522 02-02-2018

“Qarqantua  və Pantaqruel”  bugünkü dünyanı ifadə edən ən nümunəvi əsərdir"

 “Ədəbiyyatda  bir müəllifi və onun yalnız bir əsərini seçməli olsaydınız, qərarınız necə olardı? Niyə məhz o müəllif və həmin əsər? Bu əsəri sizə unutdurmayan ən təsirli məqam hansıdır?” sualımızı bu dəfə universitetimizdə dünya, türk, rus xalqları ədəbiyyatını tədris edən müəllimlər cavablandırdı:

Dünya Ədəbiyyatı kafedrasının müdiri, f.e.d., professor Cəlil Nağıyev: Fransua Rablenin  “Qarqantua  və Pantaqruel” əsərini deyərdim. “Qarqantua  və Pantaqruel”  bugünkü dünyanı ifadə edən ən nümunəvi əsərdir. Buradakı hadisələr bu günümüzlə yaxından səsləşir. Əsərin ən təsirli məqamı isə  “Panurqun evlənmək fikrinə düşməsi” fəslində Panurqla Qarqantuanın narahat olduğu məsələ ilə bağlıdır. Onlar “evlənmək lazımdır, yoxsa yox?” sualına cavab axtarırlar. Sonda bir tilsimli şüşə tapırlar, şüşə partlayarkən “Trink” səsini eşidib onun mənasının boş şey olduğunu öyrənib evlənmək boş şeydir qənaətinə gəlirlər.

Abay adına qazax dili, tarixi və mədəniyyəti mərkəzinin rəhbəri, dosent Fatimə Dursunova: müxtəlif dövrlərdə bir sıra əsərlər öz təsirlərini göstərib. Yalnız bir əsərini adını çəkmək çətindir. Lakin son dövrdə oxuduğum əsərlərdən Türk yazıçısı Elif Şəfəqin “Aşk” romanını oxumağı məsləhət görərdim. Əsərin baş qəhrəmanı həmyaşıdım olan amerikalı bir qadındır. Elif Şəfəq mənə çox yaxın olan bir obraz yaradıb.   Digər tərəfdən isə əsərdə həyatı və yaradıcılığı hələ də bizlər üçün bir sirr olaraq qalan Rumidən və Sufizmdən bəhs edilir. Əsərin ən təsirli məqamları məhz Rumi ilə onun həmdəmi olan Şəms Təbrizinin ilahi sevgiyə dair söhbətləridir.

 Rus ədəbiyyatı tarixi kafedrasının professoru, filologiya elmləri namizədi Leyla Gərayzadə: Lev Tolstoyun  “Hərb və Sülh” romanını seçərdim. Bu əsər insanı  həmişə  düşündürür. Müəllif Rusiyanın Fransa tərəfindən istilası dövründə baş vermiş hadisələri, Napoleon erasının Rusiyada Çar cəmiyyətinə təsiri, bu təsirin doğurduğu nəticələri beş zadəgan ailəsinin timsalında təsvir edir. Burada zəhmətkeş insanların vətənə münasibətilə yanaşı, onların da  insani keyfiyyətləri üzə çıxır. Söhbət böyük qraf nəslindən gedir. Vətən sadə insan üçün və yüksək titula sahib olan insan üçün hansı mahiyyəti daşıyır sualı cavablandırılır. Müharibə və sülh şəraitində insanın daxili keyfiyyətləri göstərilir. Bu əsər böyük bir həyat məktəbidir, insanın mənəvi dünyasının açarıdır. Əsərdə insan nə zaman özünü xoşbəxt hiss edir sualı da cavablandırılır. Düşdüyü çətin vəziyyətlər onun daxili keyfiyyətlərini, hətta indiyədək gizli qalan, açılmamış məqamlarını  şərh etməyə kömək edir. Burada məhəbbəti, dostluğu və vətəni üçün canından keçən vətənpərvərlər var.  “Hərb və Sülh” romanı insanı həyat haqqında düşünməyə vadar edir. Əsərin ən mühüm məqamı fransızların hücumu zamanı yerli hakimiyyəti təmsil edənlərin var-dövlətini, sıravi vətəndaşların isə yaralıları daşıması məqamıdır. Əsərdə arabalarını yaralıları daşımaq üçün verən varlılar da var. Onlar yaralıları atmır, çünki yaralılar vətəni qoruyub. Əsirlikdə söhbət əsnasında qraf  sadə vətəndaşın nə qədər çətinliklə üzləşsə də, ləyaqətini itirmədiyini görür. Bu da insanı təsirləndirir.

İlahə Dadaşova,

Filologiya fakültəsinin dissertantı 

 

 

 

 

 

Digər yazılar

"Mənə ən çox təsir göstərən  “Xudafərin körpüsü” əsəri olub"

“Ölüm hökmü” əsəri məni özünə daha çox cəlb edir

"Onun əsərlərini hər zaman sevərək oxumuşam"