403 27-02-2019

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Uğurlu alim olmağın formulu –  ABŞ-lı professor qəzetimizə danışdı

ABŞ-ın Virciniya ştatında Meri Vaşinqton Universitetinin professoru Nabil Əl-Tikriti Bakı Dövlət Universitetində elmi məzuniyyətdədir. Uzun illər Yaxın Şərq tarixini araşdıran professor Fulbrayt proqramı çərçivəsində Tarix fakültəsində mühazirələr oxuyur, seminarlarda iştirak edir, tədris proqramının təkmilləşdirilməsi ilə bağlı təcrübəsini bölüşür. Bu tədris ilinin sonunadək BDU-da olacaq Nabil Əl-Tikriti həmin müddət ərzində yeni kurikulumların hazırlanmasında iştirak etməklə yanaşı, elmi təqdiqatlarını da davam etdirəcək. “Bakı Universiteti” qəzeti alimlə görüşüb, Azərbaycan, bütövlükdə Türk dünyası ilə bağlı tədqiqatları, region tarixində qərbli alimin diqqətini çəkənlər, elmi tədqiqatlarda dil bilgisinin rolu, gələcək planları və digər məsələlərlə bağlı söhbətləşib.  

- Professor, ilk dəfədir ki, Bakıya səfər etmisiniz. Təəssüratlarınızı öyrənmək maraqlı olardı...

- Bəli, mən əvvəllər Azərbaycanda olmamışdım. Bakı şəhəri olduqca füsunkar arxitekturaya malikdir. Buradakı memarlıq abidələri orta əsr, sovet və postsovet dövrünü özündə cəmləşdirir. Xüsusilə ailələrin rahatlıqla yaşaya biləcəyi və hər şeyin olduqca səmərəli təşkil olunduğu şəhərdir. Buradakı prestijli layihələrdə bir növ Çikaqoda olduğu kimi estetik dizayna üstünlük verilir.

- Yaxın Şərq tarixi ilə bağlı fundamental əsərlərin müəllifisiniz, çoxsaylı tədqiqatlar aparırsınız. Necə oldu ki, Yaxın Şərq tarixini tədqiq etməyə qərar verdiniz?

- İlk dəfə 1980-ci illərdə Qahirədəki Amerika Universitetində təhsil alarkən vaxt Yaxın Şərq tarixi ilə maraqlanmağa başladım. Daha sonra Qahirəyə yenidən qayıtdıqda ərəb dili bilgilərimi artırdım və bütün regiona səyahət etməyə başladım. Çikaqo Universitetində Osmanlı tarixi ilə bağlı doktorant kimi araşdırmalara başladıqdan sonra bu sahəyə olan marağım daha da artdı. Beləliklə, türk dünyasi ilə daha yaxından maraqlanmağa başladım.

- Tədqiqat apardığınız müddətində sizin diqqətinizi ən çox cəlb edən nə idi?

- Mən əsasən 15-16-cı əsr Osmanlı tarixini araşdırmağa başlasam da, Teymurilər, Ağqoyunlu, Səfəvi dövlətləri, Balkan və Qafqaz tarixi ilə bağlı da kifayət qədər məlumatlar toplamışam. Cənubi Qafqazdakı əlyazma ənənələri diqqətimi xüsusilə cəlb edir.

- Tədqiq etdiyiniz sahənin hansı bölmələrini tədris etməkdən zövq alırsınız?

- Virciniyadakı tələbələrimlə Osmanlı tarixini və orta əsr islam mədəniyyəti ilə bağlı tədqiqatlarımı bölüşməkdən xüsusilə məmnunam. Düşünürəm ki , tarixin bu dövrləri tələbələrimə yeni bir dünyanın qapılarını açır. Üstəlik islam, xüsuilə Osmanlı dünyasının intellektual tarixi mənim üçün çox maraqlıdır.

- Azərbaycana gəldiyiniz ilk vaxtlarda “mədəniyyət şoku” keçirdinizmi, hansı narahatlıqlarla qarşılaşdınız?

- Mən uzun müddət Türkiyədə yaşadığım üçün Bakıda elə də ciddi narahatlıqlarım olmadı. Amma yeganə təəssüf keçirdiyim hal rus dilini bilməməyimdir. Məncə, bu dili bilməyim Qafqazda olduğum müddətdə daha çox faydalı ola bilərdi.

- Görüşümüzün əvvəlində türk dilində salamlaşdınız. Başqa hansı xarici dillləri bilirsiniz? Ümumiyyətlə, alimin xarici dil bilməsi nə dərəcədə vacibdir?

- Bəli, mən türk dilində sərbəst danışıram. Bundan əlavə, ərəb, fars, alman və bir qədər fransızca bilirəm. Düşünürəm ki, alimin hərtərfli tədqiqat apara bilməsi üçün ən azı iki dil bilməsi vacibdir. Burada olduğum müddətdə insanların ən azı iki xarici dil bilmələrinin şahidi oldum. Bu çox yaxşı haldır, təəssüflər olsun ki, Amerikada belə deyil.

- Amerika universitetlərində, əsasən, hansı xarici dil tədris olunur?

- Amerikada əksər universitetlərdə ərəb və çin dilinin tədrisinə daha çox önəm verilir. Ümumiyyətlə, düşünürəm ki, ərəb dilində danışa bilən istənilən adam bu dil qrupuna aid digər dilləri asanlıqla öyrənə bilər.

- Azərbaycanın hansı bölgələrində olmusunuz, təəssüratlarınız necədir?

- Gəncə, Göygöl, Kürdəmir, Şahdağ, Xınalıq və Hirkan Milli Parkında olmuşam. Gəncə qədim tarixi olan gözəl bir şəhər kimi yaddaşıma həkk olunub. Azərbaycanın kəndləri və oradakı əhali ilə görüşlərdən çox təsirləndim.

- İllər sonra BDU-dakı təcrübənizi necə xatırlayacaqsınız?

- Günün əsas hissəsini tədqiqat sahəmlə bağlı araşdırmalara sərf edirəm. Bu baxımdan şəhərdəki bir çox kitabxanalarda, Elmlər Akademiyası, Əlyazmalar İnstitutu və bir sıra muzeylərdə olmuşam.Tarix fakültəsində çalışan həmkarlarım savadlı, səmimi və yardımsevərdirlər. Tələbələr də çox çalışqandırlar. Bakı Dövlət Universitetində müəllimlər və tələbələrlə  bağlı maraqlı xatirələrim var. Burada illər sonra da unutmayacağım dəyərli və istedadlı insanlarla tanış oldum. Bütün bunlarla yanaşı BDU-nun kitabaxanasinda araşdırmalarım üçün yaradılan şəraitə görə hər zaman minnətdar olacağam.

 

Digər yazılar

“İmtahan keçirilən binaya daxil olanda hər şey dəyişdi” – Jurnalistika fakültəsinin tələbəsi

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”