3447 14-10-2018

"Uğurlarımın sirri işi sevərək etməyimdədir"

 “Bakı Universiteti” qəzeti mütəmadi olaraq uğurlar qazanmış tələbələrlə müsahibə təqdim edir. Suallarımızı bu dəfə Coğrafiya fakültəsinin I kurs magistrantları − İqtisadi və sosial coğrafiya kafedrasının magistrantları Xanım Hüseynzadə, Aynur Məmmədli, Elmira Rasimzadə, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasinin magistrantları Kərim Hüseynzadə ilə Xanım Cəfərova   cavablandırıb. 

  Gəncliyi bir sözlə ifadə etməli olsaydınız, nə deyərdiniz?

Xanım Hüseynzadə: Gənclik arzuladığımız hər şeyi etmək üçün zamanımızın və enerjimizin olduğu bir dönəmdir.

Kərim Hüseynzadə: Fikrimcə, gənclik heç bir şəkildə yaşla əlaqəli bir şey deyil. Gənclik insan qəlbində formalaşır. 

Xanım Cəfərova: Gənclik xoşbəxtlik deməkdir.  Ona görə ki, onun gələcəyi var və  bu gələcəyə doğru sonsuz ümidlərlə irəliləyir.

Aynur Məmmədli:  Azadlıq. Azadlıq deyəndə qətiyyən özbaşınalığı nəzərdə tutmuram. Azadlıq və özbaşınalıq arasında incə bir xətt var. Onlar qarışdırılmamalı. Fikrimcə, azad seçim etmək, düşüncələrini azad surətdə bildirmək, azadlığından bu gün və gələcək üçün səmərəli istifadə etmək hər bir gəncin haqqıdır və bu, gəncliyimizdə bizə verilən ən böyük şansdır.

Elmira Rasimzadə: Gəncliyi bir sözlə ifadə etsəm, bu, “bahar” olardı.  Bahar ən sevdiyim  fəsildir və mənim üçün gənclik həyatın baharı sayılır. Baharda bütün həyat yenidən  canlanır,  səma ən gözəl maviyə bürünür, təbiət ən gözəl donunu geyinir. İnsan da həyatının gəncliyində ən gözəl hissləri yaşayır, gümrah olur, bitib tükənməyən həyat eşqi ilə dolur, arzuları, xəyalları yeni pöhrələr verir, arada yağışlar da olur amma sonrasında göyqurşağı ilə qiymətləndirilir çəkilən əziyyətlər. Eynilə bahar kimi.

−Qloballaşan dünyaya inteqrasiya, informasiya bolluğu mühitində sizə dövlətçilik, ana dili, bir sözlə, milli-mənəvi dəyərlər lazımınca aşılanırmı?

Xanım Hüseynzadə: Əlbəttə, aşılanır.

Kərim Hüseynzadə: Fikrimcə, ölkəmizdə milli-mənəvi dəyərlər lazımınca aşılanır. Milli-mənəvi dəyərlərimizi əhatə edən müxtəlif tədbir, konfrans və intellektual yarışmalar təşkil olunur. Mən özüm də bir çox intellektual yarışmalarda iştirak etmişəm. “Mən Azərbaycanlıyam” milli bilik yarışmasını buna nümunə olaraq göstərə bilərəm. İnformasiyanın bol olduğu bir dövrdə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıra biləcək gənclərimiz çoxdur. Mən hal-hazırda Qarabağ futbol klubunun “Twitter” sosial şəbəkəsində fəaliyyət göstərən rəsmi səhifəsinin qurucusu, sosial media meneceriyəm. Qarabağ adında “Twitter” sosial şəbəkəsində rəsmi hesab təsdiqlədənə qədər çox çətin bir proses keçdi, çünki siyasi məsələlərə görə ermənilər səhifədən şikayət edir, Qarabağın onlara məxsus olduğunu iddia edirdilər. Daha sonra “Twitter”in Amerikada yerləşən mərkəzi ofisi ilə danışıqlarım oldu, nəhayət 5 aylıq araşdırmadan sonra səhifə təsdiqləndi. Bu Azərbaycanda hal-hazırda Qarabağ adında “Twitter”də fəaliyyət göstərən yeganə təsdiq edilmiş səhifədir. Tam təmənnasız olaraq göstərdiyim fəaliyyətimi bu gün də  davam etdirirəm. Əsas məqsədim Qarabağ klubu vasitəsi ilə dövlətimizin ərazi bütövlüyünü, Qarabağın Azərbaycanın ayrılmaz  hissəsi olduğunu bütün dünyanın diqqətinə çatdırmaqdır.

Xanım Cəfərova: Müasir dövrdə xüsusilə qərbə doğru gedən inteqrasiya  bütün sahələrdə, eyni zamanda, təhsil sahəsində də  özünü göstərir. İnformasiya bolluğu və texnologiyanın inkişafı qədim dövr üçün əldə olunması çətin və ya mümükünsüz görünən bir sıra məlumatları tez bir zamanda əldə etməyə imkan verir. Dövlətçilik, ana dili, milli-mənəvi dəyərlər, mənim fikrimcə, kifayət qədər aşılanır. Lakin bu prosesin əsas hərəkətverici qüvvəsi biz insanlarıq. Çünki biz bu dəyərləri lazımınca qoruyub saxlamasaq, təbliğ etməsək, onlar qloballaşan bir dünya içərisində əriyib gedə bilər.

Aynur Məmmədli: Əlbəttə. İstər orta məktəbdə, istərsə də universitetdə bu istiqamətdə böyük işlər görülür. Dünyaya inteqrasiya edirik deyə biz öz millətçiliyimizdən, milli-mənəvi dəyərlərimizdən uzaqlaşa bilmərik.

Elmira Rasimzadə: Gözəl sualdır. Bəli, aşılanır. Biz onun təbliğinə də çalışırıq. Mənim fikrimcə, texnologiya olan hər yerdə inkişaf da vardır. Hazırda  dünyaya inteqrasiya etmək üçün ən unikal vasitə fikrimcə internetdir ki, onun sayəsində insanlar öz biliklərini, dünya görüşlərini inanılmaz dərəcədə inkişaf etdirə bilirlər. İnternetin imkanlarından istifadə edərək həmçinin ölkəmizi beynəlxalq aləmdə təmsil etməyi də öyrənirik.  Xüsusən də,  yaralı yerimiz Qarabağı göz qabağına gətirsək, internet topraqlarımıza edilən erməni təcavüzü ilə bağlı tarixi gerçəkləri dünyaya çatdırmaqda,  bundan əlavə, milli dəyərlərimizi, tarixi şəxsiyyətlərimizi, adət-ənənələrimizi, milli mentalitetimizi və s. bir çox maraqlı faktları nəinki dünyaya, eyni zamanda, öz millətimizə çatdırmaq üçün əvəzolunmaz bir vasitədir.

  Qazandığınız uğurlar barədə danışın. Uğurlarınızın sirri nədədir?

Xanım Hüseynzadə: Universitet həyatına qədəm qoymağım  ilk uğurumdur.  II kursdan Bakı Dövlət Universitetinin SABAH qruplarında təhsil almağa başlamışam və bunun üçün özümü çox şanslı hesab edirəm. Universiteti bitirib yüksək balla magistratura pilləsinə daxil olmağımı da uğurlarımdandır. Mənim üçün uğurun sirri arzu etmək, çalışmaq və səbirli olmaqdır. Tez bir zamanda az nailiyyət qazanmaqdansa, bir qədər səbir edib böyük nailiyyətlər qazanmaq mümkündür.  Lev Tolstoyun dediyi kimi, uğurun asılı olduğu yeganə şərt səbirdir. 

Kərim Hüseynzadə: Uğur qazanmaq üçün ilk növbədə məqsədiniz aydın olmalıdır. İrəliyə getmək stimulu sizi idarə etməlidir. Mən öz məqsəd və istəklərimi dərhal yaxınlara və dostlarıma deməyə tələsmirəm. İlk öncə bunu reallığa çevirib, daha sonra uğurumu onlarla bölüşürəm. Uğur qazanmaq üçün ətrafınızdakı dost-tanışlara da diqqət yetirməlisiniz. Yaxşı dost sizi başladığınız işdə dəstəkləyəcək, hər zaman kömək edəcək. Əksinə, pessimist, həyatda heç bir şeyə nail olmayan insan planlarınızın alt-üst olacağını deyib mənfi fikirlər söyləyəcək. Uğur əldə etmək üçün belə insanlardan uzaq olmalısınız. Mənim uğurlarım əsasən təhsillə bağlıdır. Bakalavr təhsilimi Azərbaycan Turizm və Menecment Universitetində almış, yüksək nəticələr əldə etmişəm. Ölkəmizdə fəaliyyət göstərən bir sıra brend otellərdə dəyərli şəxslərin təcrübəsindən faydalanmış, ölkə xaricində istehsalat təcrübəsində olmuşam. 2017-ci ildə Bakı Dövlət Universitetində “Turizm və otelçilik” ixtisası üzrə magistraturaya qəbul olundum. “Mevlana” dəyişim proqramı vasitəsi ilə Türkiyə universitetlərinin birində 1 semestrlik təqaüdlə təhsil almaq üçün universitetimizin “Beynəlxalq əlaqələr” şöbəsinə müraciət etdim. Daha sonra Bakıda fəaliyyət göstərən “Yunus Emre Enstitüsü”ndə dil səviyyə ölçmə imtahanı verdim və yüksək nəticə əldə edərək “Türkçe yeterlik belgesi”ni əldə etdim. BDU-da qış imtahanlarında yüksək nəticələr əldə edərək əlaçı oldum. 2018-ci il 7 may tarixində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş gənc tədqiqatçıların Respublika elmi-praktiki konfransında “Azərbaycanda işgüzar turizmin inkişafında Hilton otelin rolu” adlı məqaləmlə çıxışım oldu. İlk məqaləm isə “Hilton Baku mehmanxanasında restoran xidmətləri” mövzusunda olmuşdur. Uğurlarımdan  biri də dəyişim proqramı ilə dünyanın müxtəlif universitetlərindən Türkiyədə təhsil almaq üçün namizəd olan minlərlə gənc arasından seçilərək “Kastamonu Universiteti”ndə 1 semestrlik təqaüdlə təhsil almaq şansı qazanmağım oldu. Hələ ki, digər universitetlərin nəticələri açıqlanmayıb, lakin başda “İstanbul Universiteti” olmaqla digər universitetlərdən də müsbət cavab gələcəyinə inanıram. Düşünürəm ki, 2018-ci ilinin sentyabr ayından Türkiyədə alacağım təhsil  ixtisas biliklərimi daha da artırıb mütəxəssis kimi formalaşmağımda böyük rol oynayacaq.

