6327 18-04-2019

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

Bakı Dövlət Universitetinin bir əsrlik yubileyi ərəfəsində onun tarixində iz qoymuş yüzlərlə görkəmli alim və pedaqoq yada düşür. Onlar gözlərinin nuru, qəlblərinin odu ilə adlarını tarixin yaddaşına həkk ediblər. 

Ömür, tale yolu bu qədim elm məbədindən keçmiş dəyərli ziyalılarımızdan biri də görkəmli şərqşünas alim, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Ələsgər Məmmədov olub. Müharibə və əmək veteranı olan Ə.Məmmədovun anadan olmasının 100 illiyi BDU-nun yubileyi ilə eyni vaxta təsadüf edir. Professor Ələsgər Məmmədovun qızı, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının əməkdaşı İradə Əliyeva ilə söhbətimizdə görkəmli alimin ömür yoluna nəzər saldıq.

 

- Atam 1919-cu il oktyabrın 10-da - Bakı Dövlət Universitetində ilk dərslər başlamazdan beş gün öncə, Bakının Keşlə qəsəbəsində anadan olub. Danışdıqlarına əsasən, uşaqlıq illəri çox ağır keçib. Valideynlərini erkən itirib, əmisinin himayəsində böyüyüb. Olduqca tələbkar olan, onu öz övladlarından ayırmayan əmisi atamdan yaxşı oxumağı, əlaçı olmağı tələb edirmiş. Atamın özünün də oxumağa böyük həvəsi olub. Nə yetimlik, ana-ata həsrəti, nə də səhərdən axşamadək işləyib çörək pulu qazanmaq üçün yaşadığı sıxıntılar onu dəftər-kitabdan ayıra bilməyib. 7 illik məktəbi bitirdikdən sonra N.Nərimanov adına Bakı Sənaye Texnikumuna daxil olub, təqribən 14-15 yaşından etibarən müstəqil həyata başlayıb. Sonralar Azərbaycan Pedaqoji İnstitutunun xarici dillər fakültəsinin alman dili şöbəsini, Moskva Hərbi Xarici Dillər İnstitutunun ərəb dili şöbəsini bitirib.

- Professor Ələsgər Məmmədov Böyük Vətən müharibəsindən sonra alman dili tərcüməçisi kimi Nürnberq Beynəlxalq Hərbi Tribunalda iştirak edib. Bu barədə nə deyə bilərsiniz?

- Atam, dediyim kimi,  Moskva Hərbi Xarici Dillər İnstitutunun ərəb dili şöbəsini bitirmişdi. Bu ali məktəbi fərqlənmə diplomu ilə bitirəndən sonra, 1945-ci ilin fevralından 1947-ci ilin avqust ayınadək SSRİ Xarici İşlər Nazirliyində Yaxın Şərq Ölkələri şöbəsinin böyük referenti vəzifəsində çalışmışdı. İşlədiyi 2 il yarım ərzində Almaniya Xarici İşlər Nazirliyinin ələ keçirilmiş diplomatik sənədlərinin böyük bir qismini (30-dan artıq) alman dilindən rus dilinə tərcümə etmişdi. SSRİ Xarici İşlər Nazirliyinin xətti ilə 1945-ci ilin dekabr ayından 1946-cı ilin fevral ayınadək Nürnberq Beynəlxalq Hərbi Tribunalda alman dili tərcüməçisi kimi iştirak etmişdi. Atam həmin prosesdə iştirak edən yeganə azərbaycanlı olub. O vaxt atamın 26 yaşı varmış. Atam deyirdi ki, gənc mütəxəssis kimi alman dilindən imtahan verərkən, imtahanı qəbul edən məşhur alim, alman dili qrammatikasının müəllifi Qrabor-Passak ondan razı qalıb və Nürnberq beynəlxalq hərbi tribunalına da onun məsləhəti ilə göndərilib.

Atam hər tərəfdən daş hasara alınmış Nürnberq şəhərinin bizim İçərişəhəri xatırlatdığını söyləyərdi. Deyərdi ki, Amerika təyyarələri şəhəri darmadağın etsə də, Ədliyyə sarayı salamat qalmışdı, bura sanki, canilərin cəzalandırılması üçün qorunub saxlanmışdı. İllər keçsə də, "Ölüm dəyirmanı" adlı sənədli filmdə gördüyü vəhşiliklər heç yadından çıxmırdı. İnsan piyindən hazırlanmış sabunlar, insan dərisindən düzəldilmiş abajurlar, saçlardan hazırlanmış gəmi burazları, ayaqqabılar və sair haqqında həyəcansız danışa bilmirdi.

