145 02-02-2018

“Məsum vətənpərvərlərimizin axıdılan qanları istiqlaliyyət günəşinin ilk şəfəqlərinə döndü”

Hər bir xalqın tarixində həm faciəvi məqamlar, həm də qəhrəmanlıq səhifələri olur.  Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. 20 Yanvar Azərbaycan tarixinin məhz belə səhifəsindəndir. Xalq həmin gün ağır sınağa çəkildi və bu sınaqadan şərəflə çıxdı. Faciə insanları birləşdirdi, xalqımızı bütövləşdirdi. Tariximizin bu qəhrəmanlıq səhifəsi barədə  tarix elmləri namizədi, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti Rövşən Hətəmovla  söhbətləşdik:

Rövşən müəllim, Qanlı Yanvara aparan yol nə vaxt və haradan başlayır…

Hər bir xalqın azadlıq tarixi onun zülmə, əsarətə müqavimət tarixidir. Bu yanaşmadan sualı cavablandırmalı olsaq, əminliklə deyə bilərik ki, xalqımızın tarixində 1990-cı ilin 20 yanvarına – şanlı qəhrəmanlıq səhifəsinə aparan yol tariximizin qəhrəmanlıq salnaməsinin ilk səhifələrindən başlanmışdır. Haqqının tapdalanması, şərəf və ləyaqətinin təhqir olunması, torpaqlarının quldurcasına qəsb edilməsi ilə barışmayan xalqımız, düşmənlərimizin təsəvvürlərinə belə gətirə bilmədikləri nəhəng qüvvə ilə ayağa qalxaraq Vətən və azadlıq anlayışlarının hər şeydən uca olduğunu, mübarizliyini, məğrurluğunu nümayiş etdirdi.

Hadisənin tarixi aspektlərinə gəlincə, ilk əvvəl onu qeyd etmək lazımdır ki, XX əsrin 80-ci illərinin ortalarından başlayaraq SSRİ-nin yeni rəhbərliyinin həyata keçirdiyi islahatlar cəmiyyətdə onilliklərlə yığılıb qalmış problemləri qabartmaqla nəhəng sosial qüvvələri siyasi proseslərə cəlb etmiş oldu. Ölkədə totalitar rejimin siyasi, iqtisadi və ideoloji dayaqları zəiflədikcə insanlarda ona alternativ olan siyasi-iqtisadi sistemlərin yaradılmasına daha güclü istəklər yaranırdı. Artıq hakimiyyətin 70 ilə yaxın bir dövr ərzində ölkədə bərqərar etdiyi qadağaların qismən aradan qaldırması cəmiyyəti qane etmirdi, insanlar həyatlarını yaxşılaşdır-maq və ümidlə dolu gələcəklərini təmin etmək üçün daha əsaslı addımların atılmasını tələb edirdilər. Belə bir fikir var ki, xalqlar həyatlarının ağır günlərində keçmişlərini, xüsusi ilə onun şanlı dövrlərini daha böyük həvəslə xatırlamağa səy göstərirlər. Biz kimik və nə istəyirik suallarının ən dolğun cavabları məhz təkcə xalqların yaşadığı dövrlə deyil, daha çox onun tarixi yaddaşı ilə bağlıdır. Biz azərbaycanlıların tarixi keçmişimizlə ilə qürurlanmağa daha çox haqqımız var. Təsadüfü deyildir ki, SSRİ-nin təməlini sarsıdan milli azadlıq hərəkatları sırasında xalqımızın mübarizəsi ön sıralarda idi. Xalqların hüquqlarının kobudcasına tapdalanması ilə və “vahid və bölünməz Rusiya”nın yenidən bərpası üçün yaradılmış SSRİ-nin XX əsrin 80-ci illərinin ikinci yarısında genişlənməkdə olan xalqların milli-azadlıq mübarizələri şəraitində davam gətirə bilməyəcəyinə heç kim şübhə etmirdi. Və SSRİ məhz bu proseslərin yekununda süquta uğradı. Bu isə dünya tarixinin mühüm hadisələrindən biri hesab olunurdu. Dünyanın ən nəhəng imperiyasının çökməsi və onun yerində yeni müstəqil dövlətlərin yaranması ilə bəşəriyyət öz inkişafının keyfiyyətcə yeni bir mərhələsinə qədəm qoydu. Dünyanın siyasi mənzərəsi dəyişdi. Fəxrlə qeyd etməliyik ki, biz Azərbaycanlılar bu proseslərin axarında deyil, onun önündə gedənlərdən biri olmuşuq. Azərbaycanda qüdrətli xalq hərəkatının başlanması sovet rəhbərliyinin respublikamız barəsində planlarını alt-üst etməklə yanaşı, xalqımızın özünə inamını və vəhdətini bərpa etdi. Azadlığı uğrunda mübarizədə xalqımız ilk növbədə, “öz qorxusunun köləsi olmaqdan” xilas olaraq, meydanlara çıxdı. Əgər xalq etirazını bildirmirsə, deməli, o artıq düşünmür, yəni o artıq etno-sosial varlıq deyildir.  Xalq özünün tapdalanmış haqlarını, xüsusilə azadlığını tələb etmirsə, əbədi köləliyə məhkumdur. Mütəfəkkirlərdən biri qeyd etdiyi kimi, öz azadlığından imtina etmək özünün insanlıq ləyaqətini danmaq deməkdir. Meydanlara toplanmış kütləni millətə çevirən onların gələcəklə bağlı ümumi planları idi. Moskvanın erməni vəhşilərinin Azərbaycan torpaqlarını qəsb etməsinə, insanlarımıza divan tutmasına biganəliyi, haqq səsimizi eşitməməzliyə vurması və ya boş-boş vədlər verməsi insanlarımızı hiddətləndirirdi. Təəssüflər olsun ki, respublikamıza bu dövrdə rəhbərlik edənlərin əksəriyyəti də özlərinin kommunist-bürokratik xislətlərindən xilas olaraq xalqının haqq səsinə qoşulmur, respublikanı təhdid edən təhlükələri zərərsizləşdirmək üçün ciddi tədbirlər görmürdülər. Xalq hərəkatına rəhbərlik edən siyasi qüvvələrin liderləri isə bir sıra hallarda aparılan mübarizəni realist dəyərləndirə bilmir, ona nəzarət etməkdə çətinlik çəkirdilər. Bir sözlə, Azərbaycan xalqı güclü milli liderə ehtiyac duyurdu. Yalnız xalqının etibarını qazanmış və zəngin siyasi təcrübəyə malik olan ümummilli lider onu faciələrdən xilas etmək iqtidarında idi. Sovet rəhbərliyi xalqımızın bu vəziyyətindən yararlanmaq və SSRİ-nin digər məzlum xalqlarının da milli-azadlıq hərəkatlarını hədələmək üçün faciə törətmək qərarını verdi. Mütəfəkkirlərdən birinin dediyi kimi, qəddarlıq dağılmaqda olan hər bir hakimiyyətin son daldalanacağıdır. Sonrakı hadisələr təsdiq etdi ki, xalqın qəzəbi qarşısında heç bir hakimiyyət duruş gətirə bilməz.

