1371 23-04-2018

"Bakı Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün müraciət edənlərin sayı artıb"

Qloballaşan  dünyada insan kapitalı ən dəyərli sərmayəyə çevrilməkdədir. Elm, bilik, bacarıq başlıca tələbdir. İnformasiyalı cəmiyyət sivilizasiyanın əsas forması kimi inkişaf edib. Təbii ki, müasir dövrdə elm və bilik sahəsində gənclərə daha çox ehtiyac var. Ali təhsildə elmi səviyyənin başlıca istiqamətləri magistratura və doktorantura səviyyələrində təşkil olunduğu üçün Bakı Dövlət Universitetinin  Magistratura və Doktorantura (MD) şöbəsinə üz tutduq. Müsahibimiz MD şöbəsinin müdiri, biologiya elmləri doktoru, professor Afət Məmmədovadır.                   

Afət xanım, söhbətimizə şöbənizin tarixi ilə başlayaq.

Aspirantura Azərbaycan Dövlət Universitetində, yəni indiki BDU-da ilk dəfə 1935-ci ildə təşkil olunub. 2000-ci ildə BDU rektorunun əmri ilə Magistratura şöbəsi yaradılıb. 2001-ci ildə isə Magistratura və Aspirantura şöbəsi birləşdirilərək Magistratura, Aspirantura və Doktorantura adı ilə fəaliyyətə davam edib. Hazırda şöbə mizMagistratura və Doktorantura adı altında fəaliyyət göstərir.

Magistratura və doktorantura səviyyəsində təhsilin idarə edilməsi yükü sizin üzərinizdədir. Bu işin ağır və zövqlü tərəfləri, sizcə, nələrdir?

Əvvəla, bu prinsipcə olan bir məsələdir: mən həmişə çətin işi sevmişəm və çətin iş həmişə mənə maraqlı gəlib. Zənnimcə, hansısa işdə özünüzü görüb, lazımlı hiss edirsinizsə, bu, insana zövq verir. Mən də beləyəm. Bu səbəbdən işim məndə xüsusi bir fəxarət hissi yaradır. Çünki respublikanın gələcəyi, belə deyək, sütunları yüksək elmi ixtisaslı kadrların  mükəmməl fəaliyyətinin  nəticəsində qurulur və həmin kadrlar magistraturadan başlayaraq formalaşır, doktoranturada isə  daha yüksək elmi  ixtisasa yiyələnirlər. Sizcə, bu işə rəhbərlik etmək maraqsız ola bilərmi? Ziyalıların yetişməsində azacıq da olsa, payım olursa, bu özü böyük uğurdur. Sizə deyim ki, bacarıqlı və istedadlı insanlara dəstək olmaq, onları düzgün istiqamətləndirmək çox xoş və qürurvericidir. Asan heç nə yoxdur. Universiteti bitirdiyim vaxtdan əyani doktorant və 1994-cü ildən müəllim kimi fəaliyyət göstərmişəm, bütün həyatım  universitet və elmlə bağlı olub. Belə ki, bakalavr və magistratura səviyyələrində mühazirə oxuyuram, magistr və doktorantların dissertasiya işlərinə rəhbərlik edirəm. Hazırda Botanika kafedrasının professoruyam. Bunları qeyd etməkdə məqsədim odur ki, yəni elm və təhsil  prosesinin  içindəyəm. Bu mənə yaranan problemlərin yerində və vaxtında  obyektiv  həll olunmasında yardımçı olur. Hər bir işin sonu insan faktorunun davamlı inkişafını təmin etmək istiqamətində işlərin aparılması və müsbət nəticənin  əldə edilməsidir. Siz bir  istedadlı gəncə dəstək verirsinizsə və nəticə varsa, deməli, nəyəsə nail olmusunuz. Belə gənclər Azərbaycanın gələcəyidir.

Bəs gənclərdən razısınızmı?

İstedadlı  gənclərimiz var. Sadəcə, onlardan daha çox işləmək tələb olunur. Arzu edərdim ki, gənclərimiz daim öz üzərində işləsinlər, Azərbaycanı beynəlxalq arenada daha çox təmsil etsinlər.

Magistratura səviyyəsində yaradılan yeni ixtisaslar barədə məlumat verərdiniz. Bunların önəmi nədir və tələbatı nə dərəcədə ödəyir?

