721 02-02-2018

Sözünün sehrində bir dünya yaratdığımız sənətkar

         Müsahibim həyatını elmə həsr edən, tələbələrinə onun sirlərini etibar edərkən ədəbiyyatşünaslıqla  bərabər, həyatı dərk etdirməyə müvəffəq olan əsl müəllim, görkəmli alim, böyük mənəviyyat sahibi, etibarlı dost, sirdaş, gözəl həmsöhbət filologiya elmləri doktoru, professor Təhsin Mütəllimovdur.

            27 yanvarda  85 yaşı tamam olan sevimli müəllimimizi iclas adı ilə çağırıb ziyası ilə nurlanmaq şərəfinə bir daha nail olduq. Sözünün sehrində səadət tapdığımız Təhsin müəllimin yaratdığı möhtəşəm və mükəmməl aləm  haqqında bu dəfə tələbələri danışdı, onu təbrik edib, həyatlarının  Təhsin müəllimlə bağlı məqamlarından söhbət açdılar.  Bu, həyatımda iştirakçısı olduğum ən gözəl iclas idi. İclasa sədrlik edən professor Tofiq Hüseynoğluna, onu gözəl bir ədəbi məclisə çevirən müəllimlərimizə − professorlar İfrat Əliyeva, Nizaməddin Şəmsizadə, Almaz Məmmədova, Sənan İbrahimov, dosentlər Həqiqət Abdiyeva, Məhərrəm Vəliyev, Məti Osmanoğlu, Lalə Əliyeva, Jalə Əliyevaya və xüsusilə, bu təşəbbüsü irəli sürən professor Vaqif Sultanlı başda olmaqla kafedramızın əməkdaşları Xəyalə Əfəndiyeva və Nigar Məmmədliyə təşəkkür edir, tədbirdə iştirak edə bilməyən bütün tələbələrinin adından sevimli müəllimimizi təbrik edirəm. Tələbələrinə hər zaman vaxt ayırmağı bacaran müəllimimlə həmin gün hazırladığım müsahibəni oxucularımıza təqdim edirəm:

        −Təhsin müəllim, 85 yaşda özünüzü necə hiss edirsiniz?

         −Elə əvvəlki kimi. (gülür) Fərq olsa da, nəzərə çarpacaq dərəcədə deyil.

         −Bakı Dövlət Universitetinin həyatınızdakı rolu nədən ibarətdir?

         −Universitetimizin həyatımda çox böyük rolu var. Mənim bütün həyatım Bakı Dövlət Universiteti ilə bağlıdır. 1951-ci ildə universitetə qəbul olunmuş, bitirdikdən sonra da cəmi 3-4 ay universitetdən kənarda çalışmış, sonra staj naminə 2 illik işə düzəlmiş, daha sonra aspiranturaya qəbul olunmuş, 1961-ci ildən isə BDU-nun müəllimiyəm. 55 ildir ki, bu səadəti yaşayıram. 55 il özü də bir insan ömrüdür, qağam. Universitet mənim həyatımdır!

         −Təhsin müəllim,  həyatınızın ən unudulmaz anı hansı hadisə ilə bağlıdır və nə vaxta təsadüf etmişdi, dəqiqliklə xatırlayırsınızmı?

       − Bir unudulmaz an? (fikrə gedir) Mən unudulmaz anlar deyərdim. 85 il az müddət deyil. Ancaq içərisindən bir anı seçməyə gəldikdə elmlər doktoru dərəcəsi almaq üçün müdafiə etdiyim günü seçərdim. 1975-ci il, iyun ayının 17-si.

        − Sizi sənət aləmində ilk öncə rənglər cəlb etmişdi. Taleyinizi Bakı Dövlət Universiteti ilə bağlamazdan əvvəl Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirmişdiniz. Bizə mühazirə söyləyərkən söz vasitəsilə də möhtəşəm bir tablo, mükəmməl bir portret yaradırdınız. Rənglərin çalarından sözün sehrinə doğru istiqamətlənməyinizə nə səbəb oldu?

         − Rəngin dilini, sirrini bilmək, özü də bir səadətdir. Onun sirrinə az-çox bələd idim. Ancaq o zaman respublikamızda rəssamlıq üzrə ali məktəb yox idi. Həm də ədəbiyyata böyük marağım, həvəsim vardı. O həvəs məni universitetimizə gətirdi.

        −Təhsin müəllim, biz  sizdən elmin sirlərini, həyatı, sənəti öyrəndik. Tələbələrinizə hansı məsləhətləri verərdiniz?

        −Tələbəlik illərinin qədrini bilməyi və ondan maksimum dərəcədə faydalanmağı bacarmağı!

                                                                         

İlahə Dadaşova

Filologiya fakültəsinin dissertantı

 

Digər yazılar

Kimyaçı alimin 80 illik yubileyi keçirilib

Elmindən pay verən alim

"Milli-mənəvi dəyərlərimizi mükəmməl mənimsəsinlər "-MÜSAHİBƏ

Yubilyarlarla səmimi söhbət

Hərə bir taleylə gəlir dünyaya - İzzət Rüstəmov - 80

"Yalçın Əlizadə hər birimiz üçün bir məktəbdir"

Qəlblərdə yaşayan alim

Kafedramızın sevimlisi - Rəhilə Quliyeva - 70

Dosent İsmayıl Məmmədovun 75 illik yubileyi

Akademik Əşrəf Hüseynov – 110

Aydın müəllim, 50 yaşın mübarək!

Görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd edilib

Akademikin 75 illik yubileyi qeyd edilib