214 02-02-2018

Çağırışlara aldanmayaq

Son günlər gündəmi məşğul edən xəbərlərdən biri də tələbələrin Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının təsdiq edilməsi haqqında” Qərarına etirazları ilə bağlıdır. Mətbuatdan məlum olur ki, etiraz edənlərin əksəriyyəti heç də “tələbələrin qayğısı”na qalmaq məqsədilə şüarlar səsləndirmir. Onlar sadəcə şəxsi maraqlarını güdür və müəyyən qarışıqlıq yaratmaq niyyətindədirlər.

Məlum olduğu kimi, iki gün öncə «Kredit sistemi ilə təhsilin təşkilinə dair» Qaydalar üzrə daha ətraflı izahatların verilməsi məqsədilə Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə tələbələrin rektorla görüşü olub. Məlum olub ki, tələbə istəyindən asılı olaraq, pul verməyə də bilər. Sadəcə oxuyub istədiyi qiyməti almalıdır. Və ya diplomunu 4 ilin sonunda yox, kredit borclarını ödədikdən, bütün imtahanları müvəffəqiyyətlə verdikdən sonra ala bilər. Bu qanunun icrası nəticəsində tələbə imtahanlardan dəfələrlə kəsilsə də, universitetdən qovulmur. Əksinə ona şərait yaradılır ki, kəsildiyi fənnin dərslərində yenidən iştirak etsin, biliyini gücləndirib imtahan versin. Bu qədər sadə. Axı burada narazı olmağa niyə bəhanələr axtarılır? Əgər tələbə həm oxumaq istəmir, həm də diplom almaq istəyindədirsə, etiraf edək ki, bu, ədalətsizlikdir. Ən azından yaxşı oxuyan tələbə yoldaşlarına qarşı  ədalətsizlikdir.

Görüş zamanı anlaşılmayan bir çox məsələlərə aydınlıq gətirilib. Həmçinin BDU-nun tələbələrindən biri çıxış edərək universitetdə bəzi müəllimlər tərəfindən haqsızlığa uğradığını iddia edib. Qarşı tərəf isə həmin tələbənin universitetdən xaric olunduğunu, sonra rektorun ədalətli qərarı ilə bərpa olunduğunu bildirib. Eyni zamanda şikayət etdiyi imtahandan 17 balla kəsildiyi, təkrar yoxlamada isə 18 bal toplaya bildiyi deyilib. İmtahandan keçid balının 25 olduğunu nəzərə alsaq, həmin tələbənin kəsildiyinə görə şərə və böhtana, universitetin nüfuzuna xələl gətirən addımlara əl atdığı deyilib. Bundan sonra rektorun: “Sən böhtan atırsan, iddia etdiyin kimi pul versəydin, kəsilməzdin”, - fikrini də bəzi qüvvələr öz mənafelərinə uyğun yozmaqla təhrif ediblər. Bu, sosial şəbəkələrdə də əsas müzakirə olunan mövzulardan birinə çevrilib.

 

Tələbə və məzunlar yazır


Belə ki, universitetlə bağlı səslənən fikirlər «Facebook» sosial şəbəkəsində də bir çox BDU məzunları və tələbələri tərəfindən narazılıqla qarşılanıb. Onlar rektor, akademik Abel Məhərrəmovun ədalətli olmasından, BDU-da neqativ halların qarşısının dərhal alınmasından yazırlar.

Afərim Tağıyeva, tarix fakültəsinin tələbəsi: «BDU ilə bağlı bir söz deyim; 3 ildir, tarix fakültəsindəyəm. Heç kim, heç bir müəllim nə imtahana kimi, nə də imtahandan sonra məndən pul tələb edib. Sadəcə oxumuşam və layiqli qiymətimi almışam. Siz əgər yazmısınızsa, heç bir vəchlə sizi kəsə bilməzlər. Amma bir var yazmaq, bir də var "fırlatmaq". Və əgər sən sırf vərəqi doldurmaq üçün axmaq-axmaq yazırsansa, elə kəsilməlisən də. Bax bu, ədalətlidir. Demirəm, müəllimlər həmişə adil olublar, yox, olub ki, yüksək gözlədiyim nəticə 4-5 bal aşağı gəlib. Amma bu, mənim qənaətimdir. Və ən əsası, hər halda hər il bir kəsiri olan tələbə ilə, kəsilmədən, əlaçı, zərbəçi olaraq oxuyanın fərqi olmalıdır da. Güman edirəm ki, dolduruşa gəlmədən doğru fikirlər söyləyərlər, necə deyərlər, aşıq gördüyünü çağırar. Gördüyünüzdən, bildiyinizdən danışın...»

Təhminə Yusifova, filologiya fakültəsinin məzunu: “Məncə BDU ilə bağlı məsələni bu qədər şişirtməyə ehtiyac yoxdur. BDU-da 6 il təhsil almışam, heç bir müəllimə 1 manat da olsun pul verməmişəm. Bakalavrı da, magistraturanı da fərqlənmə diplomu ilə bitirmişəm. Mənimlə bərabər yüzlərlə, minlərlə tələbə. Bunu ona görə demirəm ki, bizim savadımız auditoriya divarlarına sığmırdı. Əksinə, bu işdə bizim ən böyük dəstəkçimiz müəllimlər olurdu. Həmişə güzəştə gedirdilər. Bu elə də uzaq keçmişdə baş verməyib. Təbii ki, dərslərdə mütəmadi iştirak etməyən, hansısa vasitələrlə "tapşırılan", kiməsə, nəyəsə güvənib dərs oxumayan, eləcə də "pul verim canım rahat olsun" deyən tələbələr də var. Bu yalnız bu günümüzdə deyil, hər zaman olub və olacaq. Amma kimsə deyə bilməz ki, mən oxudum, hazırlaşdım, amma kəsildim, yaxud pul istədilər. Ona görə də bir sözün ucundan tutub ucuzluğa getmək olmaz. Bilən də danışır, bilməyən də. Adətə çevrilibe bir növ, kiminsə haqqında biru pis bir söz deyən kimi həmim adam xalq düşməninə çevrilir. Niyə gözünüz Universitetin bu qədər uğurlarını, xarici universitetlərlə əlaqələrini və s.görmədi bəs? Onda niyə danışmırdız? Niyə posterlər hazırlayıb paylaşmırdız? Mən heç kimin tərəfini saxlamıram, şikayətlərin də nədən olduğunu, doğru olub olmadığını tam dəqiqliklə bilmirəm. Bildiyim odur ki, heç bir müəllim heç vaxt "pul gətirməsən qiymət yazmıyacam" deməz. Hər halda əgər rektor tələbələri yığıb media qarşısında açıq şəkildə onların şikayətlərini dinləməyə qərar veribsə, bu halda o obyektivlikdən əmindir”.

Nilufər Vəliyeva, jurnalistika fakültəsi: «BDU-dakı aksiyada ən fəal iştirak edən fakültələrdən biri də jurnalistika olubmuş. Buna çox güldüm. Fakültə yoldaşlarım, görəsən, nədən narazı imişlər? İmtahanlardan rahatlıqla özlərinin keçmələrindən, ortabab oxusalar belə, kəsirə qalmamalarından, müəllimlərlə dost olmalarından, sözlərini həmişə müəllimin üzünə deyə bilmələrindən, ən xırda narazılıqlarında belə, əgər haqlıdırlarsa, problemi öz xeyirlərinə həll edə bilmələrindən? Hansından narazıdırlar? Başqa vaxt haqq, ədalət, vicdandan danışan fakültə yoldaşlarım, BDU-da narazı ola biləcək ən son adamlar bizlərik. Vicdanlı olun bir az!»

Jalə Səmədova, jurnalistika fakültəsinin tələbəsi: “4 ildir, BDU-nun jurnalistika fakültəsində təhsil alıram, amma bizim fakültədə bu günə qədər pul söhbəti olmayıb. Mən universitetdən çox da razı tələbə deyiləm, amma gərək haqqına danışasan. Son hadisələrdə BDU-nun adının hallanması mənə xoş təsir bağışlamadı. Ola bilər ki, hansısa fakültədə, bəlkə də, pul söhbəti var, amma bununla bütün BDU-nun adı ləkələndi. Hər kəs yazır ki, "mən BDU-nu belə bilmirdim, amma o biri universitetlərdən fərqli deyilmiş" və s. Kəsirlə bağlı qəbul olunan qanun təkcə BDU-ya aid deyil, bu qanunu da universitet qəbul etməyib! Mən universiteti sevən biri deyiləm, amma həqiqətən də, bu qədəri çoxdur artıq”.

Jurnalistika fakültəsinin məzunu Əfsələddin Ağalarov: «Mən də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışam. Oxuduğum müddət ərzində 2 dəfə Abel müəllimin qəbulunda olmuşam və onunla söhbət etmək imkanına sahib olmuşam. Səmimi deyim ki, hər iki görüşdə mənim univertsitetdən xaric edilməyim üçün kifayət edəcək əsaslar olsa da, Abel müəllim hər zaman mənim tərəfimdən çıxış edib. Eyni zamanda jurnalistika fakültəsində tələbədən 4 il ərzində 1 manat da olsa, nə müəllimlər tərəfindən, nə də dekan və onun müavinləri tərəfindən rüşvət tələb edilməyib. Əgər belə olsaydı, ən birinci mən bunu dilə gətirərdim. Hər zaman da demişəm, BDU Azərbaycanda tələbənin hüquqlarını heç kəsin ayağına verməyən yeganə universitetdir...”

Tələbələrdən maraqlar naminə istifadə olunur

Mən tələbələrin hər birinə hörmətlə yanaşıram. Onları, həqiqətən, qardaş və bacılarım kimi çox istəyirəm. Görünən budur ki, bəzi tələbələr çox hövsələsizdirlər. Prosesləri təhlil etmək həvəsində deyillər. Bəziləri seçilmək istəyirlər. Amma seçilmək üçün daha yaxşı yollar var. Yaxşı olar ki, çılğınlıq etmək əvəzinə güclü bilik əldə etsinlər. Təhsili bəyənmirsən, kitabları heç kəs əlindən almayıb! Oxu, özünü inkişaf etdir. Niyə «imtahanda kəsilərəmsə, pul verməliyəm» narahatçılığı keçirirsən?! Əvəzində: "Yaxşı oxuyub kəsilməyəcəyəm ki, pul ödəməyim" iddiasında olsan, olmazmı?! Ümumiyyətlə, tələbələrin siyasi aktivlik nümayiş etdirmələrini anlaya bilmirəm və bunun lüzumsuz olduğunu düşünürəm. Məncə, tələbə əvvəlcə hərtərəfli biliyə, təcrübəyə malik olmalı, daha sonra proseslərdə iştirak etməlidir. Belə olarsa, daha məntiqli olar. Bir daha şahidi oldum ki, bəzi jurnalistlər "yaxşı xəbər" görüntüsü üçün gənclərdən istifadə edirlər... Nə yazıq ki, onlar bunun fərqində belə deyillər. Çünki gənclik saf, çılğın və bir çox məsələlərdən xəbərsizdir.

                                                                                                                                                               Anzulə Əmirova

 

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş