1329 02-01-2018

"Onun əsərlərini hər zaman sevərək oxumuşam"

 Bəzən oxuduğumuz bir əsər həyatımıza çox ciddi təsir edir. Hətta həmin əsərin təsiri nəticəsində hadisələrə baxışımız belə dəyişir. “Həyata baxışınızda  dönüş yaradan əsər hansıdır?”,sualımızı bu dəfə Kitabxanaçılıq və İnformasiya  fakültəsinin dekanı, dosent Azad Qurbanov  cavablandırdı:

 −  Uşaqlıqdan tarixə böyük maraq göstərirdim. Hətta  bir zamanlar qadağan olunmuş kitabları belə zəngin kitabxanası olan qohumumdan alıb oxumuşdum. 9-cu sinifdə oxuyarkən Karantinin 1825-ci ildə köhnə əlifba ilə çap olunmuş “Rusiya monarxiyası tarixi” adlı  kitabı əlimə keçdi. Böyük həvəslə oxuduğum bu kitabdan Puqaçov, Dekabristlər üsyanı haqqında öyrəndim. Tarixin siyasətlə nə qədər bağlı olduğunu öyrəndim. Razin haqqında oxuduğum əsərdən isə onun xalqımıza, xüsusilə, Şamaxı qadınlarına nə qədər zülm etdiyinin şahidi oldum. Və bundan sonar, neсə deyərlər tarixdən üz döndərib dəqiq elmlərə tərəf istiqamətləndim. Leybenzonun hidrovlikaya aid əsərini çox böyük maraqla oxudum .  

         Mənсə hər əsərin insan həyatında bu və ya digər dərəcədə təsiri var.   Mənim üçün müasir ədəbiyyatımızda epik növdə yazılan ən yaxşı əsər Sabir Rüstəmxanlının “Ömür kitabı”-dır. Bu əsəri cəmi 4 saata oxumuşam. Ən təsirli məqamına gəldikdə deyərdim ki, elə əvvəldən sona qədər təsirlidir.  Əsəri oxuyarkən insan özününün kim olduğunu dərk edir. Əsas məsələ də budur!

                            “… Günəşə açılan çiçəklər kimi

                                     Ürəyim açıqdı yaxşılıqlara”.

O, bunu “ən uzun şeri” adlandırır və fikrini də  belə əsaslandırır: “Çünki yaxşılıq bizim ən uzun yolumuz və ən etibarlı yol yoldaşımızdır. Biz təbiətcə yaxşı olmaq və yaxşılıqları görmək üçün yaranmış bir xalqıq!”

         Dramatik növə gəldikdə, görkəmli dramaturqumuz  Hüseyn Cavidin “Ana” dramını deyərdim. Cavidi hər zaman sevərək oxumuşam. Özü də bir neçə dildə oxumuşam. Bütün  dramlarını əzbər bilirəm. Cavid mənim üçün idealdır. Onun bütün əsərləri şedevrdir. “Peyğəmbər”dən tutmuş “Ana”ya qədər! Düzdür, “Ana” kiçik əsərdir, ançaq gözəl əsərdir, həyata baxışıma  böyük təsir göstərib. Xüsusilə Səlma ananın davranışı! O, qəlbi parçalansa da, oğlunun qatili Çərkəs Muradı ona sığındığı, evinin qonağı olduğu üçün ələ vermir, cəzalandırmır, Allaha tapşırıb deyir:

Get, gözüm görməsin! Uzaqlaş dəf ol!
Nə haqsızlıq etdinsə allahdan bul!

         Lirik növə gəldikdə isə  Tofiq Bayramın “Qadın ürəyi” şeirini deyərdim:

                                    Onunla  dünyadır sənə qəfəs də,

                                   Onsuz heç yaşama bu torpaq üstə.

                                   Sevən bir ürəyə axır nəfəsdə

                                   Ən şirin dərmandır qadıın ürəyi.

 

 

İlahə Dadaşova,

 Filologiya fakültəsinin dissertantı 

Digər yazılar

"Mənə ən çox təsir göstərən  “Xudafərin körpüsü” əsəri olub"

“Qarqantua  və Pantaqruel”  bugünkü dünyanı ifadə edən ən nümunəvi əsərdir"

“Ölüm hökmü” əsəri məni özünə daha çox cəlb edir