869 27-02-2019

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Son vaxtlar bəzi şəxslərin sosial şəbəkələrdən sui-istifadə etmələlərinin artdığı barədə müxtəlif iddialar irəli sürülür, hətta burada olan boşluğu doldurmaq üçün qanunun qəbuluna ehtiyac olduğu bildirilir. “Baki Universiteti” qəzeti Azərbaycanda sosial şəbəkələrin həyatımıza təsiri, istifadə mədəniyyətinin formalaşıb-formalaşmaması, bu istiqamətdə atıla biləcək addımlara aydınlıq gətirməyə çalışıb.

Jurnalistika fakültəsinin müəllimi Xatirə Hüseynova sosial şəbəkələrdən istifadə mədəniyyətinin bütövlükdə cəmiyyət üçün aktual problem olduğunu bildirir: “Bu gün sosial şəbəkələr yalnız onlayn sosial alət deyil, həm də insanlararası ünsiyyəti təmin edən birlikdir. İstifadəçilər bir-birinə təsir göstərir və bu təsirin dərəcəsi onların nüfuzu ilə düz mütənasibdir. Amma bu təsir heç də bütün hallarda arzuolunan nəticəni vermir. Sosial şəbəkə aludəçiliyi həm də zaman baxımından ölçü hissinin itirilməsinə, dolayısıyla, fiziki və psixi tarazlığın pozulmasına gətirib çıxarır. Real ünsiyyət sıxışdırılır, dil primitivləşir, emosiyalar belə işarələrə çevrilir”.

X. Hüseynova deyir ki, Pensilvaniya Universitetində aparılan araşdırmanın nəticəsinə görə, bir saatını fasiləsiz olaraq sosial şəbəkədə keçirənlərin 25 faizində depressiya əlamətləri özünü göstərir. Bir sözlə, sosial şəbəkələrdən düzgün istifadə etmədikcə yaranan asılılıq ruhi sabitliyi pozur, stressə yol açır. Həmsöhbətimiz bildirir ki, texnologiyanın imkanlarından faydalanmaqla informasiya mübadiləsindən sərhədsiz yararlanmaq olar.

Filologiya fakültəsinin əməkdaşı Gülnar Axundova isə Azərbaycanda sosial şəbəkədən istifadə mədəniyyətinin bir qədər formalaşdığı qənaətindədir. Onun sözlərinə görə, sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib, bu səbəbdən də bəzən sosial şəbəkələrdə baş verən neqativ hal, eləcə də xəbər bizim həyatımıza, yaşam tərzimizə, iş qabiliyyətimizə mənfi təsir göstərmək iqtidarında olur: ““Facebook”, “İnstagram” kimi sosial şəbəkələrin aktiv istifadəçisi kimi müşahidələrimə əsaslanıb deyə bilərəm ki, son zamanlar Azərbaycanda sosial şəbəkədən istifadə mədəniyyəti bir qədər formalaşıb. Əvvəllər sosial şəbəkələr daha çox tanışlıq məqsədilə istifadə edilirdisə, axır vaxtlar məlumat almaq və ya paylaşmaq, hər hansısa bir biznesi genişləndirmək, işlə bağlı əlaqələr qurmaq üçün bir vasitəyə çevrilib”.

G. Axundova qeyd edir ki, bununla bərabər, mənfi rəylərin, neqativ fikirlərin sayı da artmaqdadır. Bu isə insanların xarakterlərindəki paxıllığın, aqressiyanın çoxluğundan, rəqabət hissinin düzgün formalaşmamasından irəli gəlir: “Rəqabətin düzgün aparılması, təhqirlə tənqidin sərhədlərinin doğru təyin edilməsi sosial şəbəkə mədəniyyətini formalaşdıran amillərdəndir. Ümid edirik ki, zamanla və tədricən Azərbaycanda da bu mədəniyyət formalaşacaq”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli sosial şəbəkələrin zamanla həyatımızda önəminin artmasından bəhs edir. M. Ələsgərli bildirir ki, internet üzərində formalaşan sosial şəbəkələr, azad fikir paylaşımı platforması olaraq müsbət dəyər qazanıb: “Zamanla inkişaf etdikcə, sosial şəbəkələr ayrı-ayrı fərdlərin şəxsi fikirlərinin paylaşıldığı platforma çərçivəsindən çıxaraq, daha geniş qrupları əhatə edib, hətta peşəkar KİV-in də öz informasiyalarını yaymaq üçün istifadə etdikləri əsas komunikasiya vasitələrindən birinə çevrilib. Sosial şəbəkələr dövrümüzdə informasiya mübadiləsi prosesində böyük paya malikdirlər”.

O, sosial şəbəkələrin rolunun artmasının müəyyən problemlər yaratdığını da qeyd edir: “Problemlər də bu məqamda başlayır: dünya əhalisinin böyük kəsiminin informasiya almaq üçün müraciət etdiyi sosial şəbəkələr xəbərin keyfiyyəti baxımından nə dərəcədə etibarlıdırlar? Bu platformada yayılan informasiyalar ənənəvi xəbər standartlarına uyğun gəlirmi? Yəni dürüstlük, obyektivlik, qərəzsizlik və sair kimi prinsiplərə cavab verirlərmi? Dünyanın məşhur monitorinq və statistika təşkilatlarının apardığı müşahidələr, hazırladıqları təhlillər göstərir ki, sosial şəbəkələr üzərindən yayılan xəbərlərin keyfiyyəti məsələsində ciddi problemlər var”.

Müsahibimiz deyir ki, hesablamalara görə, sosial şəbəkələr üzərindən yayılan xəbərlərin orta hesabla 40-60 faizi yalan xəbərdir (fake news). Burada xəbərin digər standartları da pozulur, nifrət çıxışı, şəxsi həyata müdaxilə, terrora çağırış və sair kimi hallar baş verir: “Yəni, sosial şəbəkələrdə yalan xəbərdən öz məqsədləri üçün sui-istifadə halları çox yüksək təhlükəli həddə çatır. Bu gün dünyada mövcud olan problemlərdən biri də, məhz, internet, sosial şəbəkələr müstəvisində “söz azadlığı” prinsipindən sui-istifadə hallarının geniş yayılmasıdır. Söz azadlığını əlində bayraq tutan insanlar çox zaman burada müxtəlif neqativ fəaliyyətlərlə, çağırışlarla məşğul olurlar”.

M.Ələsgərli bu sahədə ciddi tənzimləməyə ehtiyac duyulduğunu bildirir. Onun sözlərinə görə, təsadüfi deyil ki, artıq söz azadlığından sui-istifadəyə yol verilməsi halları beynəlxalq qurumların da diqqətini çəkib. Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2019-cu ilin yanvar ayında internet idarəçiliyi və insan hüquqlarına dair qətnamə qəbul edib. Qətnamənin mahiyyəti internet üzərindən yayılan informasiyalarda insan hüquqlarının qorunmasının təmin edilməsini ehtiva edir.

“Qətnamədə tövsiyə edilir ki, internet və onun idarə edilməsi məsələsi dünya dövlətlərinin siyasətlərinin əsas istiqamətlərindən biri olmalıdır. Üzv ölkələr sosial şəbəkələrin neytrallığını qorumağa, informasiya cinayətinə qarşı qlobal mübarizə siyasətinə qoşulmağa, söz azadlığından sui-istifadə edilməsi hallarının qarşısını almağa dəvət olunurlar. Bundan əvvəl isə AŞPA ictimai media xidmətlərinə dair qətnamə qəbul etmişdi. Bütün bunlar onu göstərir ki, sosial şəbəkələr əhatəlilik, auditoriya baxımıdan çox böyük inkişaf yolu keçsələr də, etimadlı, etik və qanuni standartlara cavab verən xəbər yaymaq baxımından ciddi problem yaradırlar və bu sahədə tənzimləməyə ehtiyac var. Amma tənzimlənmə elə formada aparılmalıdır ki, ifadə azadlığına zidd olmasın”, - M. Ələsgərli qeyd edir.

 

Digər yazılar

“İmtahan keçirilən binaya daxil olanda hər şey dəyişdi” – Jurnalistika fakültəsinin tələbəsi

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”