564 31-10-2018

ÖRNƏK ÖMÜR 

Rasim  Süleymanov - 70

Rasim Süleymanov 1980-ci illərin əvvəllərində Bakı Dövlət Universitetində mənim müəllimim olub. Tələbkarlığı, obyektivliyi ilə yanaşı sadə, qayğıkeş, xeyirxah pedaqoq kimi rəğbətimizi qazanmışdı. Bəzən cürət edib heç kəsə deyə bilmədiyimiz çətinlikləri ürək qızdırıb ona deyirdik, dəyərli məsləhətlər verirdi. İllər sonra səmimi dostluğa çevriləcək münasibətlərimizin özülü elə o zaman qoyulub. Rasim müəllim universitetdən ayrılıb daha yüksək vəzifələrə getdiyinə görə bir müddət ünsiyyətimizdə seyrəklik yaransa da, son illərdə yenidən bir yerdə çiyin-çiyinə çalışmağa, zamanın gözünə dik baxan təmənnasız dostluğumuza arxa-dayaq durmağa başlamışıq... 
Rasim İmamqulu oğlu Süleymanov 1948-ci ilin payızında Tərtər rayonunun Düyərli kəndində dünyaya göz açıb, mənəvi zənginliyinin bünövrəsini doğma yurdda formalaşdırıb. Sonra Şuşa və Tərtər şəhər məktəblərində təhsil alıb. 
1970-1975-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində “Kitab¬şü¬naslıq” ixtisası üzrə təhsil alan Rasim Süleymanov düşdüyü mühitin təsiri sayəsində kitab aləminin sirlərinə yiyələnib, yüksək mənəvi amalları, bəşəri dəyərləri hər şeydən uca tutmağa çalışıb. BDU-nu fərqlənmə diplomu ilə bitirəndən sonra bir müddət Dövlət Mətbuat Komitəsi sistemində işləyib. 
Rasim Süleymanovun kitabşünaslıq elminə olan marağı onu bu sahədə tədqiqatlar aparmağa sövq edib və o, BDU-nun aspiranturasında “Kitab¬şü-naslıq” ixtisası üzrə əyani təhsil alan ilk aspirant kimi adını tarixə yazıb. 1980-ci ildən isə elmi araşdırmalarını BDU-da müəllim işləyə-işləyə davam etdirməli olub.
Uzun illər ərzində çəkdiyi əziyyət öz bəhrəsini 1991-ci ildə verib: “Rus bədii ədəbiyyatının Azərbaycanda nəşri məsələləri (1920-1970-cı illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi (filologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi alıb. 
1990-cı illərdən başlayaraq Rasim Süleymanov müxtəlif vəzifələrdə çalışıb: BDU-nun Tədris işləri üzrə birinci prorektorun müavini, Magistratura bölməsinin rəhbəri və rektorun köməkçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası rektorunun məsləhətçisi və Böyük Elmi Şuranın məsul katibi... 2003-2013-cü illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirinin köməkçisi və Kollegiyanın katibi vəzifələrində fəaliyyət göstərib. 
Ulu öndər Heydər Əliyevin məşhur “Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir” kəlamını öz fəaliyyəti ilə doğruldan Rasim Süleymanov təhsildə kamilliyə can atan, öz sahəsinə dərindən bələd olan pedaqoq kimi minlərlə gəncin bacarıqlı mütəxəssis, mübariz vətəndaş, xeyirxah insan kimi formalaşmasına mühüm töhfələr verib. O, Heydər Əliyevin bu dəyərli sözlərini hər zaman xatırladır: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir  zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu  sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir!”
Elə buradaca bir məqama diqqət yönəltmək istəyirəm. Dosent Rasim Süleymanovun elmi yaradıcılığında Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği mövzusu mühüm mərhələ təşkil edir. Bu sahəyə dair kitablar və elmi məqalələr çap etdirən alimin “Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” adlı fundamental monoqrafiyası çap ərəfəsindədir. 
Rasim Süleymanov respublikamızda, eləcə də Rusiya, Türkiyə, İspaniya, Belarus, Litva, Ukrayna, İran, Gürcüstan və digər xarici ölkələrdə beynəlxalq elmi konfransların iştirakçısı kimi universitetimizi yüksək səviyyədə təmsil edib, kitabşünaslığın aktual problemləri ilə bağlı maraqlı məruzələr söyləyib.
Hazırda alim Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti, eyni zamanda “Kitabşünaslıq və Redaktor Sənəti” elmi-nəzəri və təcrübi-metodik jurnalının redaktorudur. İndiyə qədər çap etdirdiyi kitablar, çoxsaylı elmi məqalələr böyük dəyərə malikdir. 
