5866 19-03-2019

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində “Bakı Universiteti” qəzeti bu təhsil ocağının yetişdirdiyi görkəmli alimlər barədə xatirələrin dərcinə start verib. Budəfəki sayımızda professor Arif Babayevin həyat yoluna nəzər salmışıq.
Arif Babayev 1934-cü il noyabr 11-də anadan olub. 1957-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1960-cı ildə BDU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının aspirantı olub. 1963-cü ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. Elmi fəaliyyətə BDU-da başlamış alim 1962-1965-ci illərdə dosent, 1965-ci ildən ömrünün sonuna qədər isə BDU-nun Riyazi analiz kafedrasının müdiri olub.1968-ci ildə professor adı alıb. 1978-1994-cü illərdə Mexanika-riyaziyyat fakültəsinin dekanı olub. 1976-cı ildə AMEA-nın müxbir üzvü seçilib, doktorluq üzrə Dissertasiya Şurasının üzvü, Ali Attestasiya Komissiyasının Mexanika və Riyaziyyat elmləri üzrə Ekspert şurasının sədri olub.
Arif Babayev birölçülü və çoxölçülü sinqulyar inteqral operatorlar və sinqulyar inteqral tənliklər nəzəriyyələri sahəsində görkəmli mütəxəssis olub. İlk dəfə diskret sinqulyar inteqral operator anlayışını daxil etmiş və onu sinqulyar inteqral tənliklərin təqribi həllinə tətbiq etmişdir. Elmi nəticələri 40 elmi işdə çap olunub. 
Onun rəhdərliyi altında 20 elmlər namizədi və 6 elmlər doktoru hazırlanıb. Əməkdar Elm Xadimi, “Şərəf Nişanı”ordeni və Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, böyük alim, geniş ürəkli, xeyirxah insan, xalqına, Azərbaycanımıza dərin məhəbbətlə bağlı olan bir vətənpərvər idi. Fenomenal yaddaşı, orijinallığı, dərin məntiqi sayəsində hər hansı söhbətin, elmi diskussiyanın lideri olurdu. Sözün tam mənasında qüvvətli şəxsiyyət idi.
Ötən əsrin II yarısı Azərbaycan elminə çox parlaq riyaziyyatçı alimlər bəxş etdi. Bunların içərisində professor Arif Babayev güclü intuisiyası, riyaziyyatın müxtəlif sahələrinə, hətta digər elm sahələrinə dərindən sirayət edə bilməsi, sürətli qavrayışı, ən mürəkkəb problemlərin həllinin istiqamətini fəhmlə duyması, nəticəni düzgün proqnozlaşdırması ilə seçilən qeyri-adi istedada malik bir alim idi. Son dərəcə obyektiv, elmdə təmizliyi qoruyan, eyni zamanda elmi nəticələrin gözəlliyindən intəhasız zövq alan elm fədaisi idi. Hər hansı bir alimin, xüsusən gənc tədqiqatçının gözəl elmi nəticəsini dinlədikdə, oxuduqda uşaq kimi sevinər, yorulmadan o haqda danışardı. Qondarma, əhəmiyyətsiz yazıları gördükdə isə, qəzəbindən od püskürərdi.
Arif Babayev Azərbaycan riyaziyyatını sinqulyar inteqral tənliklər, analitik funksiyalar üçün sərhəd məsələləri sahələrində əldə etdiyi fundamental elmi nəticələri ilə şöhrətləndirdi. Bu sahələrdə o, Azərbaycanda riyaziyyat məktəbini yaratdı, çox istedadlı elmlər doktorları və namizədləri yetişdirdi. Amma onun Azərbaycan elminə xidməti tək bunlarla bitmir. Çoxları Arif Babayev idealına bənzəməyə çalışaraq, elmi yüksəlişə nail oldular. Xeyli təsadüfi adamlar isə qarşılarında Arif Babayev filtirini görərək, saxta yollarla elmə daxil olmaq niyyətlərindən vaz keçdilər. Bunlar hamısı həqiqətdir və biz bu hadisələrin şahidi olmuşuq.
Mənim Bakı Dövlət Universitetində oxuduğum illər Arif Babayevin bir elmlər doktoru kimi parladığı dövrə təsadüf edib. Universitetdə ilk “əla”nı da qəbul imtahanında elə ondan almışam. Onun elmi həqiqətləri hər şeydən uca tutan, obyektiv alim olmasına misal kimi deyə bilərəm ki, sonralar universitetdə işlədiyim dövrdə bəzi “üzdəniraq”lar münasibətimizə müəyyən soyuqluq gətirsələr də, doktorluq dissertasiyamın müzakirəsi zamanı elmi nəticələrimi dinlədikdən sonra çox yüksək səviyyəli çıxışla məni dəstəklədi. Mən bu gün də böyük hörmətlə xatırlayıram ki, mənəvi cəhətdən nəhəng insan olan professor Arif Babayev bütün xırda hisslərdən yüksəkdə dayandığı üçün istedadlı gənclərə qahmar durur, heç nədən asılı olmayaraq onları hər yerdə müdafiə edir, həqiqəti heç bir cılız hissə - dedi-qoduya, qibtəyə, şəxsi münasibətlərə qurban vermirdi.
Səmimi fikrimdir ki, bu gün də riyaziyyatımızda, elmi mühitimizdə professor Arif Babayevin yeri açıq-aşkar görünür. Onun alim-şəxsiyyət sözünə böyük ehtiyac duyulur. Təəssüf ki, çox az yaşadı, çox sevdiyi Azərbaycanın dünyada artan nüfuzunun, doğulduğu, vurğunu olduğu Bakımızın bugünkü inkişafının şahidi olmaq və bunlara sevinmək, fərəhlənmək ona nəsib olmadı. Allah rəhmət eləsin!
Yusif Məmmədov 
AMEA-nın həqiqi üzvü, BDU-nun Riyazi fizika tənlikləri kafedrasının müdiri

“O, haqsızlığa, ədalətsizliyə qarşı bir sədd idi” 

Nəhəng insanlar uca dağa bənzəyirlər. Ondan uzaqlaşdıqca əzəməti daha aydın hiss olunur…
Arifi tələbəlik illərindən tanıyırdım. O, məndən bir kurs aşağı oxuyurdu. Haqq-ədalət, mərhəmət, hikmət sahibi idi. O, nadanlığa, haqsızlığa, yerlibazlığa dözməz, heç kimin səsinə biganə qalmazdı. Öz sərt münasibətini açıq şəkildə, cəsarətlə bildirərdi. Haqqın, ədalətin yerdə hamisi idi. Onun elmi hamıya bəlli idi. 
Onun görkəmi də əzəmətli idi, bir növ qorxulu, cüssəli adam idi, güclü psixoloji auraya malik nüfuzlu şəxsiyyət idi. Onun varlığı BDU-da qoruyucu sədd idi, ondan çəkinərək bizim fakültə haqqında, riyaziyyatçılar haqqında, ümumilikdə BDU haqqında haqsız, ədalətsiz söz deməzdilər. Arifin məntiqi, fikri, mülahizəsi qarşısında fikir demək də asan iş deyildi. Sözü üzə deyən, açıq danışmağı xoşlayan, həmişə düzgün mövqe seçən, haqqı çəkinmədən, cəsarətlə, müdafiə edən böyük nüfuza malik güclü şəxsiyyət idi.
O zamanlar BDU-da Arif kimi şəxsiyyətlər çox idi. Onlar universitetin “qızıl fondunu” təşkil edirdilər. Arif riyaziyyatçıların “bəy” ləqəbi verdiyi akademik Əşrəf Hüseynovun yetirməsi idi. Onun ətrafında Qoşqar Əhmədov, Əmir Həbibzadə, Zahid Xəlilov, Maqsud Cavadov, Mehdi Əliyev kimi nəhəng şəxsiyyətlər vardı. Arif yalançını, ikiüzlünü, yaltağı, nadanı yaxına buraxmazdı. Elmli, əsil-nəcabətli, ziyalı insanlara dərin hörmət bəsləyərdi. Poeziyanı, musiqini, futbolu çox sevərdi. Nizami Gəncəvini, Məhəmməd Füzulini, Əliağa Vahidi, M.Ə. Sabiri, Rəsul Rzanı çox bəyənərdi. Məclislərdə bir həzin musiqi, incə hikmətli şeir, qəzəl onu məftun edərdi. Yaxşı şeirdən, musiqidən duyğulanaraq tez kövrələrdi. Özü əzbərdən şeir bilməzdi, amma dinləməkdən zövq alardı, yorulmazdı.
Yadımdadır, Arif doktorluq dissertasiyasını müzakirə etmək üçün Tiflisə getməli idi. O zamanlar Azərbaycanda Doktorluq şurası yox idi. Mərhum akademik Zahid Xəlilov AMEA-nın prezidenti idi və bütün SSRİ-də böyük nüfuza malik idi. Gürcüstanda isə ona öz yetirmələri kimi hörmət edirdilər. Zahid müəllim akademik Musxelişilinin adına məktub yazıb Arifə verdi ki özü ilə aparsın. Məktubda yazılmışdı: “Arif Babayev naş molodoy, yarkiy matematik, on - nadejda naşey matematiki”. 
Əlbəttə hər bir riyaziyyatçı istərdi ki, Zahid Xəlilov onun haqqında da belə sözlər demiş olsun. Qəzet səhifəsində bütün xatirələri yazmaq mümkün deyil. Ona görə mən özümün və bütünlüklə ailəmin taleyüklü bir işində Arifin cəsarətli, qətiyyətli bir hərəkəti barədə qısaca yazmaq istərdim. Bu həm də bir həyat dərsi kimi hadisədir. Çünki kim olursansa ol, həyatda elə pisliklərlə qarşılaşırsan ki, onu dəf etmək üçün Arif Babayev kimi kişinin varlığı zərurəti meydana çıxır.
…BDU-da ilk dəfə Beynəlxalq hüquq ixtisası açılmışdı. Həmin il qızım Afət Bakıda orta məktəbi qızıl medalla bitirmişdi və təkidlə həmin ixtisası seçdi. Lakin iyul ayının 31-ə qədər məsul katib onun sənədini qəbul etmədi. Dedilər ki, yeni ixtisas olduğuna görə, hədsiz maraq var və artıq yerlər tutulub. Xeyli söz-söhbətdən sonra axşam saat 9-da sənəd qəbul edildi və bu işdən fakültənin dekanı Mahmud müəllim çox narazı qaldı. Artıq iki-üç ay idi ki, dərslər başlanmışdı. O, il həmin ixtisasda ingilis dili üzrə güclü bir müəllim dəvət etdilər ki, ingilis dilini yaxşı bilən kadrlar hazırlasın. Afət də həmin qrupa yazıldı. Amma dekan buna icazə vermədi. Dedi ki, Afət çox zəifdir,o qrupla ayaqlaşa bilməz. Əslində isə qızım ingilis dilində sərbəst danışırdı, çünki, xüsusi kurs keçmişdi. Dekan rektoru da inandırdı ki, Afət dili zəif bilir və o qrupda uşaqlar çox güclüdürlər. Afət stress vəziyyətinə düşdü, başqa dili istəmədi, mən də əsəb keçirməyə başladım. BDU-nun professoru, kafedra müdiri olsam da, bu dilemma qarşısında aciz qalmışdım. Arif bizim fakültənin dekanı idi, əlbəttə o da bilirdi bu hadisəni. Arifin kabinetinə daxil oldum, ondan kömək istədim. Arif o hadisədən xəbərdar olduğunu dedi, bildirdi ki, “deyirlər ki, qız zəifdir, o qrupa çox güclü uşaqları toplayıblar”. Mən ona bunun yalan olduğunu, qızımın qarşısında süni səd çəkildiyini izah etdim. Dərhal ayağa qalxdı, məni də götürüb düz getdik həmin qrupun dərsinə. Arif qapını döydü, müəllimi dəhlizə çağırdı, özünü və məni ona təqdim etdi və onun qrupunda olan Afət Süleymanova haqqında soruşdu. Müəllim dedi ki, o qız bu qrupda ən güclü tələbədir. Hətta bütün dərs onun üzərində qurulur. Lakin nədənsə hər dəfə dekan gəlir, onu auditoriyadan çıxarır. Arif bu sözləri eşitcək rəngi qaraldı, mənim əlimdən tutub özünəxas iri addımlarla üzü aşağı rektorun kabinetinə doğru getdi. Rektorun qəbulunda çoxlu adam vardı, heç kimə baxmadan qapını açıb içəri girdi, mən də arxasınca daxil oldum. Mirabbas Qasımov tez kreslodan qalxıb Arifə doğru yeridi və nə olduğunu soruşdu. Arif baş verənləri danışdı, dekanın niyə qərəzli mövqe nümayiş etdirməsini soruşdu. Mirabbas Qasımov dərhal dekana zəng etdi,  tapşırdı ki, qoy Afət o qrupda dərs keçsin. Nəhayət aylarla davam edən əsəbilik, gərginlik Arifin nüfuzu sayəsindəbir anda həll olundu. Burada mənim yaxın dostum olmuş şairimiz Rasim Kərimovun şeiri yadıma düşdü:
Nə yaxşı dünyada yaxşılar varmış,
Yoxsa tərk olardıq yaman əlindən.
İnsan ömrü bir an, xatirə isə əbədidir. O, Tanrının yer üzərində bir missiyası idi.

