558 27-02-2019

Tələbələr imtahan sessiyası ilə bağlı təəssüratlarını bölüşür

BDU-da payiz imtahan sessiyası sona çatdı. Həmişə olduğu kimi bu dəfə də imtahan nəticələri bəzi tələbələrə sevinc, bəzilərinə isə kədər gətirdi. Tələbələr hansı fənlərdən imtahan verməkdə çətinlik çəkiblər? İmtahan nəticələri necə olub? Bu  suallara cavab tapmaq, o cümlədən, imtahan prosesilə bağlı təəssüratlarını bölüşmək üçün Bakı Dövlət Universitetinin bir neçə tələbəsinə müraciət etdik.

- Mənə görə, semestr üçün ən çətin imtahan məntiq fənnindən idi. Qeyri-ixtisas fənnidir və nəzərə alaq ki, hər tələbənin mənimsəmə qabiliyyəti eyni deyil. Universitetə qəbul olunandan bəri 29 imtahan vermişəm, amma heç bir imtahanda bu qədər stress keçirməmişdim. Həqiqətən də, bunu travmatik bir imtahan macərası adlandırmaq olar. Nəticə ürəkaçan deyildi, amma keçdim.

Leyla Rəhimli, Jurnalistika fakültəsi, 3-cü kurs tələbəsi.

- Həndəsə imtahanı çox çətin idi. Çünki əlimizdə lazımi qədər dolğun məlumat yox idi. Nəticə gözlədiyimdən yaxşı oldu, kəsilmədim.

Ayan Əliyeva, Mexanika-riyaziyyat fakültəsi, 2-ci kurs tələbəsi.

-Alman dili imtahanı çətin idi. 4 fənn içində heç bir bazaya sahib olmadığım yeganə dərs idi. Ancaq o qədər də pis keçmədi. C ilə tamamladım.

Rüstəm İsmayılbəyli, Şərqşünaslıq fakültəsi, 1-ci kurs tələbəsi.

- Ən çətin deməzdim, amma digərlərinə nisbətən ağır olan Mülki Hüquq idi. Çünki inkişaf edən sahədə bir, ya da iki ədəbiyyat bəs etmir. Eyni zamanda, fənni tədris edən müəllimlər xaricdə təhsil aldıqlarına görə onların sisteminə alışmaq bir az vaxt alır. Amma nəticə yaxşı oldu.

Nigar Abdullayeva, Hüquq fakültəsi, Sabah qrupları, 2-ci kurs tələbəsi.

Bəs imtahanlar yazılı, yoxsa test üsulu ilə keçirilməlidir? Bu suala da tələbələrin cavablarını öyrənmək maraqlı olardı.

- Yazılı üsulla keçirilməsinin tərəfdarıyam. Test imtahanı tələbəni əzbərçiliyə meylləndirir. Yazılı imtahan nisbətən çətin olsa da, nəticədə tələbəyə nə isə qazandırır.

Leyla Rəhimli

-Məncə, test üsulu ilə keçirilməlidir. Çünki belə daha dəqiqdir. Cavabın ya doğrudur, ya da yanlış.

Ayan Əliyeva

- Test üsulu qəbul imtahanındakı kimi 5-6 fəndən eyni vaxtda imtahan edilən zaman daha daha uyğundur ki, dinamik şəkildə keçirilsin. Lakin tək-tək imtahan verdiyimiz halda fənlərdə testə ehtiyac yoxdur. Və test üsulu hiyləyə çox açıqdır.

Rüstəm İsmayılbəyli

-Yazılı imtahanın tərəfdarıyam. Çünki testlə olsa tələbə müəyyən limitdə cavabları əzbərləyib sonra da unudacaq. Amma savadlı kadr olmaq istəyiriksə, tədris olunan materialları oxuyub dərk etməliyik.

Nigar Abdullayeva

Tələbələr bir imtahana hazırlaşmaq üçün nə qədər vaxt sərf edirlər?

- Mən hər dərsə hazır gələn tələbə deyiləm. İmtahan vaxtı öyrənməli olduğum material çox olur. İmtahanlar arasında müddət nə qədərdirsə, o müddətdə növbəti imtahana hazırlaşıram. 3 gün də ola bilər, 5 gün də.

Leyla Rəhimli

-Hazırlıq vaxtı imtahana görə dəyişir. Digər imtahan üçün sadəcə 2 gün vaxtım qalıbsa, məcbur oluram ki, 2 günə hazırlaşım.

Ayan Əliyeva

- İndiyə qədər heç bir imtahana vaxt ayırmamışam. Semestr ərzində eşitdiklərimlə, yadımda qalanlarla imtahana gedirəm. Yeganə hazırlığım isə, imtahandan əvvəl qrup yoldaşlarımla dialoqum olur.

Rüstəm İsmayılbəyli

- Çox vaxt ayırıram. Çünki təkrarsız imtahana getmək mümkün deyil.

Nigar Abdullayeva

Bu imtahanların nəticələri növbəti semestr tədris prosesinizə necə təsir edəcək?

-Bu imtahanlarda göstərdiyim nəticələr məni elə də motivasiya etmir. Çünki hər semestr sonu etməli olduğum adi bir şeydir.

Leyla Rəhimli

- İmtahanda göstərdiyim nəticələr növbəti semester ərzində tədris prosesinə təsir etməyəcək. Çünki bir çox tələbə sadəcə 17 bal almaq düşüncəsi ilə oxuyur.

Ayan Əliyeva

- Məncə imtahanın nəticələri növbəti tədris prosesinə təsir etmir. Yaxşı da olsa, pis də olsa, eyni şəkildə davam edirəm. Narahat olmaq, ya da rahatlamaq kimi effekt hiss etməmişəm.

Rüstəm İsmayılbəyli

- Əlbəttə, təsir edəcək. Nəticə yüksək olanda növbəti semestr dərs oxumağa həvəs daha çox olur.

Nigar Abdullayeva

 

Sevgi İsmayılbəyli,

Jurnalistika fakültəsi, II kurs tələbəsi

 

Digər yazılar

Universitet yeməkxanaları- REPORTAJ

BDU-nun kitabxanası - reportaj

Bakı Dövlət Universitetinin Heydər Əliyev muzeyi

Bakı Dövlət Universitetinin "Bakı universiteti"

BDU-nun “Gənc İstedadlar” liseyi