585 25-12-2018

Rəşad Məcid: “Gənclərə yardım etməkdən zövq alıram”

“Baki Universiteti” qəzeti Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru  Rəşad Məcidlə müsahibəni təqdim edir: 

 

-Rəşad müəllim, Agcabədidə dünyaya göz açıb, Ağdamda yaşamısınız. İstərdim öncə uşaqlıq xatirələrinizdən danışaq...
-Uşaqlığım Ağdamda keçib. Sənədimdə Ağcabədi yazılıb, əslində isə 1964-cü ilin 21 avqustunda Laçının Ağoğlan kəndində doğulmuşam. Sonra 40-ı çıxmayan uşağı dağların sərinindən-Laçının Ağoğlan kəndindəki üç çayın arasında yerləşən kənddən götürüb Ağcabədiyə gətiriblər. Elə o vaxtdan deyirəm ki, mənim sonrakı taleyimə yazılan çoxlu səfərlər də həmin hadisə ilə bağlıdır. Burada da bəlkə bir mistika var ki, həmin uşaq sonrakı illərdə çoxlu səyahətlər etdi, dünyanın müxtəlif yerlərində oldu, indi də səfərlərə böyük maraqla gedir. 


- Orta məktəbi də orada bitirmisiz?
-Ailəmiz Ağdama köçdükdən sonra mən Sədrəddin Bayramov adına Ağdam şəhər 1 nömrəli orta məktəbdə oxudum. 8-ci sinifi də orada bitirdim. Məktəbin adını bütöv deməkdə məqsədim odur ki, bu məktəbin özünün ənənəsi, tarixi var. İndi işğal altında olan o məktəb hərdən yuxuma da girir. Eləcə də o Ağoğlan, doğulduğum, uşaqlığım keçən kənd.... 9-10–cu sinifdə oxuyanda mən Bakıya gəldim və burada Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən Respublika 1 nömrəli fizika-riyaziyyat təmayüllü məktəbi bitirdim. Baxmayaraq ki, riyaziyyat təmayüllü məktəbdə oxumuşdum, amma ədəbiyyatı, jurnalistikanı seçdim. Bu məsələdə Xalq şairi Hüseyn Arifin böyük rolu olmuşdu. 17 yaşım olanda atamın dostu Daşdəmir müəllim məni Hüseyn Arifin yanına apardı. Bu məqsədlə aparmışdı ki, Hüseyn Arif “şeirdən uzaq dur, bu, keçici bir ovqatdı”-desin. Şeirlərimi oxuyanda hiss etdim ki, o, məni dinləmir və birdən şeirin ortasında saxladı, diqqətlə qulaq asmağa başladı. “Cıdır düzü” adlı şeirimin ardınca “Yollar” şeirimi oxuyandan sonra Hüseyn Arif istedadlı olduğumu bildirdi. 1981-ci ilin sentyabrın 12-də Hüseyn Arifin “Uğurlu yol”u ilə “Cıdır düzü” şeirim “Azərbaycan gəncləri” qəzetində çap olundu. Həmin il Filologiya fakültəsinə daxil ola bilməsəm də növbəti il jurnalistika fakültəsinə daxil oldum və mən bunu taleyimin ən uğurlu məqamlarından hesab edirəm. Jurnalistika fakültəsində Nəsir İmamquliyev, Şirməmməd Hüseynov, Qulu Xəlilov, Nurəddin Babayev, Famil Mehdi, Cahangir Məmmədli, Akif Rüstəmov və digər müəllimlər bizə dərs dedi. Fakültədə mühit tam fərqli, azad idi. Sonradan məni “BDU-nun dostu” seçdilər və mən bununla qürur duydum. BDU mənimçün müqəddəs məkandır, Jurnalistika fakültəsi doğma bir ocaq! Bu fakültədə dərs də demişəm, əlaqələrim sıx olub. Həmçinin, “Jurnalist” qəzetini də nəşr eləmişəm. Buna görə həm həyat yoluma işıq tutan Hüseyn Arifə minnətdaram, həm də Jurnalistika fakültəsindəki müəllimlərə. 


-Jurnalistika və ədəbiyyat... Bir-birinə yaxın olan bu peşələrdə özünüzü jurnalist hesab edirsiz, yoxsa ədəbiyyatçı, şair? 
-Mən ilk kitabımın “Ön söz”ündə yazmışdım ki, özümü ən güclü hiss elədiyim vaxt, ürəyimcə olan şeirin nöqtəsini qoymaqdı. Buludların üstündə gəzdiyim, xoşbəxt olduğum vaxt ürəyimcə bir şeiri yazıb bitirdiyim vaxtdır. Azərbaycan Sovet imperiyasından ayrılandan, yenidən müstəqillik qazandıqdan sonra mətbuat, publisistika daha çox gündəmə gəldi. 1992-ci ildə “525-ci qəzet”i yaratdıq və jurnalistika mənim həyatımın məğzinə çevrildi. Mən “525-ci qəzet”in hər sayından və yaxud şənbə saylarından zövq alıram. Demək olar ki, daha çox jurnalistəm. Eyni zamanda 2004-cü ildə də Anar müəllimin təklifi ilə Yazıçılar Birliyinin Gənclər üzrə katibi seçildim. 


-“525-ci qəzet”in həyatınızda rolu necədir? 
-“525-ci qəzet” artıq 26-ci ilini tamam etdi. 25-ci illiyində hörmətli Cahangir müəllim “525- zamanın sınağında” adlı kitab yazdı. Həmçinin, Azərbaycan ziyalılarının da fikirlərini o kitaba daxil etdi. İsa Həbibbəyli “525-ci qəzet”i “milli qəzet məktəbi” adlandırır. Bu da bizim üçün böyük diqqət və stimuldur. “525-ci qəzet” mənim həyatımın tərkib hissəsidir. 


-Bayaq özünüz də dediniz ki, bir müddət universitetdə dərs demisiniz. Tələbələrlə yaxın təmasda olmaq necə bir hiss idi? 
-Dərs dediyim illər həyatımın unudulmaz məqamlarından olub "Əlvida və salam" adlı yazıya çevrildi və kitabımın adı oldu. Mən 1050-ci qrupun tələbələrinə dərs deyirdim. "525-ci qəzet"in ən məşhur vaxtlari idi. Tələbələrə dedim ki, gəlin qəzet içində qəzet çıxaraq. "525-ci qəzet"in 2 səhifəsini onlara həvalə etdim. Qəzetin adını müzakirə edəndə onlara sadə ad seçmələrini tövsiyə etdim. Qəzetin növbəti sayı çıxanda məlum oldu ki, onlar "1050" adını seçiblər, yəni qrupun nömrəsini. Mistika da ordaydı ki, sən demə,1050 525-in iki misli imiş. Mən həmin qrupla "əlvida" deyib ayrıldım, amma eyni zamanda həmişə "salam" deyəcəyik. İndi də Ayan gəlir müsahibə alır və bu, əbədi olaraq davam edəcək.


-Universitetə geri dönməyi düşünürsüz?
-Universitet mənim yenə həyatımdadır. Bakı Dövlət Universitetinin dostuyam. Tez-tez BDU-da tədbirlərdə oluram. 

 


-Rəşad müəllim, sizin sərt, ciddi simanızda sanki şən, pozitiv 18 yaşlı Rəşad Məcid ruhu var. 18 yaşlı Rəşad Məcidlə 54 yaşlı Rəşad Məcid arasında hansı fərqlər var?
-Bu, mənim ovqatımdan asılıdır. Bəzən mənə deyirlər ki, çox coşğunsan, gəncsən. Bəzən də min ilin yorğunu kimi qoca görünürəm. Ruh, sevgi olanda gənc oluram. 18 yaşımda yazdığım şeirlərə baxanda fikirləşirəm ki, mən 18 yaşımda da, 35 yaşımda da bu düşüncədə olmuşam və 55 yaşımda da elə eyni düşüncədəyəm. Fikrimcə, insan sevgisiz yaşaya bilməz. İnsana sevginin verdiyi stimuldan üstün heç bir şey yoxdur. Son müsahibəmdə Cek Londonun "Martin İden" romanı haqqında söhbətim vardı. Uşaqlıqdan sevdiyim əsər olub. Elə o əsərin də məğzində bu durur. Sevginin verdiyi böyük enerji və sevgisiz həyatın boşluğu, bozluğu və mənasızlığı. Yəni 18 yaşındakı Rəşad da elə düşünür, 54 yaşındakı Rəşad da. 


-Müsahibələrinizin birində demisiz ki, indiki gənclər sevginin nə demək olduğunu bilmirlər.
-Sevgiylə, gənclərlə, qadınlarla bağlı çox fikirlərim var. Bu fikirləri müxtəlif ovqatlarda demişəm. Sevginin insana verdiyi güc, enerji var ki, mən özüm o gücdən çox böyük stimul alıram. Arzulayıram ki, bizim cavanlar hissiz, duyğusuz, əzmsiz olmasınlar. Əgər sən qarşına məqsəd qoyursansa ona çatmaq üçün sevginin misilsiz rolu var. Sevgi olmasa, istək olmasa, dəlicəsinə arzu olmasa ona çatmaq olmaz. 


- Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüsünüz. Buna görə də sizə çoxlu müraciətlər gəlir. Sizcə, hansı günahı bağışlamaq olmaz?
-Elə cinayətlər olur ki, komissiya üzvləri birmənalı əleyhinə olurlar. Amma elə günahlar var ki, onları bağışlamaq mümkündür. Mən yazıçıların, jurnalistlərin nümayəndəsi kimi bəlkə daha humanist və mərhəmətliyəm. İnsanlara, günahkarların islah olunacağına inanıram. 


-Ailənizdə sənətinizi davam etdirən varmı?
-Böyük oğlum jurnalistika ilə məşğuldur. Heç fikirləşməmişdim ki, nə vaxtsa o, bu sahə ilə məşğul olar. Yaxşı yadımdadır ki, 4–cü sinifdə oxuyanda hekayə yazmışdı. Bacım oğlu Səməd də rəsmlər çəkmişdi. Mən də bu hekayələri bizim redaktor müavinimiz Yaşara verdim ki, redaktə etsin, "Günəş" jurnalında çap olunsun. Jurnalda çap olunandan sonra Mirhacibin reaksiyasi yadımdan çıxmır. O, öz hekayələrini oxuyandan sonra dedi ki, "ata, mənim hekayələrimi kim bu hala salıb?" Çünki Yaşar möhkəm redaktə, dəyişiklik etmişdi. Buna görə də Mirhacib öz üsyanını, etirazını bildirmişdi. Sonra fikirləşdim ki, o, artıq heç vaxt bu sahəylə məşğul olmaz. Tale elə gətirdi ki, o, mənim sənətimi davam etdirəsi oldu. Yeni medianın nümayəndəsi oldu.


- Çoxlarını bu sual maraqlandırır, Rəşad Məcid "Bir də gəlməyəcək sənintək qadın" misralarını kimə həsr edib?
-O misralar çox məşhurdur. Bir çox qadın Xumar Qədimovanın ifasından sonra deyir ki, bu şeir mənə yazılıb. Bu şeirin təkcə bir ünvanı var... Minlərlə qadın düşünsə də ki, ona yazılıb, amma onun bir ünvanı var. Bunu isə sənə gələcəkdə deyərəm (gülür). 


-Sonda nə demək istəyərdiz?
-Mən sənə uğurlar arzulayıram. Bunun üçün əzmkar olmalısan, zəhmət çəkməlisən, oxumalı, öyrənməlisən. Jurnalistika üçün fitrətən keyfiyyətlər lazımdır, intuisiya, müşahidə qabiliyyəti, yazmaq qabiliyyəti Allahın insana bəxş etdiyi keyfiyyətlərdir. Əminəm ki, bizim müsahibəmiz maraqlı olacaq, onu oxuyacaqlar. Gələcək illərdə, məşhur olanda da sənin yadından çıxmayacaq.

 


Ayan Rzayeva
 

Bakı Dövlət Universiteti, 

Jurnalistika fakültəsi,

 I kurs tələbəsi 
 

Digər yazılar

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”

“Tələbə qiymət xatirinə yalvaranda böyük təəssüf hissi keçirirəm”

“Valideynin bir kəlməsi uşağı intihara yönəldə bilir” – PSİXOLOQLA MÜSAHİBƏ

“Hər gün özünüzü hazırlamalısınız” - SƏFİR DANIŞIR

"İmtahana adi bir sınaq kimi getmək lazımdır"-Prezident təqaüdçüsü ilə müsahibə

Həyatda ən böyük uğurum ailəm, övladlarımdır

“İnsan mübariz olmalı, daim özünü təkmilləşdirməlidir»-səfirlə MÜSAHIBƏ

“Bəzən səmimiyyətim müqabilində təəssüfləndiyim hallarla da qarşılaşmışam”

“BDU-nu təmsil edən tələbələr Azərbaycanı beynəlxalq layihələrdə uğurla təmsil edirlər”

"Bakı Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün müraciət edənlərin sayı artıb"

"Tarix həmişə birinciləri yadda saxlayır..."

"Ölkə rəhbərliyi ilə vətəndaşlar arasında qarşılıqlı inam və etimad var"

Yepiskop Vladimir Fekete: "Qonaqpərvər və mehriban xalqınız var"

"Bakı Dövlət Universitetindəki yaradıcı mühit məni heyrətləndirdi"

"Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik"- İndoneziyalı səfir

“Nazir olmaq haqqında fikirləşmirəm”

BDU-nun Rus Mərkəzinin növbəti uğuru

"İctimaiyyətlə əlaqələr işində üç qızıl qayda var" - Bakıya gəlmiş əcnəbi PR mütəxəssislərindən MƏSLƏHƏT    

Şərqşünas alim Könül Bünyadzadə: “Allahsız qalmaqdan qorxuram” - MÜSAHİBƏ  

Professor Şəhla Səmədova: "Mən bu günə kimi də həmin ədalətsizliyi unuda bilmirəm"