455 31-01-2018

“Gənc istedadlar” liseyinin 10 illik yubileyi qeyd edildi

              “Gənc istedadlar” liseyinin 10 illik yubileyi  qeyd  edildi    

27 dekabr 2017-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin 10 illik yubileyi münasibətilə tədbir keçirilib. BDU-nun Böyük akt zalında baş tutan tədbiri açıq elan edən rektor, akademik Abel Məhərrəmov dövlətin təhsilə xüsusi diqqət və qayğı göstərməsindən bəhs edib. Təhsil sistemində irimiqyaslı islahatların həyata keçirildiyini qeyd edən rektor, 17 aprel 2006-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə qəbul edilən xüsusi istedada malik olan şagirdlərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq 2007-ci ildən BDU nəzdində “Gənc istedadlar” liseyinin fəaliyyət göstərdiyini bildirib. Rektor 10 il müddətində liseydə gənc istedadları aşkar etmək, onların inkişafına şərait yaratmaq, dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik vətənpərvər gənclər kimi yetişdirmək istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndirib, əsas məqsədə nail olunduğunu vurğulayıb və qarşıda duran vəzifələrdən danışıb: “Bu qocaman elm məbədində  çox tədbirlər keçirilib. Lakin ilk dəfədir ki, orta məktəbin yubileyi keçirilir. Gənclərə nə qədər diqqət yetirsək, gələcəyə bir o qədər ümidimiz olar. Gələcək gəncliyindir! Sual oluna bilər ki, hansı düşüncə ilə bu  məktəbi yaratdıq? Məqsəd o idi ki, bir var elmi mühiti, professoru universitetdə görəsən, bir də var orta məktəb illərindən onlarla ünsiyyətdə olub elmə daha çox bağlanasan. Əsas məsələ budur! Artıq 2-ci kursdan tələbələrimiz elmi-tədqiqatla məşğul olur, 27 yaşında fəlsəfə doktoru, 30 yaşında elmlər doktoru olur. Qoy şagirdlərimiz Nobel mükafatı alsınlar! Bugünkü uğurlarımız düşüncəmizin reallaşdığının sübutudur. 40 məzunumuz dünyanın ən nüfuzlu universitetlərinə daxil olub. Çünki onlar aşağı siniflərdən nüfuzlu alimlərdən dərs alıb, düçüncələrini ortaya qoymağa başlayıblar. Bundan sonra daha böyük uğurlara imza atacaqlar ”.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra liseyin direktoru, professor Qasım Hüseynov çıxış edərək indiyə qədər liseyin 9 buraxılışı olduğunu, məzunların hamısının dövlət ali məktəblərinə qəbul olduqlarını, 330 məzundan 84 nəfərinin qəbul imtahanlarında 600-dən artıq bal topladığını, məzunların 60 nəfərinin BDU-da, 30 nəfərinin xaricdə, o cümlədən Kanadanın Toronto və Vaterloo, Rusiyanın və Türkiyənin nüfuzlu universitetlərində, ODTU və Bilkənd Universitetində təhsil aldıqlarını, məzunlardan 5 nəfərinin Prezident təqaüdünə, 25 nəfərinin qızıl, 4 nəfərinin isə gümüş medala layiq görüldüyünü bildirib. O, liseyin şagirdlərinin Respublika və Beynəlxalq olimpiadalarda, müxtəlif intellekt, bilik və idman yarışlarında əldə etdikləri uğurlardan da bəhs edib. Qazanılan uğurlarda şagirdlərə dərs deyən 20-dən çox professor-müəllim heyətinin böyük zəhməti olduğunu söyləyən Qasım müəllim bunu çoxlarına nəsib olmayan xoşbəxtlik kimi dəyərləndirib: “Biz ali məktəb müəlliminə həsədlə baxar, onları  ideal kimi görərdik. İndi isə şagirdlərimiz alimlərin rəhbərliyi altında tədqiqat işi aparırlar”.

Tədbirdə liseylə əməkdaşlıq edən, respublikamızın qabaqcıl məktəblərin direktorları Lümunət Kərimova (BTİM-XXI ƏSR), professor Sona Vəliyeva (Kaspi), Gülşən Orucova (6saylı məktəb-lisey) iştirak edib,  təbriklərini çatdırıblar. “Gənc istedadlar” liseyi və universitet tələbələrinin ifasında “Azadlıq” marşı dinlənildikdən sonra məzunların valideynləri adından Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının dosenti Əlövsət Rəcəbli, akademik Ağadadaş Əliyev, liseyin məzunu, kimya fənni üzrə Beynəlxalq Mendeleyev Olimpiadasının və üçqat Respublika Olimpiadasının qalibi Sona Quluzadə, “Gənc istedadlar” liseyinin 11-ci sinfinin əlaçı şagirdi, “Sabahın alimləri” Respublika müsabiqəsinin qalibi Lalə Muradlı çıxış ediblər.  Sonra “Gənc istedadlar” liseyinin xaricdə təhsil alan məzunları skayp vasitəsilə tədbirə qoşulub yubiley münasibətilə təbriklərini və ürək sözlərini çatdırıblar. Tədbirin bədii hissəsi liseyin şagirdlərinin təqdimatında müxtəlif  ifaların və səhnəciklərin nümayişi ilə davam etdirilib.

                                                                                           

 İlahə Dadaşova,

Filologiya fakültəsinin dissertantı 

 

 

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər