260 02-02-2018

Qəlblərdə yaşayan alim

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Respublikanın tanınmış kimyaçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyeva 2017-ci il may ayının 6-da ömrünün 85 ci ilində vəfat edib.

Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində alıb.

Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləyib və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. O, 2001 ci ildən “Ekoloci kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.

Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

 

Ömrünü elmə,xeyirxah işlərə həsr etmiş insanlar unudulmurlar. Belə insanlar yaxşıların yaxşısı sayılır, cismani olaraq bu dünyanı tərk  etsələr də, mənən hər zaman xeyirxah əməlləri ilə ürəklərdə yaşayırlar. Rəfiqə xanım da belə insanlardandır. “Bakı Universiteti” qəzeti akademik Rəfiqə Əliyeva ilə bağlı xatirələri təqdim edir:

 

“Onun adı elm, təhsil, maarifçilik tarixinə qızıl hərflərlə yazılacaq”

 

Abdulsəyid Əzizov, kimya fakültəsinin dekanı, professor

 Akademik Rəfiqə Əliyeva uzun illər apardığı səmərəli fəaliyyəti ilə Azərbaycanda kimya elminin inkişafına böyük töhfələr verib. Onun ətraf mühitin mühafizəsi ilə bağlı olan bir çox araşdırmaları eyni zamanda üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması  metodikasının işlənib hazırlanmasına istiqamətlənib. Kimya elminin inkişafı və ətraf mühitin qorunması onun fəaliyyətinin ən mühüm istiqaməti idi. Alimin ekologiyanın aktual problemləri ilə bağlı olan tədqiqatları ölkəmizin davamlı inkişafının təmin olunması üçün dəyərli nəticələrini verib. Rəfiqə xanım  uzun illər Bakı Dövlət Universitetində çalışıb. Onun fəaliyətində elm və təhsilin sıx vəhdəti vardır. Rəfiqə Əliyevanın vəfatı xəbəri elmi ictimaiyyəti olduqca məyus etdi. Alimin vida mərasimində çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov da ömrünün böyük hissəsini qədim elm ocağı olan universitetimizdə ixtisaslı kadrların hazırlanmasına sərf edən akademik Rəfiqə Əliyevanın  bir pedaqoq kimi xidmətlərindən danışdı, onun əvəzsiz müəllim olduğunu söylədi. Hörmətli rektorumuz ölkəmizdə çoxsaylı kimyaçılar nəslinin yetişməsində müstəsna xidmətləri olan alimin öz tələbələrinə həmişə ana qayğısı ilə yanaşmasından, universitetimizdə bir çox elmi tədqiqatların aparılmasında, kimya üzrə laboratoriyaların yaradımasında mühüm işlər  gördüyünü bildirdi. Akademik Abel Məhərrəmov  ictimaiyyət arasında böyük nüfuza sahib, iradə, cəsarət, mərdlik kimi xüsusiyyətlərə malik olan alimin elmi irsinin qorunacağını, xatirəsinin əbədiləşdiriləcəyini bildirdi. Onun adının elm, təhsil, maarifçilik tarixinə qızıl hərflərlə yazılacağını vurğuladı. Həqiqətən də, Rəfiqə xanım zəhmətkeş alim idi.Onun rəhbərliyi altında iyirmidən çox fəlsəfə və elmlər doktoru yetişib. O, 450-dən çox elmi əsərin, iki dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi idi. Alimin məhsuldar elmi pedaqoci fəaliyyəti hələ sağlığında qiymətləndirilib. O, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan respublikasının ali mükafatı olan «Şöhrət ordeni» ilə təltif edilib. “O, tələbələrini övladları qədər sevərdi “

 

Əyyub Əzizov,

Kimyanın tədrisi metodikası kafedrasının müdiri,

professor.

Azərbaycan elminə özünəməxsus töhfələr verən elm xadimi Rəfiqə Əliyeva alim, pedaqoq adını hər zaman uca tutub. O, ölkəmizin ictimai-siyasi həyatında, elmi maarifçi mühitində  seçilən ziyalılardan olub. Azərbaycanın tarixi taleyində böyük rol oynayan şəcərəsinin görkəmli nümayəndəsi olan alim, sadəliyi, yüksək insani keyfiyyətləri ilə həm işlədiyi kollektivin, həm də elmi ictimaiyyətin sevimlisi idi. Alimlər peyğəmbərlərin varisləridir. Alimin dəyəri onun xalqına verdiyi töhfələrlə ölçülür. Böyük pedaqoci fəaliyyəti ilə seçilən, ölkəmizə çoxsaylı yüksək ixtisaslı elmi kadrların hazırlanmasına əmək sərf edən görkəmli alim Azərbaycan elminin kimya istiqamətində özünəməxsus iz qoyub. Onun yetişdirdiyi alimlər ordusu bu gün elmin keşiyində ləyaqətlə durur. Ziyalıların, alimlərin vəfatı xalq üçün böyük itki sayılır. Ömrünü və fəaliyyətini Bakı Dövlət Universiteti ilə bağlayan, işlədiyi kollektivin sayılıb-seçilən, sevilən şəxsiyyətlərindən biri olan bu  gözəl insan, yaradıcı alim, böyük pedaqoq  milli mental xüsusiyyətlərimizə hörmət edən əsl azərbaycanlı xanım idi. O, tələbələrini övladları qədər sevərdi. Onların inkişaf etmələri üçün əlindən gələni əsirgəmirdi. Gənclər Azərbaycanın gələcəyidir, deyərdi. Nəinki istedadlı tələbələrə, hətta zəif oxuyanlara da dəstək olmağa, səbirlə, təmkinlə onları başa salmağa çalışardı.

Elin qayğısına qalmayanlara,

Buz kimi məzarlar aşıyan olur.

Ömrünü-gününü elə verənlər,

Ellərin qəlbində yaşayan olur.

Analitik kimya sahəsində mühim fəaliyyəti ilə seçilən akademik Rəfiqə Əliyeva 1960-cı illərdən başlayaraq bu sahədə çox sanballı tədqiqat əsərləri yaradıb. Təsadüfi deyildir ki, Rəfiqə xanım analitik kimya sahəsində AMEA-nın yeganə həqiqi üzvü olub. İnanıram ki, onun xatirəsi gələcək nəsillərin qəlbində daim yaşayacaqdır.

 

“Tələbələrə mehriban münasibəti onu digərlərindən fərqləndirirdi”

Çıraqov Famil, Analitik kimya kafedrasının müdiri, professor

İnsan ömrü, onun həyatda etdiyi xeyirxahlıqların ömrü qədərdir. Bu həyat həqiqəti hər birimizin qismətinə düşür və və bizi insanlara bəxş etdiyimiz sevinc qədər yaşadır. Akademik Rəfiqə Əliyeva da insanları sevir, bacardığı qədər yardım göstərməkdən zövq alırdı. Ömrünü kimya elminə həsr etmiş  alim  elmə  böyük töhfələr verib, rəhbərliyi altında bir sıra dəyərli elmi–tədqiqatlar aparılıb. Alimin tədqiqatları analitik  reaksiyaları xarakterizə edən parametrlərlə  kompleks birləşmələrin quruluşu arasındakı  asıllığın müəyyən edilməsinə həsr olunub. Rəfiqə xanımı  1980-ci ildən tanıyırdım. III kursda oxuyanda yarımqrupda bizə laboratoriya dərslərini o deyidi. Tələbələrə mehriban, isti münasibəti onu digər  müəllimlərdən fərqləndirirdi. Hamı çalışırdı ki,  onun dərs dediyi yarımqruplara düşsün. Universiteti bitirdikdən sonra tale elə gətirdi ki, Rəfiqə xanımla bir kafedrada işlədim. Və bu nurlu insanı daha yaxından tanıdım.

  2001-ci ildə hörmətli rektorumuz Abel Məhərrəmovun təşəbbüsü ilə  universitetimizdə Ekoloci kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası yaradıldı və bu laboratoriyaya Rəfiqə xanım müdir təyin edildi.   O, məni də həmin laboratoriyaya işləməyə dəvət etdi və mənə qabiliyyətli tələbələrdən laboratoriyaya cəlb etməyimi tapşırdı. Tələbə elmi cəmiyyətində fəaliyyət göstərən III və IV kurslardan bir neçə tələbəni onun yanına gətirdim və onlar işlə təmin olundular. Rəfiqə xanım Ekoloci kimya və ətraf mühitin mühafizəsi elmi–tədqiqat laboratoriyasının inkişafına çalışardı. O, laboratoriyada neft şirkətinin tabeliyində olan zavodlarla təsərrüfat müqaviləli işlər yerinə yetirilməsini, həftənin üçüncü günləri analitik kimyanın aktual problemlərinə və təcrübi görülən işlərin müzakirəsinə həsr olunmuş seminarlarda elmi müzakirələrin keçirilməsini təşkil edərdi. Rəfiqə xanım çox xeyirxah insan, kimsəsizlərin dayağı idi. İstər laboratoriyanın, istərsə də kafedranın elə bir əməkdaşı tapılmaz ki, Rəfiqə xanımın ona yaxşılığı keçməmiş olsun. İnanıram ki, alimin parlaq ideyaları, elmi istiqamətləri onun tələbələri tərəfindən davam etdiriləcək. Akademik Rəfiqə Əliyevanın işığı hər zaman tələbələrinin üstündə olacaq. Onun xatirəsi həmişə qəlbimizdə yaşayacaq.

 

Təqdim etdi: Solmaz Babaşova

Digər yazılar

“Ailəmi ən böyük sərvətim hesab edirəm”

Ömür kitabının 80-ci səhifəsi

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim

Kimyaçı alimin 80 illik yubileyi keçirilib

Elmindən pay verən alim

"Milli-mənəvi dəyərlərimizi mükəmməl mənimsəsinlər "-MÜSAHİBƏ

Yubilyarlarla səmimi söhbət

Hərə bir taleylə gəlir dünyaya - İzzət Rüstəmov - 80

"Yalçın Əlizadə hər birimiz üçün bir məktəbdir"

Sözünün sehrində bir dünya yaratdığımız sənətkar

Kafedramızın sevimlisi - Rəhilə Quliyeva - 70

Dosent İsmayıl Məmmədovun 75 illik yubileyi

Akademik Əşrəf Hüseynov – 110

Aydın müəllim, 50 yaşın mübarək!

Görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd edilib

Akademikin 75 illik yubileyi qeyd edilib