254 01-02-2018

Kafedramızın sevimlisi - Rəhilə Quliyeva - 70

Adətən, müəllim ömrünü çırağa bənzədirlər. Sönənə qədər bilik dolu hərarətini şagirdinin, tələbəsinin duyğularına hopdurur. Müəllim ömrünü günəşə, işıqlı ulduzlara bənzədirlər. Günəş kainatı, müəllim isə ömrünün zərrələri ilə gənc nəslin mənəvi dünyasındakı qaranlıqları əridir, onların həyat yollarını işıqlandırır. Platonun sözləri ilə desək: “Bizi yerdən göyə qaldıran da, həyatdakı uğurlarımıza imza atan da müəllimlərimizdir”.

Rəhilə xanım, siz də şərəfli müəllimlik peşəsinin layiqli nümayəndəsi olaraq ömrünüzün təxminən 50 ilə yaxın zamanını tələbələrin təlim-tərbiyəsinə həsr edərək xalqımızın övladlarına savad, bilik, elm öyrədəcək müəllimlər ordusu yetişdirməklə  məşğulsunuz.

Məlumat üçün qeyd edim ki, Rəhilə İldırım qızı Quliyeva Bakı Dövlət Universitetinin filologiya fakültəsində Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktorudur. O, 16 dekabr 1947-ci ildə doğma yurdumuzun ən dilbər guşələrindən biri, hazırda mənfur ermənilərin tapdağı altında olan  Qarabağda – Şuşada çox gözəl bir ziyalı ailəsində dünyaya göz açıb, boya-başa çatıb. Sənədlərini Azərbaycan Dövlət Universitetinin  filologiya  fakültəsinə   daxil olub.

Universiteti  müvəffəqiyyətlə bitirən  Rəhilə  Quliyeva Qarabağa qayıdıb  və  Xankəndi (Stepanakert) Pedoqoji İnstitutunda müəllimlik fəaliyyətinə başlayıb. Lakin elmə olan həvəs və müəllimlərinin təkidi ilə Bakıya gələrək, Azərbaycan dilçiliyi kafedrasının dissertantı  olub və professor Ə.Abdullayevin rəhbərliyi ilə “Müasir Azərbaycan dilində ədatlar” mövzusunda dissertasiya işini uğurla başa vurub.  Dosent R.İ. Quliyeva proqramlar, dərslik  və dərs vəsaitləri, metodik göstərişlər və 100-ə qədər elmi məqalələrin müəllifidir.

Yaxşı müəllimi səciyyələndirən cəhətlər çoxdur: dərin bilik, pedaqoji hazırlıq, müəllimlik bacarığı, yüksək peşəkarlıq, innovativ düşüncə və fəaliyyət, tələbələrlə səmimi ünsiyyət və s. – bunların hamısı bizim Rəhilə müəllimədə var.

Azərbaycan dili və ədəbiyyatının  tədrisi metodikası kafedrası, elmi potensialına görə BDU-nun sayılıb – seçılən kafedralarından  biridir. Kafedramızda  əməkdaşlarımızın yuvarlaq doğum günlərini, yubileyləri qeyd etmək bir ənənə halını alıb. Yubilyarı təbrik edir, ona  xoş arzularımızı bildiririk, kafedrada bir doğmalıq, xoş abu-hava yaranır, sevinclərə sevinirik, kədərimizi bölüşürük. Beləliklə, heç özümüzün də nə vaxt yaşa dolduğumuzu  hiss etmirik.

Bu günlərdə yubileyini qeyd edəcəyimiz hamımızın istəklisi Rəhilə xanım Quliyevanın da  yaşının 70-ə çatdığına  inanmırıq. Doğrusu, görkəmi də bu yaşı göstərmir. Ancaq düşünəndə ki, elə pedaqoji stajı, təxminən, 50 ilə yaxındır, o zaman bu zərif xanımın belə gənc qalmasının səbəbini onun müəllimlik peşəsini çox sevməsi,  xarakterinin mülayimliyi, geniş qəlbə malik olması, həmişə optimist əhval-ruhiyyəsi ilə əlaqələndirdim. Daim gənclərlə − tələbələrlə ünsiyyətdə olan insan qocalmaz.

Rəhilə xanım fədakar ana,  ləyaqətli övlad, sədaqətli həyat yoldaşı və istəkli nənədir. Onun ən böyük dövləti xoşbəxt ailəsidir. Oğlu Elçin hüquqşünas, qızı – Məlahət göz həkimidir.

Həyatın sevincini də, kədərini də  (Şuşa – Qarabağ həsrətini nəzərdə  tuturam) zəif çiyinlərində daşıyan zərif, nəcib və ləyaqətli insan, öz bilik və bacarığını  xalqının övladları  yolunda sərf edən Rəhilə müəlliməyə  çətin, şərəfli və məsuliyyətli yolda uğurlar  diləyirik. Sizinlə fəxr edir, qürur duyuruq.

Açılan sabahlarınız nurlu olsun. 70 yaşınız mübarək olsun!

Məhbubə  Qurbanova

Azərbaycan dili və ədəbiyyatının

tədrisi metodikası kafedrasının dosenti

 

 

Digər yazılar

“Ailəmi ən böyük sərvətim hesab edirəm”

Ömür kitabının 80-ci səhifəsi

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim

Kimyaçı alimin 80 illik yubileyi keçirilib

Elmindən pay verən alim

"Milli-mənəvi dəyərlərimizi mükəmməl mənimsəsinlər "-MÜSAHİBƏ

Yubilyarlarla səmimi söhbət

Hərə bir taleylə gəlir dünyaya - İzzət Rüstəmov - 80

"Yalçın Əlizadə hər birimiz üçün bir məktəbdir"

Sözünün sehrində bir dünya yaratdığımız sənətkar

Qəlblərdə yaşayan alim

Dosent İsmayıl Məmmədovun 75 illik yubileyi

Akademik Əşrəf Hüseynov – 110

Aydın müəllim, 50 yaşın mübarək!

Görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd edilib

Akademikin 75 illik yubileyi qeyd edilib