650 10-01-2019

“Tələbə qiymət xatirinə yalvaranda böyük təəssüf hissi keçirirəm”

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin  Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərovun yanvarın 10-da 63 yaşı tamam olur. Bu münasibətlə “Bakı Universiteti” qəzeti professor Anar İsgəndərovla müsahibəni təqdim edir:

 


Anar müəllim, doğum gününüzlə bağlı hansı hissləri keçirirsiniz?


Allaha şükür edirəm ki, yaşımın üstünə bir il də gəldi, evdə ailəmin başında, işdə həmkarlarımın əhatəsində, tələbələrimin yanındayam. Yaş artdıqca valideynlərim daha tez-tez yada düşür. Anam 46 yaşında dünyasını dəyişib. Övlad olaraq anam üçün heç nə edə bilmədim, bir vəsiyyətindən başqa. Bütün çətinliklərə baxmayaraq, onun vəsiyyətini həyata keçirtmək üçün qəpiyi manata çevirib ata yurdunda ev tikdim, fəhləsi də özüm oldum, mühəndisi də... Atamın da bir vəsiyyətini reallaşdıra bilmişəm, o,çox arzu edərdi ki, yaxşı oxuyum, kamil mütəxəssis, tanınmış insan olum. Bilmirəm, televiziya verilişlərinə görədir, yoxsa tələbələrimin sayı artıq minlərlə ölçülür, ona görədir, küçədə tanımadığım adamlar hörmətlə salam verəndə, halımı soruşanda atamın vəsiyyətini də həyata keçirdiyimi düşünürəm.  Təsəlli tapdığım bunlardır. Valideynlərimdən halallığı, xeyirxahlığı və ədaləti öyrəndim. Onlardan sonra müəllimlərimdən də öyrəndiyim çox şey olub.


Ad gününüzdə kimləri yanınızda görmək istəyirdiniz?


Əslində görmək istədiklərim yanımdadırlar. Ənənəvi olaraq ad günüm ailəmin əhatəsində keçir. Dostlardan və qohumlardan təbrik qəbul etməklə kifayətlənirəm. Amma bu il mənim ad günüm üçün bir neçə ay bundan əvvəl dünyaya gələn ilk nəvəm ən böyük təbrik və əvəzsiz hədiyyə  oldu.


Bu yaş sizə nə deyir?


63 yaş peyğəmbər ömrüdür. Bu yaşa çatdığım üçün, Allaha şükür edirəm. Orta məktəbdə şagird, ali məktəbdə tələbə, orta məktəbdə tarix müəllimi, Neft və Sənaye Universitetində kabinet müdiri, Bakı Dövlət Universitetində baş laborant, müəllim, baş müəllim, dosent, professor. Namizədlik və doktorluq dissertasiyaları müdafiə etdim. 20 ilə yaxındır ki, nüfuzlu bir kafedraya rəhbərlik edirəm. Ailə başçısıyam, iki oğul və nəvə sahibiyəm. Müqəddəs Həcc ziyarətində olmuşam.Yaxşı ailəm, sevimli tələbələrim, etibarlı dostlarım, güvəndiyim insanlar var. Məncə, bu yaş üçün kifayət edər...


Tarixçi olmaq uşaqlıq arzunuz idi?


Dəqiq cavab vermək çətindir...Ancaq reallıq odur ki, tarixçi oldum. Mənbəşunaslıq və tarixşünaslığın problemlərini tədqiq etmək mənim qismət payım oldu. 1917-1920-ci illər Azərbaycan tarixinin tarixşünaslığı və mənbəşünaslığı ilə bağlı bir neçə sanballı əsəri ortaya qoya bildim. Ölkələri gəzdim, mötəbər konfranslarda çıxışlar etdim, dövlət başçıları tərəfindən qəbul olundum, xaricdə əsərim çap olundu, orden və medala layiq görüldüm. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tədqiqatlarıma görə dövlət başçısı tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşam. Bu günə qədər bu ordenlə təltif olunan yeganə ali məktəb müəllimiyəm. Yəni, tarixçi olmağıma görə borclu olduğum orta məktəb müəllimlərimin, sonralar bu istəyi bir az da alovlandıran ali məktəb müəllimlərimin ümidlərini, deyəsən, doğrultmuşam.  
Bu yaşa qədər həyatınızda baş verən hansı qərarınıza görə təəssüflənirsiniz?
Təəssüfləndiyim çox şey olub, amma hansı qərarıma görə daha çox təəssüfləndiyimi xatırlaya bilmirəm. Ümumiyyətlə, mən dinə çox bağlı adamam və belə adamlar, adətən,“kaş belə olaydı” fikrindən uzaq olurlar. Fikrimcə,verən də, alan da Allahdır!

Həyatınızda ən böyük uğurunuz?

