300 30-01-2018

Erməni folklor nümunələrinin növbəti plagiatlığı

Tarix boyu ermənilər bizim təkcə torpaqlarımıza göz dikməmiş, zaman-zaman mədəniyyətimizi, musiqimizi, musiqi alətlərimizi,   mətbəximizi, ədəbiyyatımızı, eləcə də Azərbaycan folklor nümunələrini də öz adlarına çıxarmışlar. Belə faktların əks olunduğu məcmuələrdən biri də SMOMPK-dur. SMOMPK Azərbaycan folklor nümunələrinin toplanılmasında da önəmli yer tutur.  1881- ci ildən Tiflisdə Qafqaz Tədris İdarəsi tərəfindən rus dilində çap olunmuş, 46 cildi işıq üzü görəndən sonra 1929-cu ildə Mahaçqalada buraxılışı dayandırılmış “Сборник материалов для описания местностей и племен Kaвказа” – SMOMPK (“Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu” – QƏXTMT) uzun illər boyu, yəni 50 il müddətində dərc olunmuşdur.  Ölkəşünaslıq xarakteri daşıyan bu məcmuənin səhifələrində Qafqazda yaşayan xalqların, o cümlədən Azərbaycan xalqının folklor nümunələrinin toplanılması, rus dilinə tərcüməsi və nəşrinə geniş yer ayrılmışdı. SMOMPK-un səhifələrində yüzlərlə  Azərbaycan folkloru toplanılıb rusca çap olunubdur. Buraya erməni folklor nümunələri adı altında verilmiş Azərbaycan folklor nümunələrini də əlavə etsək, bu say daha da çox olar. Məsələn, Göyçay ikisinifli əsas məktəbin müəllimi A. Kalaşevin  Şamaxıdan topladığı Azərbaycan nağılları olan “Şah İsmayıl”, “Əlixan”, “Novruz”, “Çiq Əli” – “Qırov Əli” («Чигали»), “Sövdəgar Əhməd”, “Saxkka Yusif”, “Məlikməmməd”, “Qulu xan” erməni nağılları adı altında nəşr etdirilib. A.Kalaşev bu nağılları sadəcə erməni söyləyicisinin dilindən qələmə aldığından səhvən “Erməni nağılları” başlığını seçibdir. Əslində, toplayıcı müəllif bu mətnləri “Erməni söyləyicinin dilindən (ağzından)” eşitdiyim Azərbaycan nağılları” başlığı altında təqdim etsəydi, daha doğru olardı.  Mətndə iştirak edən nağıl qəhrəmanları, burada işlədilən azərbaycanca sözlər və tərcüməçinin bu sözlərə “tatarca mənası belədir” şərhini verməsi də bu nağılların Azərbaycan xalqına məxsus olmasını göstərir. A.Kalaşevin erməni dilindən  yazıya aldığı 116 bayatının mətnində də  külli miqdarda Azərbaycan sözləri işlədilmiş və mətnlərin hamısı azərbaycancadan erməni dilinə tərcümələrdən ibarətdir. Həmin mətnlərdə işlədilmiş azərbaycanca sözlərdən və ruscadakı mətnin mənalarından həmin bayatıların orijinal variantını bərpa etmək mümkündür. S.Zelinski SMOMPK məcmuəsinin 1882-ci il 2-ci buraxılışında Azərbaycan folklorunun "Valehin nəğmələri" mahnı nümunəsini "Erməni xalq aşığı Vartan Xoyskinin" adı altında təqdim etdiyi şeirin Azərbaycan dilində, ərəb əlifbasında olan, 24 bənddən ibarət mətni orijinalda və onun rus dilində tərcüməsi verilir. Görünür, yenə də ermənilər özlərinə məxsus bicliklə rus müəllifini aldada biliblər. Amma, fakt - faktlığında qalır. Mətn Azərbaycan dilindədir. Sevindirici hal odur ki, məcmuənin 1910-cu il, 41-ci buraxılışında “F.B.Köçərlinski” imzası ilə həmin mətn "Valehin nəğmələri" adı ilə çap olunmuşdur.

Bununla belə, erməni folklor nümunələrinin plagiatlığına bəzi rus ziyalıları göz yummamış, elə həmin məcmuədə zaman-zaman erməni oğurluğundan bəhs etmiş, bu nümunələrin azərbaycanlılara məxsus olduğunu  faktlarla sübuta yetirmişlər. 2-ci Tiflis gimnaziyasında tarix və coğrafiya müəllimi A.A. Boqo­yavlenski SMOMPK-un 28-ci buraxılışının 2-ci hissəsinə yazdığı müqəddimədə erməni folklor nümunələrinin plagiatorluğunu konkret misallarla sübuta yetirir, SMOMPK-un müəlliflərindən keşiş Bunatovun, M. Poqosovun, A.Babalyanın, X.Arutunovun, S.Sumbatyansın topladıqları və Topluda erməni folkloru adı ilə nəşr etdirdikləri bir çox əfsanə və rəvayətlərin, nağılların, yumoristik hekayə və lətifələrin, digər bu kimi folklor nümunələrinin şəksiz  Azərbaycan folklorundan alındığını təkzibedilməz faktlarla göstərir. Bu cəhətdən L.Q. Lopatin­skinin yazdığı müqəddimələrdə də xeyli faktlar mövcuddur və erməni ədəbi “oğurluğunun” rus ziyalıları tərəfindən yerindəcə faş edilməsi başqaları üçün də ibrətamiz,  olduqca qiymətli və əhəmiyyətlidir.

 Azərbaycan şifahi xalq ədəbiyyatı

kafedrasının müdiri:     Prof.S.H.Orucova

 

 

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş