6366 03-05-2019

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

 
Televiziya artıq sehrli qutu olmasa da, hələ də tamaşaçı üçün xəbərin istehsal prosesi, verilişlərin kadrarxası məqamları, aparıcının efir hazırlığı maraq doğurur.


 
Aparıcı, xüsusən də, canlı veriliş aparıcısı üçün hansı keyfiyyətlər tələb olunur? Efirdə ədəbi dilin normaları necə qorunmalıdır? Xəbər bloku necə yığılır? Aparıcının gündəlik rejimi necədir?
 
 Bu qəbildən olan suallarını 10 ildən artıqdır ki, telejurnalist kimi çalışan Pərvin Əsgərli cavablandırır.
 
- Pərvin xanım, 10 ildən artıqdır ki telejurnalist kimi fəaliyyət göstərirsiniz. Televiziya jurnalistikasına necə gəldiniz?
 
- Əslində, mən birbaşa televiziya jurnalisti kimi fəaliyyətə başlamışam. BDU-nun Jurnalistika fakültəsində I kursda oxuyurdum, dərs gedirdi. Qapı açıldı, “Azərbaycan” televiziyasından rejissor, veriliş müəllifi və redaktor auditoriyaya daxil oldu. Yeni bir layihədə aparıcı, redaktor və müxbir kimi işləyə biləcək istedadlı tələbələrə ehtiyac olduğunu dedilər. Bir neçə tələbə kimi mən də dərhal əlimi qaldırıb işləyə biləcəyimi söylədim. Beləliklə, həmin tələbə yoldaşlarımla televiziyada işə götürüldük. İlk iş yerim AzTV-də Ədəbi dram verilişləri redaksiyası və ilk iş tapşırığım isə şəhərdə sorğu keçirmək oldu.
  
- Birinci kurs tələbəsi kimi istər nəzəri, istərsə də praktik biliklərinizin zəif olmasına baxmayaraq işləmək qərarı vermək sizin üçün çətin olmadı?  
 
- Təbii ki, çox çətinliklər oldu. Heç bir nəzəri biliklər verilmədən, redaktorun göstərişi ilə çəkilişə yollandıq. Artıq bir neçə müsahibədən sonra sərbəst işləyə bilirdik. Amma bizim tələbə ikən işləməyimizin müsbət tərəfləri çox idi. Biz dərslərdə nəzəri biliklər əldə edir, televiziyada isə onları praktiki cəhətdən öyrənirdik.
 
İndi BDU-nun Jurnalistika fakültəsinin imkanları əvvəlkindən əvvəlkindən daha  genişdir. O vaxt isə kamera, mikrofonla işləməyi universitetdə öyrənmək olmurdu. Beləliklə, mən bütün bunları dövlət televiziyasındakı "Sənət dünyası" verlişində həm aparıcılıq, müxbirlik, həm də redaktorluq etməklə öyrəndim.
 


- Bu günə qədər AzTV, İTV-də işləmisiniz. Hazırda isə ATV-də fəaliyyət göstərirsiniz. Bugünkü uğurlarınız barədə düşünəndə bunlardan hansı sizə daha doğmadır?
 
- Bəli, əmək fəaliyyətimə AzTV-dən başladım, İTV-də davam etdim, hazırda isə ATV-də çalışıram. Həmişə deyirəm ki, AzTV-də ilkin bilikləri öyrəndim, “İctimai” televiziyada onları inkişaf etdirdim. ATV-də isə daha da püxtələşdiyimi düşünürəm. Hər biri mənim üçün doğmadır, müqayisə edə bilmərəm. Əgər bu gün tamaşaçılar tərəfindən tanınıramsa, az da olsa sevilirəmsə, bunları həm Jurnalistika fakültəsində öyrəndiyim nəzəri biliklərə, dövlət televiziyasında qazandığım təcrübəyə, həm də digər televiziyalarda öyrəndiklərimə borcluyam. Amma xüsusi vurğulayım ki, tamaşaçılar  məni ATV efirində daha çox tanıdı və sevdi.


 
- Ümumiyyətlə, yaxşı jurnalist olmaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?
 
- Müəllimimiz Qulu Məhərrəmli bizə öz mühazirələrində deyirdi ki, televiziya birbaşa görüntüdür. Amma bu o demək deyil ki, vizuallıq kifayətdir. Savad, nitq, intellektual səviyyə və televiziyaya yararlı görkəmin vəhdət təşkil etməlidir. Və əgər televiziyada insanlara müraciət edirsənsə, ədəbi dil normalarını gözləməlisən. Doğrudur, o zamanlar bəzi telekanallarda tamaşaçıya yaxın olmaq üçün ləhcələrdən istifadə edirdilər, düşünürdülər ki, məişət dilində danışsaq tamaşaçı bizi sevəcək. Mən düşünmürəm ki, mümkün qədər ədəbi dil qaydalarını qorumalıyıq.
 
