5908 23-04-2019

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

Deyirlər, insan yaşa dolduqca, ömrünə günlər, saatlar calandıqca daha müdrik, daha kamil olur. Bu gün dünənə çevrildikcə, ümidlərin, arzuların artıq yaşandıqca, təbiətin verdiyi bütün imkanlardan istifadə edərək daha çox iş görməyə, həyatdan daha çox əldə etməyə çalışırsan. İstəsək də, istəməsək də bu həyat adlandırdığımız həm adi, həm də çox mürəkkəb, aydın və müəmmalı fenomenin qanunlarıdır. Lakin, bu, adi ömür yaşayanlara aiddir. Elələri də var ki, bu dünyaya ölümsüz bir ömür yaşamağa gəlir. Belə adamlar adi insani tələblərin, xırda istəklərin fövqündə durmağı bacarırlar. Belə dahi insanlardan biri də istər yaşadığı XIII əsrdə (1201-1274), istərsə də bu gün və sabah bəşər sivilizasiyasına astronomiya, riyaziyyat, tarix, coğrafiya və digər elm sahələrində əldə etdiyi misilsiz nailiyyətləri ilə böyük töhfələr baxş edən Nəsirəddin Tusidir. Özü azərbaycanlı olsa da bütün elm dünyasının fəxri sayılan bu böyük alim uzun illər 1259-cu ildə Marağada öz layihəsi ilə inşa etdirdiyi rəsədxanada yaşamış və bu elm məbədgahında apardığı astronomik tədqiqatlar nəticəsində “İlhanilərin astronomik cədvəlləri” (“Zic Elxani”) adlı ölməz əsərini yazmışdır. Dörd kitabdan ibarət bu əsərin ikinci kitabında N.Tusi planetlərin və Günəşin hərəkətlərini təsvir olunur, Günəş diski mərkəzinin Marağa meridianında həqiqi günorta vaxtı müəyyən tarixlərdə ekliklik uzunluğu, planetlərin orta sutkalıq hərəkətinin dəqiqləşdirilmiş qiymətlərini verməyə nail olmuşdur. Maraqlıdır ki, buna oxşar cədvəllər Avropada 400 il sonra meydana gəlmişdir. 
N.Tusinin vaxtı təyin etmə sahəsindəki elmi uğurları da heyrət doğurur. Vaxtın, zamanın elmi-fəlsəfi mahiyyətini düzgün müəyyənləşdirməyi bacaran bu alimin təlim-tərbiyə sahəsindəki elmi axtarışları bəlkə ona görədir ki, zamana tabe olmur, bütün tarixi dövrlərdə öz aktuallığını qoruyub saxlamağı bacarır.
N.Tusi insan həyatının mənasını insanlara və cəmiyyətə fayda gətirə biləcək əməllərdə görür: “Nalayiq həyat keçirmə ki, nalayiq ölüm də ona əlavə edilməsin” və yaxud “Dünyanın ləzzətindən başını itirib şadlanan, ruzgarın müsibətindən ağlını çaşdırıb qəmlənən adamı hikmət sahibi hesab etmə” – deyə, yazırdı. N.Tusinin əqidəsincə həyat yalnız yaxşı işlər görülməsi üçün yaşanmalıdır: “Xeyrə həsr edilməmiş həyatı hədər getmiş hesab et.”
O, hər bir kəsin aydın və bəlağətli nitqə malik olmasını, öz fikrini müsahibinə dolğun və səlis çatdıra bilməsini həmişə təbliğ edər: “Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və ya rəvayəti bilirsənsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan verməli” – deyə, söyləyərdi.
Ondan ötrü nitq söyləmək danışanın daxili aləmini açıqlayan, bəyan edən ən doğru vasitədir: “Adamların alçaqlığını bilmək istəyirsənsə, onların çoxlu lazım olmayan sözlər danışmasına, məsuliyyət daşımadığı şeylər haqqında şayiələr yaymasına fikir ver! Bil ki, başqaları haqqında bəd niyyətdə olan adam fitrətən bədxah olar.” N.Tusi hesab edirdi ki, belə insanlar mənfi təbiətli xislətləri ilə digərlərinə də pis təsir göstərirlər. Alimin fikrincə tərbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa, oynamağa qoymasan: “Çünki, uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər”.
 

