599 23-05-2018

"Tarix həmişə birinciləri yadda saxlayır"

 “Bakı Universiteti” həyatında uğurlar qazanmağa nail olmuş tələbələrlə müsahibələr təqdim edir. Suallarımızı bu dəfə Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının magistrantı Həvva Əhmədova, Türkologiya kafedrasının magistrantı Günel Nizam, Türk xalqları ədəbiyyatı kafedrasının magistrantı Afak Osmanlı və Ümumi dilçilik kafedrasının magistrantı   Pərvin Rəhimov cavablandırdı.

  − Gəncliyi bir sözlə ifadə etməli olsaydınız, nə deyərdiniz?

Həvva Əhmədova: Deyilənə görə, insan sahib olduqlarının dəyərini itirəndən sonra anlayır. Zamanın necə sürətlə keçdiyini hiss etmir. Fikrimcə, gəncliyin necə dəyərli nemət olduğunu ömrünün bu dövrünü başa vurmuş insanlar daha dəqiq söyləyər. Gəncliyi bir sözlə izah etməli olsam, onu hərəkətdə olan bir “qatar”a bənzədərdim, dayanacağı olmayan bir qatara.  

Günel Nizam: Gənclik insan həyatının ən dəyərli və ən qısa dövrüdür. Bu qısa dövrü elə yaşamaq lazımdır ki, sonra arxaya baxanda peşman olmayasan. Həm hiss edəsən ki, bir peşəyə yiyələnəcək qədər yaxşı təhsil almısan, həm də arzusunda olduğun yerləri gəzib dolaşmış, gəncliyin dadını çıxarmısan.

Afak Osmanlı: Gənclik deyəndə gözümdə çılğın, rəngarəng və dəlisov bir həyat canlanır. Həyatımızın bu dönəmi gələcəyimizi müəyyənləşdirmək və bu yolda böyük addımlar atmağımız baxımından olduqca qiymətlidir.

Pərvin Rəhimov: Gənclik insanın həyat enerjisinin maksimal, həyat təcrübəsinin isə minimal olduğu dövrdür, bəlkə də. Elə bu səbəbdən də bəzən tələsik qərar verir, həyatlarının ən gözəl anlarını düzgün dəyərləndirmirlər.

Qloballaşan dünyaya inteqrasiya, informasiya bolluğu mühitində sizə dövlətçilik, ana dili, bir sözlə, milli-mənəvi dəyərlər lazımınca aşılanırmı?

Həvva Əhmədova: Mənəvi dəyərlərin aşılanması əvvəlcə ailədən başlanmalıdır. Yaşadığımız dövr elə bir dövrdür ki, informasiya azlığından söhbət belə gedə bilməz. Eləcə də təhsilin müxtəlif pillələrində vətənə, millətə, mənəvi-əxlaqi dəyərlərə hörmət yetərincə aşılanır. Lakin onu dəyərəndirmək şəxsin öz üzərinə düşən vəzifədir.

Günel Nizam: Fikrimcə, informasiya bolluğu, KIV-in əlçatanlığı dəyərlərin, ənənələrin nəinki öz gəncliyimizə aşılanmasına, o cümlədən bütün dünyaya çatdırılmasına kifayət qədər kömək edir.

Afak Osmanlı: Düşünürəm ki, lazımınca aşılanır. Bu istər məktəb, istərsə də universitet həyatı dönəmində tədris olunan fənlərdə, həmçinin  zaman-zaman milli-mənəvi dəyərlərimizi özündə əks etdirən tədbir, konfrans və yarışların təşkil olunmasında öz əksini tapır. Təbii ki, burada bizim səyimiz də mühüm göstəricidir.

Pərvin Rəhimov: Bəli, kifayət qədər aşılanır. Müasir dövrdə biz Avropaya inteqrasiya edirik. Təəssüf ki, bu inteqrasiya bütün istiqamətlərdə gedir. Hətta inteqrasiya edərkən bəzi milli-mənəvi dəyərlərimizi də unuduruq. İnteqrasiyanın nəticəsində ayrı-ayrı hissələrdən bir bütöv alınır. Deməli, Avropanın, avropalıların milli-mental dəyərlərinə inteqrasiya etsək, bizim həmin dəyərlərimiz yox olacaq. Bu isə milli kimliyimizin yox olması deməkdir. Ona görə də çalışmalıyıq ki, Avropanın təhsilinə, elminə inteqrasiya edək, Avropanın mental dəyərlərinə yox.