Hazırda magistraturada 44 ixtisas üzrə 213 ixtisaslaşmada 1348 nəfər magistrant təhsil alır. Cari ildə “İnformasiya hüququ”, “Qafqaz  xalqlarının  tarixi”, “Media və kommunikasiya sistemləri”, “Televiziya və radio yayımları menecmenti”, “Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi”, “Biomüxtəliflik və təbiətin mühafizəsi”, “Bioekologiya”, “Atom-nüvə fizikası”, “Radiasiya materialşünaslığı” kimi yeni ixtisaslaşmalar  üzrə  qəbul aparılıb və bu ixtisaslaşmalar BDU-nun xahişi ilə təsnifata salınıb. Həmçinin cari ildə BDU-nun təşəbbüsü ilə ali təhsilin magistratura səviyyəsi üzrə “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyə hüququ”, “Tibbi hüquq”, “Əqli mülkiyyət hüququ”, “Əmək hüququ: sosial təminat hüququ”, “İdman hüququ”, “Turizm hüququ”, “Kosmologiya”, “Gənclərlə iş”  ixtisaslaşmaları yaradılıb və növbəti tədris ili üçün qəbul üzrə sifariş verilib. Yeni ixtisaslaşmaların  yaranması  günün tələbindən irəli gəlir.

Sizcə, bundan sonra da hansı sahələr üzrə yeni ixtisaslar yaradılmalıdır?

Bu, yaranan prioritet sahələr üzrə ehtiyacdan və BDU-nun bu ehtiyacın təmin olunmasının öhdəsindən nə dərəcədə gələ bilməsindən asılıdır. Məsələn, bu gün prioritet olan ekoloji problemlərin həlli üçün bioloji yollardan istifadə etmək vacibdir. Buna görə də “Bioekologiya” ixtisaslaşmasına respublikada böyük ehtiyac var. Yaxud da “İnformasiya hüququ”, “Maliyyə hüququ” kimi sahələr, jurnalistika üzrə “Media və kommunikasiya sistemləri”, “Televiziya və radio yayımları menecmenti” ixtisaslaşmaları önəmlidir və s. BDU yüksək elmi potensiala və şəxsiyyət formalaşdıra bilən  imkanlara malikdir. Güman edirəm ki, yeni ixtisaslaşmaların artırılması  prosesi davam edəcəkdir.

Tədrisin gedişatında hansı dəyişikliklər edilməsinin tərəfdarısınız?

Hazırda BDU-da magistratura təhsili 4 dildə: Azərbaycan, rus, ingilis və alman dillərində aparılır. Universitetdə 12 ixtisaslaşma üzrə dərslər ingiliscə, 1 ixtisaslaşma üzrə isə almancadır. İngilis, alman və digər dillərdə tədris qruplarının artırılmasına, magistratura təhsil səviyyəsində təcrübələrə daha çox yer verilməsinə tərəfdaram. İstəyərəm ki, magistrantlar öz ixtisasları ilə bağlı daha geniş aspektdə - universitetdənkənar: respublikada və xarici ölkələrdə təcrübə keçmə imkanlarına malik olsunlar. Tədqiqatyönlü tədrisə daha geniş yer ayrılsın.

Bir az da doktoranturadan danışaq. BDU-da doktoranturanın digər universitetlərdən fərqi nədir?

BDU-da bakalavrı bitirənlərin 20%-i sayında magistraturaya qəbul aparılır. Magistr məzunlarının, təqribən, bir o qədər nisbətində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul aparılır. BDU-da doktorant olmaq istəyən iddiaçıların  respublika üzrə sayı daha çox olur. Məsələn, 2017-ci il üçün fəlsəfə doktoru proqramı üzrə 19 istiqamətdə 71 ixtisas, elmlər doktoru proqramı üzrə 12 istiqamətdə 29 ixtisasa qəbul aparılıb. Bu il fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 97 nəfər, dissertanturaya isə 50 nəfər qəbul olunub.  Ümumiyyətlə, bu il Bakı Dövlət Universitetinə fəlsəfə doktoru proqramı üzrə  müraciət edənlərin sayı artıb. Müraciət sayı çox olduğundan bəzən yüksək nəticələr əldə etmiş şəxslər də kənarda qalırlar. Bu il bəzi ixtisaslar üzrə 1 yerə hətta 6-7 nəfər  sənəd verib. Bununla bağlı rektor, akademik Abel Məhərrəmov  plan yerlərinin sayının artırılması üçün aidiyyatı qurumlara yenidən müraciət edib. Artıq iki ildir ki,  doktorantlara biri xaricdən olmaqla iki elmi rəhbərin və ya bir rəhbər, bir məsləhətçinin təyin olunması təcrübəsi həyata keçirilir. Bu isə təhsildə inteqrasiyaya, doktorantların beynəlxalq mühitlə əlaqələrinin inkişafına təsir göstərir. Vacib məsələlərdən biri də tədqiqat metodlarıdır. Məhz müasir dövrdə beynəlxalq  səviyyədə elmi-tədqiqat metodlarının mənimsənilməsində bu addımın böyük rolu var. Doktorantların transfer məsələsi, mübadilə proqramlarında iştirakı da genişlənir.   BDU-da  doktorantların sənədləşmə işlərinə çox ciddi yanaşılır. Belə ki, illik attestasiya zamanı məqaləsi dərc olunmamış, konfranslarda iştirak etməmiş doktorantların illik hesabatları qəbul edilmir. Bu da mövzular  üzrə tədqiqatların  daha aktiv aparılmasına təsir göstərir. Doktoranturada hələ ki, yeni standartlar tətbiq edilməyib, bunlar olduqdan sonra artıq doktorantlara da kredit sistemi ilə müəyyən fənlər, tədqiqat metodları tədris olunacaq.

