316 12-04-2019

Çoxları üçün ideal insan

 Elm xadimləri

 

 

Tale elə gətirib ki, onun haqqında düşüncələrimi, tək indi yox, müxtəlif yubiley yaşlarında da qələmə almışam. 
Bu insanın mənim üçün kim olduğunu sözlərin rəngi ilə təsvir etməyə çalışmışam. İndi isə qarşımdakı 80 rəqəmini görəndə əvvəlcə bir anlıq tərəddüd edirəm. Zamanın özünü bizə hiss etdirmədən belə tez keçməsi adamı heyrətləndirir. Elə bilirəm ki, o, hələ də ilk dəfə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində gördüyüm yaşdadır. Biz tələbələrə oxuduğu maraqlı mühazirələri diqqətlə dinlədiyimiz zamanlardadır. 
Amma tez öz yaşımı nəzərə alıram və onda anlayıram ki, daha özüm də universitet tələbəsi deyiləm, vaxt bizi o vədələrdən çox uzaqlaşdırıb. Ömür bizim təsəvvür etdiyimizdən tez ötüşür. Vaxtın insana yeganə qazancı isə insanın mənəvi-əxlaqi dəyərlərə, prinsiplərə sadiqliklə əldə etdiyi şəxsiyyət ucalığıdır, müdriklikdir. Başqaları üçün də bir örnəyə çevrilməyidir. 
Belə bir insan haqqında yazıram. O, Azərbaycanda hüquq elminin görkəmli simalarından olan, Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Firudin Yusif oğlu Səməndərovdur. 
Bəzən insan fəaliyyətinin əhatə dairəsini, tutumunu təsəvvürə sığdırmaqdan ötrü quru rəqəmlərə müraciət etmək lazım gəlir. Bu mənada yubiley yazılarında insan ömrünün müxtəlif mərhələlərini əks etdirən tarixlərsiz, onun gördüyü işlərin həcmini göstərən rəqəmlərsiz keçinmək olmur. Bunlar ilk baxışdan təqvimdə ard-arda sıralanan adi tarixlərdir, cansız rəqəmlərdir. Amma nəzərlərini onlara tuşlayıb diqqətlə düşünəndə bu tarixlərin, rəqəmlərin hərəsində bütün ömrünü şərəflə yaşamış bir ziyalının əziyyətlərini, keçdiyi çətin sınaqları, zərrə-zərrə qazandığı uğurları, onun həyata, insanlara, Vətənə sevgi dolu qəlbini görürsən.
Firudin Yusif oğlu Səməndərov 12 aprel 1939-cu ildə Saatlı rayonunun Molday kəndində əkinçi ailəsində anadan olub. Əkinçi ailəsində doğulmasını onun ömür yolunda xüsusi qeyd etməyim səbəbsiz deyil. Əkinçilik torpağa bağlılıqdır, zəhmətdir, halallıqdır, bar yetirən sağlam toxumlardır. Firudin müəllim də onun 80 illik ömrünün əsas cizgilərinə çevrilmiş bu keyfiyyətləri, görünür, ata-anasından əxz edib. Əkinci saflığını, mənəviyyatını ömrün hər bir məqamında qoruyub. Onun ailədən gələn bu saflığın, mənəvi işığın davamı kimi səpdiyi toxumlarsa tələbələrinə verdiyi bilikdir, onlara təlqin etdiyi dəyərlərdir.  
Firudin müəllim müharibə uşaqları adlanan nəslin təmsilçilərindəndir. Bir çox həmyaşıdları kimi onun uşaqlığı İkinci Dünya müharibəsi illərinə və ondan sonrakı çətin dövrlərə təsadüf edib. Həyata gözünü açanda ətrafındakı doğmalarını, əzizlərini, el-obanı çətinliklər içində görüb. Xarakterindəki xeyirxahlıq, mərhəmət, insanlara əl tutmaq, kömək etmək hissi,bəlkə də uşaqlıqda yaşadığı çətinliklərdən gəlir. Çünki o, özü  də çox çətinliklər yaşamış adamdır.

Müharibə illərinin uşağı

Müharibə illərinin uşağı olmaq nə deməkdir – bunu hamımız bilirik. O dövrün uşaqları çox əziyyətlə böyüyüblər, oxuyublar, bəzən məktəbdə təhsil ala-ala işləyiblər, ailəyə kömək ediblər. Təxminən belə bir həyatı Firudin Səməndərov da yaşayıb. 
1948-1958-ci illərdə Firudin müəllim Səməd Vurğun adına Saatlı qəsəbə orta məktəbində oxuyub. Məktəbi gümüş medalla bitirib. Orta məktəbi bitirəndən sonra birinci il universitetə daxil ola bilməməsi də, üç illiyə keçmiş sovet ordusunun sıralarında qulluq etməyə gedib üç il geri düşməsi də onu ruhdan salmayıb. Öz məqsədinə doğru həmişə inamla addımlayıb və ona yetişib. Məqsəd aydınlığı isə həmişə uğura, nailiyyətə, qələbəyə gətirib çıxarır.1958-1961-ci illərdə ordu sıralarında hərbi xidmət keçib qayıtdıqdan sonra 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. O dövrdə bir tələbə üçün ən yüksək təhsil nailiyyətlərindən sayılan Lenin təqaüdü ilə oxuyub. 1966-cı ildə təhsilini başa vurarkən biliyini, elmə marağını nəzərə alaraq onu ADU-nun Cinayət hüququ kafedrasına aspirant qəbul ediblər. 1966-1969-cu illərdə bu kafedranın aspirantı olub. 
1970-ci ildə “Qətl cinayətlərini doğuran halların və davranış motivinin cəza təyininə təsiri” mövzüsunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsi alıb. 1969-cu ildən ADU-nun Cinayət hüququ kafedrasında müəllim, dosent vəzifələrində çalışıb. Firudin Səməndərov 1985-1989-cu illərdə ADU-nun Hüquq fakültəsinin dekanı, 1992-1993-cü illərdə Universitetin rektoru olub. 1995-ci ildən BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının müdiri kimi çalışıb. 1996-cı ildə “Hüquqi şüur və cinayət hüquq yaradıcılığı” mövzusunda doktorluq işini müdafiə edib, hüquq elmləri doktoru elmi dərəcəsi alıb. 1997-ci ildən kafedranın professorudur. 

Firudin müəllimin elmi yaradıcılıq fəaliyyəti çox məhsuldardır
O, 30-dan çox dərsliyin, dərs vəsaiti və monoqrafiyanın müəllifidir. “Cinayətin subyektiv cəhəti”, “Cinayət hüququ. Cinayət və cəza məsələləri”, “Cinayət hüququ. Ümumi hissə” dərslikləri, “Şəxsiyyət əleyhinə edilən cinayətlər” adlı dərs vəsaiti, “Cinayət hüququnda cəza problemi: tarix və müasirlik” monoqrafiyası (2009), “Kriminologiya” dərs vəsaiti (2012), “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası” şərikli müəllifliklə (2013), “Cinayət hüququ. Ümumi hissə” (2013), Moskvada 2011-2012-ci illərdə rus dilində nəşr edilən “Uqolovnoe pravo Azerbaydjanskoy Respubliki. Obşaya çast (v soavtorstve)”, “Uqolovnoe pravo Azerbaydjanskoy Respubliki. Osobennaya çast (v soavtorstve)” və bu qəbildən olan bir çox əsərləri hüquq elminə dəyərli  töhfələridir. Müxtəlif elmi nəşrlərdə 100-dən artıq elmi məqaləsi, respublika mətbuatında dövrümüzün aktual problemlərinə həsr edilmiş çoxsaylı məqalələri işıq üzü görüb.
Onun yazdığı iri həcmli “Cinayət hüququ. Ümumi hissə” dərsliyi 2002-ci ildə Respublika Kitabsevərlər Cəmiyyətinin mükafatına layiq görülüb. Hazırda  respublikamızda bu sahədə ən mükəmməl dərslik sayılır. Dərslik indiyə qədər bir neçə dəfə nəşr edilib. 
Cinayət hüququ hüquq sahəsinin öz mürəkkəbliyi və çətinliyi ilə seçilən qoludur. Bu sahə ilə bağlı hər hansı yeni fikir söyləmək o qədər də asan deyil. Bütün bunlara baxmayaraq, Firudin müəllimin cinayət hüququ sahəsində yazdığı əsərlərdə dərin tədqiqatların nəticəsi olaraq gəldiyi qənaətlər hüquq elmi üçün mühüm əhəmiyyət daşıyır. Onun elmi əsərlərində nəzəriyyə və praktik fəaliyyət üst-üstə düşür. Cinayətin yeni anlayışının verilməsi, milli hüququn bu sahəsinin prinsiplərinin dəqiqləşdirilməsi, dünya təcrübəsinin ümumiləşdirilərək istifadə edilməsi, dini hüquq sistemlərinin əsas müddəa və prinsiplərinin tədqiqi də Firudin Səməndərovun elmi uğurlarıdır. 
Professor Firudin Səməndərovun iştirakı və redaktorluğu ilə ilk dəfə Azərbaycan dilində hazırlanmış “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası” kitabı cinayət hüququ sahəsi ilə məşğul olan tədqiqatçıların və hüquq-mühafizə orqanları işçilərinin stolüstü kitabına çevrilib. Onun müəllifi olduğu bu kitabı belə dəyərli edən odur ki, nəşr cinayət qanununun həm ümumi, həm də xüsusi hissəsini əhatə edir və cinayət qanununun praktikada düzgün tətbiqinə bələdçidir. Təsadüfi deyil ki, bu kommentariya indiyə kimi 6 dəfə nəşr olunub. 
Professor Firudin Səməndərov ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinə, aparılan islahatlara,cəmiyyətimizdə qanunun aliliyinin təmin olunmasına bir sıra  qurumlardakı fəaliyyəti ilə də töhfə verir. O, 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Hüquqi İslahatlar Komissiyasının, eyni zamanda, Ali Məhkəmə yanında Elmi Məsləhət, Respublika Prokurorluğu yanında Elmi-Metodik Şuranın üzvü olmuşdur. Azərbaycan Respublikasının hazırda qüvvədə olan 1999-cu il Cinayət Məcəlləsinin müasir tələblər və beynəlxalq standartlar səviyyəsində hazırlanmasında yaxından iştirak edib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və respublika Ali Məhkəməsi Plenumunun qərarlarının hazırlanmasında, qanunun mübahisəli məqamlarının aydınlaşdırılmasında da Firudin müəllimin böyük əməyi olub. O, hazırda qüvvədə olan “Təhsil haqqında”Azərbaycan Respublikası Qanununun hazırlanması prosesinin iştirakçılarındandır.


Elm ustadı

Professorun Azərbaycanda hüquq elminin inkişafına verdiyi töhfələr təkcə bununla məhdudlaşmır. Firudin müəllim bu sahədə mükəmməl, yüksək ixtisaslı kadr potensialının formalaşmasında, hüquq elminin dərinliklərinə bələd olan yeni mütəxəssislərin yetişdirilməsində də bir pedaqoq, elm ustadı kimi əvəzsiz xidmətlər göstərib. Firudin Səməndərovun rəhbərliyi altında 3 hüquq üzrə elmlər doktoru, 50-dən çox fəlsəfə doktoru hazırlanıb. O, Azərbaycanın əməkdar hüquqşünasıdır. 
Ölkəmizin ümumi tərəqqisinə xidmət edən kadr potensialının yaradılması prosesinin əsas ağırlığı məhz professor F.Səməndərov kimi alimlərimizin çiyinlərinə düşür və o, bu şərəfli missiyanın öhdəsindən layiqincə gəlir. Alimin yetirdiyi yüksək ixtisaslı kadrlar bu gün həm hüquq elmimizin inkişafına, həm də müstəqil Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə öz dəyərli töhfələrini verməkdədirlər. Şübhəsiz ki, bir elm xadimi, insan üçün bundan ali mükafat ola bilməz. 
O, BDU-nun nəzdində fəaliyyət göstərən cinayət hüququ, kriminologiya və cəza-icra hüququ, cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası və cinayət-axtarış fəaliyyəti ixtisasları üzrə dissertasiya şurasının, habelə Təhsil Nazirliyinin Vahid Elmi-Metodiki Şurasının “Dövlət və hüquq” bölməsinin sədri olmuşdur.
Firudin müəllimi Azərbaycanda cinayət hüququ elmi məktəbinin əsas yaradıcılarından biri və bəlkə də birincisi saymaq olar. Onun formalaşdırdığı bu elmi məktəbin indi yüzlərlə davamçısı var və bu, bir ustad kimi onun xidmətləridir. Firudin Səməndərov elm sahəsində qazandığı uğurlarla Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, xalqımızın elmi potensialının daha da gücləndirilməsinə xidmət göstərir. Onun elmi tədqiqatlarının miqyası və əhəmiyyəti yalnız respublikamızda deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Elə bunun nəticəsidir ki, o dəfələrlə müxtəlif ölkələrdə dünya miqyaslı və regional elmi konfranslarda Azərbaycanı ləyaqətlə təmsil edib.
Professor üçün ardıcıllıq, millilik, milli-mənəvi dəyərlərə bağlılıq, millətin azadlığı, ölkəsinin müstəqilliyi əsasdır. Ona görədir ki, hələ sovet dönəmində müəyyən vəzifə tutmuş adamların ana dilində danışmağa ehtiyat etdikləri zamanlarda Firudin müəllim hüquq sahəsinə milli dil gətirmişdi. Hüquq elminə dair yazı və çıxışlarını istisnasız olaraq doğma Azərbaycan dilində nümayiş etdirirdi. 

