214 11-10-2018

Professor Arif Səlimov: “Bütün qonşu ölkələrin həndəsə alimlərinin məqalələrini toplasaq, yazdıqlarımın yarısı qədər  olmaz”

 

Professor Arif Səlimov: “Bütün qonşu ölkələrin həndəsə alimlərinin məqalələrini toplasaq, yazdıqlarımın yarısı qədər  olmaz”
 “Mən Türkiyənin Atatürk Universitetinə yeni gedəndə orada bizim sahə üzrə professor yox idi. Hazırda isə o universitetdə mənim sahəm üzrə 6 professor var”.
Arif Səlimova məxsusdur bu sözlər... Professor Arif Səlimova... O, uzun müddət Türkiyədə çalışıb, qardaş ölkənin elmi mühitinin inkişafında əlindən gələni əsirgəməyib. Azərbaycan riyaziyyatçıları arasında isə bir ilkə imza atıb. Bu barədə isə az sonra danışacağıq:
“Bakı Universiteti” qəzeti  professor Arif Səlimovla müsahibəni təqdim edir.  O, uzun illər Türkiyədəki elmi təcrübəsindən çıxış edərək, Azərbaycan elm və ali təhsil mühitini digər ölkələrlə müqayisə edib.

 

Dosye:
1956-cı ildə anadan olan Arif Səlimov, 1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin tələbəsi olub. 1978-1980-ci illərdə qısa bir müddət Azərbaycan Milli Elmlər Akademiyasında çalışıb. Sonra isə 1980-1984-ci illərdə Kazan Dövlət Universitetində Həndəsə ixtisası üzrə əyani aspiranturada təhsil alıb. 1984-cü ildə namizədlik (PhD) dissertasiyasını uğurla müdafiə edərək, BDU-nun Həndəsə kafedrasında işə qəbul olunub. Sonrakı illərdə burada müxtəlif vəzifələrdə çalışıb. 1995-ci ildən Atatürk Universitetində çalışır. O vaxtlar Azərbaycanda “Həndəsə və Topologiya” ixtisası üzrə müdafiə şurası olmadığına görə, Ali Attestasiya Komissiyasının sədri akademik Azad Mirzəcanzadənin göndərişi ilə yenidən Rusiyanın Kazan Dövlət Universitetinə müraciət edib. 1998-ci ildə Kazan Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edib.
Türkiyənin Elm və  Texnika Komitəsinin (TÜBİTAK-ın) 4 qrantını alıb. 15 il elmi qrantlara rəhbərlik edib. Aldığı 3-cü qrantda əldə etdiyi uğur, mühüm elmi nəticələr adı altında TÜBİTAK-ın nailiyyətləri arasına daxil olub və 2015-ci ildə TÜBİTAK-ın layihələr üzrə ən yüksək mükafatı olan “Proje Performans Ödülü” mükafatına layiq görülüb. Zamanında Türkiyədə elm sahəsində bundan yüksək mükafat yox idi.
23 il Türkiyədə çalışan alim tədqiqatlar aparıb, xeyli kadrlar  yetişdirib. Azərbaycanda “Həndəsə və Topologiya” ixtisası üzrə doktorluq elmi dərəcəsinə sahib yeganə elm adamı, Bakı Dövlət Universiteti “Cəbr və Həndəsə” kafedrasının müdiridir.
“Hələ də bizdə bu sahələr üzrə daimi fəaliyyət göstərən müdafiə şuraları yoxdur...”.
-Arif müəllim, “Həndəsə və Topologiya” ixtisası üzrə doktorluq elmi dərəcəsinə sahib yeganə elm adamısınız. Bu, təbii ki, uğurun görünən tərəfidir. Bu sizə hansı çətinliklər bahasına başa gəldi?
