644 10-12-2018

İslamda nəfslə mübarizə


Zövq və rahatlıq – bu iki məfhum insanların yaradılış fitrətində mövcud olan ən təbii tələbatlardandır. Sözsüz ki, hər bir insanın həyatdan maksimum faydalanmağa və zövq almağa haqqı var. İslam dini də bu ideyanı dəstəkləyir, amma təəssüflər olsun ki, dünya əhalisinin əksəriyyəti İslamı ləzzət və şadlığa düşmən din kimi tanıyırlar. Buna səbəb olaraq isə İslamda olan “nəfslə mübarizə” konsepsiyası göstərilir. Yaxşı olar ki, biz yaşadığımız dünyadakı hadisələrin gedişatına və qaydasına nəzər salaq. Əgər biz bu prosesləri diqqətlə başa düşsək, görərik ki, əqidəsindən, dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar nəfəs aldığı müddətdə nəfsi ilə mübarizədədir. 


Ehtiyac və mübarizə


Dünya bizə nəyi isə vermək üçün bizdən nələri isə tələb edir. Ən primitiv misal kimi böyük otaqda yorğun vəziyyətdə kresloda oturmuş və susamış bir insanı götürə bilərik. Həmin bu insanın oturduğu kreslo su qrafinindən olduqca uzaqdadır və bu səbəbə görə o, yerindən durub özü üçün su süzməlidir. O, su istəyir, amma eyni zamanda yorğun olduğu üçün kresloda duyduğu rahatlığından imtina etmək istəmir. Çox susuz olduğundan məcburdur ki, rahatlıq istəyinə yox desin və daha vacib olan su tələbatını ödəsin. Buradan göründüyü kimi, insan kiçik ehtiyacını daha böyük ehtiyacına qurban verdi və nəfsi ilə mübarizə aparmış oldu. Daha bir nümunəyə nəzər yetirək: tutaq ki, bahalı bir maşın istəyirik. Maşını almaq üçün biz bir neçə rahatlığımızı qurban verməliyik; biz hər səhər oyananda çox yatmaq və ailəmizlə vaxt keçirmək ehtiyacına yox deyərək işə gedirik. Müəyyən müddət bu çətinlik davam etdikdən sonra biz maşını almağa nail oluruq. 


Mübarizənin nəticəsi: ali məqam


Dünyanın qayda-qanunları hamı üçün eynidir ki, İslam bizimlə belə rəftar edir. İslam bizə ən ali məqam təklif edir və deyir ki, bu məqama çatmaq üçün bəzi ləzzətlərə yox demək lazımdır.  Misal üçün, qəzəblənmiş bir adam qəzəbini boşaltmaqla özünü rahat hiss edir. O, ən kiçik məsələlərə görə hər kəsə qışqırır və tez-tez qəzəblənir. Bununla da başqalarının və özünün həyatını məcazi mənada desək, zəhərləyir. İslam dini qəzəbi udmağı və başqalarının qəlbini qırmamağı tövsiyə edir. Müəyyən müddət belə keçəndən sonra insan mənəvi qüdrətə çatır və artıq xırda məsələlərə görə qəzəblənmir, əksinə, mülayim olur, nə başqalarına, nə də özünə ziyan verir. Mülayim insan isə həm özü şad yaşayır, həm də başqalarını şad edir. Göründüyü kimi, bu xoşbəxtliyə çatmaq üçün bir neçə dəfə nəfsi ilə mübarizə apararaq müsbət keyfiyyətlərə malik oldu. 


Qadağadan sonrakı mükafat


Dünyada belə bir qayda da mövcuddur: əgər sevdiyin bir işi, istədiyin qədər yerinə yetirsən, ləzzət azalır və azalmaqla qalmır, hətta ziyan verməyə başlayır. Əgər sevdiyimiz mahnıya həddindən çox qulaq assaq, artıq zövqü azalacaq və ruhumuza ağırlıq çökəcək. 
Qarınqulu bir adama az yemək lazım olduğunu deyəndə məhəl qoymur. Ürəyi istəyən qədər yeyəndən sonra kökəlir və xəstələnir, həkim ona sevdiyi yeməkləri qadağan edir və artıq adam məcbur olur ki, sevdiyi yeməkləri yeməsin, yəni nəfsi ilə mübarizə aparsın. 
İslam hər şeyi qədərində etməyi və beləliklə, zövq almağı təklif edir. Eyni zamanda, İslam nələri isə qadağan edirsə, deməli onların hamısından üstün mükafat təklif edir. 
Bəziləri elə düşünür ki, İslam ancaq axirətdə xoşbəxt olmağı tələb edir. İslamın bizə qazandırdığı xeyirlər həm dünya, həm də axirətdə özünü göstərir. Yuxarıda qeyd etdiyimiz qəzəbli adam misalından göründüyü kimi, o, qəzəbini udmaqla müəyyən müddətdən sonra xırda şeylər üçün qəzəblənmir və həlim adama çevrilir. Özü də xoşbəxt olur, başqalarını da xoşbəxt edir. Bu, əlbəttə ki, dünyadakı mükafatıdır. Bizim əməllərimizin nəticəsi isə həm dünyaya, həm də axiratə aiddir. 

Toğrul Quluzadə,
Jurnalistika fakültəsi, II kurs tələbəsi 

 

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

Xoşbəxt olmağın yolları

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları