5096 04-04-2019

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Anzulə Pərvizqızı

Bəzi valideynlər övladlarını yerli-yersiz öyür, dağın zirvəsinə qaldırır və ya əksinə, aşağılayaraq yerin dibinə endirirlər. “Uşağa 40 dəfə “axmaqsan” deyilərsə, sonda axmaq olar” deyimi elə-belə yaranmayıb. Amma aparılan araşdırmalar göstərir ki,  uşağa 40 dəfə “sən çox ağıllısan” deyəndə də uşaq axmaqlaşır. Təcrübəyə əsasən demək olar ki, sadalanan hər iki hal uşağa eyni dərəcədə mənfi təsir göstərir.
Belə ki, daim ailəsi tərəfindən təriflənən, “mənim oğlum və ya qızım kəllədir” ifadəsini eşidən uşaq həyatının hansısa bir mərhələsində sadə bir problemin öhdəsindən gələ bilmədikdə dərin depressiyaya düşür. Bəzi hallarda isə daim valideynlərindən özü haqda yüksək fikirlər eşitməyə öyrəncəli olan uşaq yalana baş vurur. Bacarıqlı olmaq üçün yox, bacarıqlı görünmək üçün çalışır. Bəs nə etməli? Uşağı düzgün tərbiyə etməyin yolları hansılardır? 
Alimlərin araşdırmalarına əsasən, uşağı sərf etdiyi əməyə uyğun dəyərləndirmək ən doğru yoldur. Uşaqları əzmli və çalışqan olmağa yönəltmək, onlar istər məktəbdə, istərsə də dostları ilə münasibətdə xoşagəlməz hal yaşadıqda uğursuz nəticəni deyil, nəticəyə sərf olunan əməyi müzakirə etmək lazımdır. Uşaq anlamalıdır ki, əldə olunan uğurun arxasında zəhmət və zaman sərfi mühüm rol oynayır.
Həmişə “ağıllı”, “zəkalı” olduğunu eşidən uşaq, imtahanda uğursuz nəticə göstərdikdə özünün ağılsız olduğunu düşünür, şəxsiyyətini alçalmış hiss edir, dünya-aləm gözündə məhv olur. Halbuki ona hər şeyin zəhmətlə, çox çalışmaqla əldə edildiyi izah olunarsa, imtahandakı uğursuzluq onu ruhdan salmaq əvəzinə daha mübariz olmağa vadar edər.
Alimlərin digər bir araşdırmalarına əsasən, insanın zəkası və qabiliyyəti istifadə edildiyi qədər inkişaf edə bilir. Yəni, doğuluşdan zəkalı və ya gerizəkalı olduğunu düşünmək, öz üzərində işləməmək, biliklərini və qabiliyyətlərini inkişaf etdirməmək yalnış yanaşmadır. Adətən “ağıllı uşaq” etiketi ilə tanınan övlad hər hansı bir yeni tapşırığı sınamaqdan çəkinir. Səbəb isə bəllidir - “ağıllı uşaq” tanıtımını itirməkdən qorxur. Səhv edə biləcəyi üçün qarşısına hədəflər qoymaqdan, uğursuzluqdan çəkinir. Bu isə onun əqli geriləməsinə, inkişafını dayandırmasına səbəb olur.
Halbuki uşaqlara beynin sümüyünün olmadığı, onun da əzələ kimi işlədilməklə inkişaf etdiyi izah edilməlidir. “Hər bir uğurun açarı zəhmətdir” deyimini dərk edən uşaq daha çox cəhd edir, mübariz olur, qarşısına daha böyük hədəflər qoymaqdan həzz alır. Odur ki, bu gün “əla” qiymət alan övladınıza “sən kəlləsən” demək əvəzinə, “bu mövzu üzərində həqiqətən çox vaxt və əmək sərf etmişdin” deməyiniz daha doğrudur.
“Uşaqlarınızı necə böyüdürsünüz?” sualına türkiyəli iş adamı Bülent Eczacıbaşının verdiyi cavab da maraqlıdır: “Xoşbəxt və uğurlu uşaqlar böyütmək hər birimiz üçün önəmlidir. Bu isə bir çox şeylə əlaqəlidir.... Ən ali təhsilin önəminə inanmaq, amma diplom ilə heç nəyin bitməyəcəyini bilmək. Bir sahədə mütəxəssis olmaq, ancaq ümumi mədəniyyətə sahib olmağın dəyərini də dərk etmək. Özünə güvənmək, lakin özünü başqa insanlardan üstün görməmək. Əzimli və uğurlu olmaq üçün iddialı olmaq, amma şükr etməyi və kifayətlənməyi də bilmək. Etdiyi işi ciddi qəbul etmək, ancaq özünü həddən artıq ciddi qəbul etməmək”. 

 
 

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

ÖRNƏK ÖMÜR