Nadir Süleymanov
BDU-nun professoru, əməkdar müəllim


Müəllim-alim-vətəndaş idealına sadiq insan 

1960-cı ilin sentyabrında riyazi analizdən bizə ilk mühazirəni deyəndə onun cəmi 26 yaşı var idi və artıq akademik Ə.İ.Hüseynovun rəhbərliyi ilə vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə etmişdi. Mən 3-cü kursda Arif müəllimin “Qeyri xətti analiz” adlı ixtisas qrupunda oxuyanda o, artıq sinqulyar inteqral operator və tənliklər, analitik funksiyaların sərhəd xassələri və bir çox digər aktual elmi istiqamətlərdə fundamental tədqiqatlar apararaq Ə.İ.Hüseynovun elmi məktəbinin layiqli davamçisina çevrilir, bu məktəbin yeni inkişaf istiqamətlərini təyin edirdi. 
1965-ci ildə universteti bitirəndə təyinatla aspiranturaya saxlanıldım. Arif müəllimin “BDU-da qalmaq istəsən, mən rəhbərin ola bilərəm” deməyilə sanki, böyük  arzuma çatdım və onun ilk aspirantı oldum. 1967-ci ilin sentyabrında isə Arif müəllim mənə böyük etimad göstərib aspirantura müddətim başa çatmamış kafedraya assistent vəzifəsinə işə götürdü. Beləliklə, Arif müəllimin sonrakı bütün elmi-pedaqoji yaradıcılığının şahidi və pərəstişkarı, elmi məktəbinin üzvü və müəllim həmkarı oldum. Həmişə onun təmənnasız, əvəzolunmaz qayğısını hiss etdim.
Arif müəllim fitri isdedada malik alim idi. Onun müəllim və tədris haqqında öz mütərəqqi baxışları vardı. O, müəllimin tədrisə münasibətinin ən önəmli formulunu vermişdi. Bu böyük ziyalı həmişə mühazirələrini müasirləşdirirdi. Tələbələri daha çox kitab oxumağa cəlb edərdi. Deyərdi ki, analizdən mühazirə deyən müəllim birinci mühazirəni başlayanda axırıncı mühazirəni necə bitirməli oldugunu bilməlidir. O , hətta ömrünün axir illərində, xəstə olanda da mühazirələrini özü deyirdi. 
Arif müəllim, özünün müəllim idealına həmişə sadiq qalmışdı. Riyazi analiz kafedrası 1965-ci ildə yenidən açılanda, 31 yaşlı Arif müəllimi kafedraya müdir təyin edəndə o, artıq riyazi analizin böyük bilicisi idi. 1966-cı ildə sinqulyar inteqral və tənliklər nəzəriyyəsinin dünyada məşhur mərkəzlərindən olan Tbilisidə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, yeni elmi məktəbini tanıtdı və yaxın bir zamanda rəhbəri olduğu riyazi analiz kafedrasını bu məktəbin ünvanına çevirdi. Riyazi analiz kafedrası və yaratdığı elmi məktəbi idi onun var-dövləti…
Arif müəllim ömrünün axırına kimi bu kafedranın müdiri oldu. Hələ 1993-cü ildə, BDU-nun rektorunun təkidi ilə fakultə dekanı və ya kafedra müdiri seçimi qarşısında qalanda o, məhz kafedranı seçdi. O, 1978-1994 illərdə həm də mexanika-riyaziyyat fakultəsinin dekanı olmuşdu.
Arif müəllim birinci elmi seminarını 1964 –cü ilin yanvarında keçirib. Seminarın iştirakçıları - aspirantı V.V. Salayev, mən və ixtisas kursunun bir neçə tələbəsi idi. Riyazi analiz kafedrası yaranan gündən hər bazar ertəsi saat 14:00-da keçirilən bu seminar sonralar kafedranın daimi elmi seminarına çevrildi.
Arif müəllim Bakıdan çıxmağı sevmirdi. Onun elmdə yaratdıqları özünə məxsus idi. Buna baxmayaraq, o, bir çox elmi mərkəzlərlə əlaqələr qurur və bu mərkəzlərdəki aspiranturalara tələbələr göndərirdi.
O, özünün alim idealına da həmişə sadiq idi. Arif müəllim 1960-cı ildən ömrünün axırına qədər mənim böyük müəllimim, müəllim həmkarım və arxalandığım ən böyük şəxsiyyət olub. Bütün bu illərin hər günü onunla bağlı xatirələrimlə doludur. Bu xatirələrin içərisində onun mənə olan iradları da var.O iradlar da mənim üçün çox əzizdir. Mən özümə kənardan baxıb bu iradlarla razılaşmışam, çünki mən bilirdim ki, onun iradlarında heç bir şəxsi mənafe olmazdı, o bu iradları cəmiyyətə və xalqımıza daha faydalı olmağımız üçün edirdi. Mən Arif müəllimin şəxsində böyük vətəndaş, alim, adı böyük hərflərlə yazılmalı olan ömürlük müəllimimi itirdim. Böyük tanrı sizə rəhmət etsin, Arif müəllim!
 

Sadiq Abdullayev 
Riyazi analiz kafedrasının professoru


 

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

ÖRNƏK ÖMÜR