 Qanlı yanvar hadisələrinin Azərbaycan tarixində yeri barədə  nə deyə bilərsiniz?

 Xalqımızın milli azadlıq uğrunda mübarizə tarixi qəhrəmanlıq səhifələri ilə zəngin olsa da, onların hər birinin milli təfəkkürümüzdə və varlığımızda misilsiz yeri vardır. Qəhrəmanlıq yüksək amal uğrunda təmənnasız fədakarlığı özündə ehtiva etməklə yanaşı, fərdlərin və xalqların sonrakı fəaliyyətləri üçün böyük əhəmiyyət kəsb edən ideallara, rəmzlərə, bayraqlara çevrilir. Onların varlığı xalqların azadlıq uğrunda mübarizə iradəsini gücləndirir, onun sıralarından qəhrəmanlar yetişdirir. Tarix dəfələrlə belə bir hikməti təsdiq etmişdir ki, əsarətə etiraz etməyən xalqlar tarix səhnəsindən silinirlər. Xalqların əzəməti onların sayları ilə deyil, məhz azadlıq uğrunda mübarizə aparmağa qadir olan milli iradəsi ilə müəyyən edilir. Məsum vətənpərvərlərimizin axıdılan qanları xalqımızın istiqlaliyyət günəşinin ilk şəfəqlərinə döndü. Bu gün istər ölkəmizdə, istərsə də dünyanın hər bir tərəfində dalğalanan bayrağımızda, səslənən himnimizdə və ümumiyyətlə, müstəqillik tariximizin hər bir anında istiqlaliyyət uğrunda canlarını fəda vermiş şəhidlərimizin ruhu yaşayır.  

Illər ötür nəsillər dəyişir xalqın həyatında baş verən hadisələr tarixə çevrilir. Sizcə 27 il əvvəl baş verən bu faciə insanların yaddaşında nə dərəcədə yer tutur. Dünya ictimaiyyəti bu faciəyə nə dərəcədə önəm verir?