Xanım Cəfərova: Gənclik üçün uğurun ilk başlanğıcı orta məktəbi bitirib ali təhsil müəssisəsinə qəbuldan başlayır. Mənim üçün də 2013-cü ildə məhz Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olmağım o zamana qədərki ən böyük uğurum idi. Daha sonra 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan SABAH qruplarına qəbul olundum. 4 illik bakalavr həyatını sosial fəaliyyətdən kənar keçirmək, təbii ki, mümkünsüz olardı. Çünki qarşıya qoyulmuş məqsədə uyğun olaraq müasir dövrdə könüllülük fəaliyyəti danılmaz faktordur. Belə ki, ölkəmizdə təşkil olunan Bakı 2017 İslam Oyunlarında könüllü kimi fəaliyyət göstərdim. Eyni ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsində  təcrübəçi kimi fəaliyyətə başladım.  Bu ildə bakalavr pilləsi üzrə təhsilimi bitirdim və Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə magistr pilləsində təhsil almaq üçün qəbul olundum. Mənim üçün böyük uğurlara gedən yollar kiçik addımlardan başlayır. Uğurlarımın sirri konkret məqsədlərimin olması,  o məqsədlərə çatmaq üçün məsuliyyət hissini dərk etməyim, daim özümü inkişaf etdirməyimdədir.

Aynur Məmmədli: Orta məktəbdə oxuduğum illərdə şəhər üzrə müxtəlif tədbirlərdə iştirak edərək diplom və fəxri fərmanlar almışam. Hazırlıqsız 2009-cu ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin “Mühasibat uçotu və audit” ixtisasına ödənişsiz əsaslarla daxil olmuşam. 2012-ci ildə Qırmızı diplomla kolleci bitirərək həmin il dövlət hesabına Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil olmuşam. Müəyyən səbəblərdən qiyabi təhsil formasını seçdiyim üçün 2017-ci ildə bakalavr pilləsini bitimişəm. Elə həmin il də dövlət hesabına Bakı Dövlət Universitetində magistraturaya qəbul olmuşam. Hal-hazırda “İqtisadi və sosial coğrafiya” kafedrasının birinci kurs magistrantıyam. I semestri əlaçılıqla bitirmişəm. 2017-ci il 4-6 dekabr tarixlərində Memarlıq və İnşaat Universitetində keçirilən “Təbii fəlakətlər və həyat fəaliyyətinin təhlükəsizliyi” mövzusunda beynəlxalq elmi-texniki konfransda, 2018-ci ilin mayında Sumqayıt Dövlət Universitetində keçirilən Magistrantların XVIII Respublika elmi konfransında çıxış etmişəm. Ukraynanın “İnternauka” jurnalında, BDU-nun Coğrafiya fakültəsi TECnin Ümummilli lider H. Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Təbiət və cəmiyyət əlaqələrində coğrafi tədqiqatların rolu” mövzusunda XXIV Respublika Elmi Konfransının jurnalında, “Respublika” qəzetində məqalələrim dərc olunub. Uğurlarımın sirrini çox çalışmaq, fəal olmaq, gördüyüm işi sevərək etməyimdə və ən yaxşı nəticəni göstərmək arzumda görürəm.