-Onu qeyd edək ki, son illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Həndəsə və Topologiya ixtisaslarını bir-birindən ayırıb və bu ixtisaslar üzrə dissertasiya müdafiələri ayrı-ayrı təşkil olunur. Mən həm namizədlik (fəlsəfə doktoru), həm də doktorluq dissertasiyalarımı “Həndəsə və Topologiya” ixtisası üzrə müdafiə etmişəm. Amma təbii ki, araşdırmalarımızın əsas istiqaməti həndəsə sahəsidir. Azərbaycanda həndəsə elminin tarixi qədimdir. Həndəsə üzrə məşhur alimimiz Nəsirəddin Tusi var. Amma ondan sonrakı dövrlərdə yalnız bizdə deyil, bütün Şərq dünyasında durğunlaşma dövrü olub. Nəticədə bu sahəyə diqqət azaldılıb və daha çox ədəbiyyata meyl edilib, dünyaya səs salmış böyük şairlərimiz var.
BDU yaradıldıqdan sonra, 1935-ci ildə  burada Həndəsə kafedrası açılıb. Rusiyadan həndəsə üzrə bəzi alimlər dəvət olunub, tədrisə və elmi çalışmalara kömək ediblər. Kafedranın ilk yaradıcısı isə AMEA-nın müxbir üzvü, professor Maqsud Cavadov (1900-1972) olub.
Sovetlər İttifaqında həndəsə ixtisası üzrə doktorluq müdafiə etmək çox çətin idi. Riyaziyyatın başqa sahələrindən fərqli olaraq, bu sahəni inkişaf etdirmək çətinləşmişdi. Bunun təbii səbəbləri də vardı: Həndəsə çətin sahədir, riyaziyyatın ən qədim sahəsi olan həndəsədə yeni ideya, texniki üsullara ehtiyac yaranmışdı. Yalnız 1950-cı illərin sonuna doğru yeni üsullar daxil edilmiş və həndəsə inkişaf etməyə başlamışdı.
Ölkəmizdə Həndəsə, Cəbr, Topologiya üzrə müdafiə şuraları yox idi. Riyaziyyatın başqa sahələri üzrə respublikadan rəhbər seçib, müdafiə etmək olurdu, amma həndəsədə yox. Bu sahə üzrə müdafiə etmək üçün mütləq Rusiyaya getmək lazım idi. Çünki mərkəzlər, elmi məktəblər orada idi. Belə çətinliklərim çox olub.
Bizdə də Cəbr, Həndəsə, Topologiya mütəxəssisləri yetişməlidir. Bu, riyaziyyatın önəmli sahələridir. Hələ də bizdə bu sahələr üzrə daimi fəaliyyət göstərən müdafiə şuraları yoxdur. Yalnız ehtiyac duyulduqda birdəfəyə məxsus müdafiə şuraları yaradılır, buda çox zaman alır. Təsəvvür edin ki, 2005-ci ilədək birdəfəyə məxsus müdafiə şuraları da yox idi, həndəsə üzrə elmlər doktorluğunu demirəm, hətta fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmək üçün gəncləri başqa ölkəyə göndərməliydik.
-Sizcə, hazırda Azərbaycan Riyaziyyat elminin durumu necədir? Dünya  elminə nə kimi töhfələr verə bilirik?
-Bu məsələyə bir az qlobal baxaq. Thomson Reuters (yeni adı: Clarivate Analytics) şirkətinin elmdəki nailiyyətlərinə görə dünya ölkələri üçün hesabladığı reytinq cədvəli əsas məsələdir. Məncə, Azərbaycanın dünyaya təqdim etdiyi elmi əsər, nailiyyətlərin çoxu  elə dəqiq elmlər sahələri üzrə, o cümlədən  riyaziyyat sahəsi üzrədir.
Riyaziyyat üzrə Azərbaycanda əsas mərkəzlər BDU, AMEA, bir az da ADPU-da cəmlənib. Bu mərkəzlərin riyaziyyatçıları elmə yetərincə töhfə verirlər. Thomson Reuters bazasında riyaziyyatçılarımızın bu il 100-ə yaxın məqaləsi çap olunub. Bu, kiçik göstərici deyil. Riyaziyyatın tətbiq sahəsini çıxdıqdan sonra yalnız nəzəri hissəsi qalır. Bu istiqamətdə məqalə çap etdirmək çox çətindir. Amma yenə də 100 məqalənin haradasa, 50-i nəzəri sahə üzrə çap olunub. Kaş, Azərbaycan mühəndislik, tibb, iqtisadiyyat və humanitar sahələrdə də bu qədər uğur qazana biləydi. Onda biz ümumi məqalələrin sayına görə digər ölkələrdən daha irəlidə olardıq. Ümumiyyətlə, bu reytinq cədvəli ölkədəki elmi, intellektual səviyyəni müəyyən etdiyinə görə, çox önəmlidir.
-Əksər elm adamları təhsilin müxtəlif pillələrində xaricə üz tuturlar. Bəziləri elə orada da qalıb elmi fəaliyyətlərinə davam edirlər. Siz də 20 ildən çox Türkiyədə çalışmısınız. Bəs, sizi uzun illər sonra vətənə qaytaran nə oldu?
-Uzun illər orada fəaliyyət göstərsəm də, vətənimlə əlaqəni heç vaxt kəsmədim. Məzunu olduğum universitet məni tez-tez dəvət edirdi. Yəni, hər şeyi atıb çıxıb getməmişdim. Xaricdə çalışdığım dövrdə məqalələrə Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının adını yazırdım ki, qoy reytinqdə mənim də vətənim öz yerini alsın.
Hətta xaricdə işləyə-işləyə buradakı bəzi tələbələrə rəhbərlik edirdim. İndi texnologiya o qədər inkişaf edib ki, internetlə daha çox əlaqə saxlamaq mümkündür. Nəinki, realda. Buna görə də əlaqələrim kəsilmədi.
Bir neçə dəfə bura dəvət aldım. Nəhayət, sonuncu dəvəti dəyərləndirdim. Düşündüm ki, Türkiyədəki missiyam sona çatmaq üzrədir. Yetişdirdiyim tələbələr tam ayaqları üstündə dura bilirdilər. Türkiyə tərəfindən gələn çox böyük vədlər və təkliflərə rəğmən, artıq ayrılmaq vaxtı gəldiyini düşündüm və dəvəti qəbul etdim.
“Tələbəni öyrədə bilsək, oxuyacaq...”
-Vətənə qayıdanda fikrinizdə Azərbaycandakı hansı elmi boşluqları doldurmaq var idi? Qarşınıza hansı məqsədləri qoymuşdunuz və onları nə dərəcədə reallaşdıra bildiniz?
-Bizdə cəbr, həndəsə və topologiya riyaziyyatın ən az inkişaf edən sahələridir. Azərbaycana qayıdıb kafedra müdiri təyin edildikdən sonra məqsədim burada reformasiya aparmaq idi. Bu boşluqları yalnız gəncləri cəlb etməklə doldurmaq olar. Onları yetişdirmək lazımdır. Hazırda bunun üzərində aktiv işləyirik. Son 1 ildə təkcə bizim kafedranın Thomson Reuytersdə 10-a yaxın məqaləsi çap olunub. Əvvəl isə bu kafedra 10 ildə 1 məqalə çap etdirə bilmirdi.
Məqalələrin olması orada gənclərin də yer almasına səbəb olur. Məqalələrin hələlik müəyyən texniki hissələrini onlar yerinə yetirirlər. Ümumiyyətlə, elm adamlarının yetişməsini futbolçu yetişdirməyə bənzədirəm. Futbolçunu oynatmasan, oyunu alınmaz. Gərək, gənc alimlər də məqalə yazsın, konfranslarda elmi çıxış edib öyrənsin. Gəncləri meydançaya buraxmaq lazımdır. Elm adamlarının yetişməsi başqa cür mümkün olmayacaq.
1990-cı illərdə ölkəni tərk edən riyaziyyatçılar...
-Uzun illər Türkiyənin Atatürk Universitetində dərs demisiniz. Türkiyədəki tələbələri Azərbaycandakılarla müqayisə etsək, hansı üstünlük və çatışmazlıqlarımız ortaya çıxar?
