330 12-10-2018

Murtuz Ələsgərov - 90

Unudulmaz müəllimim, görkəmli ictimai-siyasi və dövlət xadimi, tanınmış alim, hüquq elmləri doktoru, professor Murtuz Nəcəf oğlu Ələsgərovun həyatı və elmi fəaliyyəti haqqında yazmaq mənim yalnız vətəndaş kimi deyil, həm də müəllimim olmuş bir şəxsiyyət qarşısındakı borcumdur.

Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur. Hələ gənc ikən atasını itirmiş Murtuz müəllim 1934-cü ildə Gəncə şəhərindəki 28 nömrəli orta məktəbin birinci sinfinə getmiş, İkinci Dünya Müharibəsinin ağır illərində -1944-cü ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. Orta məktəbdə oxuyarkən hüquqşünas olmaq arzusu ilə 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olmuşdur. 
1950-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Murtuz müəllim hüquq elmi sahəsində elmi tədqiqatlar məqsədilə Moskvada SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun əyani aspiranturasına daxil olaraq beynəlxalq hüquq sahəsində elmi araşdırmalara başlayır. Murtuz Ələsgərovun elmi rəhbəri o vaxtlar İttifaq çərçivəsində çox tanınmış alim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Haaqa Üçlər Məhkəməsi Daimi Palatasının üzvü, hüquq elmləri doktoru, professor Y.A.Korovin idi. Qısa vaxt ərzində və o dövrlər İttifaq çərçivəsində Beynəlxalq hüquq sahəsində ermənilərin təsir dairəsinə və maneçiliklərə baxmayaraq, 1954-cü ildə Beynəlxalq hüquq sahəsində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır. O, Beynəlxalq hüquq sahəsində ilk elmlər namizədi olmuş azərbaycanlıdır. Azərbaycanda o dövrlər beynəlxalq hüquq, o cümlədən konstitusiya hüququ sahəsində milli mütəxəssislər demək olar ki, yox idi. Bu sahədə milli kadrların hazırlanması məqsədilə, o cümlədən vətəninə ciddi bağlılıq onu dissertasiya işinin müdafiəsindən sonra yenidən Azərbaycana gətirir. Buna görə də 1954-cü ildə Murtuz müəllim doğma universitetə qayıtmış, Dövlət hüququ kafedrasında baş müəllim kimi fəaliyyətə başlamışdır. 1956-cı ildən Dövlət hüququ kafedrasında (hazırda Konstitusiya hüququ kafedrası) dosent vəzifəsində çalışmışdır. Murtuz müəllim 1957-ci ildə 29 yaşında Azərbaycan Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri vəzifəsinə seçilir, 8 il bu vəzifədə işləyir, 1965-ci ildə isə Dövlət hüququ kafedrasına müdir seçilir və ömrünün sonuna qədər - 48 ilə yaxın müddətdə bu kafedraya rəhbərlik edir. Təsəvvür edin ki, Murtuz müəllim Beynəlxalq hüquq kafedrasında müəllim kimi fəaliyyətə başlayanda, həmin kafedranın müdiri erməni N.M.Minasyan, ətrafındakılar isə qeyri-azərbaycanlılar idi. O dövrlər qatı şovinist N.M.Minasyan Azərbaycanda beynəlxalq hüququn tədrisinə necə münasibət bəsləyə bilərdi? Murtuz müəllimin bilavasitə səyi ilə N.M.Minasyan vəzifəsindən uzaqlaşdırılır. Murtuz Ələsgərov isə həmin kafedraya rəhbərlik etməyə başlayır. Beynəlxalq hüquq sahəsində milliləşməyə nail olandan və həmin sahəni
inkişaf etdirəndən sonra Dövlət hüququ kafedrasını yenidən formalaşdırır və rəhbərlik edir. Beləliklə, Murtuz Ələsgərovun Azərbaycan hüquq elminin yaradıcısı olması onun gənclik illərindən başlamaqla, əsl azərbaycanlı kimi vətənpərvərliyi və xüsusi istedadı ilə seçilir.
1950-1960-cı illərdə Murtuz Ələsgərov Azərbaycan televiziyasının beynəlxalq məsələlər üzrə rəğbətlə qarşılanan şərhçisi kimi fəaliyyət göstərmiş, “Qitələr və hadisələr”, “Planetimizin mənzərəsi” proqramlarının yaradıcısı və aparıcısı kimi tanınmışdır. Beləliklə, artıq 1960-1970-ci illərdə Murtuz Ələsgərovun ictimai-siyasi həyatda, elm aləmində böyük nüfuzu və özünəməxsus xüsusi dəst-xətti vardı. 
Murtuz Ələsgərov 1968-ci ildə “Asiya və Afrika gənc müstəqil dövlətləri ilə SSRİ-nin beynəlxalq hüquqi münasibətləri” mövzusunda doktorluq dissertasiyası işini uğurla müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi almışdır. 1969-cu ildə isə ona Beynəlxalq hüquq ixtisası üzrə professor elmi adı verilmişdir. Murtuz müəllim o dövrlər gənc milli alimlərin kafedraya cəlb edilməsi istiqamətində dayanmadan çalışır, onların elmi nəşrlərinin nəinki İttifaq, həmçinin xarici dövlətlər çərçivəsində çap edilməsinə ciddi yardım göstərirdi. 1970-ci illərin əvvəllərində onun rəhbərliyi ilə kafedrada “Dövlət, idarəçilik və hüququn inkişaf qanunauyğunluqları”, “Müasir beynəlxalq hüququn ümumi problemləri” və s. istiqamətində ciddi elmi araşdırmalar aparılırdı. 

Professor M.Ələsgərov 1970-ci ildən Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin elmi məsləhət şuralarının üzvü olmuşdur. 1960-cı ildən Beynəlxalq Hüquq Assosiasiyasının üzvü olan Murtuz Ələsgərov nəinki SSRİ çərçivəsində, həmçinin xaricdə də ciddi hüquqşünas alim kimi qəbul edilirdi. Hətta o dövrdə SSRİ ilə heç də yaxşı münasibətləri olmayan xarici dövlətlərdə keçirilən beynəlxalq konfranslarda aktual mövzularla çıxış edirdi. Belə ki, 1961-ci ildə Fransada keçirilən beynəlxalq konfransda “Azərbaycanda hüquq elminin nailiyyətləri”, 1976-cı ildə ABŞ-da keçirilən beynəlxalq konfransda “Azərbaycan Respublikasında ətraf mühitin qorunması qanunları”, 1978-ci ildə Böyük Britaniyada “İnsan hüquqları və azadlıqlarının beynəlxalq hüquqda tanınması”, 1984-cü ildə Yaponiyada keçirilən beynəlxalq konfransda “Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiya hüquqları” mövzularında məruzələrlə çıxış etmişdir. Göründüyü kimi, Murtuz müəllimin o dövrlərdə hətta çətin olsa belə, məruzələri bilavasitə Azərbaycanla bağlı idi. Bu, M.Ələsgərovun  Azərbaycanın gələcək müstəqilliyi ilə bağlı əsas hədəflərindən idi. Onun “Bərabərhüquqlu əməkdaşlıq”, “Təbiət və qanun”, “Asiya və Afrikanın gənc dövlətlərinin beynəlxalq hüquq subyektliliyi”, “Konstitusiyanı gözləmək bütün vətəndaşların borcudur”, “Milli dövlət quruluşu”, “Dövlət orqanları”, “Dövlət hüququ” adlı dərs vəsaiti, dərslik, monoqrafiyaları ciddi elmi bazaya malik idi. O, Azərbaycanın və Azərbaycan xalqının parlaq və müstəqil gələcəyinə inanan alimlərdən idi. Onun sovet dövründə yazdığı bütün əsərlərində bəzən aşkar, bəzən də gizli şəkildə Azərbaycan xalqının öz müqəddəratına, müstəqilliyinə inamı aydın görünür. 
Murtuz müəllim 1966-cı ildən Azərbaycan Ensiklopediyasının tarix, fəlsəfə və hüquq redaksiyası elmi şurasının üzvü olmuş, Ensiklopediyanın ayrı-ayrı cildlərində onun 60-dan çox elmi məqaləsi çap olunmuşdur. 1982-ci ildə Moskvada çap olunmuş “SSRİ-nin milli dövlət quruluşu” monoqrafiyasında Azərbaycanın milli dövlət quruluşu bölməsinin müəllifi olmuşdur. Murtuz Ələsgərov 1980-ci ildə respublikanın Əməkdar hüquqşünası adına layiq görülmüşdür. O, respublikanın praktiki hüquq orqanları ilə daim sıx əlaqə saxlamış, qanun və digər hüquqi sənədlərin layihələrinin hazırlanmasında onlara yaxından kömək etmiş, Azərbaycan Respublikasının suverenliyi, vətəndaşlıq və mülkiyyət haqqında, seçki sistemi haqqında, Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktının və bir sıra digər qanun layihələrinin müəlliflərindən biri olmuşdur. Murtuz müəllim həm də bilavasitə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanması üzrə Komissiyanın üzvü olmuş və çox dəyərli təkliflərlə çıxış etmişdir.
Beynəlxalq hüquq sahəsində görkəmli alim kimi tanınan professor Murtuz Ələsgərovun onlarla dərslik və monoqrafiyası ilə yanaşı, 200-dən çox elmi əsəri çap olunmuş, rəhbərliyi ilə 50-dən çox namizədlik dissertasiyası, 3 doktorluq dissertasiya işi müdafiə edilmişdir. Onların arasında 20-yə yaxını Çin, Vyetnam, İraq, İran, Banqladeş və digər Afrika-Asiya ölkələrindən olan xarici ölkə vətəndaşları idi.
1970-ci illərin əvvəllərindən
