345 02-02-2018

Oxuduqlarımızı daha asan yolla necə yadda saxlamaq olar?

 “Bakı Universiteti” qəzetinin elektron poçtuna tələbələr tərəfindən bir sıra suallar ünvanlanıb. Bu sayımızda həmin sualları Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini, professor Qızılgül Abbasova cavablandırır:

“Kitab ən yaxşı müəllimdir”

 

-  Müəyyən bir vərdişə yiyələnmək çətindir. Məsələn, elə insanlar var ki, kitab oxumağı vərdiş halına çevirmək istəsələr də buna nail ola bilmirlər. Lakin düşünürük ki, bunun da elmi izahını və yollarını tapmaq mümkündür. Mümkünsə, bu sualımıza aydınlıq gətirəsiniz.

- Kitab ən yaxşı müəllimdir.  Nə qədər çox oxuyuruqsa, bir o qədər də çox məlumatlı oluruq. Bu daxili motivasiyanın əminliyi və iradənin gücünü artırmağın yaxşı üsuludur. Kitab oxuyan insanlar daha maraqlı olurlar və istənilən vaxt müxtəlif mövzu haqqında danışa bilir, fikir mübadiləsi apara bilirlər. Kitab oxumaq üçün yeri və vaxtı müəyyən etmək, həmişə özünüzlə kitab gəzdirmək, oxumaq istədiyiniz kitabların siyahısını tutmaq, yaradıcılığı və üslubu xoşunuza gələn yazıçının digər əsərlərini də nəzərdən keçirmək, dostlarla tez-tez kitab haqqında danışmaq, audiokitablara qulaq asmağa cəhd etmək və s. kimi addımlar kitab oxumağı vərdiş halına çevirməyin ən önəmli yollarındandır.

- Oxunulan bütün informasiyanı yadda saxlamaq mümkün deyil, ancaq imtahanlar zamanı maraq dairəsində olan və ya olmayan mövzuları mənimsəmək məcburiyyətində oluruq. Oxuduqlarımızı daha asan yolla necə yadda saxlamaq olar?

- Bu metodika üç addımdan ibarətdir:

Təəssüratlar vasitəsilə. Təəssüratlar - obrazlar və keçirilən həyəcanların məcmusudur. Bunlar o zaman yaranır ki, siz tərəfinizdən yaşanmış sizinlə baş verəni yada salırsınız.

Assosiasiyalar qurmaq. Başqa bir uyğun əşya, hadisə ilə assosiasiya yaratmaq, A və B adlı psixi hadisələr arasında assosiasiv əlaqələr olduğu halda qanunauyğun şəkildə A hadisəsinin şüurda yaranması B hadisəsinin şüurda meydana çıxmasını təmin edir.

Təkrar etmək. Bir dəfə kitabı oxumaqla informasiyanı az miqdarda yadda saxlayacaqsınız. On dəfə oxumaqla isə daha çox materialı yadda saxlaya bilərsiniz. Bu hər şeyə aiddir: reseptlərə, mahnıların sözlərinə, marşrutlara, telefon nömrələrinə və s. Nə qədər çox təkrarlayarsınızsa, bir o qədər də yaxşı yadda saxlaya bilərsiniz. Odur ki, lazım olan ədəbiyyatın əsas hissələrini bir neçə dəfə təkrar oxumaq məsləhətdir. Bu yolla onları asanlıqla yadda saxlaya bilərsiniz.

 

Aynur Qurbanqızı

 

 

 

 

Digər yazılar

İmtahan qabağı stresslə mübarizə - Məsləhət