227 01-02-2018

Qüdrətlən, çiçəklən doğma universitetim mənim!

 

 

    Hələ ən qədim dövrlərdə müdriklər hesab edirdilər ki, insanın şüurlu fəaliyyəti həyatda həmahənglik yaratmağa, başqa sözlə, həyatı gözəlləşdirməyə yönəldilib. Belə bir meyl vərdişə çevriləndə isə insanı xoşbəxtliyə qovuşdurur. Həqiqətən də nəhayətsiz müxtəlif növ və formalarda təzahür edən gözəllik, onun əsl mənbəyi olan ana təbiət bizi həmişə heyran edir, parlaq hisslər doğurur, əhvali-ruhiyyəmizi yüksəldir. Tətqiqatlar göstərmişdir ki, yaşıllıq şəraitində işləyən adamın həyat tonusu daha yüksək olur, o eksremal vəziyyətlərə daha optimal yanaşır, sinir sistemi, yaddaşı möhkəmlənir, təyziqi və nəbzi normallaşır.

    Bundan əlavə, belə şəraitdə insan daha az xəstələnir, çünki bitkilər havada və ətraf aləmdə olan xəstəliktörədici mikroorqanizmlərin sayını xeyli azaltmaq qabiliyyətinə də malikdirlər. Elə ona görə də, canlı təbiətin ecaz kamilliyi, qənirsiz gözəlliyi hər birimizdə heyranlıq, təəcüb və fərəh duyğuları yaradır. Təbiətdən zövq alan, bu sirli aləmi məftunluqla sevən hər bir kəs, onu qoruyub artırmağı, qayğısına qalmağı ən ümdə məsələlərdən biri kimi dəyərləndirir.

    Axı il boyu zirvəsi qarla örtülü olan dağları, könül açan ormanları, xəfif bir mehdən yarpaqları pıçıldaşan meşələri, suyu min bir dərdin dərmanı olan durna gözlü bulaqları, çeşmələri necə sevməmək olar?  Adi bir qar dənəsi paltomuzun zərif tükləri üzərində kiçicik gəmi kimi ilişib qalanda sanki qiymətli metaldan düzəldilmiş bu altıüzlü “ulduzun” aydın görünən və həmişə simmetrik olan gözəlliyinə necə heyrətlənməmək olar? Doğrudan da, təbiətdə hər şey kamildir, öz yerindədir. Elə bizim doğma Bakı Dövlət Universitetində olduğu kimi.

    Bu azman təhsil ocağının qapılarından içəri daxil olan kimi gözlərimiz önündə dədə Füzulinin öz qəzəllərində: “Hər ağac kim,boy ata,sərvi-xuraman olmaz” – deyə, vəsf etdiyi, səliqə-sahmanla, sıra ilə əkilmiş sərv ağaclarının, gül kollarının əsrarəngiz bir mənzərəsi canlanır. Qədd-qamətli şam ağaclarının yanından ötərkən Səttar Bəhlulzadənin, Klod Monenin, İvan Şişkinin və daha neçə-neçə dahi sənətkarların ölməz əsərləri yada düşür. Bir anlığa özünü hansısa bir rəsm qalereyasında, yaxud təbiət dərsində hiss edirsən.

   Günəşin ilin bütün fəsillərində həmişəyaşıl olan bu ağacların sıx budaqları arasından süzülən şəfəqləri sanki, V.Motsartın, A.Vivaldinin, F.Şopenin təbiət füsünkarlığını vəsf edən musiqilərini canlandırır.

    Ötən əsrin 80-ci illərində akademik H.Əliyev “Həyəcan təbili” adlı kitabında yazırdı: “Əsas məsələ yeni nəslə ətraf mühitə ağıllı gözlə baxmağı öyrətməkdir. Təbiəti duymaq, dinləmək, lazım gələndə “bütün hissləri səfərbər edib” onun keşiyində durmağı bacarmaq psixologiyasını gənc nəslə aşılamaq ən yaxşı təbiət dərsidir”.

    Hər gün minlərlə tələbənin təhsildəki uğurlarına, alimlərimizin elmdə və pedoqoji fəaliyyətindəki nailiyyətlərinə şahidlik edən, gərgin zəhmətin sayəsində ərsəyə gələn bu ağaclar, bu təbiət gözəllikləri, onları duyaraq dəyərləndirən hər bir kəsin qəlbində bu ürfani estetikanı yaradanlara nəhayətsiz ehtiram və minnətdarlıq hissləri oyadır.

    Qoy, Azərbaycanın ilk ali təhsil ocağı olan, çiçəklənən, gündən-günə qüdrətlənən, doğma universitetimizin nailiyyətləri, bu əzəmətli ağacların kökləri kimi möhkəm, budaqları kimi şaxəli olsun!

 

Aydın Məmmədov

Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş