51950 17-04-2019

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Onlar Türk dünyasının ən qədim etnoslarından biridir. Dilləri Azərbaycan və Türkiyə türkcəsinə, Ərzurum bölgəsinin şivəsinə çox yaxındır. Söhbət tarixi qədim olduğu qədər, həm də məşəqqətli olan Axısqa türklərindən gedir. Tarix boyu Gürcüstanın Mesxeti bölgəsində yaşayan Axısqa türkləri 1944-cü ildə Stalin repressiyasının qurbanı olub, kütləvi şəkildə öz doğma yerlərindən deportasiya olunublar. 1989-cu ildə isə ikinci ağır faciəni - Fərqanə faciəsini yaşayıblar. Hazırda Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Rusiya və digər dövlətlərdə 425 mindən çox Axısqa türkü yaşayır. “Bakı Universiteti” qəzeti Dünya Axısqa Türkləri Birliyinin (DATÜB) Azərbaycan təmsilçisi Məhəmməd Şamilovla müsahibəni təqdim edir:

 


- Məhəmməd bəy, söhbətimizə Axısqa türklərinin sürgündən əvvəlki həyatı haqqında danışmaqla başlayaq…
- Axısqa türkləri sürgündən əvvəl Gürcüstanın Mesxeti-Cavaxetiya bölgəsində yaşayıblar. Bu bölgədə həmçinin digər millətlər də yaşayıb-gürcülər, acarlar, ermənilər. Burada yaşadıqları dönəmdə də Axısqa türkləri öz əməyi və zəhmətkeşliyi ilə tanınıblar. Əsasən heyvandarlıq və əkinçiliklə məşğul olublar. Onların Mesxeti-Cavaxetiyada yaşadıqları dövrdə heç bir etnik qrupla konfliktləri olmayıb. Sürgündən əvvəl heç bir problem yaşamayıblar.


- Bəs 1944-cü il sürgünü ilə bağlı nə deyə bilərsiniz?
- 1944-cü ildə baş verən sürgün Axısqa türklərinin tarixinə qara hərflərlə yazılıb. Sürgündən əvvəl 1941-ci ildə İkinci Dünya Müharibəsi başladığından 18 yaşından 50 yaşadək Axısqa türkləri cəbhəyə səfərbər olunublar, digərləri isə həmin dövrdə o regionda dəmiryolu inşasına işlədiliblər. Onlar dəmiryolunun regionun inkişafı məqsədilə çəkildiyini düşünürdülər. Halbuki o dəmir yolu bizi yurdumuzdan birdəfəlik ayırdı. 1944-cü il noyabrın 14-də sürgün gerçəkləşdi və bir gün ərzində orada yaşayan bütün Axısqa türklərinin sürgün olundu. Qoca, qadın, uşaq demədən hər kəsi vaqonlara doldurdular və millətin sahib olduğu mal-mülk orada qaldı. Hətta insanların müvəqqəti, yəni üç günlük hərbi təlimlər məqsədilə köçürüldüyü bildirilirdi. İndi siz təsəvvür edin, üç günlük getdiyini düşünən insan özü ilə nə götürə bilərdi?! Ural dağlarından keçən yolda bir tərəfdən qışın soyuğu, digər tərəfdən aclıq sürgün olunanlara zülm verib. 41 gün yol gediblər, 17 min insan elə yollarda ölüb. Əsgərlər yolboyu vaqonları saxlayıb dünyasını dəyişənləri kənara atırlarmış. Bu gün gənc nəsil olaraq biz bu faciəni unutmamalıyıq. İfadə olunmaz əziyyətlə sağ qalanları Orta Asyanın fərqli ölkələrinə - Qazaxıstan, Qırğızıstan, Özbəkistana səpələyiblər.


- Sürgündən sonrakı dönəm necə oldu, Axısqa türklərinə qarşı təzyiqlər azaldımı?
- Bundan sonra komendant saatları təyin olunub. Səhər işdən əvvəl, axşamlar isə işdən qayıdanda müəyyən sənədlərə qol çəkirlərmiş. Məqsəd isə olduqları ərazidən kənarlaşmaqlarına mane olmaq imiş. Sürgün zamanı eyni ailəyə məxsus insanlar fərqli vaqonlarda olublar. Sonrada onların görüşüb bir araya gəlməsinin qarşısını almaq üçün komendant rejimindən istifadə edilib. 1953-cü ildə Stalinin ölümündən sonra bu rejim hələ 3 il də davam edib. Sürgündən sonra 1989-ci ildə baş verən Fərqanə hadisələri isə tariximizin ən acı səhifələrindəndir.


- Axısqa türklərinin bir hissəsi də Azərbaycanda məskunlaşıb. Azərbaycanda Axısqa türklərinə münasibət necə idi?
- 1958-ci ildən soydaşlarımız köhnə yurdları olan Axısqaya yaxın ölkəyə - Azərbaycana gəlməyə başlayıblar. Mənim atam da 1959-cu ildə Saatlı rayonuna gəlib və burada məskunlaşıb. Burada bizə qarşı heç bir ayrı-seçkilik olmayıb. Azərbaycan əhalisi bizimlə hər zaman öz milləti kimi davranıb. Bizə olunan bu yaxşılıqları, qardaşca münasibəti heç vaxt unutmayacağıq. 1959-1961-ci illərdə soydaşlarımız Azərbaycanın Saatlı, Sabirabad, Beyləqan, sonradan Xaçmaz, Quba və digər bölgələrində məskunlaşıblar. 1989-cu ildə baş verən Fərqanə hadisələrindən sonra biz Özbəkistanı tərk etməyə məcbur olduq və Azərbaycana üz tutduq. Bura gələn qohumlarımıza kömək olmağa çalışsaq da, yenə də dövlətimiz bizi tək qoymadı. Burada yeni kəndlər salındı, evlər tikildi, torpaq bölgüsü aparıldı. Bütün bunlara görə biz də hər zaman dövlətimizin yanındayıq. Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyir və onun inkişafı üçün çalışır.


- Dünya Axısqa Türklərinin Birliyi təşkilatı haqqında nə deyə bilərsiniz?
- DATÜB qeyri-hökumət təşkilatı olaraq 2010-cu ildə yaradılıb. Təşkilatın yaradılması Türkiyə Respublikası Nazirlər Kabineti və Baş naziri tərəfindən təsdiqlənib. Hal-hazırda təşkilat beynəlxalq xarakter daşıyır və 9 ölkədə fəaliyyət göstərir. Bu ölkələr, əsasən, Axısqa türklərinin məskunlaşdığı ölkələrdir: Türkiyə, Azərbaycan, Qazaxıstan, Rusya, ABŞ və s. DATÜB-ün qurucusu və rəhbəri Ziyaddin Kassanovdur. Özü Qazaxıstanda yaşayan Axısqa türkü olan iş adamıdır. O, bu təşkilatı yaratmaqla fərqli ölkələrdə yaşayan Axısqa türklərini bir araya gətirərək onlara xidmət etməyi qarşısına məqsəd qoyub. Məqsəd millətimizin mədəniyyətini, tarixini tanıtmaq və haqlarını qorumaqdır.


- Sonda müasir gəncliyə məsləhət və tövsiyənizi bilmək maraqlı olardı.
- Mən atayam və üç övladım var. Övladlarıma verdiyim tövsiyəni bütün gənclərə ünvanlayıram. Hər zaman öz üzərlərində çalışsınlar, elm və təhsil sahəsində dərin biliklərə yiyələnsinlər. Cəmiyyətimizin inkişafı üçün əllərindən gələni etsinlər. Ailələrinin və dövlətlərinin dəyərini bilsinlər. Allah bütün gənclərimizi qorusun!

Hacıbaba Mustafayev,

Jurnalistika fakültəsinin tələbəsi

Digər yazılar

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”

“Tələbə qiymət xatirinə yalvaranda böyük təəssüf hissi keçirirəm”

Rəşad Məcid: “Gənclərə yardım etməkdən zövq alıram”

“Valideynin bir kəlməsi uşağı intihara yönəldə bilir” – PSİXOLOQLA MÜSAHİBƏ

“Hər gün özünüzü hazırlamalısınız” - SƏFİR DANIŞIR