Elmira Rasimzadə: Uğurlarım haqqında çox danışa bilməyəcəyəm, çünki çox uğurum olduğunu düşünmürəm. Uğur deyiləndə qazanılmış bir mövqe,  titul, nailiyyət başa düşülür. Mən qazanılmış uğurlarım olaraq qurduğum gözəl dostluqları misal çəkə bilərəm. Hansısa intellektual yarışlarda, bilik olimpiadalarında, inşa yarışmalarında əldə etdiyim dərəcələr, magistraturaya öz hazırlığım nəticəsində yüksək balla qəbul  olmağım başqalarına görə qazanılmış uğurlar olsa da, mənim üçün hər kəsin bacara biləcəyi şeylərdir. Bu uğurları qazanmaq üçün ən vacib olan isə, məncə, şansdır. Kim nə deyirsə desin, şəxsi təcrübəmdən yola çıxaraq deyə bilərəm ki, çox çalışmaq heç də deyildiyi kimi uğura gətirib çıxarmır, insanın şansı da vacib rol  oynayır-50%. Uğurlarımın sirrini isə anamın dualarında görürəm.

−Gənc dostlarınıza nə tövsiyə edərdiniz?

Xanım Hüseynzadə: Hər zaman çalışın, özünüzü inkişaf etdirin, çoxlu kitab oxuyun, dil öyrənin, vaxtınızı düzgün idarə edin, gördüyünüz hər bir işlə qürur duyun, hər gün yeni bir şey öyrənin və ən əsası həyatda nə istədiyinizi bilən bir insan olun, çünki istəyə gənclikdə çatmaq mümkündür.

Kərim Hüseynzadə: Bir məqsəd və ya istəyinizə nail olub dayanmayın, qarşınıza yeni-yeni “zirvələri” fəth etmək məqsədi qoyun. Əgər ilk dəfədən alınmasa, sonra yenə təkrar-təkrar cəhd edin. Qısası, öz üzərinizdə işləyin, məqsədə doğru düz gedin, kənar manelərə fikir verməyin o zaman siz mütləq uğur, müvəffəqiyyət qazanacaqsınız!

Xanım Cəfərova: Gənc yoldaşlarıma ən böyük tövsiyəm qarşıya qoyulmuş məqsədə çatmaq üçün daim çalışmaqlarıdır. Bəzən yollarını maneələr kəsə belə, inadkarlıqla o yolda irəliləsinlər. İnsan nəyisə əldə etmək istəyirsə, daim çalışmalıdır. Və inanıram ki, çalışmaq bəzən qabiliyyətə belə qalib gəlir. Qabiliyyətli ola bilərik, amma çalışmadıqda o qabiliyyət özünü göstərə bilmir.

Aynur Məmmədli: Gənclərə daim fəal olmağı, çox çalışmağı, edə biləcəklərinin fərqində olmağı, bədbinliyə qapılmamağı, ən xırda uğursuzluqda məqsədlərindən dönməməyi və xüsusilə də mütaliə etməyi, ixtisasından asılı olmayaraq bədii ədəbiyyat oxumağı, daim öz üzərlərində işləmələrini tövsiyə edərdim.

 Elmira Rasimzadə: Gənc dostlarıma tövsiyəm isə hansı peşənin arxasınca getmələrindən asılı olmayaraq ilk öncə yaxşı insan, daha sonra isə ixtisaslı kadr olmağı bacarsınlar. Çünki  hazırkı dövrdə ixtisaslı kadrlar tapmaq çox asan,  yaxşı insan tapmaq çox çətindir. Dünyanı yaxşı insanlar xilas edəcək.

İlahə Dadaşova,    

Filologiya  fakültəsinin dissertantı   

 

Digər yazılar

"Gözlərim açılsaydı, ilk olaraq övladlarımı görmək istərdim..."

BDU-nun elmi işçisi Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdə olub

Böyük xalq yazıçısının ömür yoluna kiçik səyahət

"Tarix həmişə birinciləri yadda saxlayır"

“Uğurun sirri işini sevərək görməkdədir”

“...Bu sevgimizin üstünə kölgə belə sala bilməzlər”

BDU magistrantı şagirdlərə “Beynəlxalq uşaq hüquqları” mövzusunda mühazirə oxuyub

Qanadsız mələklər

Gülümsəməyi unutmayın! 

Mənim həyat fəlsəfəm...

Tələbənin tələbədən müsahibəsi

Müasir həyat tərzi

"Məni tənqid edəndə tez ruhdan düşürəm"

Prezident təqaüdçüsü: “Heydər Əliyevə bənzəmək istəyirəm”

Nəsimi Paşayev: “Sərnişinlər qatarlara minmək üçün qapıları saxlayırlar...”

“ Soyuq əllər-isti ürəklər”

Çoxlarının marağına səbəb olan Reyhan Camalova kimdir?- Müsahibə