-Bu məsələdə fərqli fikirdəyəm. 3 ölkənin (Rusiya, Türkiyə və Azərbaycanın) elm və təhsil sistemi ilə çox sıx əlaqədə olmuşam. Onların təhsil, elmi işləri barədə məlumatlıyam. Tələbələr arasında böyük fərq olduğunu demək düzgün deyil. Hər ölkədə həm zəif, həm də güclü tələbə var. Bir ölkənin zəif tələbəsini digərinin güclü tələbəsi ilə qarşılaşdırmaq doğru deyil.
1990-cı illərdə 50, 60, bəlkə də 70 yüksək səviyyədə yetişmiş riyaziyyatçı alim Azərbaycanı tərk etdi. Əksəriyyəti Türkiyə, digərləri isə Rusiya, Avropaya, Amerikaya getdilər. 70 alimin təxminən, 50-i Türkiyəyə getdiyinə görə, oradakı elmin inkişafına böyük töhfə verdilər. Bəziləri sonradan geri döndü, bəziləri isə tamamən oraya yerləşdilər. Şəxsən mən türk professorlarının özündən eşitmişəm ki, Anadolu riyaziyyatının inkişafında Azərbaycan alimləri böyük əmək sərf ediblər.
Bütün insanların intellektual səviyyəsi eyni ola bilməz. Önəmli olan yaxşı tələbələri seçib, onları elmə cəlb etməkdir. Azərbaycanda riyaziyyat elminə ildə 2-3 yüksək səviyyəli mütəxəssis gəlsə, bu, çox böyük nəticə olar. Qlobal dünyadır, Hər kəs bir-biri ilə əlaqədədir. Müxtəlif təhsil proqramları, onlar vasitəsilə xaricə üz tutan tələbələrimiz var.
Bəzilərinin əlinə bəhanə düşüb ki, tələbələr oxumurlar. Tələbəni öyrədə bilsək, oxuyacaq.
-Türkiyə ali təhsil sistemini Azərbaycandakı ilə müqayisə etsək, nə kimi fərqlərlə qarşılaşarıq?
-Oranın ali təhsil müəssisələrində kampus sistemi var. Universitetlər ucu-bucağı olmayan qapalı şəhərciyi xatırladır. Tələbəyə aid hər şey oradadır. Müəllimlər də şəhərcikdə yaşayırlar. Müəllimin işdən evə gedib gəlməsi 3-5 dəqiqə vaxt alır. İndi biz də o sistemə keçməyə çalışırıq. Məsələn, Bakı Mühəndislik Universiteti o tipdədir. Digər universitetlərimizdə isə hələlik bu sistem yoxdur.
Bundan əlavə, hər iki ölkədə təhsildə Baloniya sistemi tətbiq olunur. Amma Türkiyə bunu bizdəki kimi sərt şəkildə tətbiq etmir. Məsələn, biz “magistr”, “bakalavr” deyirik. Onlarda isə bunları “lisans” və “lisansüstü” adlanır. Adları tam xaricilər kimi deməyimiz mənim xoşuma gəlmir.
Orada doktorantura sistemi belədir: Dissertasiya “tez” adlanır. 3 il vaxt verilir. Bunu bəzən, 4-5 ilə qədər artırmaq da olur. Bu müddət ərzində “tez”in tamamlanması üzərində işləyirlər. Orada elmi dərəcənin verilməsi subyektiv olmayan amillərə bağlanır. Məsələn, elmi adlar beynəlxalq jurnallarda çıxan əsərlərə görə verilir. Artıq bizdə də elmi dərəcələrdə əsərlərin nəzərə alınmasına başlanıb.
Hər ölkədə çatışmazlıqların olması normaldır. Hər şey tam olsaydı, dünya dağılardı ki... Sadəcə o nöqsanları tamamlamaq lazımdır.
-Türkiyədə professor kimi fəaliyyət göstərməyin nə kimi özəllikləri var?