Deyilənə görə, şöbədə plagiatın yoxlanılması sistemi də fəaliyyətə başlayacaq.

Bəli, bu da öz növbəsində dissertasiya işlərinin keyfiyyətinin yüksəlməsinə kömək edəcək. Ümumiyyətlə, universitetdə  dissertasiya mövzuları fakültələrdə təsdiq olunduqdan sonra şöbədə əmrləşdirilir, arxivə salınır və həmin mövzular təkrar verilmir. Plagiatın yoxlanılması sistemi isə tədqiqatın məzmununa daha ciddi yanaşılmasına  şərait yaradacaq.

Bakı Dövlət Universitetinin 100 illiyi yaxınlaşır. Bununla bağlı Magistratura və Doktorantura şöbəsinin hansı təklifləri, layihələri olacaq?

Müsəlman Şərqində ilk ali məktəb kimi Bakı Dövlət Universiteti yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olan universitetimizin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi-tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların  tətbiqi ilə müasir standartlara uyğun aparılmasında təqdirəlayiq xidmətləri vardır. Akademik A.Məhərrəmovun qeyd etdiyi kimi, ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı BDU bu gün hər bir ölkənin iqtisadi, mədəni və intellektual səviyyəsinin barometri hesab edilən milli universitet missiyasını şərəflə həyata keçirir.

BDU-nun 100 illiyi AXC-nin 100 illiyi ilə eyni vaxta təsadüf edir. Bu yubileyə universitetdə bütün sahələr üzrə hazırlıq gedir. Həmçinin doktorantlara multikultural, multidisiplinar, sosial-iqtisadi, ekoloji dayanaqlı inkişafı təmin edən elmə töhvə verəcək prioritet istiqamətlər üzrə mövzular verilir. Bu il elmlər doktoru proqramı üzrə 37 nəfər qəbul olundu və onların sırasında gənclərə çox yer verildi. Həmin gənclər tədqiqat işlərini vaxtından əvvəl bitirməyi nəzərdə tutublar.  Buna görə də düşünürük ki, 100 illikdə çox sayda gənc alimlərimiz elmlər doktoru elmi adını alacaqlar, BDU-da  bu potensial var! Biz universitetimizin 100 illiyi ərəfəsində onu  yalnız elmimizlə təmsil edə bilərik.

Son olaraq, elmlərin istiqamətindən və ona olan maraqdan danışardıq. Deyilir ki, əvvəllər Bəxtiyar Vahabzadə Lütfi Zadədən daha çox tanınırdı. Yəni humanitar elmlərə dəqiq elmlərdən daha çox maraq göstərilirdi. Bəs bu gün, sizcə, bu maraq niyə yönünü çox dəyişib?

Biz informasiya əsrində yaşayırıq. Bu baxımdan gənclərdə müasir texnologiyalara maraq daha çoxdur. Bazar iqtisadiyyatı dövründə tələblər dəyişib. Ölkənin dayanıqlılığını artırmaq və qorumaq üçün fundamental elmləri, tətbiq sahələrini inkişaf etdirmək çox vacib məsələdir. Amma bu o demək deyil ki, humanitar elmlərə maraq yoxdur. Əmək bazarını nəzərə almaqla yanaşı gənclər öz potensiallarını da düşünməlidirlər. Hansı sahə onlar üçün rahatdırsa və orada özlərini görürlərsə, nailiyyət əldə bilərlərsə, başqa istiqamətə niyə getməlidirlər ki? İxtisas seçimində mütləq potensial, maraq dairəsi və komfort nəzərə alınmalıdır. Ona görə də ailədə, məktəbdə uşaqlara gələcək ixtisas seçimləri ilə bağlı təzyiq edilməməlidir, özünüdərketmə  üçün şərait yaradılmalıdır.

 Müsahibə üçün təşəkkür edirik, Afət xanım!

Mən də sizə  ölkənin  gələcəyi üçün elmi ixtisaslı kadrların hazırlanmasına maraq göstərdiyiniz üçün təşəkkür edirəm.

 

Nurlan AĞA,
Beynəlxalq jurnalistika kafedrasının magistrantı

Foto: Süleyman Həmidov, 

Jurnalistika fakültəsinin I kurs tələbəsi

Digər yazılar

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”