 

- Bəs Ələsgər müəllimin Bakıya qayıdışı necə oldu?

- Atam ailə qurandan sonra hər şey dəyişib. Azərbaycanlı qızla evlənməsi rusların xoşuna gəlmədiyi üçün onu ixtisara salıblar. Doğrudur, bundan sonra ona YUNESKO-da iş təklifi olub, amma atam imtina edərək Bakıya qayıdıb. Bakıya qayıtdıqdan sonra onun həyatında yeni səhifələr açılıb, elm və təhsillə məşğul olmağa başlayıb. Ömrünün sonuna kimi həyatını Bakı Dövlət Universitetinə bağlayıb. Şərqşünaslıq fakültəsinin aspiranturasında ərəb filologiyası ilə məşğul olub. Burada gərgin əməyi nəticəsində müəllimlikdən professor zirvəsinə qədər yüksəlib, fakültənin dekanı seçilib, 30 ilədək ərəb dili kafedrasına rəhbərlik edib. Atam Şərq dünyasının və keçmiş Sovetlər Birliyinin ən görkəmli şərqşünas alimlərindən biri, Azərbaycanda müasir ərəbşünaslıq məktəbinin banisi və fəal iştirakçısı kimi adını tarixə yazıb.

- Azərbaycan ərəbşünaslıq elminin onun adı ilə bağlı olması da gərgin əməyinin nəticəsidir...

- O, respublikamızda ərəb dilinin tədrisi sahəsində müasir dilçilik məktəbinin ənənələrinə əsaslanan dərs vəsaitlərinin, onlarla elmi məqalənin, rus və Azərbaycan dillərində 30-dan artıq ərəb dili dərsliyinin müəllifidir. Orta və ali məktəblər üçün dərsliklər yazıb. Onun yazdığı dərslik və dərs vəsaitləri təkcə Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib. Əsərlərinin ümumi həcmi 350 çap vərəqindən çoxdur. 1980-ci ildən sonra dünyanın bir çox ali məktəblərində onun kitablarından dərs vəsaiti kimi istifadə olunub. Ərəbşünas kadrların hazırlanmasında da onun xidmətləri əvəzsizdir. Atamın yetirmələri sırasında ictimai elmlərin müxtəlif sahələri üzrə çoxlu sayda elmlər namizədi, elmlər doktorları var. Onların bir çoxu Misir, Əlcəzair, Sudan, Tunis, İraq səfirliklərində yüksək ixtisaslı tərcüməçi kimi fəaliyyət göstərirlər. Tələbələri bu gün də onu xatırlayır, əməyini yüksək dəyərləndirir.

- Atanız həm elmi-pedaqoji, həm də ictimai fəaliyyətlə məşğul olurdu. Sizcə, onun hansı fəaliyyəti xüsusilə önəmlidir?

- Atam 1973-cü ildə Mərkəzi Komitənin nümayəndələri ilə bir qrupda Bakı və Bəsrə şəhərləri arasında qardaşlıq müqaviləsi bağlamaq üçün İraqa səfər etmişdi. Həmin müqavilənin bağlanmasında atamın rolu böyük olub. İraqın rəsmi nümayəndələri onun bacarıq və istedadına heyranlıqlarını bildiriblər. Onlar atamı azərbaycanlı ərəb adlandırdılar. Hətta  Kərbəla ziyarətinə aparıb ona qızıl suyuna çəkilmiş "Qurani Kərim" kitabını bağışlamışdılar. Dövrünün dinimizə, müqəddəs kitabımıza qarşı qadağalarına baxmayaraq, "mən şərqşünasam, müsəlmanam" deyib həmin kitabı Bakıya gətirmişdi. O kitab bu gün də evimizdə qorunur. O zamanlar SSRİ ilə ərəb ölkələri arasında  əlaqələrin möhkəmləndirilməsi və inkişafında onun böyük xidmətləri vardı. Dəfələrlə Sovet İttifaqından olan nümayəndə heyətinin tərkibində Misirdə, İraqda, Suriyada olmuş, universitetlərdə mühazirələr oxumuşdu. Azərbaycan SSR Maarif Nazirliyinin nəzdində ərəb dili üzrə Metodiki Şuranın sədri, Ərəb Ölkələri ilə Dostluq və Mədəni Əlaqələr üzrə Cəmiyyətin respublika bölməsinin sədr müavini, 1969-cu ildən etibarən SSRİ Semitoloqlar Kollegiyasının üzvü idi. 1958-ci ilin sentyabrında onun təşəbbüsü ilə ilk dəfə Respublika Radiosu nəzdində ərəb redaksiyası yaradıldı və onun ilk redaktoru özü oldu.

