255 10-04-2018

“XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi işıq üzü görüb

 

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimovun elmi redaktorluğu ilə görkəmli ədəbiyyatşünas alimlər Mir Cəlal və Firidun Hüseynovun birgə müəllifi olduqları “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi yenidən işıq üzü görüb. Dərslik indiyədək mövcud olan ali məktəb proqramlarına əsasən iyirmi illik bir zamanı əhatə edir. Bu iyirmi illik dövr məzmun, mündəricə zənginliyi etibarilə ədəbiyyatımızın bütün sonrakı inkişafına da böyük təsir göstərib. 
Universitet tələbələri, magistrantlar, doktorantlar və orta məktəbin ədəbiyyat müəllimləri üçün nəzərdə tutulmuş kitab beş fəsildən ibarətdir: Mətbuat; Demokratik ədəbiyyat; Realist-maarif­pərvər ədəbiyyat; Romantik ədəbiyyat; Ədəbiyyatşünaslıq.
Dərsliyin “Giriş”, “Cəlil Məmmədquluzadə”, “Mirzə Ələkbər Sabir”, “Nəriman Nərimanov”, “Əbdürrəhim bəy Haqverdiyev”, “Məmməd Səid Ordubadi”, “Əliqulu Qəmküsar”, “Mirzəli Möcüz”, “Abdulla Şaiq”, “İbrahim bəy Musabəyov”, “Marağalı Zeynalabdin”, “Məhəmməd Hadi”, “Abbas Səhhət”, “Abdulla bəy Divanbəyoğlu” oçerklərini görkəmli ədib, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal; “Mətbuat”, “Əli Nəzmi”, “Bayraməli Abbaszadə”, “Süleyman Sani Axundov”, “Üzeyir Hacıbəyov”, “Sultanməcid Qənizadə”, “Rəşid bəy Əfəndiyev”, “Yusif Vəzir Çəmənzəminli”, “Ədəbiyyatşünaslıq”, “Firidun bəy Köçərli” oçerklərini isə filologiya elmləri doktoru, professor Firidun Hüseynov yazıb. Yalnız “Hüseyn Cavid” haqqında oçerk birgə işlənilib. Oçerklərin sonunda ilk mənbələr və əlavə ədəbiyyat göstərilib. 
Dərslik çapa hazırlanarkən keçmiş illərin ideoloji təzahürlərinin təmizlənməsi baxımından da yüngül redaktə işləri aparılıb. Həmçinin bəzi ədiblərə aid müasir ədəbiyyatşünaslıq səviyyəsində sonralar çap olunmuş yeni elmi mənbələr ədəbiyyat göstəricisinə əlavə olunub. 
“XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin dördüncü - yeni nəşrində Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, professor Ədibə Mir Cəlal qızı Paşayeva və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Jalə Firidun qızı Hüseynova yaxından iştirak edib.

Digər yazılar

BDU və Jomard Publishing nəşriyyatının təsis etdiyi jurnalın yeni sayı çapdan çıxıb

Professor Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarına həsr olunmuş kitabları işıq üzü görüb

“Ekoloji kimya” kitabı çapdan çıxıb

Azərbaycanca-farsca yeni kitab

Bakı Dövlət Universitetində“Azərbaycan hüquq jurnalı” təsis edilib