professor M.Ələsgərovun fəaliyyətində xüsusi dönüş nöqtəsi başladı. Belə ki, dahi şəxsiyyət olan Heydər Əliyevin 1969-cu il iyul ayından Azərbaycana rəhbər seçilməsi respublikamızın ictimai və mədəni həyatının bütün sahələri kimi, Azərbaycan Dövlət Universitetinin də həyatında köklü və müsbət dəyişikliklər yaratmışdır. Heydər Əliyevin böyük gücü hesabına Azərbaycanın bütün elm, təhsil və mədəniyyət ocaqlarında vəziyyət sürətlə müsbət istiqamətdə dəyişməyə, Azərbaycan alimlərinin və elm-təhsil müəssisələrinin beynəlxalq əlaqələri genişlənməyə başlanmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Universitetinin əsas istiqamətlərindən biri də hüquq təhsili idi və o dövrdə Azərbaycanda hüquq təhsili ancaq Azərbaycan Dövlət Universitetində həyata keçirilirdi. Bu istiqamətdə isə milli kadrlara ciddi ehtiyac duyulurdu ki, bu zaman da böyük savada və vətənpərvərliyə malik professor Murtuz Ələsgərova daha böyük istinadlar edilirdi. Belə ki, respublika çərçivəsində məhz Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1970-ci il dekabrın 4-də qəbul edilmiş “Zəhmətkeşlərin hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqında” qərarla ali və orta ixtisas məktəblərində hüququn əsaslarının tədrisi və öyrənilməsi işini yaxşılaşdırmaq, tədris müəssisələri vasitəsilə hüquqi biliklərin təbliğini gücləndirmək, qanunvericiliyin ən aktual məsələlərinin gənc nəslə öyrədilməsinə və izah olunmasına, hüquq qaydalarının möhkəmləndirilməsinə yönəldilən tədbirlərin işlənib hazırlanması və s. kimi məsələlər nəzərdə tutulmuşdur. O dövrdə Hüquq fakültəsinin kollektivi məhz Heydər Əliyevin birbaşa göstərişi ilə bu proseslərə fəal cəlb edilməyə, Hüquq fakültəsi ilə hüquq-mühafizə orqanlarının əməkdaşlıq əlaqələri daha sıx olaraq qurulmağa başlanılmışdır. 1971-ci ildə Universitetdə məhz Hüquq fakültəsinin yardımı ilə ictimai əsaslarla işləyən Hüquq məsləhətxanası açılmışdır. Bu dövrdən başlayaraq professor Murtuz Ələsgərov da başda olmaqla Hüquq fakültəsinin müəllim heyətinin respublikanın şəhər və rayonlarına davamlı olaraq ezam olunma başlanıldı. 1974-cü ildə birbaşa Heydər Əliyevin göstərişi ilə Bakı şəhəri İcraiyyə Komitəsi nəzdində Hüquqi biliklər Universiteti fəaliyyətə başladı ki, bu işdə də əsas məqsəd hüquqi biliklərin geniş yayılması olmuşdur. O dövrdə televiziya və mətbuatda hüquqi verilişlərin və bu sahədə informasiyaların artırılması da Heydər Əliyevin adı ilə sıx şəkildə bağlıdır. Bütün qeyd edilənlərin önündə və belə demək olar ki, əsas elmi icraçı məhz professor Murtuz Ələsgərov idi. Bundan başqa, bilavasitə Hüququn əsasları fənni də professor Murtuz Ələsgərovun rəhbərlik etdiyi kafedranın əsas istiqamətlərindən biri idi. Əsas hüquqi televiziya verilişləri, o cümlədən beynəlxalq-hüquqi məsələlər də məhz professor Murtuz Ələsgərov tərəfindən peşəkarcasına şərh edilirdi.
Respublikada hüquqşünas kadrlara böyük ehtiyac olduğunu görən Heydər Əliyevin birbaşa göstərişi ilə Hüquq fakültəsi nəzdində “Sovet quruculuğu” ixtisası üzrə qiyabi şöbə yaradılmışdır. Əsas məqsədi dövlət quruculuğu sahəsində kadrlar hazırlamaq olan bu ixtisası
bitirən şəxslər dövlət və hökumət qurumlarında mühüm vəzifələrə göndərilirdilər. Qeyd edilən müddətdə dövlət və hökumət qurumları üçün minə yaxın hüquqşünas kadrlar hazırlanmışdır. “Sovet quruculuğu” ixtisasının əsas bazası da professor Murtuz Ələsgərovun rəhbərlik etdiyi Dövlət hüququ kafedrası idi. 
Heydər Əliyevin o dövrdə uzaqgörənliyinin əsas
məqamlarından biri də Azərbaycanda beynəlxalq hüquq məktəbinin qurulması olmuşdur. Azərbaycanın gələcəkdə müstəqil bir dövlət kimi dayaqlarını quran Heydər Əliyev o dövrdə artıq Azərbaycanı tanıtdırmış, Azərbaycanı dünyaya sevdirməyə başlamışdır. SSRİ miqyasında Moskva və Kiyevlə bərabər, Bakının da xarici ölkələrə diplomatlar və beynəlxalq hüquq sahəsində mütəxəssislər hazırlayan bir mərkəzə çevrilməsi məhz Heydər Əliyev siyasətinin nəticəsi idi. Hüquq fakültəsində Beynəlxalq hüquq ixtisası üzrə kadrların yetişdirilməsinə iki əsas istiqamətdə başlanıldı. Birincisi, bu sahədə tədrisi aparan azərbaycanlı alimlərin yetişdirilməsi və daha da çoxaldılması həyata keçirildi. İkincisi isə, dünyanın 60-dan çox ölkəsi üçün (Yaxın Şərq, Asiya, Afrika, Latın Amerikası və s. ölkələr) milli kadrların hazırlanmasında Azərbaycanın rolu artırdı. Azərbaycan o dövrdə məhz indiki dövr üçün tanınmağa başlanıldı. Hazırda həmin məzunlar öz ölkələrində mühüm dövlət vəzifələrində çalışırlar. Professor Murtuz Ələsgərov burada da Heydər Əliyev siyasətinin önündə gedirdi. Belə ki, o, nəinki Azərbaycanda bu sahədə mütəxəssislərin yetişdirilməsində yaxından iştirak etmiş, o dövrlər Moskva, Kiyevlə bərabər, Bakıda da əcnəbilər üçün Beynəlxalq hüquq sahəsində kadrların yetişdirilməsinə bilavasitə rəhbərlik etmişdir. Öz ölkələrində yüksək vəzifələr tutan və universitetimizin məzunu olan çoxlu sayda insanlar bu gün də tez-tez Azərbaycana gələrkən Hüquq fakültəsini ziyarət edir, əziz Murtuz müəllimi dönə-dönə böyük ehtiram hissi ilə xatırlayırlar. İndi təsəvvür edin ki, həm sovetlər dönəmində, həm də müstəqillik illərində Murtuz müəllimin elmi fəaliyyəti - biliyi nəinki Azərbaycana, həm də beynəlxalq cəmiyyətə xidmət etmişdir. 
1980-ci illərin sonunda Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasından sonra Azərbaycanın başını qara buludlar almışdı.
Vətənimizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Azərbaycandan zorla qoparılaraq Ermənistana birləşdirilməsi istiqamətində SSRİ çərçivəsində ciddi işlər başlayarkən Murtuz Ələsgərov 1988-ci il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sessiyasına müraciətində Dağlıq Qarabağ Muxtar Vilayətinin və Ermənistan Ali Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinə dair qərarlarının Konstitusiyaya zidd olduğunu göstərmiş və bunu Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qəsd kimi qiymətləndirmişdir. Həmin ildə o, Dağlıq Qarabağ konsepsiyasının tezislərini hazırlamış, Moskvada Dövlət və Hüquq İnstitutunda keçirilmiş “Hüquq, qanunçuluq və milli siyasət” problemlərinə həsr olunmuş beynəlxalq konfransda çıxış edərək Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını əsaslandırmışdır. SSRİ qoşunlarının 1990-cı ilin yanvar ayında ölkəmizin suverenliyini tapdalayaraq Bakı və ətraf yerlərdə xalqımıza qarşı törətdiyi kütləvi qırğınla əlaqədar BMT-nin İnsan hüquqları komissiyasına Azərbaycan hüquqşünasları adından müraciəti də professor Murtuz Ələsgərov tərtib etmişdir. 
