən xalq ənənələrini özündə yaşadan bu bayramı gənclərimiz arasında təbliğ etmək üçün Filologiya fakültəsində təntənəli qeyd etmək qərarına gəldik. Bu səbəbdən də Çərşənbələri keçirməyə başladıq. Bu günə qədər Novruzla bağlı 11 tədbir təşkil etmişik, hər tədbirin də fərqli formatı olub. Bəzi tədbirlərimizi Çərşənbə münasibətilə qeyd etsək də, onu hər hansı bir mövzuya həsr edilmiş elmi seminar kimi keçirtmişik. Məsələn, “Əzizə Cəfərzadə yaradıcılığında Novruz” adlı seminarımızda magistrantlarımız dəyərli folklorşünas Əzizə Cəfərzadənin Novruzla bağlı araşdırmaları haqqında məruzələrlə çıxışlar etmiş, eləcə də tələbələr Novruzla bağlı səhnəciklər hazırlamışdılar. Bu tədbirlərin bir-birinə bənzəməməsi üçün həm gərgin əməyə, həm fərqli ideyaya, həm də istedadlı tələbələrə ehtiyac vardır. Bunun üçün də, “Folklor” dərnəyinin yaradılması zəruri oldu. Necə deyərlər, baş-başa verməyincə daş yerindən qalxmaz. “Folklor” dərnəyinin istedadlı üzvləri  tədbirlərimizin ərsəyə gəlməsində böyük rol oynayır.

Səhər  ORUCOVA

“Azərbaycan şifahi xalq ədəbiyyatı”

kafedrasının müdiri, professor

 

 

 Bu günlərdə orta nəslə mənsub olan hər kəsin ürəyində uşaqlıqda keçirmiş olduğu Novruzlarla bağlı nostalci hisləri baş qaldırır. Nostalci hisləri doğuran səbəb isə yəqin ki, o  illərdə xatirələri qalmış, bu gün yanımızda olmayan, dünyasını dəyişmiş əzizlərimizdir.

Yaxşı yadımdadır, bayramdan xeyli əvvəl nənəm anamla birlikdə yorğan-döşəyi, xalça-palazı eyvana çıxarıb çırpardı. Mən balaca olsam da, onlara kömək etməyə çalışar, ağır xalçanın, döşəyin bir ucundan yapışıb bu işə öz payımı verərdim.

Babam şirniyyatların bişirilməsi üçün lazım olan ərzaqları, müxtəlif meyvə qurusu və çərəzləri alıb gətirər, öz bacılarını da nənəmə yardıma çağırardı. Hər gün bir ev üçün şirniyyat bişirilərdi. Bu kollektiv iş heç də asan deyildi. Qadınların biri xəmiri yoğurar, digəri yayar, üçüncüsü yağlayar, dördüncüsü içliyini doldurub naxışlayardı. Mən də dinc durmaz, bizim Quba bölgəsində «qoz çörəyi» deyilən şəkərburaları naxışlamaq istəyərdim. Nənəm naxışlamağın üsulunu da göstərərdi. Bacardığım kimi əyri-üyrü naxışlar vurardım. Bişirəndən sonra əlim-dilim yana-yana həmin şəkərburanı yeyərdim.

Ən maraqlısı isə bu proses zamanı qadınların söhbətləri idi. Onların hər biri yeni xəbərləri, gördüklərini, eşitdiklərini bir-biri ilə bölüşərdilər. Ucadan qəh-qəhə çəkib gülüşər, beləliklə vaxtın necə gəlib-keçdiyini hiss etməzdilər. Quba qaydasına görə, şəkərbura qat-qat yayılıb yağlanar, ölçüsü adi şəkərburadan böyük olardı. Bişirilərkən də bir qədər qızarması şərt idi. Xəmirə əlavə olunan gülabın ətri evi bürüyərdi. Bu gün də həmin tanış qoxunu duyanda təsvir etdiyim o səhnə assosiativ olaraq gözlərim önündə canlanır.

Sevimli nənəmiz dəmir xəkəndazın içinə çır-çırpı və üzərlik töküb eyvanda kiçik tonqal düzəldər, üstündən hoppanarkən deməli olduğumuz sözləri bizə əzbərlədərdi.

Səmənini nənəm özü qoyardı. Əsas səmənidən başqa mənim və hər bacımın adına da kiçik nəlbəkilərdə buğda cücərdər, onu sulamağı özümüzə həvalə edərdi. Aramızda yarışmağa başlayardıq. Kimin səmənisi daha yaşıldır, daha tez boy atır və s. Onu sərin yerdə saxlayar, kiflənməməsi üçün dibində çox su saxlamazdıq. 

Nənəm əvvəlcədən tapşırardı ki, pis söz, acı kəlmə işlətməyək. Qulaq falına çıxanları peşman etməyək. Qonşuluqda tənha qadın yaşayırdı. Nənəm bütün Novruz nemətlərindən bir xonça düzəldib əlimə verərdi ki, o qonşuya aparım. Bunu yəqin ki, özü də edə bilərdi. Lakin uşağa verirdi ki, bayramın təbliğ etdiyi dəyərləri mənimsəsin. Hər kəsə xeyirxahlıqla yanaşmaq, paylaşmaq, yardımlaşmaq kimi dəyərləri.

 Kəmalə İslamzadə,

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti,

 filologiya üzrə fəlsəfə doktoru

 

Bu günlərdə ölkəmizin hər yerində qədim adət və inancları, milli dəyərləri, insani münasibətləri, sağlamlıq-gigiyena xüsusiyyətlərini özündə yaşadan Novruz bayramı mərasimləri və tədbirləri keçirilir. Bu təntənələrdən danışarkən hələ uşaqlıq illərindən qəlbimə dərin sevgi, qayğı, sevinclə həkk olmuş nənəmlə bağlı xatirələr yadıma düşür. Nənəm Naxçıvan bölgəsindən olduğundan hər il bayramda evimizdə bu torpağın nəfəsi, ətri duyulurdu. Çərşənbələrin adı belə fərqliydi- Əzəl, Xəbər, Qara Çərşənbə, Axır (İlaxır) çərşənbə. Ən çox da təntənəli qeyd edilən,  səbirsizliklə gözlədiyimiz Axır Çərşənbə idi. Hər evdə olduğu kimi bizim evdə də şirniyyatlar və ən əsası da plov bişirilərdi. İlaxır çərşənbənin əsas atributu sayılan plovun sanki həmin gün dadı da tamam başqa olardı. Nənəm qovurğa, küncüt, şabalıd, noxud qovurardı və sonra ona kişmiş, iydə, cəviz (qoz) qatıb qarışdırardı. Sonralar öyrəndim ki, bu, Naxçıvanda daha təntənəli qeyd edilən “Xıdır Nəbi” bayramının əsas simvoluymuş. Mənimçün həmin günün ən vacib özəlliklərindən biri isə nənəmin qız-gəlin üçün aparılacaq “İlaxır payı”nın hazırlaması idi. Bu payın, daha doğrusu, xonçanın içərisində şirniyyat, hədiyyə (əsasən, parça və ətir) olardı. Bibimgilə bu xonçanı atamla mən aparardım və bəzən də qapının arxasına qoyub, qapını döyərək qaçıb gizlənərdik. Həmin anda bir uşağın qəlbində yaşanılan bayram sevincini, həyəcanını sözlərlə ifadə etmək çox çətindir. Bayram axşamı tonqal qalamaq, “Ağrım-uğrum töküb bu odun üstünə” sözlərini deyərək odun üstündən tullanmaqla və insanların bir-birinə qarşıdan gələn ildən müxtəlif arzular, sevincli günlər diləməsi ilə yekunlaşardı.

 

Könül Həsənova,

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti,

filologiya üzrə fəlsəfə doktoru

 

Digər yazılar

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

ÖRNƏK ÖMÜR 

BDU-nun Tədris-təcrübə və istirahət mərkəzində

Murtuz Ələsgərov - 90

Həyatını elmə həsr etmiş şəxsiyyət

Azərbaycan elmini layiqincə təmsil edən alim

Atam haqqında elegiya

ÖMRÜNÜ ELMƏ HƏSR EDƏN ALİM

Azərbaycanın tolerantlıq nümunəsi

"Xocalı faciəsi xalqımıza qarşı həyata keçirilən soyqırımın faciəli həlqələrindən biri idi..."

Təhsildə vətənpərvərliyin gücləndirilməsi

"Axı, yaddaş da bir sərvətdir!"

Örnək həyat yaşayan müəllim

Tələbə adının məsuliyyəti…

“Elnur Məmmədli, biz səninləyik!”

Bu gün zabitimiz, sabahsa torpaqlarımız...

Ailə faciəsi

Bayramımız mübarək?

Qanun deyir: “Atma!”