- Ələsgər müəllim ömrünün sonuna kimi Bakı Dövlət Universitetində çalışıb, dərs deyib, yazıb-yaradıb. Atanızın ahıl vaxtlarını necə xatırlayırsınız?

- Ömrünün sonuna kimi hafizəsi möhkəm idi. Hansı cümlənin hansı səhifədə olduğunu nöqtə-vergülünə qədər yadında saxlayardı. Xəstəliyi ilə əlaqədar universitetə gedib-gələ bilmədiyi vaxtlarda tələbələrini evə çağırar, dərslərini evdə keçərdi. Deyərdi ki, millət balalarını mənə etibar edib. Mən də bu dərsləri keçməliyəm. Atam ilk azərbaycanlı idi ki, Moskvanın göstərişi ilə müdafiəsiz professor adını almışdı. Onun ərəb dilini müasir metodla öyrətmə üsulu Avropa dillərini (fars, ingilis, alman, ispan, fransız, italyan, rus dillərini), o cümlədən, türk dilini mükəmməl bilməsindən irəli gəlirdi. Xasiyyətcə həlim olsa da, işində olduqca ciddi və tələbkar idi. Yersiz əyləncələri, yorucu iclasları sevməzdi. Rahatlığını, sevincini yazdığı kitablarda tapar, mühazirələrini sevə-sevə edər, tələbələrinə ata qayğısı ilə yanaşardı. Həmişə deyərdi ki, mənim tələbələrim öz ixtisaslarına mükəmməl yiyələnməlidirlər. Çünki onlar ölkəmizi xaricdə təmsil edəcəklər. Qoy üzləri ağ, alınları açıq olsun. Tələbələrinin hər uğuruna sevinər, "divin canı şüşədə olduğu kimi, mənim də canım tələbələrimdədir" deyərdi.

- Bir ata, ailə başçısı kimi onu necə xarakterizə edərdiniz?

- Çox ailəcanlı idi. Sevib evləndiyi anam Şövkət xanımla olduqca mehriban və səmimi idi. Bir-birinə həddindən artıq bağlı idilər. Anama həmişə hörmətlə yanaşar, "sən mənim evimin dirəyisən" deyərdi. Ömürlərinin sonuna kimi aralarında anlaşılmazlıq, yersiz söz-söhbət olmadı. Elə ona görə də atam dünyasını dəyişəndən sonra anam onun yoxluğuna dözə bilmədi. İki ildən sonra o da dünyasını dəyişdi.

İşinin çoxluğuna baxmayaraq, bizi tez-tez gəzintiyə çıxarar, dəniz kənarına, kinoya aparardı. Özü ilə dəftər-qələmini götürməyi də unutmazdı. Bizim başımız oynamağa qarışanda o da növbəti mühazirələri üçün qeydlər edərdi.Yadımdadır, köhnə mənzilimiz çox darısqal idi. Atam stolüstü lampanın üzünü divara çevirər, bir tərəfinə də qəzet çəkərdi ki, biz yatanda gözümüzə işıq düşməsin. Özü isə səhərə qədər yazı-pozusunu edərdi. Səhər də həmişəki kimi öz vaxtında işinə gedərdi.

Atamla fəxr edirəm. Nə yaxşı ki, mən Ələsgər Məmmədovun övladıyam. Ələsgər müəllim ona verilən ömür payını şərəflə yaşadı. Xalqı qarşısında öz borcunu bacardığı kimi yerinə yetirdi. Heç kəsin qarşısında gözükölgəli olmadı. Cəmiyyət üçün layiqli övladlar böyütdü. İbrətli ömür yolu ilə başqalarına da nümunə oldu.

Solmaz BABAŞOVA

Digər yazılar

“İmtahan keçirilən binaya daxil olanda hər şey dəyişdi” – Jurnalistika fakültəsinin tələbəsi

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”