265 31-10-2018

30 ildən sonra BDU-da görüş


Mənim tələbə dünyam
Nələr yaşayır səndə? 
Ömrüm-günüm kövrəlir
Sən yadıma düşəndə...

Hərənin bir "sən"i olur adətən. Həm də ümumi bir "sən"i var hər kəsin. Bizim"sən"imizi - unudulmaz tələbəlik illərimizi deyirəm.  Oktyabrın 24-də həmin gözəl illərə - 30 il əvvələ qayıtdıq… 
Söhbət bizim qrupdan - Bakı Dövlət Universitetinin (ADU) jurnalistika fakültəsini 1987-ci ildə bitirmiş 1012-ci qrupdan gedir. Əslində, 31 il ötür tələbəliyə “əlvida” deməyimizdən, bir il geciksək də, rəmzi olaraq “30 ildən sonra baş tutan görüş” adlandırğımız o gözəl gündən ətraflı danışacağam. Əvvəlcə mənim "qrupu yayda yığaq" təklifimi payızda da olsa  reallaşdıran 5 illik parta yoldaşım - görüşün “Təşkilat Komitəsi”nin üzvü Faizə Mehdiyevaya bütün qızlar adından minnətdarlığımı bildirirəm.
1012-nin görüşünə qubalı tələbə yoldaşım Gülzaman Mədətova ilə yola düşdüm. Qubanın çıxacağındakı möhtəşəm arkanın yanında xatirə şəkili çəkdirdik. Saat 14.00-da isə Bakı Dövlət Universitetinin qarşısında idik. Məni yaxından tanıyanlar yaxşı bilirlər ki, həyatda yalnız informasiya paxılıyam, başqa paxıllığım yoxdu. Amma etiraf edim ki, Bakı Dövlət Universitetinin qarşısında tələsə-tələsə dərsə gedən, zarafatlaşan, söhbət edən gənc tələbələrə baxanda paxıllığım tuturdu, onlara həsədlə baxırdım… 
Gülzamanla tələbəlik illərinin əvəzsiz olmasından danışa-danışa jurnalistika fakültəsinə çatdıq. Fakültənin müəllim və əməkdaşları ilə çox səmimi görüşümüz oldu. Faizə həmin görüntüləri videolentin yaddaşına köçürürdü. 1987-nin 1012-ci qrupunun görüşünə, təəssüf ki, yalnız qızlarımız gəlmişdi. Mən Qusardan, Gülzaman Qubadan, Qənirə İmişlidən, Esmira Lənkərandan, Faizə, Mətanət, İradə, Sevinc, Afaq, Dilbər, Mətanət Bakıdan görüşümüzə qatılmışdılar.
Dəyirmi masa ətrafında professor Nəsir Əhmədli özünəməxsus səmimiyyətlə görüşü açaraq "bizi də 30 il əvvələ apardınız" dedi. Bu səmimiyyətin müqabilində hər birimiz öz həyat yolumuzdan danışdıq. Esmira Ağayevanın Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri olmaqla yanaşı Şəhriyar yaradıcılığını araşdıran dissertant olduğunu bilmirdim. Sevinc İsmayılova, Afaq Vasifqızı, İradə Sultanova, Faizə Mehdiyeva müxtəlif mətbu orqanlarda, televiziya və film sahəsində çalışdıqlarından danışdılar.
 Dilbər Zamanzadə jurnalist işləməsə də, Təfəkkür Universitetində bir müddət filologiya - jurnalistika fakultəsinin dekanı olmağından, filologiya elmləri namizədi kimi neçə-neçə jurnalist yetişdirməsindən söz açdı. Fakültədə "bir cüt sona" kimi yadda qalan, həmişə qoşa gəzən İmişlidən olan cütlüyün Qənirəsi bir müddət rayon qəzetində çalışdığını, 1998-ci ildən isə İmişli şəhər 3 saylı orta məktəbdə “Azərbaycan dili və ədəbiyyatı” müəllimi işlədiyini söylədi. Cütlüyün Mətanət Cəfərovası isə işləməsə də fakültənin diğər məzunu, sonradan hüquq təhsili almış, indi Quba rayon məhkəməsinin sədri olan Xaqani Tağıyevlə ailə qurduğunu bildirdi. 


