586 14-06-2018

Azərbaycan elmini layiqincə təmsil edən alim

 

Keçən əsrin 70-ci illərindən başlayaraq təbiət elmlərinin inkişafında yeni bir tendensiya – inteqrasiya tendensiyası üstünlük təşkil etməyə başladı. Ayrıca bir elm sahəsinin inkişafı digər elmlərlə üzvi əlaqədə olmadan inkişafı çox çətindir. Ona görə də dünya alimləri apardığı tədqiqat işlərini digər elmlərlə əlaqəli inkişaf etdirir və elmin inkişafı artıq öz yerini innovasiya ilə təsdiqləyir. Bu cür multidisçiplinar tədqiqatçılardan biri də indi 60 illik yubileyini qeyd etdiyimiz Fərhad müəllimdır. Fərhad müəllimin 60 illik yubileyi haqqında düşünərkən birinci kursda onunla tanışlığım yadıma düşdü və Fərhad müəllimin həyat yolu haqqında yazını hazırlamaq missiyasını boynuma götürdüm. Mən Fərhad müəllimi 1975-ci ildən tanıyıram və etibarlı bir dost, təvazökar bir insan kimi ondan bu günkü gəncliyin çox şey öyrənməli olduğunu düşünürəm. İndi ömrünün müdriklik çağına qədəm qoymuş istedadlı alimin, gözəl insanın həyatına səyahət edərək və onun ömür səhifələrini vərəqləyək.

Mirzəyev Fərhad Əlif oğlu 1958-ci il may ayının 29-da Yardımlı şəhərində anadan olub. 1965-1975-ci illərdə Yardımlı şəhər 1 saylı orta məktəbdə oxuyub. 1975-1980-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Oxuduğu illərdə fakültənin ictimai işlərində fəal iştirak edib. O, təyinatla Azərbaycan Milli Aerokosmik Agentliyinə göndərilib, orada əmək fəaliyyətinə mühəndis kimi başlayıb. 1980-2009-cu illərdə Azərbaycan Milli Aeorokosmik Agentliyində kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinə kimi yüksəlib. 1987-1991-ci illərdə Sank-Peterburq şəhərində Aqrofizika İnstitutunda uzunmüddətli ezamiyyətdə olub, aspiranturanı bitirib. 2009-cu ildən BDU-da çalışır. 2015-ci ildə İqtisadi Kibernetika kafedrasının müdiri seçilib. İqtisadi ekologiyanın əsasları, strateji planlaşdırma, aqrar sahənin iqtisadiyyatı, iqtisadiyyatda qərar qəbul etməyə sistemli yanaşma, iqtisadi-ekoloji inkişafın modelləşdirilməsi, ehtiyatların idarə olunması dərslərini tədris edir. 70-dən artıq elmi əsərin, 2 dərs vəsaitinin, çoxlu sayda metodik göstərişin, fənn proqramı və elmi-kütləvi kitabların müəllifidir. O, tez-tez müxtəlif ölkələrdə elmi konfranslarda çıxış edir. Türkiyənin Cümhuriyyət Universitetində (Sivas şəhəri), Süleyman Dəmirəl Universitetində (Sparta şəhəri), Trakiya Universitetində (Ədirnə şəhəri) ənənəvi keçirilən Ekonometrika, Əməliyyatlar Tədqiqi və Statistika konfransında, Türkiyənin TOBB EKONOMİKA VƏ TEXNOLOGİYA (Ankara şəhəri) 5-ci Beynəlxalq Fuzzy Sistemlər Simpoziumunda, İspaniyanın Barselona şəhərində keçirilən Beynəlxalq Fənlərarası Avrasiya Konqresində, Kabardin–Balkar Dövlət Universitetində (Nalçik şəhəri) keçirilən “Tətbiqi riyaziyyatın və fizikanın aktual problemləri” konfransında məruzələrlə çıxışlar edib. 2017-ci il iyul ayının 12-14-də Azərbaycan Texniki Universitetində keçirilən Beynəlxalq Fənlərarası, Təhsil, Elm, Mühəndislik və Texnologiya konfransına sədrlik edib. Bir neçə beynəlxalq konfransın elm komitələrinin üzvüdür. “Bakı Universiteti Xəbərləri“ jurnalının redaksiya heyətinin üzvü kimi məhsuldar iş aparır.