Dahi Mustafa Kamal Atatürkün müdrik bir kəlamı var: “Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər”. Bu mənada Rasim Süleymanov öz xeyirxah tövsiyə və məsləhətlərini tələbələrindən və iş yoldaşlarından heç zaman əsirgəməyən, onlara ləyaqətli vətəndaş olmağı təlqin etməyə çalışan pedaqoq və alimlərdəndir. Rasim müəllimin ən ağrılı mövzusu Qarabağ münaqişəsi ilə bağlıdır. Elə bir dərs olmaz ki, o, tələbələrə bu mövzuda məlumat verməsin, onları tədris prosesi ilə əlaqələndirməsin. Alim Qarabağ həqiqətlərini yayan, mənfur erməni işğalçılarını ifşa edən, xalqımızın zəfərinə qəlbən inanan əsl ziyalılar cərgəsindədir. Azərbaycanın tarixi, bugünü, gələcəyi haqqında odlu-alovlu çıxışları vətənpərvər alim-pedaqoqun ömür kredosunun bünövrəsində dayanır.
Rasim müəllim canlı xatirələr salnaməsidir. Uşaq çağlarından bu günə qədər respublikamızın ictimai-mədəni taleyində mühüm xidmətləri olan görkəmli şəxsiyyətlər haqqında sinəsində o qədər maraqlı xatirələr yaşadır ki, yazıya köçürsə, cild-cild kitaba çevrilər...
Həyat mürəkkəbdir... İllərlə bir yerdə duz-çörək kəsən adamlar arasında bəzən işlə, elmi araşdırmalarla bağlı xırda söz-söhbətlər olur, soyuqluq yaranır. Rasim müəllimin ən xoşagələn keyfiyyətlərindən biri də yaxşı tanıdığı, şəxsiyyətinə dərindən bələd olduğu həmin incik ziyalılar arasında sülhyaratma vəzifəsini ürəklə yerinə yetirməsidir. O, qeyri-rəsmi “Sülh səfiri” missiyasını elə ustalıqla icra edir ki, küsüşənlərin ruhu da incimir. Nəticədə həm ağsaqqal kimi hörmətinin üstünə hörmət gəlir, həm də savab qazanır...
Keçmişdən adətə çevrilən ənənədir: yubilyarın doğmaları, dost-tanışları məqamı çatanda onu təbrikə gəlir, ürək sözlərini bildirir, sovqat gətirirlər. Rasim müəllimin yubileyi də bu baxımdan rəngbərəngdir. Amma çoxlarının qismətinə yazılmayan bir fərq var: Tanrı sovqatı!.. Bilirsiniz necə?.. Rasim müəllimin ömür-gün yoldaşı Züleyxa xanımla birgə boya-başa çatdırdıqları yeganə oğulları Rüfət hələ gənc mütəxəssis olsa da, Türkiyədə, Almaniyada təcrübə keçmiş həkim-cərrah kimi nüfuz qazanmaqdadır. Rüfət sevib-seçdiyi Ülviyyə xanımla ailə quranda onlara xeyir-dua verən, toylarında qol götürüb süzən doğmaların arasında biz də vardıq. Elə bu günlərdə uca Tanrının öz sevimli bəndələri Rasim müəllimlə Züleyxa xanıma əkiz oğul nəvələri bəxş etməsini sözlə necə ifadə etmək olar ki?!. Mayası halallıqla yoğrulmuş bir ocağa dünya boyda sevinc gətirmiş Uğurla Zaurun nənə-babasının şadlığından müqəddəs nə ola bilər ki?!. 
Ömrün yetmişinci baharına, həyatın müdriklik çağına alnıaçıq-üzüağ qədəm qoyan, “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi” fəxri adını şərəflə daşıyan dəyərli ziyalımız dosent Rasim Süleymanova “Həyatın növbəti zirvələrində möhkəm cansağlığı, yeni-yeni uğurlarla görüşmək, sevincinizi ürəkdən bölüşmək arzuları ilə!..” – deyirik.

Knyaz Aslan,
BDU-nun Kitabşünaslıq və Nəşriyyat işi 
kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent   

 

Digər yazılar

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

BDU-nun Tədris-təcrübə və istirahət mərkəzində

Murtuz Ələsgərov - 90

Həyatını elmə həsr etmiş şəxsiyyət

Azərbaycan elmini layiqincə təmsil edən alim

Novruz xatirələri

Atam haqqında elegiya

ÖMRÜNÜ ELMƏ HƏSR EDƏN ALİM

Azərbaycanın tolerantlıq nümunəsi

"Xocalı faciəsi xalqımıza qarşı həyata keçirilən soyqırımın faciəli həlqələrindən biri idi..."

Təhsildə vətənpərvərliyin gücləndirilməsi

"Axı, yaddaş da bir sərvətdir!"

Örnək həyat yaşayan müəllim

Tələbə adının məsuliyyəti…

“Elnur Məmmədli, biz səninləyik!”

Bu gün zabitimiz, sabahsa torpaqlarımız...

Ailə faciəsi

Bayramımız mübarək?

Qanun deyir: “Atma!”