346 14-06-2018

Böyük xalq yazıçısının ömür yoluna kiçik səyahət

 

İnsan dünyaya gələrkən onun alın yazısı da özü ilə gəlir. Bir ömür boyu üzərinə düşəcək missiya da sanki elə o alın yazısında əks olunur. İnsanların xarakteri, danışığı, davranışı, dünyagörüşü müxtəlif olduğu kimi, seçdikləri peşə və tutduğu mövqe də müxtəlifdir. Fikrimcə o kəslər xoşbəxtdir ki, möhkəm iradəsi, əqidəsi, cəmiyyətdə yeri və öz mövqeyi vardır. Bu xoşbəxtliyi daha da artıran səbəblərdən biridə insanın sağlığında çəkdiyi əziyyət və yaxşı əməllərin dünyasını dəyişəndən sonra da onu yaşatması, insanların və tarixin yaddaşında saxlamasıdır. Belə unudulmaz insanlardan biri də 12 iyun 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində Mustafa müəllimin və Xədicə xanımın ailəsində doğulan Hüseyinov İsa Mustafa oğludur (İsa Muğanna). XX əsrin 20, 30, 40-cı illərində bir kəndin, bir rayonun tanıdığı İsa Hüseyinovu daha sonra bütün Azərbaycan, hətta ölkə sərhədlərindən kənarda da tanıdılar.

 İsa Muğanna 1945-ci ildə Tibb İnstitutuna daxil olsa da öz istəyi ilə institutda təhsilini yarımçıq saxlamış, 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuş, 1950-ci ilə qədər təhsil almış, daha sonra təhsilini Moskvada Maksim Qorki adına ədəbiyyat institutunda davam etdirmiş, ədəbiyyat üzrə ixtisasa yiyələnmişdir.

İsa Muğannanın çoxşaxəli və sanballı yaradıcılığı onu deməyə əsas verir ki, ədibimiz ixtisasca ədəbiyyatçı olsa da tarixi, fəlsəfəni, sosiologiyanı da dərindən mənimsəmişdir. Muğanna həyatda müxtəlif missiyaların aparıcı qüvvəsi olmuşdur. Övlad, qardaş, həyat yoldaşı, ata, baba, yazıçı, müəllim. Bütün bunların fövqündə yaxşı insan! Muğannanın üzərinə düşən missiyaları sayarkən müəllim ifadəsini əbəs yerə işlətmədim. Ədibimiz pedaqoji fəaliyyətlə məşğul olmasa da, onun yazdığı əsərlər oxucunu heyrətləndirmək, düşündürmək və ümidləndirməklə bərabər həm də yol göstərir, öyrədir, elə bu öyrətməklə də bir müəllimlik missiyasını yerinə yetirir. Muğanna yaradıcılığa kiçik hekayə ilə başlasa da, sonralar “Tütək səsi”, “Quru budaq”, “Saz”, “Qırx kisə qızıl” povestləri “İdeal”, “Məhşər”, “Qəbiristan”, “Türfə” kimi romanları, “Gur Ün”, “İlan dərəsi”, “Kollukoxa”, “İsahaq-Musahaq” kimi əsərləri onu Azərbaycan ədəbiyyatının böyük nümayəndəsinə çevirdi. Tam inamla deyə bilərik ki, İsa Muğanna XX əsr Azərbaycan fəlsəfi ədəbi nəsrinin sütunudur.

Ədibin yaradıcılığı ilə bağlı əməkdar elm xadimi, böyük ziyalı, akademik Nizami Cəfərov, professorlar Cəlal Abdullayev, Akif Hüseynov, ədəbiyyatşünas alimlər Sevinc Muğanna və Şəmil Sadiq sanballı, elmi baza rolunu oynayan elmi əsərlər yazıblar. Muğanna yaradıcılığı yalnız ədəbi əsərlərlə məhdudlaşmır, xalq yazıçısı  həm də neçə-neçə filmin ssenari müəllifi olub.

Ədibin Əməkdar incəsənət xadimi, Xalq yazıçısı fəxri adları ilə yanaşı “İstiqlal” ordeninə layiq görülməsi və 31 may 2018-ci il prezident İlham Əliyevin İsa Muğannanın 90 illik yubleyinin Dövlət səviyyəsində keçirilməsi haqqında imzaladığı sərəncam İsa Muğannaya və yaradıcılığına, ümumən ədəbiyyatımıza verilən dəyərin bariz nümunəsidir.

Ülvi Aydın

Filologiya fakültəsinin doktorantı, prezident təqaüdçüsü, AYB-nin üzvü

 

Digər yazılar

İslamda nəfslə mübarizə

“Hər kəs öz yolunu tapmalı”

“Let it be” hansı hekayənin davamı idi? 

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində intellektual oyun keçirilib

BDU-da intellektual yarış keçirilib

Çox yorulmuşam artıq...

Tərcümə sənətdir, yoxsa istedad?

BDU-nun magistrantı beynəlxalq elmi konfransda çıxış edib

"Uğurlarımın sirri işi sevərək etməyimdədir"

"Gözlərim açılsaydı, ilk olaraq övladlarımı görmək istərdim..."

BDU-nun elmi işçisi Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdə olub

"Tarix həmişə birinciləri yadda saxlayır"

“Uğurun sirri işini sevərək görməkdədir”

“...Bu sevgimizin üstünə kölgə belə sala bilməzlər”

BDU magistrantı şagirdlərə “Beynəlxalq uşaq hüquqları” mövzusunda mühazirə oxuyub

Qanadsız mələklər

Gülümsəməyi unutmayın! 

Mənim həyat fəlsəfəm...

Tələbənin tələbədən müsahibəsi

Müasir həyat tərzi