275 30-01-2018

Azərbaycanca-farsca yeni kitab

Qloballaşan dünyada dil sərhədləri yavaş-yavaş aradan qalxmağa başlayır. Xarici dillərin mənimsənilməsində, əsasən, hər ölkə üzrə region və dünyanın güc mərkəzlərinin dillərinin öyrənilməsi isə başlıca yer tutur. Azərbaycanın coğrafi mövqeyini nəzərə alsaq, regionun aparıcı ölkələrindən birinin də İran olduğunu qeyd etməmək olmaz. Bu baxımdan Azərbaycan türkcəsi və farscanın qarşılıqlı danışıq kitabçasına ehtiyac duyulur.

Bakı Dövlət Universiteti (BDU) İran filologiyası kafedrasının böyük laborantı Şahin Yusifli və həmin kafedranın müəllimi Eldost İbrahimovun tərtibatında yenicə işıq üzü görmüş “Azərbaycanca-farsca danışıq kitabçası” geniş auditoriyaya hədəflənib. Bu kitabçadan İrana səfər edən həmvətənlər, həmçinin İrandan Azərbaycana gəlib ünsiyyət yaratmağa çalışan iranlılar, fars dilini öyrənmək istəyənlər, tələbələr və başqaları istifadə edə bilərlər.

Danışıq kitabçası sərbəst ünsiyyət yaratmaq üçün əsas olan minimum ifadələri ehtiva edən 22 başlıqdan və bir əlavələr bölməsindən ibarətdir. Burada “Gündəlik işlənən söz və ifadələr”, “Ən çox işlənən suallar”, “Səfirlikdə”, “Səyahət”, “Qatarda”, “Görüş-tanışlıq” və s. bölümlər yer almaqdadır.

Danışıq kitabçası çap tərtibatı baxımından da unikallıq təşkil edir. Belə ki, cib kitabçası formasında nəzərə tutulmuş bu vəsait ölçüsünə uyğun olaraq daşınması üçün heç bir problem yaratmır.

Qeyd etmək lazımdır ki, sonuncu dəfə Azərbaycanca-farsca danışıq kitabçası Sovet dövründə nəşr olunub. Bu səbəblə, tərtibçilərin də dediyinə görə, kitabça məhz iki dilin qarşılıqlı anlaşması üçün müasir yardımçı vəsait olaraq işlənib.

Yeni “Azərbaycanca-farsca danışıq kitabçası”nın redaktoru BDU İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov, məsləhətçisi isə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin II katibi Natiq Zülfüqarovdur.

 

Nurlan Ağa,
Beynəlxalq jurnalistika kafedrasının magistrantı

Digər yazılar

BDU və Jomard Publishing nəşriyyatının təsis etdiyi jurnalın yeni sayı çapdan çıxıb

“XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi işıq üzü görüb

Professor Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarına həsr olunmuş kitabları işıq üzü görüb

“Ekoloji kimya” kitabı çapdan çıxıb

Bakı Dövlət Universitetində“Azərbaycan hüquq jurnalı” təsis edilib