390 18-03-2019

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında əsasnamə”nin müddəalarında deyilir: ”Tələbələrin təcrübəsi müvafiq təhsil proqramlarının (ali, orta ixtisas) tərkib hissəsidir. Təcrübənin təşkili, məqsədi və keçirilməsi müddəti mütəxəssis hazırlığı üzrə aparılan müvafiq istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil standartları ilə müəyyənləşdirilir.
    Bakı Dövlət Universitetinin Filologiya fakültəsi tələbələrin pedaqoji təcrübəsinin mütəşəkkil keçirilməsi məqsədi ilə mütəxəssis hazırlığının xüsusiyyətlərini və bu əsasnamənin tələblərini nəzərə alaraq bu sahədə müvafiq işlər görür, dövlət təhsil standartlarına uyğun bir sıra tədbirlər həyata keçirir, tələbələrin təcrübə müddətində nəzəri və metodiki cəhətdən hazırlığını, pedaqoji fəaliyyətlərini daim nəzarətdə saxlayır və təcrübə proqramının lazımi səviyyədə yerinə yetirilməsinə daim diqqət və maraq göstərir.


    Həmişə olduğu kimi, bu il də Filologiya fakültəsinin Sabah qrupu və baklavriat səviyyəsinin IV kurs tələbələri BDU-nun “Gənc istedadlar” liseyində və respublikamızın bir neçə orta-ümumtəhsil məktəblərində bir ay yarım müddətində birinci mərhələdə passiv pedaqoji təcrübə keçir. İkinci mərhələdə isə pedaqoji təcrübənin yekun mərhələsi olmaqla aktiv təcrübə keçəcəklər. Pedaqoji təcrübənin səmərəli keçməsi onun necə təşkil edilməsindən asılıdır. Bunun üçün Filologiya fakültəsinin dekanlığı müvafiq kafedralarla birlikdə bir sıra tədbirlər həyata keçirir, tələbələri kurikulumla əlaqədar təhsil sistemində mövcud problemlərlə tanış edir və bakalavriatlara tədris standartları, yeni təlim metodları və.s. məsələlər öyrədilir, tələbələrə pedaqoji təcrübənin məqsədi aydınlaşdırılır, daha sonra onların praktika müddətində hüquq və vəzifələri açıqlanır. 
Təlim-tərbiyə praktikasının məktəblərdə keçirilməsində əsas məqsəd tələbələri pedaqoji fəaliyyətə hazırlamaq, onlarda müəllim üçün zəruri olan bilik, bacarıq, vərdişlər formalaşdırmaq, onları əsl tərbiyəçi kimi yetişdirməkdən ibarətdir. Tələbələr dərk etməlidir ki, onlar təlim-tərbiyə praktikası zamanı  universitetdə aldığı nəzəri bilikləri təcrübəyə tətbiq etməyi öyrənir və gələcək nəslin elmli, təhsilli, mənəvi cəhətdən yetkin şəxsiyyətlər kimi yetişməsində böyük məsuliyyət daşımalıdırlar. 
    Pedaqoji təcrübə tələbəyə müstəqil fəaliyyət üçün özünün hazırlıq səviyyəsini yoxlamaq imkanı verir. Praktika müddətində onların həm öz ixtisasları üzrə, həm də pedaqogika, psixologiya sahələrində yaradıcılıq imkanları, tədqiqatçılıq qabiliyyətləri inkişaf edir.

 


    Filologiya fakültəsinin AM 0019 Sabah qrupu və IV kurs 080 qrup tələbələrinin “Gənc istedadlar” liseyindəki pedaqoji təcrübələrindən belə qənaətə gəlirik ki, tələbələrimiz ixtisas fənni üzrə fundamental biliklərə yiyələnmiş, təlim nəzəriyyəsini, təlim texnologiyalarını, Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinin konkret forma və metodlarını dərindən mənimsəmişlər. Tələbələr mütəmadi olaraq, hər gün 6 saat müddətində öhdələrinə düşən vəzifələri metodist müəllimlərin rəhbərliyi altında lazımi qaydada yerinə yetirirlər. Belə ki, təcrübəçi tələbələr liseydə kollektivin bir üzvü kimi məktəbin daxili nizam-intizam qaydalarına əməl edir, müəllim kollektivi və şagird kontingenti ilə sıx əlaqədə olur, birgə fəaliyyət göstərirlər. Hər bir tələbə təhkim olunduğu sinfin həm fənn müəllimi, həm də sinif rəhbəri ilə birgə təlim-tərbiyə işlərində yaxından iştirak edir, bir çox məsələlərin həllində şagirdlərə kömək edirlər. Tələbələr metodist müəllimlə birlikdə fənn müəllimlərinin dərsini müşahidə edir, sonra həmin dərslərin geniş müzakirəsini aparır, elmi və metodiki cəhətdən müsbət və mənfi xüsusiyyətləri təhlil edirlər. Dərsləri müşahidə mərhələsindən sonra tələbələr müstəqil müəllim kimi özləri dərs aparır, aktiv praktika üçün hazırlıq mərhələsi keçir, təlim prosesinin bütün mərhələsinə əməl edir, həmçinin formativ, diaqnostik və summativ qiymətləndirmədə belə iştirak edirlər. Bütün bunlarla yanaşı, tələbələrimiz planda nəzərdə tutulmuş sinifdənkənar tərbiyə işlərini-elmi və tərbiyəvi-əxlaqi söhbətlər, kitab müzakirəsi, müxtəlif tədbirlərin həyata keçirilməsində də fəallıq göstərirlər.

Pedaqoji təcrübə müddətində apardığımız müşahidələrdən çıxış edərək əminliklə deyə bilərik ki, tələbələrimizin elmi-pedaqoji hazırlığı, şagirdlərlə ünsiyyəti, sərbəstliyi, nitq məharəti, seçdikləri müasir metodların faydalılığını dərk etmələri, yaradıcılıq qabiliyyətləri yüksək səviyyədədir. Bu xüsusiyyətlərə görə inamla deyə bilərik: Bu günün təcrübəçi tələbələri sabahın layiqli müəllimləridir. Müəllimlər isə gələcəyin memarlarıdır.

 

Dosent Rəhilə Quliyeva
Dosent Səidə Mustafayeva 
BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrası


 

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

ÖRNƏK ÖMÜR