-Orada dövlət elmi ad veribsə, deyir ki, mənim elmlə əlaqədar bütün problemlərimi sən həll edəcəksən. Düzdür, Türkiyədə də layiq olmayanların professora qədər yüksəlməsini görmək olar. Onlardan elə bizdə də var. Amma orada sənə elmi ad verildisə, artıq onun məsuliyyətini hiss etməlisən. Təəssüf ki, hər iki ölkədə  bəzi adamlar bu məsuliyyəti dərk etmirlər.
Türkiyədə professorlar üçün böyük imkanlar yaradılır. Onların dünyanın bir çox ölkələrinə səfər etmələri, simpoziumlarda iştirakı üçün maddi dəstək göstərilirdi. Elə mən də iştirak etdiyim simpoziumların sayını itirmişəm. Bəlkə də, 50-dən çox olar. Orada 4 böyük büdcəli layihə yönəltmişəm. Bizim öz büdcə, araşdırmaçılarımız vardı. Azərbaycan da son 5-6 ildə buna başlayıb. Mən hələ bu işdə yoxam. Çünki yeni gəlmişəm. Amma digərləri xarici ölkələrə simpoziumlara gedir, müxtəlif layihələrə rəhbərlik edirlər.
-Azərbaycanda elm sahəsində çalışmaq üçün bakalavr, magistratura, doktorantura kimi təhsil pillələrini keçmək, bunun üçün təbii ki, xeyli zehni əmək sərf etmək lazım olur. Sizcə, sonda verilən dəyər bu zəhmətlərə dəyir?
-Maddi təminat yüksək olmalıdır. Bu baxımdan, Türkiyə bizimlə müqayisədə daha irəlidədir. Orada gənclər elmə daha həvəslidirlər. Çünki  professor yüksək maaş alır. 1990-cı illərdə bizimlə onlar arasında böyük fərq var idi. Amma indi buradakı və Türkiyədəki professorların maaşı bir-birinə yaxınlaşıb.
Heç bir tələbə bu əziyyətdən qorxmasın. Bəzi tələbələr asan yolu seçib özəl sektora gedirlər. İndi kimi dindirirsən, bankda işləyir. Bizdə nə qədər bank var imiş?! Mən hələ də başa düşmürəm ki, onlar bankda pulu  necə qazanırlar. Axı, oradakı pullar hamısı qeydiyyatdadır. O pulu elmdə də layihələrlə qazana bilərlər.
Məni neçə xarici ölkədən işə dəvət edirlər. Elmdə bacarıqlısansa, nailiyyətin, elmi əsərlərin varsa, o dünyaya yayılır. İndi ölkələr bir-biri ilə əlaqədədirlər. Dünyanın inkişaf etmiş ölkələrinin elmi mərkəzləri, universitetləri hər hansı nüfuzlu məqalənin müəllifi ilə maraqlanır, onu işə çağırırlar. Perspektiv bu sahədə də var. Banklarda çalışan gəncləri heç kim xarici banklara işə çağırmır. Elm sahəsində də 5-10 000 dollar maaş qazanmaq olar. Sadəcə, gənclər ətrafa baxıb düşünürlər ki, mən də o birilər kimi olum. Onlar maddiyyatda sürətlə irəliləmək istəyirlər. Amma hər şeyin öz zamanı var. Sovet vaxtı ən tezi 40 yaşında professor ola bilərdin, məncə indi də belədir. Özəl sektorda isə bəzən 25 yaşlı adam maddi nailiyyət əldə edir. Bilmirəm, bəlkə də bəziləri ondan mənəvi zövq alırlar. İstənilən halda hər sahədə zəhmət çəkmək və zamanını gözləmək lazımdır.
“İndi orada professor olmaq daha asandır”
-Türkiyə elm mühitindəki hansı yeniliklərin Azərbaycan elminə tətbiq edilməsini istərdiniz?

