5458 02-07-2019

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Azərbaycanda gənclər sahəsində kifayət qədər uğurlu siyasət həyata keçirilir. Həmin siyasətin nəticəsidir ki, bu gün gənclər yeni ideyalar, layihələr, fikirlər irəli sürürlər. Budəfəki müsahibimiz gənc elçi olaraq vətənimizi siyasi panellərdə təmsil edən, Qarabağ həqiqətini dünyaya çatdıran, BDU-nun tələbəsi və Bakı Gənclər Klubu İctimai Birliyinin fəal üzvü Sabir Rüstəmovdur. Onunla könüllülük fəaliyyəti, gənclərin düzgün istiqamətləndirilməsi, uğur formulu ilə bağlı müsahibəni təqdim edirik:

- Sabir Rüstəmov kimdir?

Azərbaycanda 3 milyona yaxın gənc var. Sabir Rüstəmov da bu gənclərdən biridir. Sabir xalqını, dövlətini, mədəniyyətini, ən çox da torpağını sevən gəncdir. O, həm  torpağının bütövlüyü uğrunda canından keçməyə, həm də ölkəsini dünya arenasında təmsil etməyə, tanıtmağa daima hazır biridir.

- Bakı Dövlət Universitetində təhsil alırsınız. İxtisasınızı istəyərək seçmisiniz?

Mən orta təhsilimi 9-cu sinifə qədər Rusiyada, sonra Bakıda 200 nömrəli məktəbdə almışam. Məktəbdə oxuduğum müddətdə xarici dil, ədəbiyyat və tarix fənnlərinə çox maraq göstərmişəm. Ədəbiyyatımız çox zəngindir, Nizami, Nəsimi, Füzuli kimi görkəmli  şəxsiyyətlərin əsərlərini o zamanlarda da çox bəyənirdim. Tarix isə ən sevdiyim fənn olub. Azərbaycan tarixini yaxşı bilməyi özümə borc bilirdim. Dünya ölkələrinin tarixi və ədəbiyyatı ilə də maraqlanırdım. Xüsusilə, ölkələrin xarici siyasəti, beynəlxalq əlaqələrin qurulması, dostluq müqavilələrinin imzalanma prosesləri haqqında müxtəlif mənbələrdən araşdırırdım. 2015-ci ildə ixtisas seçimi edərkən ən böyük dəstəkçilərim- valideynlərim ilə məsləhətləşdim. Qərara aldıq ki, Politologiya ixtisasını yazaq. İndi Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Politologiya ixtisasının 4-cü kurs tələbəsiyəm. Bu ixtisasda oxuduğum üçün fəxr edirəm. Şanslıyam ki, müəllimlərim çox yaxşı olub, daima düzgün yol göstəriblər. Beynəlxalq münasibətlər fakültəsi bu gün ən önəmli fakültələrdən biridir. O, ölkəmizi xaricdə təmsil edə biləcək gənc diplomatlar, savadlı siyasətçilər yetişdirir.

- Siyasətçilərdən söz düşmüşkən, ölkəmizdə ən sevdiyiniz siyasətçi kimdir?

Sözsüz ki, Heydər Əliyev. Ulu öndər həm Azərbaycanda, həm də bütün MDB ölkələrində, dünyada tanınmış siyasətçilərdəndir. Mən onun daxili və xarici siyasətdə atdığı addımları çox bəyənirəm. Onun hakimiyyətdə olduğu dövrdə ölkəmizin inkişaf və tərəqqisinin əsası qoyuldu. Bu gün onun siyasətini cənab prezident İlham Əliyev layiqincə davam etdirir.

- Sizcə, beynəlxalq əlaqələr üçün xarici dil vacibdirmi? Tərcüməçilər, yoxsa öz biliyiniz?

Dil biliyi mütləqdir. İlk öncə öz ana dilini mükəmməl bilməli, daha sonra xarici dil öyrənməlisən. Bu gün rus və ingilis dili beynəlxalq dil hesab olunur. Bu dillərin hər ikisini bilmək üstünlük göstəricisidir. Yaxşı tərcüməçilərə isə daima ehtiyac var. Amma gənc diplomat, gənc siyasətçi beynəlxalq tədbirdə özü xarici dildə danışsa daha məqsədəuyğun olar. Cənab prezidentimizi misal göstərək. O, bütün beynəlxalq tədbirlərdə xarici dildə səlis və gözəl nitqlə çıxışlar edir.