 Qazandığınız uğurlar barədə danışın. Uğurlarınızın sirri nədədir?

Həvva Əhmədova: Uğuru o zaman qazanmış olaram ki, indiyədək kəşf olunmayan bir yeniliyi elm aləminə gətirim. Bunu isə hələ etməmişəm. Uğura gedən yolda atdığım addımlar var: orta məktəbi fərqlənmə ilə bitirməyim, bakalavr və magistratura təhsilimi arzu etdiyim universitetdə − BDU-da almağım, bu yaxınlarda isə “ikinci ev”imə çevrilən doğma təhsil ocağımda əmək fəaliyyətimə başlamağım az da olsa, gəncliyimi hədər keçirmədiyimi söyləməyə əsas verir. Bu illər ərzində respublika, beynəlxalq konfranslarda dəfələrlə çıxış etmiş, sertifikat və diplomlarla təltif olunmuşam. “Ağıl oyunları” festivalında, universitetdə keçirilən intellektual oyunlarda iştirak etmiş, qaliblər sırasında yer almışam.

Günel Nizam:  Məktəbi də əla qiymətlərlə bitirmişəm. Oxuduğum illər ərzində Azərbaycan dili olimpiadalarında iştirak edirdim. Həmişə arzusunda olduğum universitetə − BDU-ya qəbul olunmaq, istədiyim ixtisasda magistratura təhsili almaq, bu müddət ərzində Avropa təqaüdü qazanıb yeni ölkə, yeni elmi sfera ilə tanış olmaq mənim təhsillə bağlı uğurlarımdır. Müsahibə əsasında bu ilin sentyabrında Türkiyənin Cumhuriyet Universitetinə göndərilən dörd nəfərdən biri mən idim.  Uğur qazanmaq üçün çalışqan olmaqla yanaşı, həm də əzmkar olmalısan. Yada salmaq lazımdır ki, dahi fizik Albert atomu parçalayanadək yüzlərlə uğursuz təcrübələr aparmışdı.

Afak Osmanlı: Uğurlarım məktəb illərindən başlayıb. Daim fəal şagirdlərdən olmuşam. 2016-cı ildə ADU-nun Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə bitirmişəm. Elə həmin il BDU-nun Filologiya fakültəsində magistraturaya  qəbul olunmuşam. 2017-ci ilin payız semestrini Erasmus+ proqramı ilə Türkiyədə  təhsil almışam və hal-hazırda Bakı Şəhəri Təhsil İdarəsində çalışıram. Uğurumun sirri isə sevdiyim işlə məşgul olmağım və bu işdə müvəffəqiyyət qazana biləcəyimə  inanmağımdadır.  Düşünürəm ki, insan qarşısına məqsəd qoysa və bu yolda səylə çalışsa, uğur qazanmağı qaçılmazdır.

Pərvin Rəhimov: Hər bir insanın uğur anlayışına yanaşması müxtəlifdir. Birinin  uğur hesab etdiyini, digəri uğur kimi qəbul etməyə bilər. Mənim uğura baxışım fərqlidir. Bakalavrlıq dövrümdə 2014 və 2015-ci illərdə “İlin  tələbəsi” adını almağımı (bakalavr təhsilimi ADPU-nun Şəki filialında almışam), “Mən Azərbaycanlıyam” milli bilik yarışmasının V mövsümünün qalibi (respublika ikincisi) olmağımı, 2017-ci ilin aprel ayından oktyabrına qədər 8 tədqiqat işimin çap olunmasını (4 məqalə, 4 tezis) və bir sıra intellektual oyunlarda qalib olmağımı çoxları özü üçün uğur kimi qəbul edə bilər. Mən isə bütün bunlara nailiyyət kimi baxıram.  BDU-nun magistrantı olmağım da böyük nailiyyətimdir. Əldə olunmuş hər bir nailiyyət insanı özündən daha yüksək yeni nailiyyətin qazanılmasına təhrik edir. Mənim üçün uğur odur ki, onu öz ölkəndə və ya dünyada ilk dəfə sən etmiş olasan. Məsələn, Azərbaycanın ən gənc dilçi professoru olsam, bunu özüm üçün uğur hesab edərəm. Uğur qazanmaq üçün öz işini bilmək, bildiyini bacarmaq, bacardığını isə göstərmək, təqdim etmək lazımdır.

−Gənc dostlarınıza nə tövsiyə edərdiniz?

Həvva Əhmədova: Onu deyə bilərəm ki, tutduqları yoldan heç vaxt dönməsinlər. Hər kəs öz həyat hekayəsinin müəllifidir, bu hekayəni kimlərinsə yazmağına imkan verməsinlər. Həyatı başqalarının istəkləri naminə yaşayaraq öz arzularının üstündən xətt çəkməsinlər, ən doğmaları olsa belə. Çünki seçdiyimiz həyatı bizim əvəzimizə kimsə yaşamır. Ən düzgün yol ürəyimizin səsini dinləyərək getdiyimiz yoldur, bu yolda maneələr də olacaq, aşılmaz sədlər də. Amma mümkünsüz heç nə yoxdur. Pablo Pikassonun dediyi kimi, “xəyal edə bildiyiniz hər şey gerçəkdir”.

Günel Nizam: Gənc dostlarıma əsas tövsiyəm odur ki, həmşə gələcəyi düşünərək addım atsınlar. Mark Tven yazırdı ki, hara getdiyini bilməyən insan gedib çatdığı yerdə çox təəccüblənəcək. Bax bu qorxunc təəccübü yaşamamaq üçün məqsədyönlü şəkildə çalışmaq lazımdır.

Afak Osmanlı: Zamanlarından düzgün istifadə etsinlər. Çalışsınlar ki, vaxtları boş keçməsin. Daim oxumağa, yeni biliklər əldə etməyə çalışsınlar. Qarşılarına çıxan şansları dəyərləndirə bilsinlər və  ən əsası, özlərinə, edə biləcəklərinə inamları olsun.

Pərvin Rəhimov: Gənc dostlarıma həmişə birinci olmağa çalışmalarını arzu edirəm. Çalışın həmişə fərqlənin, birinci olun! Məşhur bir filmdə deyildiyi kimi, tarix həmişə birinciləri yadda saxlayır, ikincilər və digərləri unudulub gedir. Gənc dostlar, çalışın vaxtınızın dəyərini bilin. Zaman dünyada ən ədalətli bölünmüş nemətdir. Bizim də bir gündə 24 saat vaxtımız var, Afrikada yaşayan başqa birinin də.  Çalışaq vaxtımızdan səmərəli istifadə edək. Çalışaq ki, rasional qərarlar verək. Amma ürəyimizin səsinə qulaq asmağı da yaddan çıxarmayaq.

 

İlahə Dadaşova,    

Filologiya  fakültəsinin dissertantı   

Digər yazılar

"Uğurlarımın sirri işi sevərək etməyimdədir"

"Gözlərim açılsaydı, ilk olaraq övladlarımı görmək istərdim..."

BDU-nun elmi işçisi Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdə olub

Böyük xalq yazıçısının ömür yoluna kiçik səyahət

“Uğurun sirri işini sevərək görməkdədir”

“...Bu sevgimizin üstünə kölgə belə sala bilməzlər”

BDU magistrantı şagirdlərə “Beynəlxalq uşaq hüquqları” mövzusunda mühazirə oxuyub

Qanadsız mələklər

Gülümsəməyi unutmayın! 

Mənim həyat fəlsəfəm...

Tələbənin tələbədən müsahibəsi

Müasir həyat tərzi

"Məni tənqid edəndə tez ruhdan düşürəm"

Prezident təqaüdçüsü: “Heydər Əliyevə bənzəmək istəyirəm”

Nəsimi Paşayev: “Sərnişinlər qatarlara minmək üçün qapıları saxlayırlar...”

“ Soyuq əllər-isti ürəklər”

Çoxlarının marağına səbəb olan Reyhan Camalova kimdir?- Müsahibə