520 27-02-2019

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

 

Günəş istiliyinin təxminən 2 milyardda bir hissəsi yaşadığımız planetdə bütün həyatın mövcudluğu, inkişafı, tərəqqisi və təkamülü üçün ən ilkin, vacib amil rolunu oynayır. Yerdən 150 mln. km uzaqda yerləşən günəş işığı yaşadığımız planetə 8 dəqiqə 3 saniyəyə gəlib çatır. Beləcə, üfüqdən boylanan günəşin asimana səpələdiyi al qızılı şəfəqləri ilə hər bir səhərimizə start verilir, yeni qaynar bir iş günümüz başlanır.

Günəş yer üzündə həyata , artıma, bolluğa və təkamülə başlanğıc verən işığı və istisi ilə qaranlığı dəf edən, ucsuz-bucaqsız kainatda xaosu nizamla əvəz edən ali, müdrik başlanğıcdır.

Yunanların Demetra və Parsefona əfsanəsində məhsuldarlıq ilahəsi Demetranın qızı gözəl Parsefona çəmənlikdə gəzərkən yeraltı aləmin allahı Aid onu oğurlayaraq öz səltənətinə aparır. Demetra qızının həsrətini çəkdiyi üçün güllər solur, ağacların yarpağı tökülür, nə arpa, nə də üzüm bitmir. Yer üzündə aclıq, quraqlıq başlayır. Onda Zevs Aidə əmr edir ki, o hər il Parsefonanı bir neçə aylığa anasının yanına buraxsın. Odur ki, Parsefona yer üzünə gələndə Demetra sevinir, təbiət oyanır, yenə də yaz gəlir. Parsefona yeraltı aləmə gedəndə isə onun anası qəmgin olur və payız başlanır.

Gündüz işığın, həyatın, gecə isə qaranlığın simvoludur

Qədim çinlilərin astral baxışlarından işığın və onun mənbəyi olan Günəşin qaranlıqdan doğması əslində həm öz xəyali oxu, həm də Günəş ətrafında fırlanan Yer kürəsində gecə-gündüzün, fəsillərin bir-birini əvəz etməsi anlamından irəli gəlir. Belə ki, gündüz işığın, həyatın, gecə isə qaranlığın, şər qüvvələrin, ölümün simvoludur. Eynən qış fəsli donan torpağın, suyun “ölən təbiətin”, yaz isə yenidən dirilən, oyanan, canlanan istinin, xızın, Al ruhun simvolu, Günəşin təntənəsidir. Deməli, gecə, qaranlıq, günəşin zülmət dünyasına “enməsi” və ya “səyahəti”dir.

Beləliklə, bəşəriyyətin ilkin inkişaf mərhələlərində müxtəlif ölkələrdə ruhun müvəqqəti gedişi qış dövrü, eləcə də quraqlıq dövrü ilə bağlıdır.

 

Folklor nümunələrində Ay və Günəş

Bəzi folklor nümunələrində Ay Günəşin oğlu kimi, bəzən isə Ay və Günəş bacı-qardaş kimi təsvir edilirlər. Amma folklor nümunələrində bu iki səma cisminin çox zaman bir-birini sevən gənclər kimi təsvir edilməsi diqqət çəkir. Belə folklor nümunələrinin əksəriyyətində Ay Günəşi sevən, onun yolunda şər qüvvələrlə mübarizəyə hər an hazır olan qorxmaz və fədakar ərəndir: “Deyirlər, Günəş qız, Ay oğlandı. Onlar bir-birini sevirmiş. Günəş həm də öz işığı ilə dünyanı işıqlandırır, qızdırır, insanlara kömək edir. Günəşin insanlara xidmətini, Aya məhəbbətini istəməyənlər onlara paxıllıq edir. Günəşi oğurlamaq istəyirlər. Bir gün Günəş yenə də göy üzünə çıxıb insanlara işıq paylayır. Sonra sevgilisi Ayla görüşə gedir. Divlər, cinlər bunu görüb onun yolunu kəsir, Günəşi oğurlamaq istəyirlər. Ay vaxtında xəbər tutub divlərə, cinlərə hücum çəkir. Onları Günəşdən çox-çox uzaqlara qovur. Deyirlər, divlər, cinlər Günəşin qabağını kəsib ona hücum edəndə dünyanı qaranlıq bürüyərmiş. İndi də Günəş tutulanda elə bilirlər ki, onların işidir, yenə də Günəşi oğurlamaq istəyirlər. Ona görə də adamlar göyə tüfəng atır, qabları döyəcləyib səs-küy salırdılar ki, şər qüvvələr qorxub Günəşi rahat buraxsınlar”. Bununla da insanlar bir növ Günəşi qaranlığın, zülmətin şərindən, əsarətindən və yaxud çilləsindən azad etmiş olurdular. Deməli, çillə sözü semantik baxımdan qaranlıq, şər, uğursuzluq sözləri ilə eyniyyət təşkil edir.