Valideynlərimə yaxşı övlad olmaq istəmişəm. Kəndimi, rayonumu, respublikamı, xalqımı, dövlətimi böyük məsuliyyət hissi ilə sevmişəm və  ləyaqətlə təmsil etməyə çalışmışam. Ən əsası, tələbələrim üçün təmənnasız müəllim olmaq istəmişəm. Dərs dediyim tələbələrimi övladlarımdan ayırmamışam. Rəhbərlik etdiyim kafedranı səmimi bir ailəyə çevirməyə çalışmışam. Tələbələr buraxılış işini yazmaq üçün rəhbərlik etdiyim kafedraya düşəndə çox sevinirlər. Bu mənə olduqca xoş təsir bağışlayır. Bu siyahını kifayət qədər uzatmaq olar. Ən əsası, Azərbaycanın 1917-1920-ci illər tarixinin tarixşünaslığı və mənbəşünaslığı sahəsində elmi məktəbin yaradılmasına nail olmuşam.


Bəs uğurlarınızın sirri nədir?


Ən böyük önəmi insanın şəxsiyyətinə, onun fərdi keyfiyyətlərinə, zəhmətsevərliyinə verirəm. Öz uğurlarımda da Allahın qisməti ilə yanaşı bu keyfiyyətləri  əsas götürürəm. Böyüyə hörmət, kiçiyə qayğı nədir, bunları həyatda kredom kimi qəbul etmişəm. İnsanlarda yaltaq sifəti qəbul etmirəm. Tələbə qiymət xatirinə yalvaranda böyük təəssüf hissi keçirirəm. İnsan özünə hörmət edəndə, daha böyük uğur qazana bilir. Bu, istər tələbə olsun, istər yaşlı bir ziyalı olsun, fərqi yoxdur. Ancaq özünəhörmət gənclik illərindən,bəlkə də körpəlikdən başlanır.


İnsan cəmiyyətdə necə hörmətli şəxsə çevrilə bilər?


İnsanın şəxsiyyətinə və ədalətinə həmişə xüsusi önəm vermişəm. Vaxtilə AZİ-nin fəlsəfə kafedrasında mərhum professor Ənvər Əhmədovun rəhbərliyi altında iki il işləmişəm. Onun bir neçə fikrini vəsiyyət kimi qəbul etmişəm. O, deyirdi: 
Heç vaxt tələbənin cibinə baxma!
Qız uşağına qeyri-kafi yazma!
İxtisasını yaxşı öyrən, özünə inan, amma ən yüksək zirvələrə qalxsan da, qürrələnmə!
Tələbələrimə savad verməkdən daha çox onların şəxsiyyət kimi yetişməsinə önəm verirəm. Müəllimin ədaləti savadından daha yüksəkdə durmalıdır. Gənc şəxsiyyət kimi yetişəndə onun vətənə və xalqa sevgisi çox böyük olur. İnsan qorxaq, yaltaq, ikiüzlü olanda cəmiyyət çox şey itirir! 


Sizin üçün nəyi bağışlamaq çətindir?

Yaltaqlığı, qorxaqlığı, namərdliyi! Valideynlərin üzünə ağ olan övladı. Valideyninə hörmət qoymayan insan heç vaxt vətənini sevə bilməz, namusun da nə olduğunu başa düşməz...

Anar İsgəndərov istədiyi həyatı yaşayıbmı?


Məncə, hə! Ancaq arzulamaq azdır, çox zaman arzuladıqların   alınmır. Allahın mənə verdiyi bu ömür payından razıyam.   Allahımdan çox razıyam. İtirdiklərim də olub. Səhhətimlə bağlı sınaqlarım çox olub.

Gənclərə, o cümlədən, tələbələrə tövsiyələriniz...


Bir xalq olaraq həmişə diqqət mərkəzində olmuşuq. Heç kimin torpağında gözümüz olmasa da, bizə olan hücumların sayı-hesabı olmayıb. Dünyada 5 mindən artıq millət var, amma dövlətlərin sayı 200-ə çatmayıb. Allaha şükürlər olsun ki, yenidən bu 200 dövlətin,  müstəqil ölkələrin sırasındayıq. Üçrəngli bayrağımız dünyanın ən nüfuzlu təşkilatlarının binası üzərində dalğalanır. Azərbaycan gəncliyi bu dövlətin qədrini bilməlidir. İşğal altında olan torpaqlarımızın azad olunması üçün əlindən gələni etməlidir. Həm süngü, həm də qələmi ilə. Üçrəngli bayrağımız Azərbaycanın bütün ərazisində dalğalananda 100 il bundan əvvəl Cümhuriyyəti quran babalarımızın ruhu şad  olar. Təkrar deyirəm, bu şərəfli missiyanı Azərbaycan gəncliyi həyata keçirməlidir. Onlara uğurlar arzulayıram.

Solmaz Babaşova

Digər yazılar

“İmtahan keçirilən binaya daxil olanda hər şey dəyişdi” – Jurnalistika fakültəsinin tələbəsi

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”