Görkəmli alim, böyük mütəfəkkir N.Tusinin təlim-tərbiyə ilə bağlı aşağıda verilən son dərəcə aktual fikirləri bu gün də elm və pedaqogika aləmində təəccüb və heyrət doğurur:

Uşağı körpəlikdən tərbiyə etmək lazımdır. Sonra dərs öyrətməyə, təlimə başlarlar, hikmətli kəlamlar, tərbiyəvi şeirlər əzbərlədərlər ki, öyrətmək istədikləri şeylər yadında qalsın, mənasını unutmasın. 
                                                  
İlk növbədə uşağın təbiətinə, nəyə qabil olduğuna nəzər yetirmək, ağıl, fərasətinə fikir vermək, müşahidə nəticəsində onun fitrətində hansı sənətə və elmə çox meyl olduğunu müəyyənləşdirmək, sonra isə haman işlə də məşğul etdirmək vacibdir.
                                                         
Kimin nəyə qabiliyyəti varsa, onunla məşğul olsa, tez nəticə verər, böyük sənətkar olar, əks təqdirdə zəhmət hədər gedər, ömür puç olar.
                                                           
Çox danlamağı adət edib hər şeyi qadağan etməkdən çəkinmək lazımdır, bu, sırtıqlaşmağa, acığa düşüb haman işi bir də görməyə sövq edər.
                                               

Çox yatmağı övlada qadağan etmək lazımdır. Çox yatmaq zehni kütləşdirər, hafizəni öldürər, bədəni lırtlaşdırar, insanı süst edər.

Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətməli, nalayiq sözlər, söyüşlər, yersiz kəlimələr işlətməkdən utandırmalı, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləməli, belə danışığa adət etməyə hüsn-rəğbət oynatmalıdır. O, özünə, müəlliminə, özündən yaşda böyük olanlara hörmət və xidmət etməyi bilməlidir.
                                                  
Həkim Sokratdan soruşdular: “Sən nə üçün çox  vaxt yeniyetmələrlə həmsöhbət olursan?” Dedi: “Ona görə ki, nazik və tər budaqları düzəltmək asandır, təravəti getmiş, budağı qurumuş, üzü bərkimiş ağacı düzəltmək isə mümkün deyildir”


Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır.

                                               
Qeybət, böhtan, iftira, yalançılıqdan çəkinməli, heç vaxt belə şeyə yol verməməli, o cür xasiyyətli adamlarla ünsiyyət saxlamamalı, onlara qulaq asmaqdan çəkinməlidir.

Ata-ananın vəsiyyətlərini unutmamalı, istər sağkən, istərsə də vəfatlarından sonra onlara əməl etməlidir.

Valideynə kömək edib xeyir vermək nə qədər əxlaqın sağlığına dəlalət edirsə, nankorluq və kobudluq da o qədər tərbiyənin çürüklüyünə sübutdur. 

Ata yerində olan adamlar da, məsələn, müəllimlər, ustalar, babalar, əmilər, xalalar, böyük qardaşlar, ata-ananın yaxın dostları valideyn kimi hesab edilməli, onlara da hörmət göstərmək, ehtiyacları olduqda kömək etmək, ürəklərinə dəyən hərəkətlərə yol verməmək lazımdır.
                                            
Kim qarşılıqlı kömək və ya əməyə xor baxır, onu kiçik, əhəmiyyətsiz bir şey hesab edirsə, həqiqətdə rəzil və xırda adam elə özüdür.
                                      
Elm sahiblərini elmlərin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirmək lazımdır.
                                           
Mümkün olmayan şeyləri arzu etmə.
                                             
Xeyrə həsr edilməmiş həyatı hədər getmiş hesab et.
                                    
Üç şeyin haqq-hesabını özündən çəkməmiş, dincəlib yatma:

B i r i n c i – Haman gün səndən bir xəta üz verib-vermədiyini fikirləş!
İ k i n c i – Bir xeyir əldə edib-etmədiyini hesabla!
Ü ç ü n c ü – Hansı işdə səhlənkarlıq edib fürsəti əldən verdiyini yadına sal!


Hamı ilə dostluq etməyi bacar, tez-tez qəzəblənmə, sonra qəzəb vərdişə keçə bilər.
 

Yalnız sözdə deyil, həm də işdə hikmət sahibi ol!
   
Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçər, yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.
 
Hər vaxt öz işini ağılın məsləhətinə, şəraitin imkanına görə qur!

Bu dünyanın böyük işlərinin heç birində səhlənkarlıq və kahıllıq etmə, süstlük və iradəsizlik göstərmə!

 

Yaxşı ad qazanmaq xatirinə heç bir qanunsuzluğa yol vermə.


Özünü işə verməməklə şadlanma, həmişə ədalət, doğruluq, xeyirxahlıq yolunu seç ki, səadətə çatasan.


Xalqımızın şanlı oğlu N.Tusinin zaman və məkan məhdudiyyəti tanımayan zəngin elmi irsi bəşər sivilizasiyası üçün misilsiz töhfə, böyük məktəbdir. Hər kəs bu məktəbdən  bəhrələnməyə  can atmalıdır.

 

Aydın Məmmədov

BDU, Tarix fakültəsi,

 Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

ÖRNƏK ÖMÜR