Ayın Günəşin şər qüvvələrdən yaxud çillədən qurtulması uğrundakı mübarizəsində insanlar da öz köməyini əsirgəmirlər. Qədim folklor nümunələrindən birində deyilir: “Ay Günün əridir. Gün tutulanda deyirlər ki, ulduzların biriynən qaçıb. Aya xəbər verməkdən ötrü tüfəng, tapanca atırlar, qab-qacağı döyüb səs edirlər. Ay da xəbər tutur, gedib Günü geri gətirir”.

Günəşi qışın əsarətindən belə qurtarardılar…

Qədim əcdadlarımız Günəşi və təbiəti qışın əsarətindən, zillətindən azad etmək, çillədən çıxarmaq üçün yanvar-fevral aylarında dağların döşündə, ormanlarda, geniş düzənliklərdə görüşərək uzun sürən qış gecələrində tonqallar çatar, onun ətrafında canfəşanlıq, şadyanalıqlar təşkil edərək səhərə qədər oyaq qalardılar.

Beləliklə də, sanki qaranlığa, zülmətə meydan oxuyardılar. İnsanların oyaq qalaraq yatmamaları təbiət qüvvələrini də oyatmaq inancına söykənirdi. Belə qış gecələrində insanlar qaranlıq səmaya silahlardan atəş açaraq sanki qışı, şər qüvvələri qovmağa cəhd edərdilər. Maraqlıdır ki, oyaq qalan insanlar: “mən çillədən çıxdım” deyə, özlərinə təsəlli verər, qışı böyük və kiçik çillələrə bölməklə onun ömrünü qısaltmağa, azğın təbiətini nəzarətləri altına almağa çalışardılar.

Xalqımızın qədim inanclarında çox zaman qış fəsli şər qüvvələrin simvolu sayılan ilan obrazı ilə eyniləşdirlirdi. Məhz bu səbəbdəndir ki, bir sıra qədim, süjetli xalça kompozisiyalarında Xızır Nəbi boz atın belində qışın simvolu olan ilana qalib gələn bahadır kimi təsvir olunur. Bu süjetə bir sıra türkdilli xalqların inanclarında tez-tez rast gəlinir. Özbəkistanın cənubunda Pəncikənddə tarixi VI-VIII əsrlərə aid edilən Balalık Təpə məbədində günəşi, alovu ehtiva edən qırmızı, daha doğrusu qara-qırmızı atın üstündə əyləşmiş qəhrəman qış fəslinin rəmzi və ya qaranlığın simvolu ilanla vuruşur. Təsvirdə sanki atın ayaqlarını qucaqlayan, sıxaraq boğmağa çalışan əjdaha-ilan təslim olmaq, geri çəkilmək, öz yerini bahara vermək istəmir. Lakin, artıq ilan da bu döyüşdə ciddi zərbələr alıb, onun yaralarından qan axır. Mütəxəssislərin fikrincə, burada baharın qış üzərində qələbəsi, təbiətin çillədən çıxması səhnəsi təsvir edilmişdir.

 

Azərbaycanın “Odlar diyarı” adlanmasının qədim kökləri

Qeyd etmək lazımdır ki, od, ocaq da günəşin bir növ yerdəki bölgəsi, təzahür forması sayıldığından həmişə uca tutulub, müqəddəs hesab edilib. Təsadüfi deyildir ki, azıxantroplar dünyanın ilk süni od istehsal edə bilən ən qədim sakinlərindən hesab olunur.

Məşhur yunan yazıçısı Esxil özünün “Zəncirlənmiş Prometey” adlı əsərində odu insanlara bəxş etdiyi üçün Zevsin əmri ilə Qafqaz dağlarına zəncirlənməsi qələmə alınmışdır. Təbii ki, Azərbaycanın “Odlar diyarı” adlandırılması da tariximizin bu qədim kökləri ilə bağlıdır.

Ulu əcdadlarımızın minillər boyu Novruz bayramlarında tonqallar qalayıb, günəşin rəmzi olan keçi, qışın rəmzi olan keçəl, oyanışın simvolu olan kosa kimi obrazlarla şadyanalıq keçirməsi də əslində Günəşin çillədən çıxması kimi qədim mərasimlərdən qaynaqlanır. Amalı saf, qayəsi saf xalqımızın Günəşlə bağlı astral baxışlar sistemi təkcə bəşər tarixinin ən qədim dövrlərinə işıq saçan zəngin mədəniyyətindən deyil, həm də gələcəyə ümidlə baxan yaradıcı təbiətindən xəbər verir.

 

Aydın Məmmədov

BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi, dosent

 

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

ÖRNƏK ÖMÜR