Murtuz Ələsgərov ümummilli liderimiz Heydər Əliyevin ən yaxın silahdaşlarından biri idi. O, çətin vaxtlarda Yeni Azərbaycan Partiyasının yaranmasında yaxından iştirak etmiş, 1992-ci ildə Prezident seçkilərində yaş həddinin ləğv edilməsi ilə əlaqədar Milli Məclis qarşısında keçirilən mitinqə rəhbərlik etmişdi. Yeni Azərbaycan Partiyasının təsis edilməsi və formalaşmasına fəal şəkildə qoşulan məşhur “91-lər” hərəkatının fəallarından biri olan Murtuz Ələsgərov ömrünün sonunadək partiyanın sədr müavini kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev görkəmli dövlət
adamı Murtuz Ələsgərovu “Heydər Əliyevin ən yaxın silahdaşı” adlandırmışdır.
1993-1996-cı illərdə Bakı Dövlət Universitetinə rəhbərlik edən Murtuz Ələsgərov Sovetlər İttifaqının dağılmasından sonra, o cümlədən ilk müstəqillik illərində səriştəsiz rəhbərlik dövründə çox baxılmaz vəziyyətə düşən Bakı Dövlət Universitetini bir daha ayağa qaldırdı. Bütün istiqamətləri düzgün müəyyən etdi. Göründüyü kimi, burada da bu missiyanı şərəflə və layiqincə yerinə yetirdi. Azərbaycanın ən mötəbər ali məktəbinin əvvəlki nüfuzu özünə qayıtdı. Tədris intizamı möhkəmləndirildi, elmi yaradıcılıq mühiti bərpa edildi. BDU-ya rəhbərlik etdiyi dövrdə müəllimlərin əməkhaqlarının artırılması istiqamətində daim mühüm islahatlar aparmışdır. 1994-cü ilin oktyabrında və 1995-ci ilin mart ayında Azərbaycan dövlətçiliyi üçün təhlükə yarananda Murtuz Ələsgərov rəhbərlik etdiyi Bakı Dövlət Universitetinin çoxminlik kollektivi ilə birlikdə dövlətçiliyin müdafiəsinə qalxdı. Murtuz müəllim deyirdi: “Xalqımız xoşbəxtdir ki, dünya siyasətinə Heydər Əliyev kimi dövlət xadimi bəxş edib. Biz də xoşbəxtik ki, bu dahinin müasiri olmuşuq, onunla bir dövrdə yaşamışıq, onun rəhbərliyi altında fəaliyyət göstərmişik, onun yaxın silahdaşı olmuşuq. Heydər Əliyev nadir şəxsiyyətlərdəndir ki, bütün mənalı ömrünü xalqına, dövlətinə və ölkəsinə həsr edib, millətinə hər zaman şöhrət və başucalığı gətirib”.
1995-ci ildə Milli Məclisə keçirilən seçkilərdə Murtuz Ələsgərov Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi müstəqil dövlətimizin ilk parlamentinə deputat seçildi. 1996-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə sədrlik edən Murtuz Ələsgərovun dövlətimizin qanunvericilik bazasının qurulmasında və müstəqil parlament ənənələrinin formalaşmasında müstəsna xidmətləri olmuşdur. O dövrlərdə Milli Məclisin heç bir qanun qəbul etmək praktikası belə yox idi. Professor Murtuz Ələsgərov üçün yeni qanunların məhz beynəlxalq hüquq normalarına uyğunlaşdırılması əsas istiqamətlərdən biri idi. Qanunvericilik hakimiyyətinə peşəkar hüquqşünas, Konstitusiya hüququ sahəsində görkəmli mütəxəssis və alim, eyni zamanda, bacarıqlı təşkilatçı və istedadlı siyasətçinin, ən nəhayət isə, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin yaxın silahdaşı olan professor Murtuz Ələsgərovun rəhbərlik etməsi Azərbaycan dövlətinin ciddi uğurlarından hesab edilməlidir. 
Murtuz müəllimin xalqımız, dövlətimiz və dövlətçiliyimiz qarşısında əvəzsiz xidmətləri layiqincə qiymətləndirilmişdir. Professor M.N.Ələsgərov səmərəli ictimai-siyasi fəaliyyətinə görə “İstiqlal” ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Müstəqil Dövlətlər Birliyinin “Sodrujestvo” ordeni, Rusiya Federasiyasının “Dostluq” ordeni və digər mükafatlarla təltif edilmişdir. Professor Murtuz Ələsgərov Kiyev Milli Universitetinin fəxri doktoru idi.
Professor Murtuz Ələsgərovla mənim ilk yaxından tanışlığım indi çalışdığım Universitetin Hüquq fakültəsinin tələbəsi olarkən 1990-91-ci illərdə “Konstitusiya hüququ” fənninin tədrisi zamanı olmuşdur. O vaxta qədər Murtuz müəllimi mən yalnız mətbuatdan və televiziyadan, o cümlədən atamın xatirələrindən tanıyırdım. Atam Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirsə də, Murtuz müəllim o vaxtlar gənc müəllim olaraq atama dərs dediyindən atam həmişə Murtuz müəllimin dərslərini xatırlayar, onun yüksək elmini və tələbələrlə sadə davranışını çox yüksək qiymətləndirərdi. 
Murtuz müəllimin Konstitusiya hüququ dərslərində bu sahədəki məsələləri daim beynəlxalq hüquqla əlaqələndirməsi mənə o vaxt həm də çox maraqlı gəlirdi. Ancaq mən onun sirrini sonradan bildim. Belə ki, Murtuz müəllimin həm namizədlik, həm də doktorluq dissertasiya işi bilavasitə beynəlxalq hüquq problemlərinə həsr edilmişdir. Ona görə də o vaxtlar müvafiq fənnin tədrisi zamanı onu digər hüquq sahələri, xüsusən beynəlxalq hüquqla əlaqələndirməsi ancaq və ancaq Murtuz müəllimə xas böyük alimlik xüsusiyyəti idi. Artıq Konstitusiya hüququ fənninin tədrisi zamanı mən həm də Beynəlxalq hüquq barədə kifayət qədər biliklərə malik oldum. Beləliklə, bu gün beynəlxalq hüquq və insan hüquqları ixtisası üzrə ixtisaslaşmağım da məhz əziz müəllimim Murtuz Ələsgərovun o vaxtkı mühazirələri və tövsiyələri ilə olmuşdur. 
Murtuz müəllimi biz sadəcə auditoriyalarda dinləmirdik. Dərsdənkənar vaxtlarda onun kafedrası daim açıq idi. Yəni tələbənin müraciətini və suallarını cavablandırılması sərbəst idi, sualları isə həmişə Murtuz müəllim peşəkarcasına, özü də çox və ətraflı - yorulmadan izah edirdi. Müxtəlif milli və beynəlxalq-hüquqi verilişlərdə onu dinləmək sadəcə bizi cəmiyyətə hazırlayır və biliklərimizi bir daha artırırdı. Murtuz müəllim çox ədalətli
humanist şəxsiyyət idi. Tələbələri imtahanla heç bir vaxt sınağa çəkməz, heç kim o kafedradan problem yaşamazdı. Hamı imtahandan gülərüz və elmli çıxar, daim digər müəllimlərin də belə olmalarını arzulayardı. Əsl müəllim xüsusiyyətlərinin cəmləşdiyi bir pedaqoq idi Murtuz müəllim. Murtuz Ələsgərovun ciddi elmi informasiyalarla zəngin olan mühazirələri son dərəcə maraqlı, əlçatan, canlı və əhatəli idi. O, hərtərəfli bir natiq kimi tələbələri öz nitqinə diqqətlə cəlb edir, onların qaldırdığı müzakirə xarakterli problemləri fikirlərinin tam məntiqliliyi ilə ətraflı izah edirdi. Tələbələri və yetirmələri Murtuz Ələsgərovu biliyi tükənməz və əhatəli bir sistemə bənzəyən, bu sistemdən onların hamısına pay verməyə çalışan və onların qayğısına qalan görkəmli alim və müəllim kimi daim yadda saxlayırlar. Beləliklə, hüquqşünas kadrların mövqeyinin düzgün formalaşmasında və onların cəmiyyətin layiqli bir vətəndaşı kimi yetişməsində Murtuz müəllimin tədqiqatlarının, çıxışlarının, mühazirələrinin və s. fəaliyyətinin rolu əvəzedilməz olmuşdur.
Müstəqillik əhvalı ilə alışıb-yanan Murtuz müəllimin o dövrdə gələcək Konstitusiya üzrə özünün fikirlərini auditoriyada bildirməsi bu istiqamətdə həmişə yaddaqalan idi. Murtuz müəllim dünya konstitusiyalarının modellərini çox ciddi müqayisə edərək bizə çatdırırdı. Əksər sahədə qanunvericiliklərin çox pis olduğu o dövrdə Murtuz müəllimin yanına daim hüquqi məsləhət üçün gedib-gələnlərin də sayı kifayət qədər çox idi. 

Nəhayət, universiteti bitirdikdən sonra mən aspiranturada təhsili davam etdirməyə qərar verdim. Bu məqsədlə də həmin vaxtlar rektor vəzifəsində çalışan Murtuz müəllimə müraciət etdim. Murtuz müəllim mənim təklifimə müsbət yanaşaraq hansı ixtisası seçdiyimi soruşduqda, mən Beynəlxalq hüququ dedim. Onda məhz onun nurani çöhrəsində xüsusi bir təbəssüm gördüm. Əlavə yer almaq üçün Təhsil Nazirliyinə müraciət etməklə mənim aspiranturaya daxil olmağıma xüsusi qayğı göstərdi. Mənə köməyini isə aktiv və savadlı tələbə kimi yaddaşında qalmağıyla izah etdi. O dövrdə beynəlxalq hüquq sahəsində elmi rəhbər də tapmaq çətin olduğundan məni fikir götürmüşdü. Mən xaricdən elmi rəhbər axtarışına başlamışdım. Nəhayət, aspiranturaya daxil olarkən minnətdarlıq etmək üçün Murtuz müəllimin yanına gedəndə, elmi rəhbər problemi ilə ciddi şəkildə üzləşdiyimi dedim. Dərhal göstəriş verdi ki, mənim seçəcəyim dissertasiya işi üzrə özü elmi rəhbər olsun. Bu mənim həyatımda xüsusi bir dönüş nöqtəsi oldu. İlk növbədə, məsuliyyətimi ciddi artırdı. İkincisi, belə bir dövlət, siyasi və elm xadiminin elmi rəhbərliyi altında işləmək çox fərəhləndirici hal idi. 
Bilavasitə Murtuz müəllimin dəstəyi ilə də universitetdə müəllimlik fəaliyyətinə başladım. Aspirantların və gənc tədqiqatçıların respublika konfransının plenar iclasında etdiyim çıxışa görə məni dəfələrlə qəbul etmiş və öz dəyərli elmi məsləhətlərini vermişdi. Geniş fikir mübadiləsinə imkan yaradan Murtuz müəllimin ən böyük xüsusiyyəti tələbələrdən tutmuş, aspirantları da daxil olmaqla müəllimləri, bir sözlə, bütün qarşı tərəfi diqqətlə dinləmək idi. Hətta Milli Məclisin uzun müddət sədri olduğu dövrlərdə belə elmi məsləhətlər üçün müraciət edən, mən də daxil olmaqla, bütün tədqiqatçıları qəbul edirdi. Elmliliyi, müəllimlik peşəsinin incəliklərini, ədalətlilik, humanistlik və insanlara əlçatanlığı da ondan öyrənmişəm. İnzibati vəzifədə çalışmağın mühüm sirlərini və əsas xüsusiyyətlərini də məhz Murtuz müəllimdən öyrənmişəm.
Namizədlik dissertasiyamı uğurla müdafiə edəndən sonra yenə də onun Milli Məclisin sədri kimi minnətdarlıq üçün qəbuluna gedəndə, onun təklifi ilə doktorluq dissertasiya işimi təsdiq etdirdim. Elmi məsləhətçi kimi yenə də yükü Murtuz müəllim öz üzərinə götürəndə, sevincimin həddi-hüdudu yox idi. Tezliklə müdafiə edəcəyim barədə Murtuz müəllimə verdiyim sözü 5 il müddətində yerinə yetirdim. Yenə də minnətdarlıq üçün Milli Məclisə gedərkən onun son məsləhətlərini və dəstəklərini heç vaxt