 - Sizcə, televiziya dili necə olmalıdır?
 
- Televiziya dili, ilk olaraq, ədəbi dil normalarına uyğun olmalıdır. Tamaşaçının fikrini yayındırmamalı, sadə, anlaşıqlı olmalıdır.  Televiziya dili hər kəsin anlaya biləcəyi formada olmalıdır. Efirdə şivə, ləhcə, məhəlli xarakterli sözlərdən istifadə, eyni zamanda xarici sözlərin tərcümə olunmadan birbaşa istifadəsi yolverilməzdir. Tok-şou xarakterli verilişlərdə qonaq terminlərdən, yaxud məhəlli sözlərdən istifadə edirsə, burada moderator məharətini göstərməlidir, qonağın sözlərini tamaşaçıya aydın şəkildə təqdim etməlidir. Dilin qorunub saxlanılması birinci növbədə jurnalistlərin, aparıcıların- KİV nümayəndələrinin üzərinə düşür.
 
- Jurnalistika fakültəsində təhsil alanların əksəriyyəti teleaparıcı olmaq istəyirlər. Onlara elə gəlir ki, Azərbaycan televiziyasında aparıcılar yalnız veriliş təqdim edirlər. Ümumiyyətlə, bir qədər aparıcı işindən danışardınız.

 
- Aparıcılıq kənardan çox cazibəli, maraqlı, nüfuzlu görünür. Amma özünəxas çətinliyi, məsuliyyəti də var. Bu gün aparıcının işlətdiyi hər bir kəlmə öz lehinə də işləyə bilər, əleyhinə də. Əgər sənin dediyin hər bir cümlə müzakirə obyektinə çevrilirsə və yaxud da məsləhət xarakterli qəbul olunursa, sən cəmiyyət üçün önəmli fiqursan. Buna görə danışıq, duruş və davranışlarınıza diqqət yetirməlisiniz. Televiziya etik ünsürlər üzərində qurulub və aparıcıdan humanistlik, nəzakətlilik tələb edir. Ən dinamik sahə xəbər sahəsidir. Xəbər aparıcıları üçün xoşagəlməz məqamlardan biri canlı efirdə suflyorun dayanması ola bilər. Texniki problemlər səbəbindən, xüsusən canlı bağlantılar zamanı belə hallar olur. Əgər bir neçə saniyə ərzində problem həll olunmasa, tamaşaçıdan üzr istəyib, efiri davam etdirmək lazımdır, çünki televiziyada hər saniyə önəmlidir. Bunlar yaşadığımız çətinliklərin çox az hissəsidir. Bütün bu vəziyyətlərdən çıxış yolu isə təcrübəli olmaqdır. Eyni problemlə bir neçə dəfə üzləşdikdən sonra artıq nə edəcəyini daha yaxşı bilirsən.
   
- Jurnalistika sahəsində hər gün digərindən fərqli olur. Sizin gündəlik iş rejiminiz necədir?
 
- Səhər saat 6-da artıq işlədiyim şirkətdə oluram. Bildiyiniz kimi, “ATV səhər” və “ATV xəbər” proqramlarının aparıcısıyam. Proqrama hazırlaşmaq üçün ən azı 2 saat vaxt lazımdır. Saç və geyimdən əlavə xəbər bloku da hazırlanmalıdır. Baş verən bir hadisə bütün xəbər blokunu dəyişə bilər. Məsələn, ola bilər ki, gecə zəlzələ olsun, səhər gündəm elə dəyişsin ki, hazırladığımız bloku təqdim edə bilməyək. Bir hadisə bütün bloku alt-üst edə bilər. Bizim həyatımız da buna bənzəyir. Hadisələr əhval-ruhiyyəmizə təsir edir. Mən efirə göy rəngli geyimdə çıxmağı planlayıram, elə bir hadisə baş verir ki, qara geyinməli oluram və yaxud da elə bir sevindirici, xoş xəbərlərimiz  olur ki, əlvan geyimdə çıxmalı oluram. Efirdən sonra iclas olur və növbəti günün xəbərlərini müzakirə edirik. Mən eyni zamanda, ictimai-siyasi xarakterli tədbirlər aparıcısıyam və Bakı Dövlət Universitetinin Jurnalistika fakülteəinin doktorantura pilləsində təhsil alıram. Bunlar da gündəlik iş rejimimə təsir edir.
 
- “Jurnalistlərin maddi gəlirləri aşağıdır”, “onların yaxşı yaşamaları üçün ikinci sənətləri olmalıdır” kimi fikirlər səsləndirilir. Hətta bəzi jurnalistlərin eyni zamanda hansısa bizneslə məşğul olduqları da deyilir. Buna münasibətiniz necədir?
 
- Məncə, bu fikri hamıya şamil etmək doğru olmaz. Bir çoxumuzun etdiyi kimi jurnalist ikinci iş kimi pedaqoji fəaliyyəti seçərək nəzəri biliklərini tələbələrlə bölüşə bilər. Bəzi jurnalistlər var ki, media qurumları, holdinq yarada bilərlər - dünya təcrübəsində bu var. Jurnalist təcrübi biliklərini yazıb kitab olaraq dərc etdirə bilər, beləcə öz gəlirini də artıra bilər. Düşünürəm ki, jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər.
 
- Sürətlə inkişaf edən dövrdə televiziya internetlə ayaqlaşmaq üçün nələr etməlidir?
 
- Bu bütün televiziyaların yaralı yeridir. Biz bir məlumatı xəbər buraxılışında təqdim edənə qədər hansısa sayt artıq yayımlayır. Bir çox televiziyalarda da xəbərlər saytlara istinad oluna bilir. Nəticədə cəmiyyət eyni informasiyanı alır - yalnız fərqli formada. Xəbər bir az televiziya dilinə uyğunlaşdırılır. Bu bizə operativlik cəhətdən kömək etsə də, bir növ jurnalistlərin tənbəlləşməsinə gətirib çıxarır. Düşünülür ki, mən hadisə yerinə gedənə qədər hansısa sayt artıq məlumatı paylaşacaq və mən də istifadə edəcəyəm. Bunun qarşısını almaq üçün jurnalist özü məsuliyyət hiss etməlidir. Niyə həmkarının yazısını təqdim etməli olduğunu fikirləşməlidir. Onun əslində saytdakı həmkarından daha çox imkanı var. Televiziya təsir qüvvəsi vizuallıq, səs və əhatə dairəsinə görə digər KİV-dən üstündür. Bu gün internet jurnalistikası daha əlçatandır, sosial şəbəkədən istifadənin artması ilə bərabər, məlumatları ilk növbədə bu mənbələrdən oxuyuruq. Lakin yaxşı olardı ki, televiziyalar hadisənin bir başqa rakursunu təqdim etsinlər. Hazırda bir çox telekanallar da qəhrəmanın ailəsini, yaxınlarını tapıb danışdıraraq yenilik edirlər. Saytda verilən xəbərin televiziyada təfərrüatları ilə verilmə imkanı var.
 
- Siz Azərbaycan telekanallarında təhsillə, elmlə, mədəniyyətlə bağlı hansı verlişlərə baxırsınız? Zövqünüzü oxşayan hansısa proqram varmı?
 
- Biz işin istehsalat tərəfində olduğumuza görə tamaşaçı kimi əyləşib televiziyaya baxmağa imkanımız çox da olmur. Gündəmdə olan məsələlərin mütəxəssislərlə müzakirəsini aparan "ATV Aktual" , həftə ərzində baş verən yenilikləri təqdim edən "ATV Həftəsonu” “ATV Xəbər” marafonunu izləyirəm. “Buta” mədəniyyət xəbərləri, "Zamanın sorağında" kimi mədəniyyət sahəsində olan verlişləri çox bəyənirəm. Son zamanlar ictimai-siyasi xarakterli "Əsas məsələ" proqramı da diqqətimi cəlb edir.
 
- Azərbaycan və xarici ölkə mətbuatında örnək hesab etdiyiniz aparıcılar kimlərdir və onların hansı özəlliklərini xüsusilə vurğulamaq istərdiniz?
 
- Xarici ölkə jurnalistlərindən rusiyalı jurnalist, aktrisa, televiziya aparıcısı Yekaterina Andreyevanı çox bəyənirəm. Həmçinin rusiyalı araşdırmaçı jurnalist Vladimir Pozner, teleaparıcı Yuliya Menşova, CNN-in araşdırmaçı jurnalisti, aparıcısı Kristian  Amanpourun verlişlərini izləyirəm. Azərbaycan jurnalistlərindən ən başda öz müəllimlərimin adını çəkərdim. Mənə aparıcılığın sirlərini öyrədən “Azərbaycan” televiziyasının aparıcısı, mərhum diktor Rafiq Hüseynli və diktor, ssenarist, rejissor Rafiq Həşimova borcluyam. Bu gün də mən  müəllimlərimlə nələrisə zəngləşib dəqiqləşdirib sonra tamaşaçıya təqdim edirəm. Həmişə öyrənmək lazımdır, insan hər şeyi bildiyini düşünəndə məhvə doğru gedir. Ümumilikdə isə bəyənərək izlədiyim həmkarlarımız da kifayət qədərdir.
 
 

Jalə Qasımzadə

 

Digər yazılar

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”

“Tələbə qiymət xatirinə yalvaranda böyük təəssüf hissi keçirirəm”

Rəşad Məcid: “Gənclərə yardım etməkdən zövq alıram”

“Valideynin bir kəlməsi uşağı intihara yönəldə bilir” – PSİXOLOQLA MÜSAHİBƏ

“Hər gün özünüzü hazırlamalısınız” - SƏFİR DANIŞIR