-Türkiyədə dosentlik və professorluq arasında çətin bir aşama yoxdur. Türkiyədə dosent elmi adını almaq daha çətindir. Professor olmaq üçün, sadəcə bir neçə məqalə və 5 il təcrübə istənir. Bunları edən hər bir dosent birbaşa professor olur. Məsələn, mən Atatürk Universitetinə yeni gedəndə orada professor yox idi, indi isə orada 17 professor var. Həmin Universitetdə təkcə mənim rəhbərliyim altında 12 nəfər fəlsəfə doktoruluğu “tez”ini müdafiə etdi. Onların əksəriyyəti dosent, 6-sı isə professor oldu. Son zamanlar Türkiyədə də professorluq  dərəcəsini almağı çətinləşdirəcək layihələr üzərində işlənildiyini duymuşam.
Bizdə fəlsəfə və elmlər doktoru, onlarda isə yalnız fəlsəfə doktoru anlayışı var. Türkiyədə fəlsəfə doktorundan sonra dosentlik, sonra isə professorluq dərəcəsi alırlar. Yaxşı ki, bizdə elmlər doktorluğu saxlanılıb. Bir ara onun üstünə düşmüşdülər, ləğv etmək istəyirdilər. Yaxşı ki, qaldı. Elm adamlarını mütləq fərqləndirmək lazımdır. Yoxsa,  sonra hamısı yarımçıq doktor olub başımıza bəla olar. Sonra gəl, qabaqlarında dur (gülür).
Türkiyədə son vaxtlar rektorları təyin etməyə başlayıblar. Əvvəl isə namizədləri universitet kollektivi seçirdi və sonra onların içərisindən təyinat olurdu. Məncə, bu, Türkiyə üçün böyük nöqsandır. Türkiyə belə olmamalı idi. Əsas odur ki, seçim var idi. İndi Türkiyədə elə adamlar rektor olur ki, bunun nə dərəcədə doğru olduğunu düşünüb dururam...
-Elə Azərbaycanda da rektorlar təyin olunur...
-Bizdə bu, hər zaman belə olub. Biri də var ki, nəyəsə nail olub, sonradan ondan imtina edəsən. Türkiyə  isə əldə etdiyi böyük nailiyyətdən imtina etdi.
-Sizcə, hansı azərbaycanlı alimin gördüyü elmi işlər dünyaya yenilik gətirmək gücündədir?
-Böyük alimlərdən söz gedəndə həmən Lütfi Zadə yadıma düşür. Bəzən düşünürəm ki, Nobel dünyaya səs salacaq elmi işlərə görə verilirsə, niyə o, bu mükafatı əldə etməyib? Özündəmi təqsir olub? Yəni özümü istəməyib? Bunlar mənə məlum deyil.
Amma Lütfi Zadəyə dəstək olmaq, onu üzə çıxarmaq lazım idi. Bir elmi naliyyəti irəli çəkmək, təqdim etmək lazımdır. Lütfi Zadəyə kömək etmək lazım idi. Onun qrupu yığışıb ora-bura xəbər verməli, onu təqdim etməli idilər. Görünür, özünün də buna marağı olmayıb. Amma bəzi adamlar o dəqiqə ortaya atılırlar ki, mənə medal verin.
Nobellə müqayisədə kiçik nailiyyətləri olan alimlərimiz isə çoxdur.
-Məsələn, Rafiq Əliyev və Məsud Əfəndiyevin fəaliyyətini necə dəyərləndirirsiz: dünya elminə nə kimi töhfələr verə bilərlər?
-Rafiq Əliyev haqqında çox eşitmişəm. Onunla şəxsi tanışlığım yoxdur. Lütfi Zadə məktəbi ilə əlaqəli olduğunu bilirəm. Onun sahəsi ilə çox da əlaqəli olmasam da, haqqında yüksək fikirlər eşitmişəm.
Məsud Əfəndiyev isə Almaniyada Riyaziyyatın tətbiqi sahəsi üzrə çalışır. Çox uğurları var. Bir neçə önəmli nəticələri, monoqrafiyaları haqqında eşitmişəm.
Bundan başqa Amerikada  bizim sahə üzrə Əhmədov qardaşları var. Səhv etmirəmsə birinin adı Azər, digərinki isə Anardır. Onların da yüksək elmi nəticələri məlumdur. Türkiyədə də mütəxəssislərimiz çoxdur.
-Zamanında bir çox elm adamlarının xaricə üz tutduğunu qeyd etdiniz. Bəs sizcə onlar hazırda Azərbaycan elminin təbliğində lazımi rolu oynaya bilirlər?
-Heç kim ölkəni bir alim qədər tanıda bilməz. Məsələn, mən Atatürk Universitetində çalışanda tələbələrim elə bilirdi ki, bütün azərbaycanlılar elə Arif Səlimovdur. O illərdə ora gedib çıxanlar az idi. Şəhəri gəzəndə hamı məni tanıyırdı və bütün həmvətənlərimin mənim kimi olduğunu düşünürdülər. Çünki insanlarda imic yaranmışdı. Tələbələrim indiyəcən məni axtarırlar. Elm adamının verdiyi  qədər böyük töhfə yoxdur. Bu mətbuatdan da, televiziyadan da önəmlidir.
-Tələbəlik illərinizdən  danışdınız.  Bizə Arif müəllimin öz tələbəliyi də maraqlıdır...
-Çox sakit tələbə olmuşam. İşim yalnız oxumaq idi. Bundan əlavə marağım yalnız futbol olub.  Futbola oyun deyil, elm kimi yanaşıram. Həyatın hər sahəsini onunla müqayisə edirəm. Tələbəlik illərində hansısa qeyri adi hadisə xatırlamasam da, öz tələbələrimlə çox yaxınam. Mənim xarici görünüşümü görüb düşünürlər ki, buna söz demək olmaz. Sonradan tələbələrin dostu olduğumu görürlər.
Professor, aspirant, doktorantlar arasında heç vaxt fərq qoymamışam. Amma bakalavr tələbələri ilə bir az məsafə saxlayıram. Çünki bəzi tələbələr dostluqdan sui-istifadə etməyə çalışırlar.
-Çoxları düşünür ki, dünyanı dəqiq elmlər idarə etdiyinə görə, humanitar sahələrdəki tədqiqatlara ehtiyac yoxdur. Siz necə düşünürsüz?
-Bəzən Riyaziyyatda elmi araşdırma aparsan da, nəticə ala bilmir, hər şeyi silib atırsan. Hətta illərini sərf etdiyin işdən nəticəsiz ayrıla bilirsən. Humanitar sahələrdə isə belə deyil. Bəzən eşidirik ki, filan alim kitabxanada hansısa mövzunu araşdırıb. O həmin materialları yığaraq elmi nəticə alıb.  Amma riyaziyyatda həmin elmi materialları yığmaq kifayət etmir. Hesablasan da, bir şey çıxmır. Riyaziyyatın nəticəsi həmən əldə olunmaya bilər. Tarix, Ədəbiyyat sahələrində zəhmət çəkib arxivləri araşdırırsansa, nəticən əlindədir. Orada daha çox zəhmətkeşlik, riyaziyyatda isə allahın verdiyi qabiliyyət önəmlidir.
-Son olaraq, Azərbaycan elminə nə arzulayardınız?
-Çalışmaq lazımdır ki, ölkənin dünyada elmi reytinqi yüksəlsin. Elm sahəsində başqa ölkələrlə müqayisədə geridəyik. Bəzi elm adamlarımız irəliləyib. Məsələn, Həndəsə üzrə Thomson Reutersdə 52 məqaləm var. Halbuki bütün qonşu ölkələrin həndəsə alimlərinin məqalələrini toplasaq, bunun yarısı qədər deyil. Yəni, fərdi uğur qazanan alimlərimiz çoxdur, amma elmi kütləvi şəkildə yüksəltməliyik. Birinin 52, digərinin 2 məqalə çıxarması  ilə olmur, kütləvi inkişaf etməliyik. Bunun üçün hamını çalışdıracaq sistem düşünmək lazımdır. Nobelin olması üçün hamı birlikdə çalışmalıdır.  Nobel hələ çox uzaqdadır...


Lamiyə Süleymanlı

Digər yazılar

“İmtahan keçirilən binaya daxil olanda hər şey dəyişdi” – Jurnalistika fakültəsinin tələbəsi

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”