Qeyd edək ki, F.Ə.Mirzəyevin rəhbərlik etdiyi kafedra 1996-cı ildən fəaliyyət göstərir və hal-hazırda kafedrada “İqtisadi, ekoloji və social proseslərin sistemli analizi“ - ümumi elmi istiqaməti üzrə tədqiqat işləri uğurla yerinə yetirilməkdədir. Bunun nəticəsidir ki, kafedra əməkdaşları geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş “Sistem nəzəriyyəsinin elementləri“, “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı“, “Tətbiqi iqtisadiyyatın elementləri“, “ Riyaziyyatdan Olimpiada iştirakçıları üçün 200 variant“, “Sosial-iqtisadi inkişafın metedoloji aspektləri“ (Azərbaycan və türk dillərində), “İnvestisiyalar və investisiya siyasəti“, “İqtisadi proseslərdə riyazi modelləşdirmə“, “Riyaziyyatdan 2004-2014–cü illərdə rayon, şəhər, respublika olimpiadalarında və seçim turlarında təklif olunmuş çalışmalar (həlli ilə )“ və s. kimi monoqrafiya, dərs və elmi populyar vəsaitlərin müəllifidir.

Təhsil Nazirliyi ilə birlikdə İqtisadi kibernetika kafedrası Azərbaycan Respublikasının istedadlı məktəb şagirdlərinin seçilməsinə, onların Beynəlxalq Riyaziyyat Olimpiadalarında uğurlu iştirakına rəhbərlik edir. Kafedranın dəstəyi və F.Ə.Mirzəyevin yaxından ğayğısı sayəsində son bir necə ildir ki, hətta orta məktəb şagirdləri üzrə keçirilən “Sabahın alimləri“ respublika müsabiqəsinin qalibləri arasında kafedra ilə mütəmadi elmi –tədqiqat mübadiləsi aparmaq istəyən gənclərin sayı ildən-ilə artmaqdadır.

Fərhad Mirzəyev bu gün də BDU-nun ictimai həyatında fəal rol oynayır. O, ezamiyyətdə olduğu bütün ölkələrdə Azərbaycan elmini və xalqını layiqincə təmsil edib, elmi ictimaiyyətin rəğbətini qazanıb, əldə etdiyi elmi nəticələrin praktik tətbiqində yüksək effektivliyə nail olaraq həm də humanist bir missiyanı uğurla həyata keçirib. Təsadüfi deyildir ki, Fərhad Mirzəyev iştirak etdiyi konfransların təşkilatçıları tərəfindən növbəti illər üçün də dəvətlər alıb. Fərhad Mirzəyev sadə bir insan, gözəl ailə başçısı, təvazokar alim və müəllim kimi elm aləmində, təhsilimizdə xüsusi rəğbət qazanıb. Onu 60 illik yubileyi münasibətilə təbrik edir və elmdə, pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

Məhəmmədəli Ramazanov,

Fizika fakültəsinin dekanı, professor


 


 


 


 


 


 


 


 


 


 


 


 

 

Digər yazılar

BDU-nun Tədris-təcrübə və istirahət mərkəzində

Murtuz Ələsgərov - 90

Həyatını elmə həsr etmiş şəxsiyyət

Novruz xatirələri

Atam haqqında elegiya

ÖMRÜNÜ ELMƏ HƏSR EDƏN ALİM

Azərbaycanın tolerantlıq nümunəsi

"Xocalı faciəsi xalqımıza qarşı həyata keçirilən soyqırımın faciəli həlqələrindən biri idi..."

Təhsildə vətənpərvərliyin gücləndirilməsi

"Axı, yaddaş da bir sərvətdir!"

Örnək həyat yaşayan müəllim

Tələbə adının məsuliyyəti…

“Elnur Məmmədli, biz səninləyik!”

Bu gün zabitimiz, sabahsa torpaqlarımız...

Ailə faciəsi

Bayramımız mübarək?

Qanun deyir: “Atma!”

Televiziyanın imkanlarından nə zaman istifadə edəcəyik?

Çağırışlara aldanmayaq

Qüdrətlən, çiçəklən doğma universitetim mənim!