O, bir ideya adamıdır

Tariximizə, soykökümüzə, Azərbaycanın istiqlalına bağlılıq onun qanından, ruhundan irəli gəlir. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanda milli azadlıq hərəkatı başlayıb kükrəyən zaman Firudin Səməndərov prinsipial, qorxmaz, cəsarətli, kütlənin önündə gedib onu düzgün istiqamətləndirməyi bacaran ziyalılardan idi. O, bu gün də Azərbaycana, ölkəmizin istiqlalına, milli dövlətimizə xidmət missiyasını elmi-pedaqoji fəaliyyəti ilə, yazdığı kitablarla, hazırladığı kadrlarla, cəmiyyətin hüquqi cəhətdən maariflənməsi prosesində yaxından iştirakı ilə davam etdirir.  
Müəllim şərəfli bir sözdür. Həyatımızda bilikdən, öyrənməkdən dəyərli nəsə yoxdur, müəllimsə öyrədən deməkdir. Bu mənada Firudin müəllim bu sözü ən çox haqq edən ziyalılarımızdandır. Müəllimlik, sanki necə deyərlər, onun boyuna biçilib. Bizim tələbəlik vaxtlarımızda da hətta dərslərə ən etinasız yanaşan tələbələr belə Firudin müəllimin mühazirələrini dinləmək üçün auditoriyaya tələsərdilər. Tələbələrinin Fürudin müəllimin dərslərinə münasibətini sonralar da belə gördüm. Çünki onun oxuduğu mühazirələr bir qayda olaraq dərinliyi, nəzəri və elmi fikirlərin zənginliyi, həyati faktlarla dolğunluğu ilə fərqlənir. Ona görə də tələbələrin bütün diqqəti bu mühazirələrdə cəmləşir.
Firudin müəllim özünün bilik sərvətini tələbələri ilə çox səxavətlə bölüşür. Böyük həvəs, tələbkarlıq və ciddilik nümayiş etdirərək çalışır ki, hər bir tələbəsi bilikli və savadlı olsun, yaxşı hüquqşünas kimi yetişsin. Bu marağın başqa bir səbəbi də onun tələbələrlə müsbət ünsiyyət qura bilmə məharətidir. O, tələbələrə təkcə predmeti öyrətmir, hələ yolun başında olan gənclərin suallarını bir müdrik kimi cavablandırmağa, istənilən mövzunu onlarla birlikdə müzakirə etməyə hazır olduğunu göstərir. Tələbələri ilə elə münasibət qurur ki, onlar müəllimə hörmət və ehtiram göstərməklə bərabər, onu həm də özlərinin yaxın dostu, arxa-dayağı, xeyirxahı hesab edirlər. Zəngin həyat təcrübəsi, dünyanın hər üzünü görmüş bu işıqlı insanın  keçdiyi ömür yolu tələbələr üçün bir örnək yarada bilir. Nə vaxtsa Firudin müəllimin özünə ideal seçdiyi şəxsiyyətlər, şübhəsiz ki, olmuşdu. Bu günsə onun özü 80 illik şərəfli bir ömürlə çoxları üçün idealdır. Onu özünə ideal seçən hər kəs təkcə F.Səməndərovdan necə alim olmağı deyil, həm də necə insan olmağı öyrənir. Bu görkəmli alim hər şeydən əvvəl bizə onu sevənlərə və qiymətləndirənlərə həm də necə yaşamalı olduğumuzu öyrədir. Çünki o, özü əsl müdrik həyatı yaşamış alim, müəllim, ziyalı kimi tanınan və bu gün də sevilən insandır. 

O, bizə necə yaşamağı öyrədir

Hər dəfə auditoriyaya daxil olub mühazirəyə başlamazdan əvvəl tələbələri ilə ədalət və əxlaq həqiqətləri barədə qısa söhbət onun adətidir. Firudin müəllim bu cür söhbətlərlə insan səadəti və azadlığı naminə fədakarlığı, mənəvi məsuliyyəti müasir humanist ideya kimi diqqətə çatdırır. Gənclərə bu ideyanın ardınca getməyi təlqin edir. Hər bir yetirməsinin fərdi və əməli səadətinə, xeyirli, zəkalı və işıqlı sabahına bütün qəlbini, varlığını  həsr edir.
O, tələbələri, doktorant və dissertantları ilə səmimi olduğu qədər də ciddidir, tələbkardır. Onların düzgün yol göstərənidir. Gənclərin bilik və bacarıqlara yiyələnməsi, biliklərinin obyektiv qiymətləndirilməsi üçün prinsiplərindən geri çəkilən deyil.  
Onunla istənilən mövzularda söhbət etmək olar. Professor hərtərəfli bilikli, geniş mütaliəli, maraqlı bir şəxsiyyətdir. Firudin müəllimlə ünsiyyət onunla həmsöhbət olan hər kəsə xoş gəlir. Onun şirin söhbətlərini, müdrik nəsihətlərini, müxtəlif həyat həqiqətləri ilə bağlı hikmətli və ibrətli qənaətlərini dinləməkdən doymaq olmur. Çünki Firudin müəllim bütün söhbətlərində, elmi mübahisələrində, müqayisələrində əxlaqi zənginliyini ortaya qoyur. 
Kövrək təbiətini, həssaslığını, mülayimliyini təmkini, səbri, ağıryana davranışları tamamlayır. Milli yaddaşa, mənəviyyatımıza ruhən bağlılığı, ciddiliyi amma bir o qədər də istiqanlılığı, səmimiliyi Firudin müəllimin şəxsiyyətinin parlaq cizgiləridir. O, etibarlı dost, hər zaman güvənə biləcəyin sirdaşdır. Tanrı ona çox böyük qəlb sahibliyi  əta edib. Ona üz tutan insanların heç birindən köməyini əsirgəməməyə çalışır. Olduqca səxavətlidir, böyüklüyünü hər yerdə əməli ilə təsdiqləyir. 

Ömrün 80-ci zirvəsi
Bu yaşın gətirdiyi böyüklük deyil, xilqətən böyüklükdür, müdriklikdir. Firudin Səməndərov bu ucalığı ömrün 80-ci zirvəsində fəth etməyib. Mənə elə gəlir ki, o, elə həyatının bütün mərhələlərində bu  ucalıqda qərar tutub. Ulularımızdan bir söz yadigarı var: böyük-kiçik yeri bilmək. Çoxumuza elə gəlir ki, bu  söz ancaq yaşca  kiçiklərə aiddir. Yaşca  böyüyün yolunu gözləmək, hörmətini saxlamaq həqiqətən kiçik üçün bir mənəvi borcdur. Amma bu hikmətin başqa tərəfi də var. Əslində, yaşca kiçiyə hörmətlə yanaşmaq, onunla münasibətləri əndazələr çərçivəsində düzgün qurmaq da böyüyün öhdəliyidir. Yaşca böyük olanlardan bu həqiqəti çox az adamın anladığını görmüşəm. Amma Firudin müəllim də hər zaman o azların arasında olub. Yaşın müdrik çağlarına gəlib çatmış bir həmkar, ustad, dost başqaları ilə necə davranmalıdır, onun nümunəsini, meyarlarını formalaşdıran adamlardan biridir Firudin müəllim.     
Firudin müəllim həm də gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Lalə xanım, oğlu Yusif, qızı Aydan da bizə doğmadır. Aydan ixtisasca psixoloqdur, psixologiya üzrə fəlsəfə doktorudur, dosentdir, BDU-da elmi-pedaqoji fəaliyyətlə məşğul olur. Yusif isə praktiki sahədə fəaliyyət göstərir. Professor F.Səməndərov nəvələrinin əziz, sevimli, müdrik babasıdır. Bu  ocaqda indi baba və nənənin adını daşıyan balaca Firudin və Lalə də böyüyür.  
Onunla yol yoldaşlığımız da, ölkədən kənara səfərlərimiz də olub. Bu məqamların hər dəfəsində  Firudin müəllimi bir insan kimi yenidən kəşf etmişəm. Onun ürəyində dünya boyda bir işıq gəzdirdiyinə, ətrafındakı hər kəsə bu işığın şəfəqlərindən pay verdiyinə şahid olmuşam. 
Və hər dəfə də özlüyümdə arzu etmişəm ki, bu işıq həmişə indiki kimi gur parlasın. Əziz müəllimimin 80 illik yubileyinə ürək sözlərimi də elə bu diləklə tamamlayıram. 
Firudin Səməndərov kimi ziyalılar xalqımıza Tanrının bir  lütfüdür. Onlara həmişə ehtiyacımız var. 
Yeni ömür zirvələrində görüşmək ümidi ilə, ustad!

Alış QASIMOV,
Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ 
kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor, 
Rusiya Hüquq Elmləri Akademiyasının üzvü, “Qızıl qələm” mükafatı laureatı

 

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

ÖRNƏK ÖMÜR