120 01-10-2018

"Gözlərim açılsaydı, ilk olaraq övladlarımı görmək istərdim..."

“Bakı Universiteti” qəzeti paracüdoçu İlham Zəkiyev ilə müsahibəni təqdim edir:

– İlham bəy, mümkünsə özünüz haqqında məlumat verərdiniz...

– 1983-cü ildə martın 3-də Sumqayıt şəhərində anadan olmuşam. Ailədə 5 uşaq olmuşuq: 4 qardaş, 1 bacı. Atam zavodda fəhlə, anam bağçada dayə işləyirdi. 1987-1997-ci illərdə Sumqayıt şəhər 5 nömrəli məktəbi bitirmişəm. 2005-ci ildə ailə həyatı qurmuşam, 3 övladım var: İlkin, Aynur və son beşiyimiz Həmzə.

– Necə oldu ki, idmanla məşğul olmağa başladınız?

– Böyük qardaşım sayəsində idmana həvəs göstərmişəm. Qardaşım Fikrət sərbəst güləşlə məşğul olurdu, mən də 11 yaşından ona qoşuldum. İdmana sərbəst güləşlə başlamışam. 1995-ci ildən cüdo məşqlərinə başladım. Qısa müddət ərzində respublikada uğurlarım oldu. 1998-ci ilin iyul ayında isə son yarışım oldu və Azərbaycan kubokunu qazandım.

– Məlumdur ki, hərbi xidmətə çağırılmağınızdan sonra həyatınız dəyişdi...

– Bəli, 1998-ci ildə həqiqi hərbi xidmətə qulluğa çağırıldım. İdmançıydım, yoldaşlarımdan seçilirdim . N saylı hərbi hissənin kəşfiyyat paqonuna seçdilər, orda qulluğumu davam elədim. Nümunəvi xidmətə görə fəxri fərmanla təltif olundum. 1999-cü ilin fevralın 4-də Füzuli rayonunun aşağı Əbdürəhmanlı kəndi istiqamətində döyüş tapşırığı yerinə yetirən zaman düşmən snayperinin gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan daxil olub sağ gicgahımdan çıxmışdı. Beş gün komada oldum. Həkimlər valideyinlərimə öləcəyimi desələr də, şükürlər olsun Allahın böyüklüyünə, beş gün sonra anamın səsinə komadan ayıldım. Lakin anamı görə bilmədim...

– Həmin an hansı hissləri keçirdiniz?

– Yaralanma nəticəsində görmə qabiliyyətimi tamamən itirmişdim. Orda nə baş verdiyini anlamırdım. Yaralandıqdan sonra məni hospitala gətirəndə hər yer qaranlıq idi və dəhşətli ağrılarım var idi. Heç nə xatırlamırdım, sonra yavaş-yavaş vəziyyəti izah elədilər. Doğurdan da çox çətin idi. 19 yaşımı hospitalda qeyd elədim. Evimizə 1-ci qrup Qarabağ müharibəsi əlili kimi qayıtdım. İlk günlər bu vəziyyətə alışmaq çətin idi. Dostlarım, ailəm, yaxınlarım mənə çox dəstək oldular.

– Bəs necə oldu ki, yenidən idmana qayıtdınız?

– Yenidən idmana qayıtmağım doğrudan həm təsadüf, həm də çox maraqlı oldu. 2002-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinə əvvəllər idmanla məşğul olan biri kimi müalicəmə kömək etməkləri üçün müraciət elədim. Həmin vaxt Olimpiya komitəsinin prezidenti olan İlham Əliyevə bu barədə məruzə edildi. Bir həftə sonra məni Moskvanın ən güclü göz klinikasına göndərdilər. Müayinədən sonra tibbdə bunun müalicəsinin mümkün olmadığını dedilər. Çox məyus qayıtdıq. Qayıdandan sonra nazirlikdə şöbə müdiri işləyən Tağı Tağıyevə məlumat verdim və söz arası Milli Paralimpiya Komitəsinin oyunlarında gözdən əlillər üçün hər hansı bir güləş növünün olub-olmamsı ilə maraqlandım. Elə yanımdaca komitəyə zəng vurdu. Oradan bildirdilər ki, cüdo idman növü var. Tağı müəllim onlara hazırda yanında gələcəyin dünya, Avropa, Olimpiya çempionunun olduğunu və məni onların yanına göndərəcəyini bildirdi. Mənə də dedi ki, sənin alnına dünya olimpiya çempionu olmaq yazılıb, get, sabahdan məşqlərə başla.