Tarixin yaddaşı milli özünüdərkin özünəməxsus panteonudur. Xalqların tarixi yaddaşı zamanın məhvedici qüvvəsinə qarşı dayanaraq onun şərəfinin və mənəviyyatının əsasını təşkil edir. Tarixi yaddaş prosesi keçmişin sadəcə mexaniki təkrarlanması və xatırlanması deyil, həm də həyatın müəllimidir. Öz  tarixi yaddaşını itirmiş xalqın vəziyyətini hafizəsini itirmiş insanın davranışına bənzətmək olar. Təsadüfü deyil ki, bütün dövrlərdə işğalçılar zəbt etdikləri xalq-ların tarixi abidələrini təhqir edib və dağıdıblar. Çünki, xalqın yaddaşını məhv etmək, xalqın özünün məhv edilməsi anlamına gəlir. Əgər sualınızın cavablandırılması üçün bu aspektdən yanaşsaq, əminliklə deyə bilərik ki, varlığını qoruyub saxlamağa çalışan hər bir xalq tarixi yaddaşını, o cümlədən, azadlıq uğrunda nəsillərin apardığı qəhrəmanlıq mübarizəsini qoruyub saxlamağa məhkumdur. Əlbəttə, müasir dövrdə informasiya mənbələrinin müxtəlif çeşidliliyi və yönümlüyü insanların tarixi yaddaşına güclü təsir göstərməklə, onu ziddiyyətli və yanlış məcraya yönəltmək imkanlarına malikdir. Buna görə də müasir dövrdə insanların baş vermiş tarixi hadisələr barəsində sxolastik ehkamlardan kənar, lakin dolğun və ən əsası, etibarlı informasiyalara daha çox ehtiyacı vardır. 1990-cı ilin 19-20 yanvarında baş vermiş faciəvi hadisələr bizdən uzaqlaşdıqca, onların yenidən dərk edilməsi zərurəti yaranır. Tarixi əsərlər yazılır, sənədli filmlər çəkilir, şahidlərin xatirələri dərc olunur, rəsmi sənədlərin yeni toplusu ictimaiyyətin diqqətinə təqdim olunur. Bunlar həmin hadisələri daha dolğun şəkildə dərk etməmizə yardımçı olurlar. Biz xalqımızın 1990-cı ilin yanvarında sovet qoşunlarına meydan oxumasını dünya xalqlarının totalitar rejimlərə qarşı mübarizəsi ilə bir sırada olması ilə fəxr edirik. Fəxr edirik ki, müasir dünyanın simasını dəyişən tarixi əhəmiyyətli siyasi proseslərin fəal iştirakçıları olmuşuq. Sovet totalitar sisteminin cinayətləri silsiləsində sonunculardan olan Bakıdakı 20 Yanvar faciəsi dünya ictimaiyyətinin nəzərində biz Azərbaycanlıları azadlıq uğrunda fədakar xalq olaraq təqdim etdi. Hesab edirəm ki, dünya ictimaiyyətinin tarixi yaddaşında 20 Yanvar hadisələrinin layiqli yer alması üçün istər elmi, istərsə də elektron informasiya təbliğatı sahəsində hələ kifayət qədər işlər görməmişik.

Bəs gənclər, o  cümlədən tələbələr  20 Yanvar hadisələrini təbliğ etməyə nə dərəcədə həvəslidirlər?

Tarix fakültəsi xalqımızın tarixi yaddaşının araşdırılmasında və təbliğində daim ön sıralarda olmuşdur. Onun müəllim-professor kollektivinin hər bir üzvü tələbələrlə ünsiyyətləri zamanı onlara xalqımızın tarixi yaddaşına yaxından bələd olmağı, ona dərin ehtiram hissləri ilə yanaşmağı, onu ciddi öyrənməyi və təbliğ etməyi, Vətəni ilə və xalqının şanlı tarixi ilə iftixar hissi keçirməyi təlqin edirlər. Tələbə hər bir ailənin təmsilçisidir və bu baxımdan yetişdirdiyi-miz hər bir vətənsevər tələbə həmin ailələrdə, yaşadıqları məkanlarda  həm də bizim təbliğatçı-mızdır. Böyük məmnunluq hissi ilə qeyd etməliyəm ki, yeni nəsillərin 20 Yanvar faciəsinə münasibəti yüksək vətənpərvərlik, milli və vətəndaş hissləri ilə aşılanmışdır. Azərbaycan gəncləri vətəndaşı olduqları dövlətin istiqlaliyyətini qorumaq üçün şəhidlik zirvəsinə ucalmağı özlərinə fəxr hesab edirlərsə, azadlıq günəşinin şəfəqləri ilə açılan sabahlarımız üçün əmin ola bilərik.

 

Söhbətləşdi: Solmaz Babaşova

Digər yazılar

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”

“Tələbə qiymət xatirinə yalvaranda böyük təəssüf hissi keçirirəm”

Rəşad Məcid: “Gənclərə yardım etməkdən zövq alıram”

“Valideynin bir kəlməsi uşağı intihara yönəldə bilir” – PSİXOLOQLA MÜSAHİBƏ