4287 18-03-2019

“Ailəmi ən böyük sərvətim hesab edirəm”

 

Bakı Dövlət Universitetinin Kadrlar şöbəsinin mütəxəssisi Zeynəb Quliyevanın 55 yaşı tamam olur. Ziyalı ailəsində dünyaya gələn Z.Quliyeva orta təhsilini Bakı şəhər 18 saylı orta məktəbdə, ali təhsilini Azərbaycan Dövlət Politexnik İnstitutunda alıb. Əmək fəaliyyətinə Azərbaycan Sənaye Tikinti Nazirliyində başlayan Zeynəb xanım BDU-da əvvəlcə II şöbədə mühəndis vəzifəsində işləməyə dəvət alıb, sonra isə Kadrlar şöbəsinə mütəxəssis vəzifəsinə təyin olunub.

 

 

Bu şöbədə işləmək məsuliyyətli olsa da, Zeynəb xanım çətinliklərdən heç vaxt çəkinməyib və artıq 25 ildir ki peşəkar mütəxəssis kimi universitet kollektivinin sevimlisinə çevrilib: “Universitetin hər bir əməkdaşı mənə doğmadır. Həmişə ətrafımda yaxşı insanların olmasını arzulamışam. Özüm kimi onları da xoşbəxt görmək istəmişəm”.


Z.Quliyeva bu həyatın enişli-yoxuşlu yollarında mübarizə aparmalı olduğunun fərqində olsa da, olduqca xoşbəxtdir. Ötən günlərə nəzər salan Zeynəb xanım gözəl günlərin hələ qarşıda olduğunu deyir: “Hərdən keçmişimə boylanıram, ömrümdən ötüb keçən aylara, günlərə nəzər salıram, xatırlayıram. Həyatımda ən böyük itkim atam olub. Düşünürəm ki, ən gözəl günlərim hələ yaşamadıqlarımdır”.


Həmsöhbətimiz həyat yoldaşının ona olan hörmətindən və övladlarından da razıdır: “ Bu illər ərzində itirdiklərim də olub, qazandıqlarım da. Amma ailəmi ən böyük sərvətim hesab edirəm. Həyat yoldaşım çox yaxşı insandır. Mənə həmişə dayaq olub. İki qız övladım var. Hər ikisi ali təhsillidir. Böyük qızım Azərbaycan Dövlət Pedaqoji Universitetini, kiçik qızım isə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. Onlara gözəl tərbiyə vermişəm. Sevinirəm ki, göstərdiyim yolla getmələri bu gün öz bəhrəsini verib. Bir ana üçün bundan böyük qazanc nə ola bilər?!”


Müsahibimiz Bakı Dövlət Universitetinin əməkdaşı olması ilə fəxr edir: “Universitetimiz 100 illik yubileyini keçirəcək. Bu əlamətdar tarixi qarşılamaq mənim də qismətimə düşüb. Fəxr edirəm ki, Bakı Dövlət Universitetində çalışıram”.


Solmaz Babaşova

Digər yazılar

Ömür kitabının 80-ci səhifəsi

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim

Kimyaçı alimin 80 illik yubileyi keçirilib

Elmindən pay verən alim

"Milli-mənəvi dəyərlərimizi mükəmməl mənimsəsinlər "-MÜSAHİBƏ

Yubilyarlarla səmimi söhbət

Hərə bir taleylə gəlir dünyaya - İzzət Rüstəmov - 80

"Yalçın Əlizadə hər birimiz üçün bir məktəbdir"

Sözünün sehrində bir dünya yaratdığımız sənətkar

Qəlblərdə yaşayan alim

Kafedramızın sevimlisi - Rəhilə Quliyeva - 70

Dosent İsmayıl Məmmədovun 75 illik yubileyi

Akademik Əşrəf Hüseynov – 110

Aydın müəllim, 50 yaşın mübarək!

Görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd edilib

Akademikin 75 illik yubileyi qeyd edilib