Beləliklə, 2002-ci il noyabr ayının 1-dən mən yenidən idmana başladım və qısa zamanda çox uğurlu nəticələr qazandım.

– Sizə ən çətin gələn yarış hansı olub?

– Heç bir yarış, heç bir uğur rahat olmayıb. Yarışlar və rəqiblər hamısı yadımdadır. Ən məsuliyyətlisi Bakıda keçirilən Avropa oyunları oldu. Bildiyiniz kimi paraocüdonu Avropa oyunlarının proqramına mənə görə salınmışdır və mən Azərbaycanı layiqincə təmsil etməli idim və qalib gəldim. Təltif olunmada qızıl medalı mənim boynuma cənab Prezident taxdı, onda onu kürsüyə dəvət etdim, sağ olsun, o da mənim dəvətimi qəbul etdi. Fəxri kürsüdə onu Silahlı Qüvvələrin yaranması münasibətilə təbrik etdim. Mən ona belə məruzə etdim ki, cənab Ali Baş Komandan əsgər Zəkiyev verdiyiniz döyüş tapşırığını yerinə yetirdi, yəni qızıl medalı qazandı, cənab prezident isə dedi ki, İlham, Azərbaycan səninlə fəxr edir.

– Vətəni hərə bir cür sevir. Bəs siz öz sevgi hissinizi necə izah edərdiniz?

– Vətəni sevməyin kriteriyaları yoxdur. Gördüyümüz iş göz qabağındadır. Vətənə qulluğum hərbi sahədə yarımçıq qalsa da, bu gün idman arenasında, tatamidə davam etdirirəm.

– Bəs övladlarınızın da idmanla məşğul olmağını istərdinizmi?

– Oğlanlarım təbii ki, ən azından sağlamlıq üçün idmanla məşğul olacaqlar. İlkin hazırda cüdo ilə məşğul olur, hətta Respublika daxilində uğurları da olub. Amma təhsilə də üstünlük veririk.

 

– Əgər gözləriniz açılsaydı, ilk olaraq kimləri görmək istərdiniz?

– Övladlarımı görmək istərdim. Onları görməmişəm.

– Maraqlıdır, siz cüdoçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Uşaq vaxtı təbii ki, hər kəsin bir arzusu olur. Böyüdükdə əsgərliyə getmək, sonra qayıdıb ali təhsil almaq, ailə həyatı qurmaq. Təbii ki, mənim də arzularım var idi. Polis olub güc strukturlarında işləmək istəyirdim.

– Bəzi insanlar həyatda bir çox şeylərə nail olsalar da, naşükürlük edirlər. Onlara sözünüz nə olardı? 

– Quranda deyilir ki, adəm övladı naşükürdür. İnsanlar Allahın onlara verdikləri saysız nemətlərə baxıb şükür etməlidirlər.

– Sizin üçün xoşbəxtlik nədir?

– Dahi insanlardan biri demişdir ki, xoşbəxt insanlar evdən işə, işdən evə tələsir. Xoşbəxt insan odur ki, sevir, sevilir. Sevdiklərinin ətrafındadır. Bu gün mən də xoşbəxtəm ki, sevdiklərimin yanındayam.  

 

Aliyə İlyasova,

Jurnalistika fakültəsi, II kurs tələbəsi

Digər yazılar

BDU-da intellektual yarış keçirilib

Çox yorulmuşam artıq...

Tərcümə sənətdir, yoxsa istedad?

BDU-nun magistrantı beynəlxalq elmi konfransda çıxış edib

"Uğurlarımın sirri işi sevərək etməyimdədir"

BDU-nun elmi işçisi Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdə olub

Böyük xalq yazıçısının ömür yoluna kiçik səyahət

"Tarix həmişə birinciləri yadda saxlayır"

“Uğurun sirri işini sevərək görməkdədir”

“...Bu sevgimizin üstünə kölgə belə sala bilməzlər”

BDU magistrantı şagirdlərə “Beynəlxalq uşaq hüquqları” mövzusunda mühazirə oxuyub

Qanadsız mələklər

Gülümsəməyi unutmayın! 

Mənim həyat fəlsəfəm...

Tələbənin tələbədən müsahibəsi

Müasir həyat tərzi

"Məni tənqid edəndə tez ruhdan düşürəm"

Prezident təqaüdçüsü: “Heydər Əliyevə bənzəmək istəyirəm”

Nəsimi Paşayev: “Sərnişinlər qatarlara minmək üçün qapıları saxlayırlar...”

“ Soyuq əllər-isti ürəklər”