- Gənclərin kitab oxumaq məsələsi illərdir ki, problemli qalır. Sizcə, kitab seçimi düzgün deyil, yoxsa oxumaq istəmirik?

Doğru vurğuladınız. Bu gün bəzi gənclər kitab oxumurlar. Texnologiyanın inkişafı gənclərdə kitaba marağı azaldıb. Gənclərimizin əksəriyyəti heç texnologiyadan da düzgün istifadə etmir. Sanki özlərinə fayda verəcək şeylərdən qaçırlar. Kitab oxumaq dünyagörüşümüzü artıra biləcək ən sadə variantdır. Həmçinin gənclərimizə muzey və teatrlara mütəmadi olaraq getməyi məsləhət görürəm. Əsərlərimizi, tamaşalarımızı yaxşı bilməliyik ki, digər ölkələrin içərisində layiqincə təbliğ edə bilək.

Bizim televiziya kanallarımızda maarifləndirici verlişlər azdır. Efirə çağırdıqları qonaqların siyahısında dəyişikliklər edə bilərlər. Siyasətçilərimizi, incəsənət xadimlərimizi tez-tez dəvət edə bilərlər, beləliklə, gənclər onlardan yeni məlumatlar əldə edərlər.

- Uğur formulunuzu bizimlə bölüşə bilərsiniz?

Uğur qazanmaq üçün dayanmadan çalışmaq lazımdır. Məqsədimizi müəyyənləşdirib ona doğru addımlar atmalıyıq. İnsan istəsə, hər şey edə bilər. Mənim formulum isə... Mən özümü uğur qazanmış hesab etmirəm. Mən o vaxt uğur qazanaram ki, Qarabağ, Azərbaycanın işğal olunmuş torpaqları geri qayıtsın və bu şərəfli işdə mənim də bir köməyim olsun. Məncə, xalqımız da ən böyük uğuru torpaqlarımız vahid şəkildə birləşəndə qazanacaq.

- Basketbol üzrə ölkəmizi təmsil etmisiniz. Sizcə, ölkəmizdə idman sahəsində irəliləyiş varmı?

Bu gün ölkədə idman sahəsi günü -gündən inkişaf edir. Lakin çox təəssüf ki, bu inkişafı basketbol sahəsinə aid etmək olmaz. Bu sahədə gənclərə nə maddi, nə də mənəvi cəhətdən lazım olan diqqət ayrılmır. Məşq zalları azdır, forma təmin edilmir, məvacibin azlığı da oyunçunu ruhdan salır. Yaxşı oyunçular ya ölkəni tərk edir, ya da basketboldan uzaqlaşırlar. Təəssüf ki, ən yaxşı məşqçilərdən biri Elxan Əliyev də işdən uzaqlaşdırıldı.

-Bir müddət əvvəl "Facebook" hesabınız ermənilər tərəfindən şikayət edilmişdi. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

Bəli, mənfur qonşularımız tərəfindən profilim şikayət edilmişdi. Mən həqiqətləri sosial şəbəkə üzərində də təbliğ edirəm. Bir dəfə sosial qrupların birində ermənilərlə Qarabağ məsələsini müzakirə edirdik. "Qarabağın Azərbaycana aid olmağı" ilə bağlı faktlar gətirdim. Onlar düz sözü həzm edə bilmədilər və profilimə girib şikayət elədilər. Müəyyən müddət heç kimə mesaj yaza, rəy bildirə bilmədim. Daha sonra problem aradan qalxdı və mən yenidən o qruplarda ölkəmizin təbliğini davam etdirməyə başladım.

Hər kəs dünyaya Qarabağ həqiqətlərini çatdırmalıdır. Xarici dil biliyi də burada köməyimizə çatır. Dünya xalqlarının olduğu qruplarda Azərbaycan mədəniyyətini hər kəsə nümayiş etdirmək lazımdır.

- Ölkəmizdə gəncləri bir araya gətirən tədbirlərlə bağlı düşüncələriniz nələrdir?

Dövlətimiz gənclərə daima dəstək olur. Gənclər və İdman Nazirliyi gənclərimizin inkişafı üçün hər cür şərait yaradıb. Hər il müxtəlif təlimlər, forumlar təşkil edirlər. Həmçinin Gənclər Fondu maddi cəhətdən daima dəstək olur. Mən özüm 2 dəfə Gənclər Fondunun maliyyə dəstəyi ilə xaricdə olmuşam. Belə onlarla təşkilat var. Hamısının məqsədi gənclərin inkişaf etməyidir. Təşkilatların köməyi ilə gənclər asudə vaxtını səmərəli keçirir, liderlik qabiliyyətini formalaşdırır, yeni insanlar tanıyırlar. Prezidentimiz də öz növbəsində daima istedadlı gənclərə qiymət verir, xaricdə oxumağa göndərir.

Lakin gənclər də bunda maraqlı olmalıdır. 1-ci kursdan özlərinin maraq dairələrinə uyğun təlimlərə getməli, təşkilatlara üzv olmalıdırlar.

- Könüllük fəalliyəti haqqında nə deyə bilərsiniz?

Təqdirəlayiq addımdır. Könüllü olmaq insanın sosial məsuliyyətini artırır, yeni insanlar tanımağa kömək edir, iş təcrübəsi qazandırır. Bəzən gənclər könüllü olmaqdan utanırlar. Könüllü olmaq hər yerdə məvacibsiz fəaliyyət göstərmək deyil. Öz maraq dairənə aid qürumu təyin edib, orada könüllü olmaq lazımdır.

ASAN xidmət könüllülük fəaliyyətinin ən düzgün və ən çox yayıldığı məkandır. Könüllü olmaq gənclərin inkişafına müsbət təsir göstərir. Mən özüm də sosial fəaliyyətimə könüllülük ilə başlamışam. ASAN xidmətdə könüllü fəaliyyət göstərdiyim üçün fəxr edirəm. Mən rus bölməsini bitirdiyimə görə, Azərbaycan dilini yaxşı bilmirdim. Könüllü olduğum müddətdə qrammatik cəhətdən düzgün yazmağı və yaxşı danışmağı öyrəndim. Çox yaxşı dostlar qazandım. Hər kəsə tövsiyə edirəm.

- Ən çox almaq istədiyiniz mükafat nədir?

Cənab Prezident İlham Əliyevin təqdir görəcəyi mükafat. Üzərimdə çox çalışacam ki, o mükafata layiq olum. Amma elə ən böyük mükafatım da Qarabağın alınması olacaq. Torpaqlarımızı qaytardığımız gün ən böyük uğuru və mükafatı qazanacam.

- Sizcə, cəmiyyət gəncləri düzgün istiqamətləndirir?

Bəzən yox. Pis insan yoxdur, düşüncələrinin zidd olduğu cəmiyyətdə dəyişən insan var. İnsanın ən böyük dəstəkçisi ailəsi olmalıdır. Bəzən ailədə düzgün tərbiyyə və qayğı görməyən gənclər cəmiyyətlə sağlam əlaqə qura bilmir. İnithara üz tuturlar, lakin intihar çarə deyil. Seçdiyiniz həyatda da, qoyduğunuz məqsəddə də bəzi çətinliklər ola bilər, amma onların öhdəsindən gələ bilərsiniz. Bəzi gənclər adam öldürməyi "kişilik" əlaməti sayırlar. Əsl Azərbaycan kişisi öz davranışı, sözünün qüdrəti ilə hamıya örnək olmalıdır. Bəzi xanımlarımız özlərini digər ölkə qadınlarına bənzədirlər. Unudurlar ki, Azərbaycan xanımları əvəzolunmaz və mükəmməldirlər. Əsl Azərbaycan ailəsində böyüyən uşaqlar və gənclər də savadlı olmalı, böyüklərə hörmət etməlidirlər. Cəmiyyətdəki insanlar bir-birini anlamalı, düzgün yönləndirməlidir.

Ləman QASIMOVA

Digər yazılar

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”

“Tələbə qiymət xatirinə yalvaranda böyük təəssüf hissi keçirirəm”