unutmaram. Beynəlxalq hüquq elminin müxtəlif istiqamətlərinin inkişafı və bunun Azərbaycan Respublikası üçün zəruriliyi istiqamətində fikirləri bu gün də yadımdan çıxmır. Belə ki, cəmiyyət arasında geniş tanınan və istisnasız olaraq qəbul edilən bir şəxsin bütün sözləri tələbələr və müəllimlər üçün tam qəbul edilən olur və mayak rolunu oynayır. Beləliklə, böyük bir Hüquq məktəbinin əsasını qoyan Murtuz müəllim mühüm dövlət vəzifələrini tutsa da, daim özünün yetirmələri və tələbələri ilə sıx şəkildə fəaliyyət göstərmiş, ömrünün sonuna qədər Hüquqşünas kadrların yetişdirilməsində dayanmadan çalışmışdır. Onun elmi rəhbərliyi ilə müdafiə edilən dissertasiya işləri bu gün yeni elmi istiqamətlərin əsasını qoymuşdur. 11 ixtisaslaşmış kafedra, 1 Kriminalistik laboratoriya və 1 Hüquq klinikasını özündə birləşdirən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində müxtəlif istiqamətlər üzrə elmi məktəblər artıq tam formalaşmışdır. Məhz Murtuz müəllimin müəyyən etdiyi beynəlxalq və konstitusiya elmi məktəbləri bir qədər də daha qabarıq və ciddi inkişaf etmişdir. Məsələn, Avropa hüququ, İnsan hüquqları, Dəniz hüququ, İnzibati hüquq və s.
Hüquq fakültəsi daim Murtuz müəllim irsini qoruyacaq, inkişaf etdirərək fəxr edəcəkdir. Çünki Murtuz müəllim çox böyük, tanınmış alim, siyasətçi, dövlət xadimi və şəxsiyyət olmuşdur. Bu irsdən bəhrələndikcə də Hüquq fakültəsi daha da inkişaf edəcəkdir. 
Uzun illər elmə, Azərbaycanın ali təhsilinə və dövlətçiliyinə böyük töhfələr vermiş görkəmli alim-pedaqoq, xalqına sədaqətlə xidmət etmiş dəyərli ictimai-siyasi xadim, dövlət adamı, professor Murtuz Nəcəf oğlu Ələsgərovun əziz xatirəsi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır.

 

Əmir ƏLİYEV, 
Bakı Dövlət Universiteti 
Hüquq fakültəsinin dekanı, 
hüquq üzrə elmlər doktoru, professor.

 

Digər yazılar

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

ÖRNƏK ÖMÜR 

BDU-nun Tədris-təcrübə və istirahət mərkəzində

Həyatını elmə həsr etmiş şəxsiyyət

Azərbaycan elmini layiqincə təmsil edən alim

Novruz xatirələri

Atam haqqında elegiya

ÖMRÜNÜ ELMƏ HƏSR EDƏN ALİM

Azərbaycanın tolerantlıq nümunəsi

"Xocalı faciəsi xalqımıza qarşı həyata keçirilən soyqırımın faciəli həlqələrindən biri idi..."

Təhsildə vətənpərvərliyin gücləndirilməsi

"Axı, yaddaş da bir sərvətdir!"

Örnək həyat yaşayan müəllim

Tələbə adının məsuliyyəti…

“Elnur Məmmədli, biz səninləyik!”

Bu gün zabitimiz, sabahsa torpaqlarımız...

Ailə faciəsi

Bayramımız mübarək?

Qanun deyir: “Atma!”