Qrupumuzun Afaq və Aqşin cütlüyü də məhz universitet divarları arasında tanış olub ailə həyatı qurublar. Bizim hay-küylü - indi Azərbaycan Dövlət Televiziyasında Uşaq-gənclik redaksiyasının böyük redaktoru işləyən Faizə Mehdiyeva da tələbə vaxtı çəkiliş etdiyi qızın qardaşı Nadirlə tanış olub, evlənib. Müxtəlif vaxtlarda jurnalistika fakültəsi Araz - Rəbiyyə, Elçin - Dürdanə cütlüyünün də ailə qurmalarının təməl daşı olub. Deməli, savadlı, intellektual  mütəxəssislər də gözəl ailələrdə yetişir. Afaqla Aqşinin indiyədək 7 romanın müəllifi olan oğlu, gənc yazar Elxan Qaraqan, indi "Amerikanın səsi "nin müxbiri olan və türkiyəli vətəndaşla ailə həyatı quran qızları Nərminin tanınmasına gedən yolun başlanğıcı olub jurnalistika fakültəsi...
Qubalı qızımız Gülzaman Mədətova 1012-ni bitirəndən sonra bir müddət Quba radiosunda işləyib, 1990 -cı ildən isə mərhum atası Mədət müəllimin məsləhətilə Ağbil kənd məktəbində “Azərbaycan dili və ədəbiyyatı” müəllimi işləyib. Bizimlə 1-ci kursda oxumuş Mətanət Əsgər qızı isə görüşdə "Əsgər ailələrinə dəstək" İctimai Birliyinin rəhbəri kimi fəaliyyət göstərdiyindən söz açdı.
 Sevimli professorlar -  Cahangir Məmmədli, Nəsir Əhmədli,  dosent Akif Rüstəmov,  baş müəllim Zaur Babayev də bizimlə birgə 30 il əvvələ döndülər. Jurnalistika fakültəsinin məzunları ilə fəxr etmələrindən fərəhlə danışdılar, bu fakültədə heç vaxt “reket” jurnalistin yetişdirilməməsi, əksinə həmişə halallığın təbliğ olunması, kasıb tələbələrə kömək edilməsi isə xüsusi vurğulandı.


Söhbət zamanı  mərhum dekanımız professor  Tofiq Rüstəmovun xatirəsi xüsusi hörmətlə anıldı. Həmin illərdə Tofiq müəllimin kabinetinə gedəndə icazə aldığımız Xalidə Cavadovanı  da görmək çox xoş oldu. Tofiq müəllimin qızı, indi fakültədə müəllim işləyən Sevinc Məmmədova isə atasının xatirəsini uca tutanlara minnətdarlıq etdi. Rəhmətlik Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə xanımla da hamımız səmimiyyətlə görüşdük. 1012-nin 24 oktyabr görüşü jurnalistika fakültəsində çay süfrəsi arxasında səmimi söhbətlər etməklə və  xatirə şəkilləri çəkdirməklə davam etdi.
Görüşümüz boyu bizim 1012-də tanış olub evlənən və indi dünyalarını dəyişmiş Zöhrab və Mehriban Alməmmədovların, Ədibə Abdullayevanın xatirələri də bizimlə idi...

 

Aytəkin Alxaslı

Digər yazılar

Humanist insan, gözəl alim, xeyirxah dekan

ÖRNƏK ÖMÜR 

BDU-nun Tədris-təcrübə və istirahət mərkəzində

Murtuz Ələsgərov - 90

Həyatını elmə həsr etmiş şəxsiyyət

Azərbaycan elmini layiqincə təmsil edən alim

Novruz xatirələri

Atam haqqında elegiya

ÖMRÜNÜ ELMƏ HƏSR EDƏN ALİM

Azərbaycanın tolerantlıq nümunəsi

"Xocalı faciəsi xalqımıza qarşı həyata keçirilən soyqırımın faciəli həlqələrindən biri idi..."

Təhsildə vətənpərvərliyin gücləndirilməsi

"Axı, yaddaş da bir sərvətdir!"

Örnək həyat yaşayan müəllim

Tələbə adının məsuliyyəti…

“Elnur Məmmədli, biz səninləyik!”

Bu gün zabitimiz, sabahsa torpaqlarımız...

Ailə faciəsi

Bayramımız mübarək?

Qanun deyir: “Atma!”